Məhkəmə qərarları › İş №e-2(054)-162/2025

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-162/2025

25.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-162/2025 25.09.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları İddiaçı MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Nəqliyyat vasitəsinin tam təmir olunmasına sərf edilən 13.800 manat və onun istifadəsiz qalması nəticəsində icarə dövrü ərzində yaranan 4.800 manat maliyyə itkisi olmaqla, ümumilikdə 18.600 (on səkkiz min altı yüz) manatın cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X1 mülkiyyətində olan KİA 5K MİNİK markalı, 10BT019 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı MMC-də icarəyə verilirdi. Həmin nəqliyyat vasitəsi Cavabdeh2 icarəyə verilən zaman Cavabdeh1 tərəfindən qanunsuz şəkildə, etibarnamə olmadan idarə edilərərək 31 avqust 2024-cü il tarixində, saat 17:40-da İnzibati Xətalar Məcəlləsinin 327.1-ci, 332.1-ci və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir. Törədilən inzibati xətalar nəticəsində nəqliyyat vasitəsi zədələnmiş və təmir işlərinin həyata keçirilməsinə zərurət yaranmışdır. Ziyanın məbləği ilə bağlı xx.xx.2024-cü il tarixli müstəqil ekspert rəyinə əsasən, nəqliyyat vasitəsinin tam təmir olunmasına sərf edilən işlərin dəyəri 13.800 (on üç min səkkiz yüz) manat təşkil edir. Nəqliyyat vasitəsi gündəlik olaraq İddiaçı MMC-də icarəyə verildiyinə görə hər gün üçün avtomobildən 80 manat ödəniş əldə edilirdi. Nəqliyyat vasitəsi 5-6 ay ərzində təmirdə qalmış və bu müddət ərzində maliyyə itkisi ilə üzləşmişdir. Lakin onlar ən azı bu müddətin iki ayı üçün yaranan itkini geri almaq hüquqlarının olduğunu düşünürlər. Nəqliyyat vasitəsinin təmirə götürülməsi ilə əlaqədar olaraq, onun istifadəsiz qalması nəticəsində icarə dövrü ərzində yaranan maliyyə itkisi, 2 ay müddətində cəmi 4800 (dörd min səkkiz yüz) manat məbləğində olmuşdur. Bu itki, nəqliyyat vasitəsinin təmir müddətində istifadəsiz qalması səbəbilə baş vermişdir və həmin dövr üçün ödənilməlidir. İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə təqdim etdiyi ərizədə qeyd etmişdir ki, 2(054)-162/2025 saylı iş üzrə dövlət rüsumu qismində 146 manat (yüz qırx altı manat) və hüquqi yardım üçün 300 manat (üç yüz manat) məbləğində pul ödənilmişdir. Lakin həmin məbləğlər ərizədə qeyd edilməmişdir. Hal-hazırda iddia ərizəsinin dəqiqləşdirilməsinə zərurət yaranmışdır. 2(054)- 162/2025 saylı iş üzrə nəqliyyat vasitəsinin tam təmir olunmasına sərf edilən 13.800 manat (on üç min səkkiz yüz manat) və onun istifadəsiz qalması nəticəsində icarə dövrü ərzində yaranan 4.800 AZN (dörd min səkkiz yüz manat) əsas borcun, İddiaçı MMC tərəfindən ödənilmiş 146 manat məbləğində dövlət rüsumu və hüquqi yardım üçün 300 manat (üç yüz manat) olmaqla, ümumilikdə 19.046 manat (on doqquz min qırx altı manat) məbləğində vəsaitin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş edir. İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil məhkəməyə yenidən ərizə göndərərək bildirmişdir ki, iş materialları arasında yer alan "xxxx" MMC tərəfindən təqdim olunmuş 01 iyul 2025-ci il tarixli ÜNİ/İ 55-329/2025 saylı ekspertiza rəyində göstərilmişdir ki, mülki iş materialları üzrə təqdim edilmiş əhəmiyyət kəsb edən sənədlər bütünlükdə və əlaqəli şəkildə araşdırmaqla (xx.xx.2024-cü il tarixli ekspert rəyi, 3 ədəd fotoşəkil, fotoşəkillər və video əks olunan bir ədəd disk) KİA K5 minik markalı, ** BT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyanın dəyəri 10 305,00 (on min üç yüz beş) manat təşkil edir. Qeyd olunan məbləğlə razılaşırlar və bu barədə heç bir irad və etirazları yoxdur. İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil məhkəməyə iddia tələbinin azaldılması barədə ərizə göndərərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada təmir xərci və maliyyə itkisi üçün 10.905 manat (10.305 + 4.800 - 4.200), iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 146 manat və hüquqi yardımla əlaqədar çəkilən xərcin əvəzi olaraq 300 manat olmaqla, ümumilikdə 11.351,00 (on bir min üç yüz əlli bir) manat məbləğində pulun cavabdehlərdən tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Proses iştirakçılarının izahatı Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. Eyni zamanda izahatında göstərdi ki, İddiaçı MMC-də icarəyə verilən, X1 mülkiyyətində olan KİA 5K MİNİK markalı, ** BT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixdə bir günü 80 manat olmaqla Cavabdeh2 icarəyə verilmiş, avtomobil onun tərəfindən qanunsuz şəkildə dostu, sürücülük hüququ olmayan Cavabdeh1 verilmiş, o isə etibarnamə olmadan idarə etdiyi avtomobillə 31 avqust 2024-cü il tarixdə, saat 17:40-da Bakı şəhəri ərazisində, aeroport yolunda qəza törətmişdir. Nəticədə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci, 332.1-ci və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsinə görə xx.xx.2024-cü il tarixdə inzibati xəta haqqında İXP ******* saylı protokol tərtib edilmişdir. Törədilmiş inzibati xətalar nəticəsində nəqliyyat vasitəsi zədələnmiş və təmir işlərinin həyata keçirilməsinə zərurət yaranmışdır. Ziyanın məbləği ilə bağlı müstəqil ekspert-fiziki şəxs X3 tərəfindən xx.xx.2024-cü il tarixli ekspert rəyi tərtib edilmiş, həmin rəyə əsasən nəqliyyat vasitəsinin tam təmir olunmasına sərf edilən işlərin dəyəri 13.800 manat təşkil edir. Nəqliyyat vasitəsi gündəlik olaraq İddiaçı MMC-də icarəyə verildiyinə görə hər gün üçün avtomobildən 80 manat ödəniş əldə edildiyindən və nəqliyyat vasitəsi 5-6 ay ərzində təmirdə qaldığından iddiaçı bu müddət ərzində maliyyə itkisi ilə üzləşmişdir. İddiaçı bu müddətin ən azı iki ayı üçün yaranan itkini geri almaq hüququnun olduğunu düşünür. Beləliklə nəqliyyat vasitəsinin təmirə götürülməsi ilə əlaqədar olaraq, onun istifadəsiz qalması nəticəsində icarə dövrü ərzində yaranan maliyyə itkisi 2 ay müddətində cəmi 4800 manat məbləğində müəyyən olunur. Bu itki nəqliyyat vasitəsinin təmir müddətində istifadəsiz qalması səbəbilə baş vermişdir və həmin dövr üçün ödənilməlidir. Halbuki nəqliyyat vasitəsi 2024-cü ilin dekabr ayında hələ təmir olunub qurtarmamışdı. Maşında kasko sığorta olub. Sığorta dəyən ziyanı ödəməkdən imtina edib. Dəymiş ziyanla bağlı icarəyə götürən şəxslə danışıqlar aparılıb, məhkəmədən kənar qaydada razılaşma təklif olunub, lakin cavabdehlər bundan imtina ediblər. İş materialları arasında yer alan "xxxx" MMC tərəfindən təqdim olunmuş 01 iyul 2025-ci il tarixli ÜNİ/İ 55- 329/2025 saylı ekspertiza rəyində göstərilmişdir ki, mülki iş materialları üzrə təqdim edilmiş əhəmiyyət kəsb edən sənədlər bütünlükdə və əlaqəli şəkildə araşdırmaqla (xx.xx.2024-cü il tarixli ekspert rəyi, 3 ədəd fotoşəkil, fotoşəkillər və video əks olunan bir ədəd disk) KİA K5 minik markalı, ** BT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyanın dəyəri 10 305,00 (on min üç yüz beş) manat təşkil edir. Qeyd olunan məbləğlə razılaşırlar və bu barədə heç bir irad və etirazı yoxdur. Eyni zamanda, e-2(054)-162/2025 saylı mülki iş üzrə cavabdehlər tərəfindən 4700 (dörd min yeddi yüz) manat məbləğində pul vəsaiti ödənilmişdir. Cavabdehlərin nəqliyyat vasitəsini idarə etdikləri dövrdə 500 (beş yüz) manat məbləğində cərimə yarandığından ödənilmiş ümumi məbləğin 500 manatı qeyd olunan cərimənin ödənilməsinə yönəldilmişdir. Beləliklə, yerdə qalan 4200 (dörd min iki yüz) manat iddia tələbindən çıxılmış və bu məbləğə uyğun olaraq iddia tələbi həmin hissədə azaldılmışdır. Həmçinin, məhkəmədə hüquqlarının müdafiə edilməsi məqsədi ilə Bakı şəhəri 20 saylı Vəkil Bürosu tarixli, saylı hüquqi yardım haqqında müqavilə bağlanmışdır. Həmin müqavilə üzrə 300 (üç yüz) manat ödəniş olunmuşdur. Hesab edir ki, tələb olunan pul məbləği ilə yanaşı, həmin pul məbləği də cavabdehdən tutularaq bizə ödənilməlidir. Qeyd etdikləri nəzərə alınmaqla cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada təmir xərci və maliyyə itkisi üçün 10.905 manat (10.305 + 4.800 - 4.200), iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 146 manat və hüquqi yardımla əlaqədar çəkilən xərcin əvəzi olaraq 300 manat olmaqla, ümumilikdə 11.351,00 (on bir min üç yüz əlli bir) manat məbləğində pulun tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbinə etiraz edərək bildirdi ki, nəqliyyat vasitəsi onun adına xx.xx.2024-cü ildə iddiaçıdan icarəyə götürülüb. Səhəri gün avtomobili Cavabdeh1 sürüb və qəza törədib. Qəza törədilən avtomobilin bazar qiyməti təxminən 18-19 mindir. Həmin avtomobili o 8-9 min manata təmir etdirə bilərdi. İddiaçıya indiyədək bu məsələ ilə bağlı 5200 manat pul ödəyib. Həmin pulun 500 manatı cəriməyə çıxılıb, qalan məbləğ olan 4700 manat avtomobilin xərcinə hesablanıb. Pulu kartdan-karta atıb. İddiaçı tərəf etiraf edib və qalan məbləğin 9500 manat olduğunu bildirib. Daha sonra həmin məbləğdən 4500 manatın çıxıldığı, qalan 5000 manat pulla söhbətin tam bağlanacağı barədə şifahi razılaşma olub. Sakin həmin vaxt pul tapa bilmədi, o özü isə işdən çıxmışdı. Sonra dedilər ki, təmir xərci 7000 manat edir. Pulu verə bilmədiyini deyib. İddiaçı tərəf pul verilmədiyinə görə onları məhkəməyə verib. Rüstəm adlı şəxsin kartına bir neçə dəfə olmaqla dediyi məbləği göndərib. Rüstəmə zəng etsə də, o cavab verməyib. Onlar onunla şərik kimi söhbət aparıblar. O, hazırda ekspert rəyi ilə razıdır, lakin əldən çıxmış fayda ilə əlaqədar tələb edilən məbləği qəbul etmir. Eyni zamanda hesab edir ki, iddiaçıya əvvəllər ödənilmiş 5200 manat məbləğ də nəzərə alınmalıdır. Belə ki, o, 4700 manatdan əlavə olan cərimə üçün pulu da əlbəəl vermişdir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 izahatında göstərdi ki, Cavabdeh2 veriyi izahatı təsdiq edir. Eyni zamanda bildirir ki, xx.xx.2024-cü ildə Rəşad maşını iddiaçıdan icarəyə götürüb. Səhəri gün avtomobili ona sürməyə vermiş və o sürüb qəza törətmişdir. Qəza törədilən avtomobilin bazar qiyməti təxminən 18-19 mindir. Həmin avtomobili 8-9 min manata təmir edə bilərdik. İddiaçıya indiyədək bu məsələ ilə bağlı 5200 manat pul ödənilib. Həmin pulun 500 manatı cəriməyə çıxılıb, qalan məbləğ olan 4700 manat avtomobilin xərcinə hesablanıb. Müəyyən ödənişlər olduqdan sonra 5000 manat pulla söhbətin tam bağlanacağı barədə şifahi razılaşma olub. Mən həmin vaxt pul tapa bilməmişdir. Sonra dedilər ki, təmir xərci 7000 manat edir. Pulu verə bilmədiklərindən iddiaçı tərəf onları məhkəməyə vermişdir. O, hazırda ekspert rəyi ilə razılaşır, lakin əldən çıxmış faydanı qəbul etmir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə olunmuş sənədlər -xx.xx.2024-cü il tarixli avtomobilin icarə müqaviləsinin surətindən görünür ki, “Kia Optima” markalı avtomobil gündəlik 80 manata İddiaçı MMC tərəfindən Cavabdeh2 xx.xx.2024-cü il tarixədək icarəyə verilmişdir. - Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin YNH-nin inspektoru X2 tərəfindən Cavabdeh1 barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, həmin tarixdə Cavabdeh1 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1 və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. -Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(011)-4877/2025 nömrəli qərarından görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. -xx.xx.2024-cü il tarixli Müstəqil sığorta eksperti-X3 tərəfindən verilmiş rəydən görünür ki, “Kia Optima” markalı, ** BT *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanın miqdarı dəyişilməli ehtiyat hissələrinin qiyməti və təmir xərcləri ilə birlikdə 13800,00 manat müəyyən edilmişdir. -X4 adlı şəxs tərəfindən tərtib edilmiş aktın surətindən görünür ki, o, Kia Optima” markalı ** BT *** nömrəli avtomobili tam təmir edib xx.xx.2024-cü il tarixdə təhvil vermişdir. -"xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli UNİ/İ 55-329/2025 nömrəli ekspert rəyindən görünür ki, “Kia K5 minik” markalı, ** BT *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanın miqdarı dəyişilməli ehtiyat hissələrinin qiyməti (7025,0 manat) və təmir xərcləri (3280,0 manat) ilə birlikdə 10305,0 manat müəyyən edilmişdir. (ekspert rəyi üçün xidmət haqqı 300 manat təşkil edir.) -**********0 nömrəli qəbzin surətindən görünür ki, İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə 500 manat ödənilmişdir. -xx.xx.2025-ci il tarixli EM-1859VK-5459/25 nömrəli hüquqi yardım göstərilməsi haqqında müqavilənin və ödəniş qəbzinin surətindən görünür ki, İddiaçı MMC ilə Bakı şəhəri 20 saylı Vəkil Bürosunun rəhbəri arasında hüuqi yardımın göstərilməsi üçün müqavilə bağlanmış və hüquqi yardım üçün 300 manat ödənilmişdir. -xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilməsi üçün 146 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin Maddə 14.2.6. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri başqa şəxsə zərər vurulmasıdır. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Maddə 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 8.1.2. Qiymətləndirilən iddialar üzrə iddia ərizələrindən iddia qiyməti iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Məhkəmə, tərəflərin izahatını dinləyərək və iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İşin həqiqi halları, işdə iştirak edən şəxslərin izahatları və işin materialları ilə müəyyən edilmişdir ki, “Kia Optima” markalı avtomobil gündəlik 80 manata İddiaçı MMC tərəfindən Cavabdeh2 xx.xx.2024-cü il tarixədək icarəyə verilmişdir. Cavabdeh2 həmin avtomobili Cavabdeh1 istifadəsinə vermişdir. Cavabdeh1 avtomobili etibarnamə olmadan idarə edilərərək xx.xx.2024-cü il tarixdə, saat 17:40-da İnzibati Xətalar Məcəlləsinin 327.1ci, 332.1-ci və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(011)-4877/2025 nömrəli qərarına əsasən Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Cavabdehlər tərəfindən iddiaçıya 4700 manat ödəniş edilmiş, həmin məbləğdən 500 manat tətbiq edilmiş inzibati cərimə üçün ödənilmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, hadisənin baş verməsi və cavabdehlər tərəfindən iddiaçının avtomobilinə maddi ziyan vurulması işin mübahisəsiz halıdır. Hazırda mübahisələndirilən hal avtomobilə dəymiş ziyanın məbləği və əldən çıxmış fayda ilə bağlıdır. İddiaçı hazırda cavabdehlərdən avtomobilə dəymiş maddi ziyanı, əldən çıxmış faydanı, hüquqi yardım üçün ödənilən məbləği və ödənilmiş dövlət rüsumunu tələb edir. Cavabdehlər isə iddianı qismən qəbul edərək, əldən çıxmış faydaya etiraz edirlər. Obyektiv araşdırma aparılmasına nail olmaq, tərəflərin hər birinin hüquqlarının təmin olunması, həmçinin yaranmış suallara cavab alınması üçün məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə qiymətləndirmə ekspertizası təyin edilmiş və xx.xx.2025-ci il tarixli UNİ/İ 55-329/2025 nömrəli ekspert rəyindən müəyyən edilmişdir ki, “Kia Optima” markalı, ** BT *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanın miqdarı dəyişilməli ehtiyat hissələrinin qiyməti (7025,0 manat) və təmir xərcləri (3280,0 manat) ilə birlikdə 10305,00 manat təşkil edir. Ekspert rəyindən göründüyü kimi, Cavabdeh1 31 avqust 2024-cü il tarixində, saat 17:40 radələrində törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində “Kia Optima” markalı, ** BT *** qeydiyyat nömrəli avtomobilin təmir-bərpa xərci təxminən 10305,0 manat müəyyən edilmişdir. Məhkəmə bildirir ki, ekspert rəyi digər sübutlarla birlikdə qiymətləndirilməklə, vurulmuş zərərin hesablamanın əsasını təşkil etmişdir. Belə ki, bu qənaətə gələrkən məhkəmə nəzərə almışdır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir və iddia tələbi təmin edilərək, cavabdehdən iddiaçının xeyrinə 10305 manat vurulmuş maddi ziyanın əvəzi hesablanmalıdır. Lakin məhkəmə qeyd edir ki, iddiaçı hazırda cavabdehlər tərəfindən 4700 manat ödənildiyini, həmin məbləğdən isə inzibati cərimə üçün 500 manat ödənildiyini bildirir. Cavabdehlər 4700 manat kart hesabına göndərdiklərini, əlavə olaraq da cərimənin ödənilməsi üçün 500 manatı isə əlbəəl verdiklərini bildirsələr də, 500 manatın verilməsi ilə bağlı məhkəməyə sübut təqdim edə bilməmişlər. Belə olan halda məhkəmə hesab edir ki, avtomobilə dəymiş ziyanın məbləği 10305 manat təşkil etsə də, cavabdehlər tərəfindən ödənilmiş 4200 manat (4700-500=4200) həmin məbləğdən çıxılmalı, son nəticədə iddiaçıya ödənilməli olan maadi ziyan 6105,0 manat manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. İşin məhkəmədə müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ilə icarə müqaviləsi məhz Cavabdeh2 arasında bağlanmış, sonucu icarəyə götürdüyü avtomobili qanunsuz olaraq Cavabdeh1 istifadəsinə vermişdir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, yol nəqliyyat hadisəsinin baş verməsinə, bununla da zərərin vurulmasına gətirib çıxaran nəqliyyat vasitəsi olan Kia Optima” markalı, ** BT *** qeydiyyat nömrəli avtomobil iddiaçı şirkət tərəfindən Cavabdeh2 icarəyə verilməsinə baxmayaraq həmin avtomobil qanunsuz olaraq Cavabdeh1 istifadəsinə verildiyindən, Cavabdeh1 tərəfindən etibarnamə olmadan idarə edilərkən yol nəqliyyat hadisəsi baş verdiyindən vurulmuş 6105,0 manat ziyan cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada oğlundan tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Məhkəmə iddia tələbinin cavabdehdən 4800 manat əldən çıxmış fayda kimi zərərin tutulmasına dair hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçı avtomobillərin icarəyə verilməsi xidməti ilə peşəkar məşğul olan hüquqi şəxsdir. Nəqliyyat vasitəsi yüksək təhlükə mənbəyi olduğundan həmin nəqliyyat vasitəsinin mülkiyyətçisi onu icarəyə verərkən yolnəqliyyat hadisəsnini baş vermə riskinin olduğunu da nəzərə almalı və avtomobili sığorta etdirməlidir. Eyni zamanda, iddiaçı avtomobilin xx.xx.2024-cü il tarixdə təhvil verilməsi ilə bağlı məhkəməyə akt təqdim etsə də, həmin aktı tərtib etmiş X4 adlı şəxsin kim olduğu bəlli deyildir. Bundan başqa, aktın forma və məzmunununa da riayət edilməmiş, nəzərdə tutulan sənəd “təhvil-təslim aktı” olduğu halda isə iddiaçı tərəfindən həmin avtomobilin təhvil alınmış olması da həmin aktda göstərilməmişdir. Həmçinin, həmin “akt”dan avtomobilin hansı tarixdən təmirə verilməsini də müəyyən etmək mümkün deyildir. Beləliklə, “Kia Optima” markalı, ** BT *** qeydiyyat nömrəli avtomobilin təmir-bərpa işləri üçün nə qədər təmirdə qaldığını aydınlaşdırmaq qeyri-mümkündür. Bundan əlavə, iddiaçı bir neçə ay ərzində avtomobilin icarəyə verildiyi müqavilələri məhkəməyə göndərərək günlük 80 manat olmaqla 2 ay, yəni 60 gün ərzində (80 manatx60 gün=4800 manat) 4800 manat əldən çıxmış fayda kimi zərər olduğunu iddia edir. Halbuki sadəcə son 3 aydakı icarə müqavilələri avtomobilin məhz hər gün icarədə olduğunu deməyə əsas verməməklə bərabər ağlabatan görünmür. İddiaçı ona 4800 manat maddi zərər dəydiyini mücərrəd və konkret olmayan faktlarla əsaslandırmağa çalışmışdır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələrinin tələbləri baxımından iddia tələbinin əldən çıxmış fayda kimi cavabdehlərdən 4800 manat əldən çıxmış faydanın tutulmasına dair hissəsi təmin edilməməlidir. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 115.0.5 və 115.0.6-cı maddələrinə əsasən, nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir. Göstərilən Məcəllənin 121.1.-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hüquqi xidmət üçün müəyyənləşdirilən məbləğ müqavilə azadlığı prinsipi əsasında həmin müqavilənin iştirakçıları tərəfindən müəyyən olunduğundan, 300 manat məbləğində pul cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə hesab edir ki, iddianın məhkəmə xərcinə daxil olan 146 manat dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində qismən təmin edilməlidir. Belə ki, iddia qismən təmin edildiyindən iddianın cavabdehlərdən tutulan pula münasibətdə, yəni 95 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Ödənilmiş 146 manat dövlət rüsumunun 51 manatı iddiaçıya aid edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia ismən təmin edildiyindən iddianın təmin iolunmuş hissəsinə uyğun olaraq işə baxılması ilə əlaqədar məsrəflər də – ekspertiza tədqiqatının dəyəri olaraq 300,0 manat məbləğində pul vəsaitinin 105 manatdan ibarət hissəsi iddiaçıdan, 195 manatdan ibarət hissəsi isə cavabdehlərdən müştərək tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək bu nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 və Cavabdeh2 6105,0 manat məbləğində əsas borc və hüquqi yardıma görə ödənilmiş 300 manat manat və 95 manat dövlət rüsumu olmaqla, cəmi 6500,0 manat tutularaq İddiaçı MMC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməli, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ekspert rəyi verilməsi ilə bağlı ödənilməli olan 300 (üç yüz) manat xərcin 105 manat dan ibarət hissəsi İddiaçı MMC-dən, 195 manatdan ibarət hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına (VÖEN: **********, Hesab № AZN: AZ77AİİB400600C**********218, Bank: KapitalBank ASC Bravo 3 filialı, VÖEN: **********, Müxbir hesab: AZ37NABZ********************, filialın kodu: 201296; SWİFT kod: AİİBAZ2XXXX) ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 6105,0 manat məbləğində əsas borc və hüquqi yardıma görə ödənilmiş 300 manat manat və 95 manat dövlət rüsumu olmaqla, cəmi 6500,0 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ekspert rəyi verilməsi ilə bağlı ödənilməli olan 300 (üç yüz) manat xərcin 105 manat dan ibarət hissəsi İddiaçı MMC-dən, 195 manatdan ibarət hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq “"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına (VÖEN: **********, Hesab № AZN: AZ77AİİB400600C**********218, Bank: KapitalBank ASC Bravo 3 filialı, VÖEN: **********, Müxbir hesab: AZ37NABZ********************, filialın kodu: 201296; SWİFT kod: AİİBAZ2XXXX) ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Oğuz Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar