Məhkəmə qərarları › İş №e-2(054)-148/2023

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-148/2023

19.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-148/2023 19.04.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ X1 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, iddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh və Zamin qarşı kredit borcunun və dövlət rüsumunun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" KB ASC (mətndə iddiaçı) cavabdehlər Cavabdeh və Zamin (mətndə cavabdehlər) qarşı xx.xx.2021-ci il tarixli, 756micNFT/21 saylı kredit müqaviləsi üzrə 6444,30 manat əsas borc, 1182,74 manat faiz borcu, 89,12 manat cərimə borcu, cəmi 7716,16 manat və 97,57 manat dövlət rüsumunun cavabdehdən tutularaq "xxxx" KB ASCyə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, iddiaçının nümayəndəsi Nümayəndə xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli ərizələrlə mülki iş üzrə bütün məhkəmə iclaslarının iştirakları olmadan keçirilməklə iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, cavabdeh Zamin məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbini bildirməmişdir. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 756micNFT/21-EM saylı əsas kredit və bank hesabı müqaviləsinə əsasən ona 120 ay müddətinə 100000 AZN məbləğində kredit xətti açılmış, həmin müqavilə əsasında və həmin tarixdə bağlanmış əlavə kredit müqaviləsinə əsasən ona 36 ay müddətə illik 23 % ödəmək şərtilə 7010 manat məbləğində kredit verilmişdir. Müqavilə üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Zamin ilə həmin tarixdə zaminlik müqaviləsi imzalanmışdır. Kredit müqaviləsinə 1 saylı Əlavəyə-ödəniş cədvəlinə əsasən borclu xx.xx.2021-ci il tarixdən hər ay 272 manat, sonuncu ay 247,60 manat olmaqla 7010 manat əsas borcu, 2757,6 manat faiz borcunu, cəmi 9767,6 manat ödəməyi öhdəsinə götürmüşdür. Kredit alan tərəfindən həm müqaviləyə, həm də ödəniş cədvəlinə şəxsən imza edilmişdir. Bundan əlavə zaminlik müqaviləsi bankın nümayəndəsi, borcalan Cavabdeh və Zamin tərəfindən imzalanmışdır. Buna baxmayaraq borclu müqavilə üzrə öhdəliyə əməl etməmişdir. Cavabdehlərin xx.xx.2022-ci il tarixə iddiaçıya 6444,3 manat əsas, 1182,74 manat faiz borcu, 89,12 manat cərimə borcu yarandığından iddianın həmin məbləğdə təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, həqiqətən onunla iddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 756micNFT/21-EM saylı kredit müqaviləsinə əsasən ona kredit xətti açılmış və 36 ay müddətə illik 23 % ödəmək şərtilə 7010 manat məbləğində kredit verilmişdir. Kredit onun tərəfindən qəbul edilib. Mülki işdə olan bütün sənədlərə şəxsən imza edib. Maddi imkanı zəif olduğundan kreditdən ödənişləri qismən həyata keçirib. Zamin yaxın qohumu olmaqla ona krediti almaqda öz imzası ilə kömək edib. Vaxt verilsə tələb olunan kredit məbləğini-yəni 6444,30 manat əsas, 1182,74 manat faiz borcu və 89,12 manat cərimə borcunu özü ödəyəcək.İddianın təmin edilməsinə etirazının olmadığını bildirdi. Məhkəmə cavabdehi dinləyib, iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, mübahisənin həllində tətbiq edilməli olan hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İşdə olan xx.xx.2021-ci il tarixli, 756micNFT/21-EM saylı əsas kredit və bank hesabı müqaviləsindən və onun əsasında bağlanmış həmin tarixli və saylı əlavə kredit müqaviləsindən görünür ki, "xxxx" KB ASC tərəfindən Cavabdeh 120 ay müddətinə 100000 manat kredit xətti açılmış, buna uyğun olaraq ona 36 ay müddətinə, illik 23 % ödəmək şərti ilə 7010 manat məbləğində kredit verilmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli, 756micNFT/21 saylı kredit müqaviləsinə 1 saylı Əlavədən (ödəniş cədvəli) görünür ki, 7010 AZN əsas, 2757,6 AZN faiz kredit borcunun ödənişinin xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay 272 AZN, sonuncu ay 247,60 AZN olmaqla xx.xx.2024-cü il tarixdə başa çatdırılması nəzərdə tutulmuşdur. İşdə olan xx.xx.2021-ci il tarixli, 756micNFT/21 saylı zaminlik müqaviləsindən görünür ki, Zamin borcalan Cavabdeh kreditor qarşısında öz öhdəliklərini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Müqavilə bankın nümayəndəsi və cavabdehlər tərəfindən şəxsən imzalanmışdır. İşdə olan xx.xx.2022-ci il tarixli, BANK/PİKMD saylı bildirişdən görünür ki, kredit məbləği ödənilmədiyi təqdirdə məsuliyyət tədbirləri barədə Cavabdeh məlumat verilmişdir. İşdə olan 01 oktyabr 2022-ci il tarixli, BANK/PİKMD/1060724 saylı maliyyə arayışından görünür ki, Cavabdeh və Zamin iddiaçıya xx.xx.2021-ci il tarixli, 756micNFT/21 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə borcu 6444,30 manat əsas borc, 1182,74 manat faiz borcu, 89,12 manat cərimə borcu olmaqla, cəmi 7716,16 manatdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən...öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Yenə həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Habelə həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o kredit müqaviləsi adlandırılır. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh xx.xx.2022-ci il tarixə xx.xx.2022-ci il tarixli, 756micNFT/21-EM saylı əsas kredit və bank hesabı müqaviləsi əsasında bağlanmış həmin tarixli və saylı əlavə kredit müqaviləsindən irəli gələn ödənilməmiş əsas borcu 6444,3 AZN, faiz borcu 1182,74 AZN, cərimə borcu 89,12 AZN olmaqla, cəmi 7716,16 AZN borcu yaranmış, həmin borcun ödənilməsi həm borcalan, həm də zamin tərəfindən təmin edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İstinad olunan Məcəllənin 217.4-cü maddəsində isə deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.İddia tələbi təmin edildiyindən cavabdehdən ödənilmiş 97,57 manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh və Zamin xx.xx.2021-ci il tarixli, 756micNFT/21 saylı kredit müqaviləsi üzrə 6444,30 manat əsas borc, 1182,74 manat faiz borcu, 89,12 manat cərimə borcu, cəmi 7716,16 (yeddi min yeddi yüz on altı manat on altı qəpik) manat və 97,57 (doxsan yeddi manat əlli yeddi qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" KB ASC-nin xeyrinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar