Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-126/2025 23.04.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Giriş hissə: X1 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə 23 aprel 2025-ci il tarixdə Oğuz şəhərində, Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təsviri hissə: İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı cavabdehdən 12000 manat əsas borc, hüquqi yardım üçün 600 manat xidmət haqqı, etibarnamə üçün ödənilmiş 17,25 manat və 126 manat dövlət rüsumunun alınıb verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, iddiaçı məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. İddiaçının nümayəndəsi və vəkilinin məhkəmə iclasında iştirakı nəzərə alınmaqla məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəüsi və vəkili Nümayəndə izahat verərək bildirdi ki, iddiaçı ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixdə Bakı şəhəri 7 saylı notariat kontorunda borc müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı cavabdehə 6500 manat məbləğində borc pul vermişdir. Müqavilənin şərtinə görə cavabdeh 20 ay ərzində hər ay 300 manat, 21-ci ay isə 500 manat ödəniş etməklə borcunu xx.xx.2026-cı il tarixədək faizsiz olaraq qaytarmağı öhdəsinə götürmüşdür. Habelə iddiaçı ilə cavabdeh arasında xx.xx.2024-cü il tarixdə Bakı şəhəri 7 saylı notariat kontorunda bağlanmış digər borc müqaviləsinə əsasən iddiaçı cavabdehə 5500 manat məbləğində borc pul vermişdir. Həmin müqavilənin şərtinə görə cavabdeh 17 ay ərzində hər ay 300 manat, 18-ci ay isə 400 manat ödəniş etməklə borcunu xx.xx.2025-ci il tarixədək faizsiz olaraq qaytarmağı öhdəsinə götürmüşdür. Buna baxmayaraq cavabdeh öhdəliyə əməl etməmiş, hər iki müqavilənin şərtlərini pozmuşdur. Cavabdehdən tələb edilməsinə baxmayaraq onun tərəfindən borcun ödənilməsi ilə bağlı hər hansı tədbir görülməmişdir. Bundan əlavə iddiaçı vəkilə hüquqi yardımla bağlı 600 manat, etibarnamə verilməsi üçün 17,25 manat pul ödəmişdir. Qeyd edilənlərə əsasən 12000 manat borcun, hüquqi yardım üçün 600 manat xidmət haqqının, vəkilə etibarnamənin alınması üçün ödənilmiş 17,25 manat pulun və ödənilmiş 126 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, iddianı qismən qəbul edir. Belə ki, tələb edilən məbləğdə borc pul almayıb. Özünün və uşağının müalicəsi üçün İsrafil adlı şəxsdən 8000 manat faizə pul götürmüş, hər ay 500-600 manat arası faiz ödənişi etmişdir. Ödənişləri kartla etmişdir.Hər iki müqavilədə olan tarixlər düzdür, ancaq Nazim adlı şəxslə heç bir tanışlığı yoxdur. İsrafil ona Nazimlə notarial qaydada borc müqavilələri bağlamağı məsləhət görmüş, o da razılaşmışdır. Pulu da həmin vaxt alıb İsrafilə vermişdir. İsrafil ona deyirdi ki, qoy pul yığılsın, sonra müqavilələri ləğv edərik. Onun İsrafilə təxminən 6000 manata yaxın borcu olar. İsrafil onu qorxudurdu, ona görə həmin müqavilələri bağlamışdır. Polisə şikayət etməmişdir, ona görə ki, polis onu tapana qədər İsrafil ailəsinə nəsə edə bilərdi. Ödənişləri Nazimə yox, İsrafilə etmişdir ki, o da Nazimin borcunu bağlasın. Pulu İsrafilə əlbəəl verib, yazılı qəbz almayıb. Təxminən 3300 manat pul verib. Onda İsrafilə aid səs qeydi var, İsrafil deyir ki, qoy pul yığılsın. Borcla bağlı hər sübut orda var. Təəssüf ki, səs yazısı olan flaş-kartı tapıb məhkəməyə təqdim edə bilməyib. İsrafilin dələduz olduğunu sonra bilib. Nazimdən cəmi 9000 manat pul alıb. Nazim pulu bankda İsrafilə verib, İsrafil də ona verib. Nazim onun adına pulu hesaba keçirib, o isə pulu götürüb İsrafilə verib. Qəbzləri aparıb notariusa veriblər. Pul məsələsi onunla İsrafil arasında faizlə olub. Hazırda onun cəmi 6000 manat borcu qalıb. İşsizdir, ödənişdə problem olmasını istəmir. İddianın qismən təmin edilməsini xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsi və vəkilini, habelə cavabdehi dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia tələbi aşağıdakılara əsasən qismən təmin edilməlidir. Bakı şəhər 7 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş, reyestrdə 3M-40 nömrə ilə qeyd edilmiş və işə əlavə olunmuş xx.xx.2024-cü il tarixli borc müqaviləsindən görünür ki, borc verən İddiaçı borcalan Cavabdeh 21 ay müddətinə, yəni müqavilə imzalandığı gündən xx.xx.2026-cı il tarixədək faizsiz 6500 manat məbləğində pul borc vermiş, borc alan pulu 20 ay ərzində hər ay 300 manat, 21-ci ay 500 manat olmaqla müqavilədə müəyyən edilmiş müddətdə qaytarmağı öhdəsinə götürmüşdür. Bakı şəhər 7 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş, reyestrdə 3M-42 nömrə ilə qeyd edilmiş və işə əlavə olunmuş xx.xx.2024-cü il tarixli borc müqaviləsindən görünür ki, borc verən İddiaçı borcalan Cavabdeh 18 ay müddətinə, yəni müqavilə imzalandığı gündən xx.xx.2025-ci il tarixədək faizsiz 5500 manat məbləğində pul borc vermiş, borc alan pulu 17 ay ərzində hər ay 300 manat, 18-ci ay 400 manat olmaqla müqavilədə müəyyən edilmiş müddətdə qaytarmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs(borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. İddiaçı tərəfin məhkəmə iclasında verdiyi izahat və təqdim olunmuş sənədlərlə müəyyən edildiyi kimi iddiaçı və cavabdeh arasında 6500 manat və 5500 manat borcla bağlı müvafiq olaraq xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə faizsiz borc müqavilələri bağlanmış, müqaviləyə əsasən borc alan 6500 manat pulu 21 ay müddətində 20 ay ərzində hər ay 300 manatdan, sonuncu ay 500 manat olmaqla xx.xx.2026-cı il tarixədək, 5500 manat pulu 18 ay müddətində 17 ay ərzində hər ay 300 manat, sonuncu ay 400 manat olmaqla xx.xx.2025-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul etmiş, borc müqavilələrində qeyd edilmiş cəmi 12000 manat puldan ona 9000 manat pulun İsrafil adlı şəxs tərəfindən faizə verildiyini, həmin puldan İsrafilə ödəniş etdiyini, cəmi 6000 manat borcunun qaldığını bildirmişdir. Cavabdeh tərəfindən iddia tələbinə qarşı sübutlar məhkəməyə təqdim edilməmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi 12000 manat pulun cavabdehdən tutulması hissəsində təmin edilməli, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə notarial qaydada təsdiq edilmiş borc müqavilələrinə uyğun olaraq iddiaçı tərəfindən cavabdehə verilmiş 6500 manat və 5500 manat olmaqla cəmi 12000 manat borc pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. İddia tələbinin hüquqi yardımla bağlı vəkilə ödənilmiş 600 manat pulun cavabdehdən alınması hissəsinə münasibətdə məhkəmə aşağıdakıları bildirir. İşə əlavə edilmiş xx.xx.2025-ci il tarixli, 25379 saylı ödəniş qəbzindən görünür ki, Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsində “Kapital Bank” vasitəsilə İddiaçı tərəfindən 6 saylı Vəkil bürosunun hesabına vəkil Əkbərovun adına 600 manat pul vəsaiti ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Qanunun qeyd edilən tələbindən yanaşmaqla məhkəmə hesab edir ki, iddia tələbi hüquqi yardım göstərilməsi ilə bağlı 600 manat pulun cavabdehdən tutulmasına dair hissədə qismən təmin edilməli, hazırki iş üzrə vəkilə ödənilmiş ağlabatan məbləğ 400 manat müəyyən edilməklə cavabdehdən tutulub iddiaçıya verilməlidir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, AR-İİİ498412 saylı etibarnamədən görünür ki, İddiaçı onu 3 il müddətində məhkəmədə və digər orqanlarda təmsil etməsi üçün Nümayəndə verdiyi etibarnaməyə görə 17,25 manat haqq ödəmişdir. İddiaçı həmin məbləğin də cavabdehdən tutularaq ona verilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Yenə Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. (§93) Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad olunan Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsində deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əsasən iddiaçı iddia ərizəsinin verilməsi üçün xx.xx.2025-ci il tarixdə 126 manat, xx.xx.2025-ci il tarixdə 2,0 manat olmaqla cəmi 128 manat dövlət rüsumu ödəsə də iddia tələbində 126 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir. (İddia tələbi üzrə dövlət rüsumunun məbləği 127,85 manat təşkil edir, iddia tələbi qismən təmin olunduğu halda dövlət rüsumu 127,25 manat hesablanır.) Hazırki vəziyyətdə iddia tələbi qismən təmin edildiyindən iddiaçının verdiyi tələbə uyğun olaraq 126 manat dövlət rüsumu cavabdehdən alınıb iddiaçıya verilməlidir. Nəticə hissə: Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli borc müqaviləsinə görə 6500 manat, xx.xx.2024-cü il tarixli borc müqaviləsinə görə 5500 manat, cəmi 12000 (on iki min) manat pul, hüquqi yardım üçün 400 (dörd yüz) manat xidmət haqqı, 17,25 (on yeddi manat iyirmi beş qəpik) manat etibarnaməyə ödənilən haqq və 126 (bir yüz iyirmi altı) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia tələbi hüquqi yardım üçün 200 manat xidmət haqqı tələbinə aid hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova.
Məhkəmə qərarları › İş №e-2(054)-126/2025
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-126/2025
23.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver