Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-153/2022 29.04.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən e t d i: TƏSVİRİ HİSSƏ: İddiaçı QSC BOKT ərizə ilə məhkəməyə müraciət edərək 02.10.2013-cü il tarixli 20**- OM-*** nömrəli kredit müqaviləsi üzrə 2885,10 manat əsas borc, 427,36 manat faiz borcu cəmi 3312,46 manat borc və 53,12 manat dövlət rüsumu məbləğinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı QSC BOKT-na ödənilməsi haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 müraciəti əsasında onunla "xxxx" ASC arasında bağlanmış 02.10.2013-cü il tarixli 20**-OM-*** nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 istehlak məqsədilə illik 24 % dərəcəsi ilə 36 ay müddətinə 5000 (beş min) manat məbləğində kredit verilmişdir. Cavabdeh1 müqavilə ilə müəyyən edilmiş müddətdə cəmi 6861,20 manat əsas borc və faiz borcunu tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. 02.10.2013-cü il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh1 kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda, digər Cavabdeh2 onunla birlikdə müştərək məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, tələb hüququnun güzəşt edilməsinə dair 03.10.2017-ci il tarixli müqaviləyə əsasən "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ hazırki iş üzrə İddiaçı QSC-nə keçmişdir. Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərini lazımi qaydada icra etməmiş, kreditin cədvəl üzrə ödənişi qaydalarına riayət etməyərək borcun ödənilməsini gecikdirmişdir. Hazırda Cavabdeh1 02.10.2013-cü il tarixli 20**-OM-*** nömrəli kredit müqaviləsi üzrə iddiaçıya 2885,10 manat əsas borc və 427,36 manat faiz borcu vardır. Cavabdehlərə xəbərdarlıq edilməsinə baxmayaraq onlar borcun ödənilməsini təmin etməmiş, onlarla iddiaçı arasında bağlanmış müqavilələrdən irəli gələn öhdəlikləri icra etməmişlər. Cavabdeh1 kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 53,12 manat dövlət rüsumu ödənilmişdir. Hazırda iddiaçı cəmi 3312,46 manat borc və 53,12 manat dövlət rüsumu məbləğinin cavabdehlərdən müştərək qaydada tutulmasını tələb edir. İddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə etdiyini bildirdi və məhkəmə iclasında həmin tələbin məzmununa uyğun izahat verməklə yanaşı, cavabdehlərin iddia müddətinin keçməsi ilə bağlı göstərdikləri xüsusatlarla əlaqədar qeyd etdi ki, Cavabdeh1 02.10.2013-cü il tarixli 20**-OM-*** nömrəli kredit müqaviləsi üzrə tələb hüququ İddiaçı QSCnə keçdikdən sonra da ayrı-ayrı vaxtlarda iddiaçının hesabına müəyyən məbləğlərdə vəsait ödəmişdir. Bununla da iddia müddətinin axımı kəsilmişdir. 02.10.2013-cü il tarixli 20**-OM- *** nömrəli kredit müqaviləsi üzrə tələb hüququ 03.10.2017-ci il tarixdə "xxxx" ASC-dən hazırki iş üzrə İddiaçı QSC-nə keçdikdən sonra həmin kredit müqaviləsi üzrə cəmi 70,00 manat ödəniş edilmişdir. 70,00 manat ödənişin 40,00 manatdan ibarət hissəsi 26.12.2018-ci il tarixdə, 30,00 manatdan ibarət hissəsi isə 30.10.2019-cu il tarixdə iddiaçının hesabına mədaxil edilmişdir. Qeyd olunan 30,00 manat və 40,00 manat - cəmi 70,00 manat məbləğ kredit təşkilatının əməkdaşı kimi ona Cavabdeh1 tərəfindən nağd olaraq verilmiş və o özü də həmin məbləğləri iddiaçının hesabına mədaxil etmişdir. İddiaçının hesabına sonuncu dəfə ödəniş edildiyi vaxtdan hələ üç il keçməmişdir. Ona görə də hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün iddia müddəti keçirilməmişdir. Qeyd etdikləri nəzərə alınmaqla iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh1 iddia tələbini qəbul etmədiyini bildirdi və məhkəmə iclasında izahat verərək göstərdi ki, onunla "xxxx" ASC arasında bağlanmış 02.10.2013-cü il tarixli kredit müqaviləsinə əsasən ona illik 24 % dərəcəsi ilə 36 ay müddətinə 5000 (beş min) manat məbləğində kredit verilmişdir. O, kredit borcunun xeyli hissəsini ödəmiş, sonradan səhhətinin vəziyyətinə görə işləmədiyindən və maddi imkansızlıq üzündən borcunun qalan hissəsini ödəyə bilməmişdir. 2017-ci ilin oktyabr ayında "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış müqaviləyə əsasən onun kredit borcu üzrə tələb hüququ İddiaçı QSC-nə keçmişdir. Kredit borcu üzrə tələb hüququ hazırki iş üzrə iddiaçıya keçdikdən sonra o, 2017- 2022-ci illər ərzində iddiaçının hesabına hər hansı miqdarda ödəniş etməmişdir. İddiaçının hazırki məhkəmə iclasında iştirak edən nümayəndəsinə və ya digər əməkdaşına 2018 və ya 2019-cu illərdə heç vaxt onun tərəfindən nağd olaraq pul verilməmişdir. İddiaçının hesabına onun adından 26.12.2018-ci il tarixdə 40,00 manat, 30.10.2019-cu il tarixdə isə 30,00 manat vəsaitin kimin tərəfindən mədaxil edildiyi barədə də məlumatı yoxdur. Onunla "xxxx" ASC arasında kredit müqaviləsinin bağlandığı vaxtdan 8 ildən artıq, müqavilənin müddətinin bitdiyi vaxtdan isə 5 ildən artıq müddət keçmişdir. Müqavilənin qüvvədə olma müddətinin bitdiyi vaxtdan 5 ildən də artıq müddət keçəndən sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Onun tərəfindən iddiaçının hesabına sonuncu dəfə vəsait ödənildiyi vaxtdan da 4 ildən artıq müddət keçmişdir. Qanunvericiliyə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. İddiaçı məhkəməyə müraciət еtmək üçün qanunla müəyyən edilmiş iddia müddətini keçirdiyindən hesab edir ki, iddiaçının hazırki iddia tələbi əsassızdır. Ona görə də iddia müddətinin keçməsi əsası ilə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Digər Cavabdeh2 da iddia tələbini qəbul etmədiyini bildirdi və məhkəmə iclasında izahat verərək göstərdi ki, 02.10.2013-cü il tarixdə "xxxx" ASC ilə Cavabdeh1 arasında kredit müqaviləsi, onun özü ilə isə zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilə 36 ay müddətinə bağlanmış və Cavabdeh1 müqavilə üzrə kredit borcunu özü ödəməyi öhdəsinə götürmüşdür. Sonradan "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış müqaviləyə əsasən kredit borcu üzrə tələb hüququ İddiaçı QSC-nə keçmişdir. Lakin kredit və zaminlik müqavilələri bağlandığı vaxtdan indiyədək Cavabdeh1 tərəfindən kredit borcunun gecikdirildiyi barədə ona hər hansı xəbərdarlıq edilməmişdir. Onunla "xxxx" ASC arasında 02.10.2013-cü il tarixli zaminlik müqaviləsinin bağlandığı vaxtdan 8 ildən artıq, müqavilənin müddətinin bitdiyi vaxtdan isə 5 ildən artıq müddət keçmişdir. Müqavilənin qüvvədə olma müddətinin bitdiyi vaxtdan 5 ildən də artıq müddət keçəndən sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəməyə müraciət еtmək üçün qanunla müəyyən edilmiş iddia müddətini keçirdiyinə görə iddia müddətinin tətbiq edilərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə araşdırması zamanı işdə iştirak edən şəxslərin izahatları, həmçinin, iş materiallarına əlavə edilmiş 02.10.2013-cü il tarixli 20**-OM-*** nömrəli kredit müqaviləsi, həmin müqaviləyə əlavə edilən ödəniş cədvəli, 02.10.2013-cü il tarixli zaminlik müqaviləsi, 02.10.2013-cü il tarixli məxaric orderi, 03.10.2017-ci il tarixli təhvil-təslim aktı, 01.11.2021-ci il tarixli bildirişlər və həmin bildirişlərə aid xəbərnamələr, borc qalığına dair 19.11.2021-ci il tarixli məlumat cədvəli, həmin tarixli arayışlar və 04.03.2022-ci il tarixli ödəniş qəbzi ilə müəyyən edildi ki, Cavabdeh1 müraciəti əsasında onunla "xxxx" ASC arasında bağlanmış kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh1 istehlak məqsədi ilə istifadə edilməsi üçün illik 24 % dərəcəsi ilə 36 ay müddətinə 5000 (beş min) manat məbləğində kredit verilmişdir. Cavabdeh1 müqavilə ilə müəyyən edilmiş müddətdə cəmi 6861,20 manat əsas borc və faiz borcunu tam şəkildə ödəməli olması ilə bağlı ödəniş cədvəli təqdim edilmişdir. Digər Cavabdeh2 Cavabdeh1 zamin olaraq onunla birlikdə müştərək məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 02.10.2013-cü il tarixli 20**-OM-*** nömrəli kredit müqaviləsi üzrə tələb hüququ hazırki iş üzrə İddiaçı QSC-nə keçmişdir. Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərini lazımi qaydada icra etməmiş, kreditin cədvəl üzrə ödənişi qaydalarına tam şəkildə riayət etməmişdir. Cavabdehlərə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq borcun ödənilməsi təmin edilməmişdir. Ona görə də iddiaçı hazırki iddia ərizəsi məhkəməyə müraciət etmiş, məhkəməyə müraciət etmək üçün iddiaçı tərəfindən 53,12 manat dövlət rüsumu ödənilmişdir. İddiaçı hazırda 2885,10 manat əsas borc və 427,36 manat faiz borcu - cəmi 3312,46 manat borc məbləği, həmçinin, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 53,12 manat dövlət rüsumu məbləğinin cavabdehlərdən müştərək qaydada tutulmasını tələb edir. İddiaçı öz iddia tələbinin əsasları kimi kredit və zaminlik müqavilələrinə, həmin müqavilələrə əlavə edilmiş sənədlərə, məxaric orderinə, təhvil-təslim aktına, borc qalığına dair məlumat cədvəli və hesabdan çıxarışa istinad edir. Cavabdehlər iddia tələbini əsassız hesab edirlər, onların hər biri iddia tələbinə etirazlarının əsası olaraq iddia müddətinin tətbiq edilərək iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edirlər. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iş materiallarını araşdırıb işdə iştirak edən şəxslərin iddia tələbinə münasibətini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Həmin Məcəllənin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03.06.2013-cü il tarixli Qərarında qeyd edilmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Məhkəmə iddiaçının öz iddia tələbinin əsası kimi istinad etdiyi hallarla əlaqədar qeyd edir ki, 02.10.2013-cü il tarixli 20**-OM-*** nömrəli kredit müqaviləsi 36 ay müddətinə bağlanmaqla, qeyd olunan müqavilə üzrə öhdəliyin icrası vaxtı 02.10.2016-cı il tarixdə başa çatmış və həmin vaxtdan 5 ildən artıq müddət keçmişdir. İş materiallarından da görünür ki, 02.10.2013-cü il tarixli 20**-OM-*** nömrəli kredit müqaviləsi üzrə tələb hüququ 03.10.2017ci il tarixdə "xxxx" ASC-dən hazırki iş üzrə İddiaçı QSC-nə keçdikdən sonra həmin kredit müqaviləsi üzrə cəmi 70,00 manat ödəniş edilmişdir. İddiaçinin nümayəndəsinin məhkəməyə təqdim etdiyi qəbzlərə görə 70,00 manat ödənişin 40,00 manatdan ibarət hissəsi 26.12.2018-ci il tarixdə, 30,00 manatdan ibarət hissəsi isə 30.10.2019-cu il tarixdə iddiaçının hesabına mədaxil edilmişdir. İddiaçinin məhkəmə iclasında iştirak edən nümayəndəsi 30,00 manat və 40,00 manat - cəmi 70,00 manat məbləğin kredit təşkilatının əməkdaşı kimi ona Cavabdeh1 tərəfindən nağd olaraq verildiyini və onun özünün də həmin məbləğləri iddiaçının hesabına mədaxil etdiyini iddia etsə də, qeyd olunan məbləğlərin ona məhz Cavabdeh1 tərəfindən verildiyini təsdiq edə biləcək sübutlar məhkəməyə təqdim edilməmişdir. Cavabdeh1 kredit borcu üzrə tələb hüququ hazırki iş üzrə iddiaçıya keçdikdən sonra 2017-2022-ci illər ərzində onun tərəfindən iddiaçının hesabına hər hansı miqdarda ödəniş edilmədiyini bildirmiş, 2018 və ya 2019-cu illərdə iddiaçının nümayəndəsinə onun tərəfindən nağd olaraq pul verildiyini qəti şəkildə inkar etmiş, iddiaçı isə bunun əksini təsdiq edə biləcək dəlil kimi yalnız 26.12.2018-ci il və 30.10.2019-cu il tarixlərinə aid ödəniş qəbzlərini məhkəməyə təqdim etmişdir. Həmin qəbzlərdə isə “kimdən” qrafasında Cavabdeh1 adı qeyd edilsə də, “ödəyicinin imzası” qrafasında onun imzasının olması aşkar edilməmişdir. Borcalan tərəfindən kredit təşkilatının əməkdaşı vasitəsilə kreditorun hesabına hər hansı miqdarda vəsait ödənildiyi təqdirdə, borcalan ilə nümayəndə arasında həmin məbləğlərin təhvil-təslim edilməsinə imzalarla təsdiq edilə biləcək qeydiyyat kitabı və ya hər hansı sair sənəd də məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qanunvericiliyə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan, iddiaçı isə öz iddia tələbinin əsası kimi istinad etdiyi halı - 2018-ci və 2019-cu illərdə cavabdeh tərəfindən iddiaçının hesabına müəyyən qədər ödənişlər edilməklə, onun borcunu etiraf etməsini göstərən hərəkətlər nümayiş etdirdiyini, bununla da, iddia müddətinin axımının kəsildiyini sübuta yetirə bilmədiyindən, həmin fakt yalnız cavabdehin imzasını özündə əks etdirən rəsmi sənədlə təsdiq edilməli olduğundan, lakin belə bir hal da müəyyən olunmadığından məhkəmə iddiaçının öz iddia tələbinin əsası kimi istinad etdiyi halı sübuta yetirilməmiş hesab edir. Qanunvericiliyə əsasən müqavilə tələbləri üzrə iddia müddəti 3 (üç) il təşkil etdiyindən və iddiaçı da öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlayaraq həmin müddəti keçirməklə məhkəməyə müraciət etdiyindən məhkəmə iddiaçının nümayəndəsinin izahatında göstərdiyi xüsusatları, habelə, 26.12.2018-ci il və 30.10.2019-cu il tarixlərinə aid məhkəməyə təqdim edilmiş ödəniş qəbzlərini hazırki iddia tələbinin Cavabdeh1 münasibətdə təmin edilməsi üçün yetərli əsas hesab etmir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, 02.10.2013-cü il tarixli 20**-OM- *** nömrəli kredit müqaviləsi üzrə borcun ödənilməsinə dair hazırki iddia tələbi Cavabdeh1 dair hissədə iddia müddətinin keçməsi əsası ilə təmin edilməməlidir. Məhkəmə Cavabdeh2 iddia tələbi ilə bağlı ərizədə göstərdiyi xüsusatlarla əlaqədar qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0 və 477.0.4-cü maddələrinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 02.10.2013-cü il tarixli zaminlik müqaviləsinin 8.2-ci bəndində qeyd edilmişdir ki, borcalan tərəfindən 02.10.2013-cü il tarixli 20**-OM-*** nömrəli kredit müqaviləsi üzrə bütün öhdəliklərin yerinə yetirilməsi ilə, həmçinin, Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş digər hallarda zaminliyə xitam verilir. İş materiallarından görünür ki, zaminliyin təmin etdiyi öhdəliyin icrası vaxtı 02.10.2016cı il tarixdə başa çatmış və həmin vaxtdan 5 ildən artıq müddət keçmişdir. 02.10.2013-cü il tarixli 20**-OM-*** nömrəli kredit müqaviləsi üzrə tələb hüququnun hazırki iş üzrə İddiaçı QSC-nə keçdiyi vaxtdan, yəni 03.10.2017-ci il tarixli təhvil-təslim aktının tərtib edildiyi vaxtdan da 4 ildən artıq müddət keçmişdir. Həmin gündən sonra kreditor zaminə qarşı iddia irəli sürməmiş, yalnız 2022-ci ilin mart ayında hər iki cavabdehə qarşı borcun ödənilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət edilmişdir. 02.10.2013-cü il tarixli zaminlik müqaviləsi üzrə zaminliyin təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 il ərzində, 02.10.2013-cü il tarixli 20**-OM-*** nömrəli kredit müqaviləsi üzrə tələb hüququnun hazırki iş üzrə iddiaçıya keçdiyi vaxtdan isə 4 ildən artıq müddət ərzində kreditor zaminə qarşı iddia irəli sürmədiyinə görə məhkəmə hesab edir ki, Cavabdeh2 zaminliyinə xitam verilmiş hesab edilməlidir. Bu səbəbdən Cavabdeh2 02.10.2013-cü il tarixli 20**-OM-*** nömrəli kredit müqaviləsinə görə hər hansı maddi məsuliyyət daşımamalıdır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, 02.10.2013-cü il tarixli 20**-OM- *** nömrəli kredit müqaviləsi üzrə borcun ödənilməsinə dair hazırki iddia tələbi Cavabdeh2 dair hissədə də müddətin keçməsi səbəbindən zaminliyə xitam verilməsi əsası ilə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, iddia tələbi təmin edilmədiyindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 53,12 manat dövlət rüsumu məbləği də iddiaçının özünə aid edilməlidir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət e t d i: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 02.10.2013-cü il tarixli 20**-OM-*** nömrəli kredit müqaviləsi üzrə 2885,10 manat əsas borc, 427,36 manat kredit faizi borcu - cəmi 3312,46 manat borc və 53,12 manat dövlət rüsumu məbləğinin müştərək qaydada tutulmasına dair iddia tələbi təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Oğuz Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Kamran Süleymanov
Məhkəmə qərarları › İş №e-2(054)-153/2022
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-153/2022
29.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver