Məhkəmə qərarları › İş №e-2(054)-126/2024

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-126/2024

06.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-126/2024 06.03.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ X13 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə iddiaçı "xxxx" ASC-nin cavabdehlər-borcalan X5 vərəsələri Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması tələbinə dair mülki işə 06 mart 2024-cü il tarixdə Oğuz şəhərində Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" ASC (mətndə iddiaçı) cavabdehlər-borcalan X5 vərəsələri Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 (mətndə cavabdeh) qarşı cavabdehlərdən xx.xx.2015-ci il tarixli, 118-xx.xx.2015-SM102 saylı kredit müqaviləsi üzrə 702,94 manat əsas borc, 6,45 manat faiz borcu, 347,98 manat cərimə borcu olmaqla, cəmi 1057,37 manat kredit borcunun, ödənilmiş 30,57 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, cavabdehlər məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məlumat verməmişlər. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 izahat verərək bildirdi ki, "xxxx" ASC-nin Şəki filialı ilə X9 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 118xx.xx.2015-SM102 saylı kredit müqaviləsinə əsasən ona şəxsi istehlak məqsədilə illik 22 faizlə 36 ay müddətinə 1000 manat məbləğində nəğd kredit verilmişdir. X2 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. Oğuz rayon Notariat Ofisinin xx.xx.2023-cü il tarixli, 327 nömrəli məktubu və ona əlavə edilmiş elektron notariat informasiya sistemindən çıxarışla müəyyən edilmişdir ki, X1 qanun üzrə vərəsələri Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 adına vərəsəlik işi açılmış, miras əmlak Oğuz rayonu Xaçmaz kəndində yerləşən 0,469666 ha və 1,115279 ha torpaq sahələrindən ibarətdir. Bankın Şəki filialı tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən X5 vəfat etdiyi tarixə banka ödənilməmiş 702,94 manat əsas borcu, 6,45 manat faiz borcu və 347,98 manat cərimə olmaqla, cəmi 1057,37 manat borcu qalmışdır. Cavabdehlər mərhum X4 qalmış mirası qəbul etsələr də miras qoyanın iddiaçı qarşısında olan öhdəliyini icra etməmişlər. İddiaçı tərəf mübahisənin məhkəmədən kənar qaydada həlli üçün səy göstərsə də, cavabdehlər öz öhdəliklərini yerinə yetirməmişlər. Kredit öhdəlikləri qanuna uyğun olaraq borcalan tərəfindən, hazırki halda isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 1146, 1255 və 1306.1-ci maddələrinin tələbləri rəhbər tutulmaqla onun vərəsələri tərəfindən yerinə yetirliməlidir. X1 vərəsələri olan cavabdehlər tərəfindən təqdim edilmiş həyat sığortası şəhadətnaməsi araşdırılarkən müəyyən edilmişdir ki, X1 vəfatından sonra bank tərəfindən xx.xx.2017-ci il tarixdə "xxxx" Sığorta Şirkətinə sorğu göndərilmişdir. Sorğuya cavab olaraq Şirkət tərəfindən xx.xx.2017-ci il tarixli, 4494/17 saylı məktubla bildirilmişdir ki, X9 xx.xx.2014-cü ildə X3 İnstitutuna müraciət etmiş, müayinə olunaraq ona “sol bronxun infiltrativ karsinoması və obturasiya” diaqnozu qoyulmuş, xx.xx.2014-cü ildə Milli Onkologiya Mərkəzi tərəfindən diaqnoz təsdiqlənmişdir. Beləliklə kredit verildiyi zaman sığorta müqaviləsi bağlandığı ana X6 onkoloji xəstəlik mövcud olmuşdur. Sığorta Şəhadətnaməsinin 11.2.3-cü bəndinə əsasən sığortalının ölməsi və ya onun əlillik alması müqavilə bağlanan ana onkoloji xəstə olması nəticəsində baş verdiyindən sığorta hadisəsi hesab edilməmişdir. Buna görə də MM-nin 935.1-ci maddəsinin tələblərinə əsasən Şirkət sığorta ödənişinin verilməsindən imtina etmişdir. Qeyd edilən məktubun surəti məhkəməyə təqdim edilmişdir. Cavabdehlərdən xx.xx.2015-ci il tarixli, 118-xx.xx.2015-SM102 saylı kredit müqaviləsi üzrə 702,94 manat əsas borc, 6,45 manat faiz borcu, 347,98 manat cərimə borcu olmaqla, cəmi 1057,37 manat kredit borcunun, ödənilmiş 30,57 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə hazırlıq iclasında iştirak etmiş cavabdehlər Cavabdeh2 və Cavabdeh1 izahat verərək bildirmişlər ki, mərhum ataları Fəxrəddin Qədirov tələb edilən krediti götürüb Xanlar adlı şəxsə verib. Xanlardan kredit borcunu ödəməyi tələb etsələr də o, kreditin sığortalandığını bildirir və borcu ödəməkdən imtina edir. Sığortalanmış borcun silinməsini, əks halda qalıq borcun Xanlar adlı şəxsdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, mübahisənin həllində tətbiq edilməli olan hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli, 118-xx.xx.2015-SM102 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC-nin Şəki filialı tərəfindən X7 şəxsi istehlak məqsədləri ilə 36 ay müddətinə illik 22 % dərəcəsi ilə 1000 manat məbləğində nəğd kredit verilmişdir. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, "xxxx" ASC-nin Şəki filialı tərəfindən X7 şəxsi istehlak məqsədləri ilə 36 ay müddətinə illik 22 % dərəcəsi ilə verilmiş 1000 manat kredit borcunun (374,74 manat faiz əlavə olunmaqla) ödənişinin xx.xx.2016-cı il tarixdən başlayaraq hər ay 38,20 manat, sonuncu ay 37,74 manat olmaqla xx.xx.2018-ci il tarixdə başa çatdırılması nəzərdə tutulmuşdur. İş materiallarında olan ölüm haqqında AZ-İİ 808280 saylı şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2017-ci il tarixdə ölmüş, bu barədə Oğuz rayon Xaçmaz kənd icra nümayəndəliyində ölüm haqqında akt qeydləri kitabında xx.xx.2017-ci il tarixdə 03 nömrə ilə qeyd edilmişdir. Oğuz rayon Notariat Ofisinin iş materiallarında olan, "xxxx" ASC-nin Zaqatala filialına ünvanlanmış xx.xx.2023-ci il tarixli, 327 saylı məktubundan və ona əlavə edilmiş elektron notariat informasiya sistemindən çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixdə X1 qanun üzrə vərəsələri Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 adına vərəsəlik işi açılmış, miras əmlak Oğuz rayonu Xaçmaz kəndində yerləşən 0,469666 ha və 1,115279 ha torpaq sahələrindən ibarətdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, PKİD/927 saylı xəbərdarlıqdan görünür ki, borcalan X5 vərəsələri Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 miras passivinin qaytarılması ilə bağlı xəbərdarlıq edilmiş, kreditlə bağlı öhdəliklər tam yerinə yetirilmədiyi təqdirdə məsuliyyət daşıdıqları barədə məlumat verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışında öz əksini tapmış cədvəldən görünür ki, X7 xx.xx.2015-ci il tarixdə 36 ay müddətinə, illik 22 faizlə verilmiş 1000 manat nəğd kreditin ödənişi 297,06 manat əsas, 207,14 manat faiz borcu hissəsində həyata keçirilmiş, o xx.xx.2017-ci il tarixdə vəfat etdikdən sonra ödənilməmiş əsas borcu 702,94 manat, faiz borcu 6,45 manat, cərimə borcu 347,98 manat, cəmi borcu 1057,37 manatdır. "xxxx" Sığorta Şirkətinin iş materiallarında olan, Azərbaycan Beynəlxalq Bankının Şəki filialına ünvanlanmış xx.xx.2017-ci il tarixli, 4494/17 saylı məktubunun surətindən görünür ki, X1 xx.xx.2014-cü il tarixdən onkoloji xəstə olduğu təsdiq edildiyindən Sığorta Şəhadətnaməsinin 11.2.3 və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935.1.8-ci maddələri nəzərə alınmaqla sığorta ödənişinin verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən...öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Yenə həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyələşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Habelə həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o kredit müqaviləsi adlandırılır. (739-cu maddə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə uyğun olaraq xx.xx.2023cü il tarixədək olan redaksiyada verilib.) Həmin Məcəllənin 935.1.8-ci maddəsinə əsasən baş vermiş hadisə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilmədikdə, sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Beləliklə, iş materialları ilə təsdiq edilir ki, xx.xx.2015-ci il tarixli, 118-xx.xx.2015- SM102 saylı kredit müqaviləsinə əsasən X7 36 ay müddətinə, illik 22 %-lə 1000 manat nəğd kredit verilmiş, X9 xx.xx.2017-ci il tarixdə ölmüş, X5 banka nəğd kredit üzrə ödənilməmiş 702,94 manat əsas, 6,45 manat faiz, 347,98 manat cərimə olmaqla, cəmi 1057,37 manat borcu qalmışdır. Bu, iddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışında öz əksini tapmışdır. Cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 onun vərəsəsi olaraq mərhum X4 qalmış mirası notarial qaydada qəbul etmişlər, lakin onlara xəbərdarlıq edilməsinə baxmayaraq mərhumdan qalan kredit borcunu ödəməmişlər,halbuki mülki qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdehlər vərəsə olaraq miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə payına mütənasib surətdə borclu kimi tam ödəməyə borcludurlar. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi nəqd kredit üzrə ödənilməmiş 702,94 manat əsas, 6,45 manat faiz borcu hissəsində təmin olunmalı, həmin məbləğ borclu-X1 vərəsələri olan cavabdehlərdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. İddia tələbinin 347,98 manat cərimə borcunun cavabdehlərdən tutulub iddiaçıya ödənilməsi hissəsinə münasibətdə məhkəmə aşağıdakıları bildirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə 702,94 manat əsas borc tələbinə nisbətdə 347,98 manat dəbbə pulunun (cərimə) hədsiz yüksək olmasını nəzərə alaraq cərimənin 70 manat məbləğində alınmasını mümkün və ədalətli hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. İstinad olunan Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İstinad olunan Məcəllənin 217.4-cü maddəsində deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.İddia tələbi qismən təmin edildiyindən cavabdehdən 30,57 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. X1 vərəsələri-cavabdehlər-Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 xx.xx.2015-ci il tarixli, 118-xx.xx.2015-SM102 saylı kredit müqaviləsi üzrə 702,94 manat əsas borc, 6,45 manat faiz borcu, 70 manat cərimə borcu olmaqla, cəmi 779,39 (yeddi yüz yetmiş doqquz manat otuz doqquz qəpik) manat kredit borcu, 30,57 (otuz manat əlli yeddi qəpik) manat dövlət rüsumu, 0,40 (qırx qəpik) manat xidmət haqqı alınaraq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. İddia tələbi 277,98 manat cərimə borcu hissəsində təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə 2 saylı “Əlavə”yə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar