Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-154/2022 04.05.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: 04.05.2022-ci il Oğuz şəhəri Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən e t d i: TƏSVİRİ HİSSƏ: İddiaçı QSC BOKT ərizə ilə məhkəməyə müraciət edərək 22.10.2014-cü il tarixli 814M nömrəli kredit müqaviləsi üzrə 1916,21 manat əsas borc, 151,82 manat faiz borcu və 40,68 manat dövlət rüsumu məbləğinin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı QSC BOKT-na ödənilməsi haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesinin gedişində iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edib məhkəməyə müraciət edildikdən sonra kredit borcundan ödəniş edildiyini bildirərək 22.10.2014-cü il tarixli 814M nömrəli kredit müqaviləsi üzrə 1876,21 manat əsas borc, 151,82 manat faiz borcu və 40,68 manat dövlət rüsumu məbləğinin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 müraciəti əsasında onunla İddiaçı QSC BOKT arasında bağlanmış 22.10.2014-cü il tarixli 814M nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh2 istehlak məqsədilə illik 27 % dərəcəsi ilə 24 ay müddətinə 5000 (beş min) manat məbləğində kredit verilmişdir. Cavabdeh2 müqavilə ilə müəyyən edilmiş müddətdə cəmi 6525,63 manat əsas borc və faiz borcunu tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. 22.10.2014-cü il tarixli 937Z və 938Z nömrəli zaminlik müqavilələrinə əsasən Cavabdeh2 kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda, digər cavabdehlər Cavabdeh3 və Cavabdeh1 onunla birlikdə müştərək məsuliyyət daşımağı öhdələrinə götürmüşlər. Cavabdeh2 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərini lazımi qaydada icra etməmiş, kreditin cədvəl üzrə ödənişi qaydalarına riayət etməyərək borcun ödənilməsini gecikdirmişdir. Hazırda Cavabdeh2nın 22.10.2014-cü il tarixli 814M nömrəli kredit müqaviləsi üzrə iddiaçıya 1876,21 manat əsas borcu və 151,82 manat faiz borcu - cəmi 2028,03 manat borcu vardır. Cavabdehlərə xəbərdarlıq edilməsinə baxmayaraq onlar borcun ödənilməsini təmin etməmiş, onlarla iddiaçı arasında bağlanmış müqavilələrdən irəli gələn öhdəlikləri icra etməmişlər. Cavabdeh2 kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 40,68 manat dövlət rüsumu ödənilmişdir. Hazırda iddiaçı cəmi 2028,03 manat borc və 40,68 manat dövlət rüsumu məbləğinin cavabdehlərdən müştərək qaydada tutulmasını tələb edir. İddiaçının nümayəndəsi X2 hazırki iddia tələbini müdafiə etdiyini bildirdi və məhkəmə iclasında həmin tələbin məzmununa uyğun izahat verməklə yanaşı göstərdi ki, Cavabdeh2 22.10.2014-cü il tarixli 814M nömrəli kredit müqaviləsi qüvvədə olduğu müddətdə, eyni zamanda, həmin müqavilənin müddəti bitdikdən sonra da ayrı-ayrı vaxtlarda iddiaçının hesabına müəyyən məbləğlərdə vəsait ödəmişdir. Qeyd etdikləri nəzərə alınmaqla iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclaslarına gəlməmiş, gəlmədiklərinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikirlərini bidirməmiş, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarının cavabdehlərin iştirakı olmadan keçirilməsini və işə mahiyyəti üzrə baxılmasını qərara almışdır. Məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsinin izahatı, həmçinin, iş materiallarına əlavə edilmiş 22.10.2014-cü il tarixli 814M nömrəli kredit müqaviləsi, həmin müqaviləyə əlavə edilən ödəniş cədvəli, 22.10.2014-cü il tarixli 937Z və 938Z nömrəli zaminlik müqavilələri, 12.03.2021-ci il tarixli bildirişlər və həmin bildirişlərə aid xəbərnamələr, borc qalığına dair 23.02.2022-ci il tarixli arayış, iddia tələbinin həcminin azaldılması barədə ərizələr və 04.03.2022-ci il tarixli ödəniş qəbzi ilə müəyyən edildi ki, Cavabdeh2nın müraciəti əsasında onunla İddiaçı QSC BOKT arasında bağlanmış kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh2 istehlak məqsədi ilə istifadə edilməsi üçün illik 27 % dərəcəsi ilə 24 ay müddətinə 5000 (beş min) manat məbləğində kredit verilmişdir. Cavabdeh2 müqavilə ilə müəyyən edilmiş müddətdə cəmi 6525,63 manat əsas borc və faiz borcunu tam şəkildə ödəməli olması ilə bağlı ödəniş cədvəli təqdim edilmişdir. Digər cavabdehlər Cavabdeh3 və Cavabdeh1 Sabir Çələbi oğluna zamin olaraq onunla birlikdə müştərək məsuliyyət daşımağı öhdələrinə götürmüşlər. Cavabdeh2 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərini lazımi qaydada icra etməmiş, kreditin cədvəl üzrə ödənişi qaydalarına tam şəkildə riayət etməmişdir. Cavabdehlərə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq borcun ödənilməsi təmin edilməmişdir. Ona görə də iddiaçı hazırki iddia ərizəsi məhkəməyə müraciət etmiş, məhkəməyə müraciət etmək üçün iddiaçı tərəfindən 40,68 manat dövlət rüsumu ödənilmişdir. İddiaçı hazırda cəmi 2028,03 manat borc məbləği, həmçinin, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 40,68 manat dövlət rüsumu məbləğinin cavabdehlərdən müştərək qaydada tutulmasını tələb edir. İddiaçı öz iddia tələbinin əsasları kimi kredit və zaminlik müqavilələrinə, həmin müqavilələrə əlavə edilmiş sənədlərə, məxaric orderinə, hesabdan çıxarışa və maliyyə arayışına istinad edir. Cavabdehlər heç bir üzürlü səbəb olmadan məhkəmə iclaslarına gəlməmiş, iddia tələbinə etirazlarının əsası kimi məhkəməyə hər hansı sənəd və ya digər sübut təqdim etməmişlər. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iş materiallarını araşdırıb iddiaçının nümayəndəsinin izahatı dinləyərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. İş materiallarından və işin məhkəmədə müəyyən edilmiş faktiki hallarından görünür ki, 22.10.2014-cü il tarixdə tərəflər arasında qanunvericiliyin tələblərinə uyğun şəkildə 814M nömrəli kredit müqaviləsi bağlanmış, iddiaçı həmin kredit müqaviləsinə əsasən Cavabdeh2 istehlak məqsədi ilə istifadə edilməsi üçün illik 27 % dərəcəsi ilə 24 ay müddətinə 5000 (beş min) manat məbləğində kredit verməklə müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirmişdir. Cavabdeh2 isə müqavilə ilə müəyyən edilmiş müddətdə əsas borc və faiz borcunu ödəniş qrafikinə uyğun olaraq ödəməyi öhdəsinə götürsə də, müqavilə öhdəliklərinə tam şəkildə əməl etməmişdir. Qeyd olunan əsaslara görə məhkəmə hesab edir ki, Cavabdeh2 22.10.2014-cü il tarixli 814M nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə maddi məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəymiş zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qaşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə hazırki iddia tələbinin cavabdehlər Cavabdeh3 və Cavabdeh1 dair hissələri ilə əlaqədar ilk növbədə qeyd edir ki, iddiaçı ilə cavabdehlər Cavabdeh3 və Cavabdeh1 arasında bağlanmış 22.10.2014-cü il tarixli 937Z və 938Z nömrəli zaminlik müqavilələri qanunvericiliyin tələblərinə uyğun şəkildə bağlanmaqla, həmin müqavilələrin etibarsızlığına dəlalət edə biləcək hər hansı əsas və ya səbəb məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Bununla yanaşı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0 və 477.0.4-cü maddələrinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İş materiallarından görünür ki, zaminliyin təmin etdiyi öhdəliyin icrası vaxtı 22.10.2016-cı il tarixdə başa çatmış və həmin vaxtdan 5 ildən artıq müddət keçmişdir. Həmin gündən sonra kreditor zaminə qarşı iddia irəli sürməmiş, yalnız 2022-ci ilin mart ayında hər üç cavabdehə qarşı borcun ödənilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət edilmişdir. 22.10.2014-cü il tarixli 937Z və 938Z nömrəli zaminlik müqavilələri üzrə zaminliyin təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 il ərzində kreditor zaminlərə qarşı iddia irəli sürmədiyinə görə məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh3 və Cavabdeh1 zaminliyinə xitam verilmiş hesab edilməlidir. Bu səbəbdən cavabdehlər Cavabdeh3 və Cavabdeh1 iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 22.10.2014-cü il tarixli 814M nömrəli kredit müqaviləsinə görə hər hansı maddi məsuliyyət daşımamalıdırlar. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, 22.10.2014-cü il tarixli 814M nömrəli kredit müqaviləsi üzrə 1876,21 manat əsas borc və 151,82 manat faiz borcu məbləği yalnız Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir. İddia tələbi cavabdehlər Cavabdeh3 və Cavabdeh1 dair hissələrdə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, hazırki iş üzrə ödənilmiş tələblərin məbləği nəzərə alınmaqla məhkəməyə müraciət etmək üçün ödənilmiş 40,68 manat dövlət rüsumu da Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının xeyrinə 22.10.2014-cü il tarixli 814M nömrəli kredit müqaviləsi üzrə 1876,21 manat əsas borc, 151,82 manat faiz borcu və 40,68 manat dövlət rüsumu - cəmi 2068 (iki min altmış səkkiz) manat 71 (yetmiş bir) qəpik tutulsun. İddia tələbi cavabdehlər Cavabdeh3 və Cavabdeh1 dair hissələrdə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Oğuz Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Kamran Süleymanov
Məhkəmə qərarları › İş №e-2(054)-154/2022
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-154/2022
04.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver