Məhkəmə qərarları › İş №e-2(054)-125/2024

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-125/2024

06.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-125/2024 06.03.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ X3 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdeh4 iştirakı ilə iddiaçı "xxxx" ASC-nin cavabdehlər-borcalan Abdullayeva Xacəsdə Xəlil qızının vərəsələri Cavabdeh2 Əbdülqasım oğluna, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması tələbinə dair mülki işə 06 mart 2024-cü il tarixdə Oğuz şəhərində Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" ASC (mətndə iddiaçı) cavabdehlər-borcalan Abdullayeva Xacəsdə Xəlil qızının vərəsələri Cavabdeh2 Əbdülqasım oğluna, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 (mətndə cavabdehlər) qarşı cavabdehlərdən xx.xx.2020-ci il tarixli, BPM**********38 saylı kredit müqaviləsi üzrə 2884,28 manat əsas borc, 0 manat faiz borcu olmaqla, cəmi 2884,28 manat kredit borcunun, ödənilmiş 48,84 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, Cavabdeh4 istisna olmaqla digər cavabdehlər məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbini bildirməmişlər. İddiaçının nümayəndəsinin və Cavabdeh4 iştirakı nəzərə alınmaqla məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim etdi, izahat verərək bildirdi ki, "xxxx" ASC-nin Oğuz şöbəsi ilə Abdullayeva Xacəsdə Xəlil qızı arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********38 saylı kredit müqaviləsinə əsasən ona şəxsi istehlak məqsədilə illik 17 faizlə 48 ay müddətinə 5960 manat məbləğində nəğd kredit verilmişdir. X1 Xəlil qızı xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Oğuz rayon Notariat Ofisinin xx.xx.2023-cü il tarixli, 327 nömrəli məktubu və ona əlavə edilmiş elektron notariat informasiya sistemindən çıxarışla müəyyən edilmişdir ki, X2 Xəlil qızının vərəsələri Cavabdeh2 Əbdülqasım oğlunun, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 adına vərəsəlik işi açılmış, miras əmlak DTXK Oğuz rayon şöbəsi tərəfindən xx.xx.2005-ci il tarixdə mərhumun adına verilmiş 0195 kod 40501028 saylı şəhadətnamələrə əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0,0391 ha və 0,2099 ha olan torpaq sahələrindən ibarətdir. Bankın Şəki filialı tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən Abdullayeva Xacəsdə Xəlil qızının banka ödənilməmiş 2884,28 manat əsas borcu, 0 manat faiz olmaqla, cəmi 2884,28 manat borcu qalmışdır. Cavabdeh2 Əbdülqasım oğlu, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 X2 Xəlil qızından qalmış mirası qəbul etsələr də, miras qoyanın iddiaçı qarşısında olan öhdəliyini icra etməmişlər. İddiaçı tərəf mübahisənin məhkəmədən kənar qaydada həlli üçün səy göstərsə də, cavabdehlər öz öhdəliklərini yerinə yetirməmişlər. Kredit öhdəlikləri qanuna uyğun olaraq borcalan tərəfindən, hazırki halda isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 1146, 1255 və 1306.1-ci maddələrinin tələbləri rəhbər tutulmaqla onun vərəsəsi tərəfindən yerinə yetirliməlidir. X2 Xəlil qızının kredit borcu sığortalanmamış, ümumiyyətlə 2018-ci ilin aprel ayından sonra Bankdan verilən kredit borclarının sığortalanması prosesi dayandırılmış, habelə X2 Xəlil qızının kredit borcu Bank tərəfindən bağışlanılmamışdır. İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə elektron qaydada təqdim edilərkən tələb edilən borc məbləği 2884,28 manat olaraq hesablanmışdır. Cavabdeh tərəfindən hazırlıq iclasında məhkəməyə təqdim edilmiş ödəniş qəbzləri ilə müəyyən edilmişdir ki, cavabdeh kredit borcundan hər dəfə 50 manat olmaqla xx.xx.2023, xx.xx.2023, xx.xx.2023 və xx.xx.2024-cü il tarixlərdə cəmi 200 manat ödəniş etmişdir. xx.xx.2023-cü il tarixli maliyyə arayışından göründüyü kimi həmin məbləğlərdən ikisi, yəni xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə edilən ödənişlər nəzərə alınaraq ümumi borc məbləğindən çıxılmışdır. Qalan iki məbləğ hazırlıq iclasından sonra tələb edilən məbləğdən çıxıldığından hazırda cavabdehlərin banka 2784,28 manat əsas borcu qalmışdır. Bununla bağlı xx.xx.2024-cü il tarixli maliyyə arayışını iddia həcminin azaldılması barədə ərizəyə əlavə etmişdir. İddianın həmin məbləğdə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh4 izahat verərək bildirdi ki, anasının adına xx.xx.2020-ci il tarixdə götürülmüş kreditdən yalnız o istifadə edib, həmin borcu da özü ödəyəcəkdir. Anası 2021-ci ildə vəfat etdikdən sonra onun adına olan kredit borcunun ödənişini aparmaq istədiyindən banka müraciət etmiş, bankın əməkdaşı ona az-az ödəniş etməyi məsləhət görmüşdür. xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda kredit borcunun məbləği 2984,28 manat göstərildiyindən ondan sonra hər dəfə 50 manat olmaqla cəmi 200 manat ödəniş etmişdir. Hazırda həmin məbləğ kredit borcundan çıxılmışdır. İddiaçı tərəfindən tələb edilən 2784,28 manat kredit borcunu hissələrlə ödəyəcək, belə ki, hazırda başqa kredit borcu da mövcuddur. Qanuni qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, mübahisənin həllində tətbiq edilməli olan hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, BPM**********38 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC-nin Oğuz şöbəsi tərəfindən Abdullayeva Xacəsdə Xəlil qızına şəxsi istehlak məqsədləri ilə 48 ay müddətinə illik 17 % dərəcəsi ilə 5960 manat məbləğində nəğd kredit verilmişdir. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, "xxxx" ASC-nin Oğuz şöbəsi tərəfindən Abdullayeva Xacəsdə Xəlil qızına şəxsi istehlak məqsədləri ilə 48 ay müddətinə illik 17 % dərəcəsi ilə verilmiş 5960 manat kredit borcunun (2294,36 manat faiz əlavə olunmaqla cəmi 8254,36 manat) ödənişinin xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay 172 manat, sonuncu ay 170,36 manat olmaqla xx.xx.2024-cü il tarixdə başa çatdırılması nəzərdə tutulmuşdur. İş materiallarında olan ölüm haqqında AZ-İİ 146662 saylı şəhadətnamənin surətindən görünür ki, Abdullayeva Xacəsdə Xəlil qızı xx.xx.2021-ci il tarixdə ölmüş, bu barədə Oğuz rayon Qeydiyyat şöbəsində ölüm haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 07 nömrə ilə qeyd edilmişdir. Oğuz rayon Notariat Ofisinin iş materiallarında olan, "xxxx" ASC-nin Zaqatala filialına ünvanlanmış xx.xx.2023-ci il tarixli, 327 saylı məktubundan və ona əlavə edilmiş elektron notariat informasiya sistemindən çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixdə X2 Xəlil qızının qanun üzrə vərəsələri Cavabdeh2 Əbdülqasım oğlunun, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 adına vərəsəlik işi açılmış, miras əmlak DTXK Oğuz rayon şöbəsi tərəfindən xx.xx.2005-ci il tarixdə mərhumun adına verilmiş 0195 kod 40501028 saylı şəhadətnamələrə əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0,0391 ha və 0,2099 ha olan torpaq sahələrindən ibarətdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, PKİD/938 saylı xəbərdarlıqdan görünür ki, Abdullayeva Xacəsdə Xəlil qızının vərəsələri olan cavabdehlər Cavabdeh2 Əbdülqasım oğluna, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 miras passivinin qaytarılması ilə bağlı xəbərdarlıq edilmiş, kreditlə bağlı öhdəliklər tam yerinə yetirilmədiyi təqdirdə məsuliyyət daşıdığı barədə məlumat verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışında öz əksini tapmış cədvəldən görünür ki, Abdullayeva Xacəsdə Xəlil qızına xx.xx.2023-cü il tarixdə 48 ay müddətinə, illik 17 faizlə verilmiş 5960 manat nəğd kreditin ödənişi 3175,72 manat əsas, 774,28 manat faiz borcu hissəsində həyata keçirilmiş, o vəfat etdikdən sonra ödənilməmiş əsas borcu 2784,28 manat, faiz borcu 0 manatdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən...öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Yenə həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyələşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Habelə həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o kredit müqaviləsi adlandırılır. (739-cu maddə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə uyğun olaraq xx.xx.2023cü il tarixədək olan redaksiyada verilib.) Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Beləliklə, iş materialları ilə təsdiq edilir ki, xx.xx.2020-ci il tarixli, BPM**********38 saylı kredit müqaviləsinə əsasən Abdullayeva Xacəsdə Xəlil qızına 48 ay müddətinə, illik 17 %lə 5960 manat nəğd kredit verilmiş, borcalan xx.xx.2021-ci il tarixdə ölmüş, Abdullayeva Xacəsdə Xəlil qızının banka nəğd kredit üzrə ödənilməmiş 2784,28 manat əsas, 0 manat faiz borcu qalmışdır. Bu, iddia ərizəsinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışında öz əksini tapmışdır. Cavabdehlər Cavabdeh2 Əbdülqasım oğlu, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 onun vərəsəsi olaraq X2 Xəlil qızından qalmış mirası notarial qaydada qəbul etmişlər, lakin xəbərdarlıq edilməsinə baxmayaraq mərhumdan qalan kredit borcunu ödəməmişlər, halbuki mülki qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdehlər Cavabdeh2 Əbdülqasım oğlu, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 vərəsə olaraq miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə payına mütənasib surətdə borclu kimi tam ödəməyə borcludurlar. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, nəqd kredit üzrə ödənilməmiş 2784,28 manat əsas, 0 manat faiz borcu, cəmi 2784,28 manat borc məbləği borclu-X2 Xəlil qızının vərəsəsi olan cavabdehlərdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. İstinad olunan Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İstinad olunan Məcəllənin 217.4-cü maddəsində deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.İddia tələbi təmin edildiyindən cavabdehlərdən 48,84 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. X2 Xəlil qızının vərəsələri-cavabdehlər Cavabdeh2 Əbdülqasım oğlundan, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 xx.xx.2020-ci il tarixli, BPM**********38 saylı kredit müqaviləsi üzrə 2784,28 manat əsas borc, 0 manat faiz borcu, cəmi 2784,28 (iki min yeddi yüz səksən dörd manat iyirmi səkkiz qəpik) manat kredit borcu, 48,84 (qırx səkkiz manat səksən dörd qəpik) manat dövlət rüsumu, 0,40 (qırx qəpik) manat xidmət haqqı alınaraq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə 2 saylı “Əlavə”yə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar