Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-152/2022 27.04.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən e t d i: TƏSVİRİ HİSSƏ: İddiaçı QSC BOKT ərizə ilə məhkəməyə müraciət edərək 01.05.2014-cü il tarixli 20**-OM-*** nömrəli kredit müqaviləsi üzrə 1114,08 manat əsas borc və 31,14 manat dövlət rüsumu məbləğinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı QSC BOKT-na ödənilməsi haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesinin gedişində iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edib məhkəməyə müraciət edildikdən sonra kredit borcundan ödəniş edildiyini bildirərək 01.05.2014-cü il tarixli 20**-OM-*** nömrəli kredit müqaviləsi üzrə 1064,08 manat əsas borc və 31,14 manat dövlət rüsumu məbləğinin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 müraciəti əsasında onunla "xxxx" ASC arasında bağlanmış 01.05.2014-cü il tarixli 20**-OM-*** nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 istehlak məqsədilə illik 26 % dərəcəsi ilə 60 ay müddətinə 5000 (beş min) manat məbləğində kredit verilmişdir. Cavabdeh1 müqavilə ilə müəyyən edilmiş müddətdə cəmi 8317,00 manat əsas borc və faiz borcunu tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. 01.05.2014-cü il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh1 kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda, digər Cavabdeh2 onunla birlikdə müştərək məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, tələb hüququnun güzəşt edilməsinə dair müqaviləyə əsasən "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ hazırki iş üzrə İddiaçı QSC-nə keçmişdir. Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərini lazımi qaydada icra etməmiş, kreditin cədvəl üzrə ödənişi qaydalarına riayət etməyərək borcun ödənilməsini gecikdirmişdir. Hazırda Cavabdeh1 01.05.2014-cü il tarixli 20**-OM-*** nömrəli kredit müqaviləsi üzrə iddiaçıya 1064,08 manat əsas borcu vardır. Cavabdehlərə xəbərdarlıq edilməsinə baxmayaraq onlar borcun ödənilməsini təmin etməmiş, onlarla iddiaçı arasında bağlanmış müqavilələrdən irəli gələn öhdəlikləri icra etməmişlər. Cavabdeh1 kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 31,14 manat dövlət rüsumu ödənilmişdir. Hazırda iddiaçı cəmi 1064,08 manat borc və 31,14 manat dövlət rüsumu məbləğinin cavabdehlərdən müştərək qaydada tutulmasını tələb edir. İddiaçının nümayəndəsi X3 hazırki iddia tələbini müdafiə etdiyini bildirdi və məhkəmə iclasında həmin tələbin məzmununa uyğun izahat verməklə yanaşı, cavabdehlərin iddia müddətinin keçməsi ilə bağlı göstərdikləri xüsusatlarla əlaqədar qeyd etdi ki, kredit müqaviləsinin qüvvədə olduğu müddətin bitdiyi vaxtdan hələ 3 il keçməmişdir. Eyni zamanda, 01.05.2014-cü il tarixli 20**-OM-*** nömrəli kredit müqaviləsi üzrə tələb hüququ İddiaçı QSC-nə keçdikdən sonra Cavabdeh1 tərəflər arasında bağlanmış kredit müqaviləsinin qüvvədə olduğu müddətdə, eyni zamanda, həmin müqavilənin müddəti bitdikdən sonra da ayrı-ayrı vaxtlarda iddiaçının hesabına müəyyən məbləğlərdə vəsait ödəmişdir. Bununla da iddia müddətinin axımı kəsilmişdir. Ona görə də hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün iddia müddəti keçirilməmişdir. Qeyd etdikləri nəzərə alınmaqla iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh1 hazırki iddia tələbini qəbul etmədiyini bildirdi və məhkəmə iclasında izahat verərək göstərdi ki, onunla "xxxx" ASC arasında bağlanmış 01.05.2014-cü il tarixli kredit müqaviləsinə əsasən ona illik 26 % dərəcəsi ilə 60 ay müddətinə 5000 (beş min) manat məbləğində kredit verilmişdir. O, kredit borcunun xeyli hissəsini ödəmiş, sonradan "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış müqaviləyə əsasən onun kredit borcu üzrə tələb hüququ İddiaçı QSC-nə keçmişdir. Kredit borcu üzrə tələb hüququ hazırki iş üzrə iddiaçıya keçdikdən sonra da o, 2017-2022-ci illər ərzində iddiaçının hesabına maddi imkanları daxilində vaxtaşırı olaraq ödənişlər etmişdir. Lakin onunla "xxxx" ASC arasında kredit müqaviləsinin bağlandığı vaxtdan 8 ilə yaxın, müqavilənin müddətinin bitdiyi vaxtdan isə 3 ilə yaxın müddət keçmişdir. Müqavilənin qüvvədə olma müddətinin bitdiyi vaxtdan 3 ilə yaxın müddət keçəndən sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Qanunvericiliyə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. İddiaçı məhkəməyə müraciət еtmək üçün qanunla müəyyən edilmiş iddia müddətini keçirdiyindən hesab edir ki, iddiaçının hazırki iddia tələbi əsassızdır. Ona görə də iddia müddətinin keçməsi əsası ilə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Digər Cavabdeh2 da hazırki iddia tələbini qəbul etmədiyini bildirdi və məhkəmə iclasında izahat verərək göstərdi ki, 01.05.2014-cü il tarixdə "xxxx" ASC ilə Cavabdeh1 arasında kredit müqaviləsi, onun özü ilə isə zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilə 60 ay müddətinə bağlanmış və Cavabdeh1 müqavilə üzrə kredit borcunu özü ödəməyi öhdəsinə götürmüşdür. Sonradan "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış müqaviləyə əsasən kredit borcu üzrə tələb hüququ İddiaçı QSC-nə keçmişdir. Lakin kredit və zaminlik müqavilələri bağlandığı vaxtdan indiyədək Cavabdeh1 tərəfindən kredit borcunun gecikdirildiyi barədə ona hər hansı xəbərdarlıq edilməmişdir. Onunla "xxxx" ASC arasında 01.05.2014-cü il tarixli zaminlik müqaviləsinin bağlandığı vaxtdan 8 ilə yaxın, müqavilənin müddətinin bitdiyi vaxtdan isə 3 ilə yaxın müddət keçmişdir. Müqavilənin qüvvədə olma müddətinin bitdiyi vaxtdan 3 ilə yaxın müddət keçəndən sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəməyə müraciət еtmək üçün qanunla müəyyən edilmiş iddia müddətini keçirdiyinə görə iddia müddətinin tətbiq edilərək iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə araşdırması zamanı işdə iştirak edən şəxslərin izahatları, həmçinin, iş materiallarına əlavə edilmiş 01.05.2014-cü il tarixli 20**-OM-*** nömrəli kredit müqaviləsi, həmin müqaviləyə əlavə edilən ödəniş cədvəli, 01.05.2014-cü il tarixli zaminlik müqaviləsi, 01.05.2014-cü il tarixli məxaric orderi, 29.08.2017-ci il tarixli təhvil-təslim aktı, 04.11.2020-ci il tarixli bildirişlər və həmin bildirişlərə aid xəbərnamələr, borc qalığına dair 01.02.2021-ci il tarixli arayış, 09.04.2021-ci il və 04.03.2022-ci il tarixli ödəniş qəbzləri ilə müəyyən edildi ki, Cavabdeh1 müraciəti əsasında onunla "xxxx" ASC arasında bağlanmış kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh1 istehlak məqsədi ilə istifadə edilməsi üçün illik 26 % dərəcəsi ilə 60 ay müddətinə 5000 (beş min) manat məbləğində kredit verilmişdir. Cavabdeh1 müqavilə ilə müəyyən edilmiş müddətdə cəmi 8317,00 manat əsas borc və faiz borcunu tam şəkildə ödəməli olması ilə bağlı ödəniş cədvəli təqdim edilmişdir. Digər Cavabdeh2 Cavabdeh1 zamin olaraq onunla birlikdə müştərək məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 01.05.2014-cü il tarixli 20**-OM-*** nömrəli kredit müqaviləsi üzrə tələb hüququ hazırki iş üzrə İddiaçı QSC-nə keçmişdir. Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərini lazımi qaydada icra etməmiş, kreditin cədvəl üzrə ödənişi qaydalarına tam şəkildə riayət etməmişdir. Cavabdehlərə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq borcun ödənilməsi təmin edilməmişdir. Ona görə də iddiaçı hazırki iddia ərizəsi məhkəməyə müraciət etmiş, məhkəməyə müraciət etmək üçün iddiaçı tərəfindən 31,14 manat dövlət rüsumu ödənilmişdir. İddiaçı hazırda cəmi 1064,08 manat borc məbləği, həmçinin, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 31,14 manat dövlət rüsumu məbləğinin cavabdehlərdən müştərək qaydada tutulmasını tələb edir. İddiaçı öz iddia tələbinin əsasları kimi kredit və zaminlik müqavilələrinə, həmin müqavilələrə əlavə edilmiş sənədlərə, məxaric orderinə, təhvil-təslim aktına və maliyyə arayışına istinad edir. Cavabdehlər iddia tələbini əsassız hesab edirlər, onların hər biri iddia tələbinə etirazlarının əsası olaraq iddia müddətinin tətbiq edilərək iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edirlər. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iş materiallarını araşdırıb işdə iştirak edən şəxslərin iddia tələbinə münasibətini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəymiş zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qaşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə Cavabdeh1 iddia tələbi ilə bağlı göstərdiyi xüsusatlarla əlaqədar qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Həmin Məcəllənin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03.06.2013-cü il tarixli Qərarında qeyd edilmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. İş materiallarından görünür ki, 01.05.2014-cü il tarixli 20**-OM-*** nömrəli kredit müqaviləsi 60 ay müddətinə bağlanmaqla, qeyd olunan müqavilə üzrə öhdəliyin icrası vaxtı 01.05.2019-cu il tarixdə başa çatmış və həmin vaxtdan hələ 3 il müddət keçməmişdir. Eyni zamanda, işin məhkəmədə müəyyən edilmiş faktiki hallarından görünür ki, 01.05.2014-cü il tarixli 20**-OM-*** nömrəli kredit müqaviləsi üzrə öhdəliyin icrası vaxtı bitdikdən sonra da Cavabdeh1 iddiaçının hesabına vaxtaşırı ödənişlər etməklə, borcunu etiraf etməsini göstərən hərəkətlər nümayiş etdirmişdir. Belə olan halda, iddia müddətinin axımı kəsilmiş və həmin müddət cavabdehin iddiaçının hesabına sonuncu dəfə ödəniş etdiyi vaxtdan başlnmışdır. Məhkəməyə təqdim edilmiş, iddia tələbinin həcminin azaldılması barədə ərizədən isə Cavabdeh1 iddiaçının hesabına sonuncu dəfə 26.02.2022-ci il tarixdən sonra ödəniş etdiyi müəyyən edilir. İddiaçı isə 11.03.2022-ci il tarixdə hazırki tələblə məhkəməyə müraciət etmişdir. Qanunvericiliyə əsasən müqavilə tələbləri üzrə iddia müddəti 3 (üç) il təşkil etdiyindən və iddiaçı da öz hüququnun pozulduğunu bildiyi gündən başlayaraq həmin müddəti keçirmədiyindən məhkəmə Cavabdeh1 iddia müddətinin keçməsi ilə bağlı izahatında göstərdiyi xüsusatları həmin cavabdehə münasibətdə iddiadan imtina barəsində qərar çıxarılması üçün əsas hesab etmir. Məhkəmə Cavabdeh2 iddia tələbi ilə bağlı göstərdiyi xüsusatlarla əlaqədar qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0 və 477.0.4-cü maddələrinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 01.05.2014-cü il tarixli zaminlik müqaviləsinin 8.2-ci bəndində qeyd edilmişdir ki, borcalan tərəfindən 01.05.2014-cü il tarixli 20**-OM-*** nömrəli kredit müqaviləsi üzrə bütün öhdəliklərin yerinə yetirilməsi ilə, həmçinin, Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş digər hallarda zaminliyə xitam verilir. İş materiallarından görünür ki, zaminliyin təmin etdiyi öhdəliyin icrası vaxtı 01.05.2019-cu il tarixdə başa çatmış və həmin vaxtdan 3 ilə yaxın müddət keçmişdir. 01.05.2014-cü il tarixli 20**-OM-*** nömrəli kredit müqaviləsi üzrə tələb hüququnun hazırki iş üzrə İddiaçı QSC-nə keçdiyi vaxtdan, yəni 29.08.2017-ci il tarixli təhvil-təslim aktının tərtib edildiyi vaxtdan da 4 ildən artıq müddət keçmişdir. Həmin gündən sonra kreditor zaminə qarşı iddia irəli sürməmiş, yalnız 2022-ci ilin mart ayında hər iki cavabdehə qarşı borcun ödənilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət edilmişdir. 01.05.2014-cü il tarixli zaminlik müqaviləsi üzrə zaminliyin təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 il ərzində, 01.05.2014-cü il tarixli 20**-OM-*** nömrəli kredit müqaviləsi üzrə tələb hüququnun hazırki iş üzrə iddiaçıya keçdiyi vaxtdan isə 4 ildən artıq müddət ərzində kreditor zaminə qarşı iddia irəli sürmədiyinə görə məhkəmə hesab edir ki, Cavabdeh2 zaminliyinə xitam verilmiş hesab edilməlidir. Bu səbəbdən Cavabdeh2 iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 01.05.2014-cü il tarixli 20**- OM-*** nömrəli kredit müqaviləsinə görə hər hansı maddi məsuliyyət daşımamalıdır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, 01.05.2014-cü il tarixli 20**-OM-*** nömrəli kredit müqaviləsi üzrə 1064,08 manat əsas borc məbləği yalnız Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir. İddia tələbi Cavabdeh2 dair hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, hazırki iş üzrə ödənilmiş tələblərin məbləği nəzərə alınmaqla məhkəməyə müraciət etmək üçün ödənilmiş 31,14 manat dövlət rüsumu məbləği də Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının xeyrinə 01.05.2014-cü il tarixli 20**-OM-*** nömrəli kredit müqaviləsi üzrə 1064,08 manat əsas borc və 31,14 manat dövlət rüsumu - cəmi 1095 (bir min doxsan beş) manat 22 (iyirmi iki) qəpik tutulsun. İddia tələbi Cavabdeh2 dair hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Oğuz Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Kamran Süleymanov
Məhkəmə qərarları › İş №e-2(054)-152/2022
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-152/2022
27.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver