Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-124/2022 10.08.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: TƏSVİRİ HİSSƏ: İddiaçı QSC BOKT ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2014-cü il tarixli 778M nömrəli kredit müqaviləsi üzrə 3134,00 manat əsas borc, 592,00 manat faiz borcu - cəmi 3726,00 manat borc və 57,26 manat dövlət rüsumu məbləğinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı QSC BOKT-na ödənilməsi haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 müraciəti əsasında onunla İddiaçı QSC BOKT arasında bağlanmış xx.xx.2014-cü il tarixli 778M nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 istehlak məqsədilə illik 27 % dərəcəsi ilə 24 ay müddətinə 4000 (dörd min) manat məbləğində kredit verilmişdir. Cavabdeh1 müqavilə ilə müəyyən edilmiş müddətdə cəmi 5220,50 manat əsas borc və faiz borcunu tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2014-cü il tarixli 878Z və 879Z nömrəli zaminlik müqavilələrinə əsasən Cavabdeh1 kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda, digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 onunla birlikdə müştərək məsuliyyət daşımağı öhdələrinə götürmüşlər. Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərini lazımi qaydada icra etməmiş, kreditin cədvəl üzrə ödənişi qaydalarına riayət etməyərək borcun ödənilməsini gecikdirmişdir. Hazırda Cavabdeh1 xx.xx.2014-cü il tarixli 778M nömrəli kredit müqaviləsi üzrə iddiaçıya 3134,00 manat əsas borcu və 592,00 manat faiz borcu - cəmi 3726,00 manat borcu vardır. Cavabdehlərə xəbərdarlıq edilməsinə baxmayaraq onlar borcun ödənilməsini təmin etməmiş, onlarla iddiaçı arasında bağlanmış müqavilələrdən irəli gələn öhdəlikləri icra etməmişlər. Cavabdeh1 kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 57,26 manat dövlət rüsumu ödənilmişdir. Hazırda iddiaçı cəmi 3726,00 manat borc və 57,26 manat dövlət rüsumu məbləğinin cavabdehlərdən müştərək qaydada tutulmasını tələb edir. İddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə etdiyini bildirdi və məhkəmə iclasında həmin tələbin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İş üzrə Cavabdeh3 məhkəməyə gəlməmiş, onun etibarnamə üzrə nümayəndəsi X4 məhkəmə iclaslarının həmin cavabdehin iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh3 nümayəndəsi X4 iştirak etdiyi məhkəmə iclasında izahat verərək bildirmişdir ki, atası Cavabdeh3 Yevlax rayon sakinidir və hazırki iş üzrə digər cavabdehləri, ümumiyyətlə, tanımır. Cavabdeh3 İddiaçı QSC BOKT ilə xx.xx.2014-cü il tarixli 879Z saylı zaminlik müqaviləsi bağlamamış, həmin müqaviləyə imza etməmiş və Cavabdeh1 zamin olmamışdır. xx.xx.2014-cü il tarixli 879Z nömrəli zaminlik müqaviləsində “Müqaviləni oxudum, şərtləri ilə tanış oldum razılığımı öz imzam ilə təstiq edirəm. İmza: Cavabdeh3 xx.xx.2014” sözləri onun tərəfindən yazılmamış, həmin müqavilədə iki yerdə soyadının qarşısında olan imzalar da onun tərəfindən icra edilməmişdir. Ona görə də qeyd olunan sözlərin kim tərəfindən yazıldığını və soyadının qarşısında olan imzaların kim tərəfindən icra edildiyini dəqiqləşdirmək üçün iş üzrə məhkəmə xəttşünaslıq ekspertizası təyin edilməsini məhkəmədən xahiş edir. Mülki işin məhkəmə araşdırması ilə əlaqədar Cavabdeh3 nümayəndəsi X2 vəsatəti əsasında xx.xx.2014-cü il tarixli 879Z nömrəli zaminlik müqaviləsində olan imzanın kim tərəfindən icra edilməsini dəqiqləşdirmək üçün iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilmişdir. Məhkəmə-xəttşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 4/837 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh3 adından bağlanmış xx.xx.2014-cü il tarixli 879Z nömrəli zaminlik müqaviləsinin “7.müqavilənin digər şərtləri” bölməsində “7.3 Bu müqavilə tərəflər arasında imzalandığı andan qüvvəyə minir” qrafasındakı “Müqaviləni oxudum, şərtləri ilə tanış oldum razılığımı öz imzam ilə təstiq edirəm. İmza: Cavabdeh3 xx.xx.2014” yazıları, “İmza” sözünün qarşısındakı imza və həmin müqavilədə “8. Hüquqi ünvanlar” bölməsində “Zamin” hissəsində “İmza” qrafasındakı imza Cavabdeh3 tərəfindən yox, başqa şəxs(lər) tərəfindən icra edilmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 110 (bir yüz on) manat təşkil edir. İddiaçının nümayəndəsi X3 iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizaları keçiriləndən sonra təyin edilmiş növbəti məhkəmə iclasında da iddia tələbini müdafiə etdiyini bildirdi və həmin tələbin məzmununa uyğun izahat verməklə yanaşı göstərdi ki, Cavabdeh1 xx.xx.2014-cü il tarixli 778M nömrəli kredit müqaviləsi qüvvədə olduğu müddətdə, eyni zamanda, həmin müqavilənin müddəti bitdikdən sonra da ayrı-ayrı vaxtlarda iddiaçının hesabına müəyyən məbləğlərdə vəsait ödəmişdir. Qeyd etdikləri nəzərə alınmaqla iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh1 məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclaslarına gəlməmiş, gəlmədiyinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrini bidirməmiş, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarının Cavabdeh1 iştirakı olmadan keçirilməsini və işə mahiyyəti üzrə baxılmasını qərara almışdır. Cavabdeh3 və onun nümayəndəsi X4 iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizaları keçiriləndən sonra təyin edilmiş növbəti məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclasının həmin cavabdehin və onun nümayəndəsinin iştirakı olmadan davam etdirilməsini qərara almışdır. Digər Cavabdeh2 da iş üzrə ekspertiza keçiriləndən sonra təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə ona lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq həmin məhkəmə iclasına heç bir üzürlü səbəb olmadan gəlməmiş, gəlmədiyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclasının həmin cavabdehin iştirakı olmadan davam etdirilməsini qərara almışdır. Cavabdeh2 iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizası keçirilməzdən əvvəl təyin edilmiş məhkəmə iclasında hazırki iddia tələbini qəbul etmədiyini bildirmiş və izahat verərək göstərmişdir ki, Cavabdeh1 ilə iddiaçı arasında xx.xx.2014-cü il tarixli kredit müqaviləsi bağlanarkən onunla iddiaçı arasında da zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilə 24 ay müddətinə bağlanmış və Cavabdeh1 müqavilə üzrə kredit borcunu özü ödəməyi öhdəsinə götürmüşdür. Lakin kredit və zaminlik müqavilələri bağlandığı vaxtdan indiyədək Cavabdeh1 tərəfindən kredit borcunun gecikdirildiyi barədə ona hər hansı xəbərdarlıq edilməmişdir. Onunla iddiaçı arasında xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsinin bağlandığı vaxtdan 8 ilə yaxın, müqavilənin müddətinin bitdiyi vaxtdan isə 6 ilə yaxın müddət keçmişdir. Müqavilənin qüvvədə olma müddətinin bitdiyi vaxtdan 6 ilə yaxın müddət keçəndən sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəməyə müraciət еtmək üçün qanunla müəyyən edilmiş iddia müddətini keçirdiyinə görə iddia müddətinin tətbiq edilərək iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə araşdırması zamanı işdə iştirak edən şəxslərin izahatları, həmçinin, iş materiallarına əlavə edilmiş xx.xx.2014-cü il tarixli 778M nömrəli kredit müqaviləsi, həmin müqaviləyə əlavə edilən ödəniş cədvəli, xx.xx.2014-cü il tarixli 878Z və 879Z nömrəli zaminlik müqavilələri, xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixli bildirişlər, həmin bildirişlərə aid xəbərnamələr, borc qalığına dair xx.xx.2020-ci il tarixli arayış və xx.xx.2022-ci il tarixli ödəniş qəbzi ilə müəyyən edildi ki, Cavabdeh1 müraciəti əsasında onunla İddiaçı QSC BOKT arasında bağlanmış kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh1 istehlak məqsədi ilə istifadə edilməsi üçün illik 27 % dərəcəsi ilə 24 ay müddətinə 4000 (dörd min) manat məbləğində kredit verilmişdir. Cavabdeh1 müqavilə ilə müəyyən edilmiş müddətdə cəmi 5220,50 manat əsas borc və faiz borcunu tam şəkildə ödəməli olması ilə bağlı ödəniş cədvəli təqdim edilmişdir. Kredit müqaviləsinin təminatı kimi zaminlik müqavilələri bağlanmışdır. Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərini lazımi qaydada icra etməmiş, kreditin cədvəl üzrə ödənişi qaydalarına tam şəkildə riayət etməmişdir. Cavabdehlərə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq borcun ödənilməsi təmin edilməmişdir. Ona görə də iddiaçı hazırki iddia ərizəsi məhkəməyə müraciət etmiş, məhkəməyə müraciət etmək üçün iddiaçı tərəfindən 57,26 manat dövlət rüsumu ödənilmişdir. İşin qeyd edilən halları cavabdehlər tərəfindən mübahisələndirilməmişdir. İddiaçı hazırda cəmi 3726,00 manat borc məbləği, həmçinin, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 57,26 manat dövlət rüsumu məbləğinin cavabdehlərdən müştərək qaydada tutulmasını tələb edir. İddiaçı öz iddia tələbinin əsasları kimi kredit və zaminlik müqavilələrinə, həmin müqavilələrə əlavə edilmiş sənədlərə, hesabdan çıxarışa və maliyyə arayışına istinad edir. Cavabdeh1 heç bir üzürlü səbəb olmadan məhkəmə iclaslarına gəlməmiş, iddia tələbinə etirazının əsası kimi məhkəməyə hər hansı sənəd və ya digər sübut təqdim etməmişdir. Cavabdeh3 iddia tələbinə etirazının əsası olaraq Cavabdeh1 zamin olmadığını, iddiaçı ilə zaminlik müqaviləsi bağlamadığını və həmin müqaviləyə imza etmədiyini bildirir. Digər Cavabdeh2 iddia tələbinə etirazının əsası olaraq iddia müddətinin tətbiq edilərək iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iş materiallarını araşdırıb işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. İş materiallarından və işin məhkəmədə müəyyən edilmiş faktiki hallarından görünür ki, xx.xx.2014-cü il tarixdə tərəflər arasında qanunvericiliyin tələblərinə uyğun şəkildə 778M nömrəli kredit müqaviləsi bağlanmış, iddiaçı həmin kredit müqaviləsinə əsasən Cavabdeh1 istehlak məqsədi ilə istifadə edilməsi üçün illik 27 % dərəcəsi ilə 24 ay müddətinə 4000 (dörd min) manat məbləğində kredit verməklə müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirmişdir. Cavabdeh1 isə müqavilə ilə müəyyən edilmiş müddətdə əsas borc və faiz borcunu ödəniş qrafikinə uyğun olaraq ödəməyi öhdəsinə götürsə də, müqavilə öhdəliklərinə tam şəkildə əməl etməmişdir. Cavabdeh1 qeyd olunan kredit müqaviləsini və ümumiyyətlə, iddia tələbinin əsaslandırıldığı digər halları mübahisələndirməmiş, iddia tələbinə qarşı hər hansı etirazını bildirməmişdir. Buna görə də məhkəmə iddiaçının həmin cavabdehə qarşı olan iddia tələbinin əsaslandırıldığı halları sübut kimi qəbul edir və iddiaçının dəlillərinə əsaslanaraq iddia tələbini Cavabdeh1 aid hissədə sübuta yetirilmiş hesab edir. Qeyd olunan əsaslara görə məhkəmə hesab edir ki, Cavabdeh1 xx.xx.2014-cü il tarixli 778M nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə maddi məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəymiş zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qaşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə iddia tələbinin Cavabdeh3 dair hissəsi ilə əlaqədar qeyd edir ki, işin məhkəmədə müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ilə Cavabdeh3 adından bağlanmış xx.xx.2014-cü il tarixli 879Z nömrəli zaminlik müqaviləsi həmin cavabdeh tərəfindən imzalanmamış, yəni qeyd olunan zaminlik müqaviləsi qanunvericiliyin tələbinə uyğun şəkildə tərtib edilməmişdir. Həmin müqavilənin onun tərəfindən imzalanmadığı məhkəmə-xəttşünaslıq ekspertizasının müvafiq rəyi ilə də təsdiq edilmişdir. Qeyd olunanlara, kredit və zaminlik müqaviləsinin şərtlərinə və işin yuxarıda göstərilən faktiki hallarına əsaslanaraq məhkəmə hesab edir ki, xx.xx.2014-cü il tarixli 778M nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərini yerinə yetirməməsinə görə Cavabdeh3 xx.xx.2014-cü il tarixli 879Z nömrəli zaminlik müqaviləsi əsasında hər hansı öhdəliyinin yaranması halı istisna edilir və hazırki vəziyyətdə Cavabdeh3 iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 778M nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinə görə heç bir maddi məsuliyyət daşımır. Eyni zamanda, məhkəmə iddia tələbinin Cavabdeh2 dair hissəsi ilə əlaqədar ilk növbədə qeyd edir ki, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 878Z nömrəli zaminlik müqaviləsi qanunvericiliyin tələblərinə uyğun şəkildə bağlanmaqla, həmin müqavilənin etibarsızlığına dəlalət edə biləcək hər hansı əsas və ya səbəb məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Bununla yanaşı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0 və 477.0.4-cü maddələrinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İş materiallarından görünür ki, zaminliyin təmin etdiyi öhdəliyin icrası vaxtı xx.xx.2016-cı il tarixdə başa çatmış və həmin vaxtdan 6 ilə yaxın müddət keçmişdir. Həmin gündən sonra kreditor zaminə qarşı iddia irəli sürməmiş, yalnız 2022-ci ilin fevral ayında hər üç cavabdehə qarşı borcun ödənilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət edilmişdir. xx.xx.2014-cü il tarixli 878Z nömrəli zaminlik müqaviləsi üzrə zaminliyin təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 il ərzində kreditor zaminə qarşı iddia irəli sürmədiyinə görə məhkəmə hesab edir ki, Cavabdeh2 zaminliyinə xitam verilmiş hesab edilməlidir. Bu səbəbdən xx.xx.2014-cü il tarixli 878Z nömrəli zaminlik müqaviləsi qanunvericiliyin tələblərinə uyğun şəkildə bağlanmaqla, Cavabdeh2 həmin müqaviləni imzalamış olsa da, zaminlik müqaviləsində göstərilmiş müddət keçdiyindən hazırki vəziyyətdə o da iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 778M nömrəli kredit müqaviləsinə görə hər hansı maddi məsuliyyət daşımamalıdır. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında və işin faktiki halları ilə əlaqəli şəkildə qiymət verərək qərara gəlir ki, xx.xx.2014-cü il tarixli 778M nömrəli kredit müqaviləsi üzrə 3134,00 manat əsas borc, 592,00 manat faiz borcu - cəmi 3726,00 manat borc məbləği yalnız Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir. İddia tələbi cavabdehlər Cavabdeh2 və Cavabdeh3 dair hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, hazırki iş üzrə ödənilmiş tələblərin məbləği nəzərə alınmaqla məhkəməyə müraciət etmək üçün ödənilmiş 57,26 manat dövlət rüsumu da Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə və işin faktik hallarına görə məhkəmə 110 (bir yüz on) manat ekspertiza xərcinin iddiaçıdan tutulmasını qanunauyğun hesab edir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının xeyrinə xx.xx.2014-cü il tarixli 778M nömrəli kredit müqaviləsi üzrə 3134,00 manat əsas borc, 592,00 manat faiz borcu və 57,26 manat dövlət rüsumu - cəmi 3783 (üç min yeddi yüz səksən üç) manat 26 (iyirmi altı) qəpik tutulsun. İddia tələbi cavabdehlər Cavabdeh2 və Cavabdeh3 dair hissələrdə təmin edilməsin. İş üzrə 110 (bir yüz on) manat ekspertiza xərci İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Oğuz Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Kamran Süleymanov
Məhkəmə qərarları › İş №e-2(054)-124/2022
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-124/2022
10.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver