Məhkəmə qərarları › İş №e-2(054)-151/2022

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-151/2022

04.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-151/2022 04.05.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: 05.05.2022-ci il Oğuz şəhəri Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2, Cavabdehlər Cavabdeh1 iştirakı ilə İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən e t d i: TƏSVİRİ HİSSƏ: İddiaçı QSC BOKT ərizə ilə məhkəməyə müraciət edərək 17.02.2014-cü il tarixli 2014-OM-35 nömrəli kredit müqaviləsi üzrə 1173,54 manat əsas borc və 31,73 manat dövlət rüsumu məbləğinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı QSC BOKT-na ödənilməsi haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesinin gedişində iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edib məhkəməyə müraciət edildikdən sonra kredit borcundan ödəniş edildiyini bildirərək 17.02.2014-cü il tarixli 2014-OM-35 nömrəli kredit müqaviləsi üzrə 1128,54 manat əsas borc və 31,73 manat dövlət rüsumu məbləğinin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 müraciəti əsasında onunla "xxxx" ASC arasında bağlanmış 17.02.2014-cü il tarixli 2014-OM-35 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 istehlak məqsədilə illik 26 % dərəcəsi ilə 48 ay müddətinə 3000 (üç min) manat məbləğində kredit verilmişdir. Cavabdeh1 müqavilə ilə müəyyən edilmiş müddətdə cəmi 4604,72 manat əsas borc və faiz borcunu tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. 17.02.2014-cü il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh1 kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda, digər Cavabdeh2 onunla birlikdə müştərək məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, tələb hüququnun güzəşt edilməsinə dair müqaviləyə əsasən "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ hazırki iş üzrə İddiaçı QSC-nə keçmişdir. Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərini lazımi qaydada icra etməmiş, kreditin cədvəl üzrə ödənişi qaydalarına riayət etməyərək borcun ödənilməsini gecikdirmişdir. Hazırda Cavabdeh1 17.02.2014-cü il tarixli 2014-OM-35 nömrəli kredit müqaviləsi üzrə iddiaçıya 1128,54 manat əsas borcu vardır. Cavabdehlərə xəbərdarlıq edilməsinə baxmayaraq onlar borcun ödənilməsini təmin etməmiş, onlarla iddiaçı arasında bağlanmış müqavilələrdən irəli gələn öhdəlikləri icra etməmişlər. Cavabdeh1 kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 31,73 manat dövlət rüsumu ödənilmişdir. Hazırda iddiaçı cəmi 1128,54 manat borc və 31,73 manat dövlət rüsumu məbləğinin cavabdehlərdən müştərək qaydada tutulmasını tələb edir. İddiaçının nümayəndəsi X3 hazırki iddia tələbini müdafiə etdiyini bildirdi və məhkəmə iclasında həmin tələbin məzmununa uyğun izahat verməklə yanaşı göstərdi ki, 17.02.2014-cü il tarixli 2014- OM-35 nömrəli kredit müqaviləsi üzrə tələb hüququ İddiaçı QSC-nə keçdikdən sonra Cavabdeh1 tərəflər arasında bağlanmış kredit müqaviləsinin qüvvədə olduğu müddətdə, eyni zamanda, həmin müqavilənin müddəti bitdikdən sonra da ayrı-ayrı vaxtlarda iddiaçının hesabına müəyyən məbləğlərdə vəsait ödəmişdir. Qeyd etdikləri nəzərə alınmaqla iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh1 hazırki iddia tələbini qismən qəbul etdiyini bildirdi və məhkəmə iclasında izahat verərək göstərdi ki, onunla "xxxx" ASC arasında bağlanmış 17.02.2014-cü il tarixli kredit müqaviləsinə əsasən ona illik 26 % dərəcəsi ilə 48 ay müddətinə 3000 (üç min) manat məbləğində kredit verilmişdir. O, kredit borcunun xeyli hissəsini ödəmiş, sonradan "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış müqaviləyə əsasən onun kredit borcu üzrə tələb hüququ İddiaçı QSC-nə keçmişdir. Kredit borcu üzrə tələb hüququ hazırki iş üzrə iddiaçıya keçdikdən sonra da o, 2017-2022ci illər ərzində iddiaçının hesabına maddi imkanları daxilində vaxtaşırı olaraq ödənişlər etmişdir. Lakin maddi imkansızlıq üzündən kredit borcunu tam şəkildə ödəyə bilməmişdir. O, müqavilə şərtlərini qəbul edir, bununla bağlı hər hansı etirazı yoxdur. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Digər Cavabdeh2 məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclaslarına gəlməmiş, gəlmədiyinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrini bidirməmiş, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarının həmin cavabdehin iştirakı olmadan keçirilməsini və işə mahiyyəti üzrə baxılmasını qərara almışdır. Məhkəmə araşdırması zamanı işdə iştirak edən şəxslərin izahatları, həmçinin, iş materiallarına əlavə edilmiş 17.02.2014-cü il tarixli 2014-OM-35 nömrəli kredit müqaviləsi, həmin müqaviləyə əlavə edilən ödəniş cədvəli, 17.02.2014-cü il tarixli zaminlik müqaviləsi, 18.02.2014-cü il tarixli məxaric orderi, 29.08.2017-ci il tarixli təhvil-təslim aktı, 04.11.2020-ci il tarixli bildirişlər və həmin bildirişlərə aid xəbərnamələr, 26.01.2021-ci il tarixli hesabdan çıxarış, borc qalığına dair 28.01.2021-ci il tarixli arayış, 09.04.2021-ci il və 04.03.2022-ci il tarixli ödəniş qəbzləri ilə müəyyən edildi ki, Cavabdeh1 müraciəti əsasında onunla "xxxx" ASC arasında bağlanmış kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh1 istehlak məqsədi ilə istifadə edilməsi üçün illik 26 % dərəcəsi ilə 48 ay müddətinə 3000 (üç min) manat məbləğində kredit verilmişdir. Cavabdeh1 müqavilə ilə müəyyən edilmiş müddətdə cəmi 4604,72 manat əsas borc və faiz borcunu tam şəkildə ödəməli olması ilə bağlı ödəniş cədvəli təqdim edilmişdir. Digər Cavabdeh2 Cavabdeh1 zamin olaraq onunla birlikdə müştərək məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 17.02.2014-cü il tarixli 2014-OM-35 nömrəli kredit müqaviləsi üzrə tələb hüququ hazırki iş üzrə İddiaçı QSC-nə keçmişdir. Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərini lazımi qaydada icra etməmiş, kreditin cədvəl üzrə ödənişi qaydalarına tam şəkildə riayət etməmişdir. Cavabdehlərə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq borcun ödənilməsi təmin edilməmişdir. Ona görə də iddiaçı hazırki iddia ərizəsi məhkəməyə müraciət etmiş, məhkəməyə müraciət etmək üçün iddiaçı tərəfindən 31,73 manat dövlət rüsumu ödənilmişdir. İddiaçı hazırda cəmi 1128,54 manat borc məbləği, həmçinin, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 31,73 manat dövlət rüsumu məbləğinin cavabdehlərdən müştərək qaydada tutulmasını tələb edir. İddiaçı öz iddia tələbinin əsasları kimi kredit və zaminlik müqavilələrinə, həmin müqavilələrə əlavə edilmiş sənədlərə, məxaric orderinə, təhvil-təslim aktına, hesabdan çıxarışa və maliyyə arayışına istinad edir. Cavabdeh1 maddi imkansızlıq üzündən kredit borcunu tam şəkildə ödəyə bilmədiyini qeyd edərək iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Digər Cavabdeh2 heç bir üzürlü səbəb olmadan məhkəmə iclaslarına gəlməmiş, iddia tələbinə etirazlarının əsası kimi məhkəməyə hər hansı sənəd və ya digər sübut təqdim etməmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iş materiallarını araşdırıb işdə iştirak edən şəxslərin iddia tələbinə münasibətini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. İş materiallarından və işin məhkəmədə müəyyən edilmiş faktiki hallarından görünür ki, 17.02.2014-cü il tarixdə tərəflər arasında qanunvericiliyin tələblərinə uyğun şəkildə 2014-OM-35 nömrəli kredit müqaviləsi bağlanmış, iddiaçı həmin kredit müqaviləsinə əsasən Cavabdeh1 istehlak məqsədi ilə istifadə edilməsi üçün illik 26 % dərəcəsi ilə 48 ay müddətinə 3000 (üç min) manat məbləğində kredit verməklə müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirmişdir. Cavabdeh1 isə müqavilə ilə müəyyən edilmiş müddətdə əsas borc və faiz borcunu ödəniş qrafikinə uyğun olaraq ödəməyi öhdəsinə götürsə də, müqavilə öhdəliklərinə tam şəkildə əməl etməmişdir. Qeyd olunan əsaslara görə məhkəmə hesab edir ki, Cavabdeh1 17.02.2014-cü il tarixli 2014- OM-35 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə maddi məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəymiş zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qaşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə hazırki iddia tələbinin Cavabdeh2 dair hissəsi ilə əlaqədar ilk növbədə qeyd edir ki, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 17.02.2014-cü il tarixli zaminlik müqaviləsi qanunvericiliyin tələblərinə uyğun şəkildə bağlanmaqla, həmin müqavilənin etibarsızlığına dəlalət edə biləcək hər hansı əsas və ya səbəb məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Bununla yanaşı, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0 və 477.0.4-cü maddələrinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsinin 8.2-ci bəndində qeyd edilmişdir ki, borcalan tərəfindən 17.02.2014-cü il tarixli 2014-OM-35 nömrəli kredit müqaviləsi üzrə bütün öhdəliklərin yerinə yetirilməsi ilə, həmçinin, Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş digər hallarda zaminliyə xitam verilir. İş materiallarından görünür ki, zaminliyin təmin etdiyi öhdəliyin icrası vaxtı 17.02.2018-ci il tarixdə başa çatmış və həmin vaxtdan 4 ildən artıq müddət keçmişdir. 17.02.2014-cü il tarixli 2014- OM-35 nömrəli kredit müqaviləsi üzrə tələb hüququnun hazırki iş üzrə İddiaçı QSC-nə keçdiyi vaxtdan, yəni 29.08.2017-ci il tarixli təhvil-təslim aktının tərtib edildiyi vaxtdan da 4 ildən artıq müddət keçmişdir. Həmin gündən sonra kreditor zaminə qarşı iddia irəli sürməmiş, yalnız 2022-ci ilin mart ayında hər iki cavabdehə qarşı borcun ödənilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət edilmişdir. 17.02.2014-cü il tarixli zaminlik müqaviləsi üzrə zaminliyin təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 il ərzində, 17.02.2014-cü il tarixli 2014-OM-35 nömrəli kredit müqaviləsi üzrə tələb hüququnun hazırki iş üzrə iddiaçıya keçdiyi vaxtdan isə 4 ildən artıq müddət ərzində kreditor zaminə qarşı iddia irəli sürmədiyinə görə məhkəmə hesab edir ki, Cavabdeh2 zaminliyinə xitam verilmiş hesab edilməlidir. Bu səbəbdən Cavabdeh2 iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 17.02.2014cü il tarixli 2014-OM-35 nömrəli kredit müqaviləsinə görə hər hansı maddi məsuliyyət daşımamalıdır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, 17.02.2014-cü il tarixli 2014-OM-35 nömrəli kredit müqaviləsi üzrə 1128,54 manat əsas borc məbləği yalnız Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir. İddia tələbi Cavabdeh2 dair hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, hazırki iş üzrə ödənilmiş tələblərin məbləği nəzərə alınmaqla məhkəməyə müraciət etmək üçün ödənilmiş 31,73 manat dövlət rüsumu da Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının xeyrinə 17.02.2014-cü il tarixli 2014-OM-35 nömrəli kredit müqaviləsi üzrə 1128,54 manat əsas borc və 31,73 manat dövlət rüsumu - cəmi 1160 (bir min bir yüz altmış) manat 27 (iyirmi yeddi) qəpik tutulsun. İddia tələbi Cavabdeh2 dair hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Oğuz Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar