Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-170/2022 19.05.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Babayeva Ülviyyə Hümbət qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının atırılması tələbinə dair mülki işə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən e t d i: TƏSVİRİ HİSSƏ: İddiaçı məhkəməyə müraciət edərək Cavabdeh ilə birgə nikahından 06.02.2012-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdehdən tutulаn alimentin miqdarının artırılaraq hər ay 200 (iki yüz) manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, o, 07.10.2010-cu il tarixdə cavabdehlə rəsmi nikah münasibətlərinə daxil olmaqla ailə qurmuşdur. Birgə nikahda olduqları müddətdə 06.02.2012-ci il tarixdə X2 adlı bir uşaqları anadan olmuşdur. Aralarında yaranan narazılıqdan sonra o, cavabdehdən faktiki olaraq ayrılmışdır. Cavabdehlə aralarında bağlanmış nikah Oğuz Rayon Məhkəməsinin 19.04.2017-ci il tarixli 2 (054) - 321 / 2017 nömrəli qətnaməsinə əsasən pozulmuş və boşanmadan sonra uşağın onun yanında qalması müəyyən edilmişdir. Oğuz Rayon Məhkəməsinin 30.07.2020-ci il tarixli 2 (054) - 258 / 2020 nömrəli qətnaməsinə əsasən uşağın saxlanması üçün cavabdehdən tutulan alimentin miqdarı artırılaraq hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində müəyyən edilmişdir. Uşaq hazırda da onun himayəsindədir və o, uşağı ilə birlikdə Oğuz şəhərində yaşayır. Alimentin təyin edilməsindən 2 ilə yaxın müddət keçmişdir. Bu müddət ərzində uşağın yaşı artmış, həm də qiymətlər bahalaşmışdır. Cavabdehin uşağın saxlanması üçün ona verdiyi aliment pulu hazırki şəraitdə uşağın ərzaq, geyim, təhsil və digər xərcləri ilə bağlı maddi ehtiyaclarını ödəmir. Bu səbəbdən o, uşağı saxlamaqda maddi cəhətdən çətinlik çəkir. Ona görə də o, uşağın saxlanması üçün cavabdehdən tutulаn alimentin miqdarının artırılaraq hər ay 200 (iki yüz) manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İddiaçı öz iddia tələbini müdafiə etdiyini bildirdi və məhkəmə baxış iclasında həmin tələbin məzmununa uyğun izahat verərək göstərdi ki, o özü hazırda işləsə də, az miqdarda əmək haqqı alır. Cavabdeh isə fərdi əmək fəaliyyəti ilə məşğul olaraq yüksək miqdarda gəlir əldə edir, lakin cavabdehin gəlirlərinin dəqiq miqdarı və mənbəyi ona məlum deyildir. Cavabdehin maddi imkanı olsa da, ona alimentdən başqa könüllü olaraq maddi yardım etmir, uşağın səhhətinin vəziyyəti, qayğıları və ehtiyacları ilə maraqlanmır. Cavabdeh alimentin miqdarının artırılması məsələsi ilə bağlı ilkin mediasiya sessiyasında da iştirak etməmişdir, bundan sonra o, məhkəməyə müraciət etmişdir. Qeyd etdiklərinə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi və məhkəmə baxışı iclasında izahat verərək göstərdi ki, o hazırda heç yerə işləmir və hər hansı sabit gəlir mənbəyi yoxdur. Yaşlı valideynləri də onun himayəsindədirlər. Özü də bir müddət əvvəl yeni ailə qurmuşdur. İddiaçı isə işləyir və yüksək miqdarda əmək haqqı alır. İddiaçı ilə birgə nikahından anadan olmuş uşağın saxlanması üçün iddiaçıya hər ay 130 (bir yüz otuz) manat miqdarında alimenti, çətinliklə də olsa, vaxtlı-vaxtında ödəyir. Hazırki vəziyyətdə iddiaçıya hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment ödəməyə onun maddi vəziyyəti imkan vermir. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edildikdən sonra onun maddi vəziyyətində yaxşılığa doğru hər hansı dəyişiklik olmamışdır. Qeyd etdiklərinə əsasən iddiaçının hazırki iddia tələbini əsassız hesab edir və həmin tələbin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə araşdırması zamanı tərəflərin izahatları, həmçinin, iş materiallarına əlavə edilmiş 05.01.2022-ci il tarixdə verilmiş AZ - T 170282 nömrəli doğum haqqında şəhadətnamənin, 08.08.2019-cu il tarixdə verilmiş AZ-İ 314052 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin, Oğuz Rayon Məhkəməsinin 30.07.2020-ci il tarixli 2 (054) - 258 / 2020 nömrəli qətnaməsinin surətləri, ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 21.02.2022-ci il tarixli arayış ilə işin mübahisəsiz halları olaraq müəyyən edildi ki, iddiaçı ilə cavabdeh 07.10.2010cu il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar. Tərəflərin birgə nikahda olduqları müddətdə 06.02.2012-ci il tarixdə X2 adlı bir uşaqları anadan olmuşdur. Tərəflər arasında bağlanmış nikah məhkəmə qaydasında pozulmuş və uşağın boşanmadan sonra iddiaçının yanında qalması müəyyən edilmişdir. Oğuz Rayon Məhkəməsinin 30.07.2020-ci il tarixli 2 (054) - 258 / 2020 nömrəli qətnaməsinə əsasən uşağın saxlanması üçün cavabdehdən tutulan alimentin miqdarı hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində müəyyən edilmişdir. Tərəflər hazırda da faktiki olaraq ayrı yaşayırlar, onların birgə nikahından anadan olmuş uşaq hazırki vəziyyətdə də iddiaçının yanında yaşayır. Cavabdeh alimentin miqdarının artırılması məsələsi ilə bağlı mediasiya prosesində də iştirak etməmişdir. İddiaçı cavabdehin uşağın saxlanması üçün ona verdiyi 130 (bir yüz otuz) manat aliment pulunun hazırki vəziyyətdə uşağın maddi ehtiyaclarını ödəmədiyini və uşağı saxlamaqda maddi cəhətdən çətinlik çəkdiyini bildirərək cavabdehdən tutulan alimentin miqdarının artırılaraq hər ay 200 (iki yüz) manat sabit pul məbləğində müəyyən edilməsini xahiş edir. Cavabdeh iddia tələbini əsassız hesab edir və həmin tələbin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh iddia tələbinə etirazlarının əsası kimi alimentin miqdarı müəyyən olunduqdan sonra onun maddi vəziyyətində yaxşılığa doğru hər hansı dəyişiklik olmadığını, yeni ailə qurduğunu, eyni zamanda, yaşlı valideynlərinin də onun himayəsində olduqlarını bildirir. Cavabdehin gəlirlərinin miqdarı və mənbəyi məlum deyildir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1.1-ci maddələrinə əsasən alimentin ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına şatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi alimentin müəyyən olunmuş miqdarı yalnız o halda dəyişə bilər ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin və ya onlardan birinin ailə və ya maddi vəziyyətində hər hansı dəyişiklik olsun. Oğuz Rayon Məhkəməsinin 30.07.2020-ci il tarixli 2 (054) - 258 / 2020 nömrəli qətnaməsi ilə uşağın saxlanması üçün məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin maddi və ya ailə vəziyyətində dəyişiklik olması halları ilə bağlı məhkəməyə sübutlar təqdim olunmasa da, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra keçən 2 (iki) ilə yaxın müddət ərzində uşaqlar üçün Respublikada müəyyən edilmiş yaşayış minimumu artmışdır. Eyni zamanda, həmin vaxtdan sonra uşağın yaşının artması ilə bağlı maddi ehtiyacları da artdığından məhkəmə hesab edir ki, iddiaçının maddi vəziyyətində dəyişiklik olmuşdur. Ona görə də uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını təmin etməkdən ötrü cavabdehin həmin uşağın saxlanması üçün iddiaçıya ödədiyi alimentin miqdarı da artırılmalıdır. Tərəflərin birgə nikahından anadan olmuş uşaq iddiaçının himayəsində olduğundan uşağa qulluq, onun sağlamlığı, təhsili, inkişafı ilə bağlı məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən, yəni hazırki iş üzrə cavabdehdən tutulmasına əsas verir. Cavabdehin maddi vəziyyətinin hansı səviyyədə olması onu uşağı saxlamaq, minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Eyni zamanda, uşağın maddi ehtiyaclarının təmin olunması hər iki valideynin, yəni cavabdehlə yanaşı həm də iddiaçının vəzifəsidir. İş materiallarından görünür ki, hazırda cavabdehin daimi iş yeri və sabit gəlir mənbəyi barədə məlumat yoxdur. Belə olan halda, məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından anadan olmuş uşağın saxlanması üçün cavabdehdən tutulmalı olan alimentin miqdarı sabit pul məbləğində müəyyən edilməlidir. Məhkəmə tərəflərin maddi və ailə vəziyyətini, onların birgə nikahından anadan olmuş yetkinlik yaşına çatmayan uşağın mənafeyini, uşağın saxlanması üçün cavabdehin indiyədək iddiaçıya ödədiyi alimentin miqdarını, 2022-ci ildə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunu, həmçinin, uşağın maddi ehtiyaclarının təmin olunmasının hər iki valideynin vəzifəsi olmasını, eyni zamanda, alimentin miqdarı müəyyən olunduqdan sonra cəmi 2 (iki) ilə yaxın müddət keçdiyini, habelə, iddiaçının özünün də iş yeri olduğunu və müəyyən qədər əmək haqqı aldığını, işin digər faktiki hallarına isə 30.07.2020-ci il tarixli 2 (054) - 258 / 2020 nömrəli məhkəmə qətnaməsi ilə hüquqi qiymət verildiyini nəzərə almaqla uşağın saxlanması üçün cavabdehdən tutulan alimentin miqdarının artırılaraq hər ay 155 (bir yüz əlli beş) manat sabit pul məbləğində müəyyən edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarının 8.14-cü bəndində qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qeyd edilənlərə əsasən məhkəmə qərara gəlir ki, tərəflərin birgə nikahından anadan olmuş uşağın saxlanması üçün alimentin hər ay 155 (bir yüz əlli beş) manat sabit pul məbləğində tutulması hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Qeyd edilən hüquq normasına əsasən məhkəmə qərara gəlir ki, alimentin artırılmış miqdarı üzrə bir il ərzində ödəmənin məcmusu nəzərə alınmaqla cavabdehdən 30 (otuz) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iddiaçının məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində ödədiyi 50 (əlli) manat məbləğin onun özünə aid edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət e t d i: İddia tələbi qismən təmin edilsin. İddiaçı Cavabdeh ilə birgə nikahından 06.02.2012-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində tutularaq İddiaçı ödənilən alimentin miqdarı artırılaraq hər ay 155 (bir yüz əlli beş) manat sabit pul məbləğində müəyyən edilsin. 06.02.2012-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün alimentin hər ay 155 (bir yüz əlli beş) manat sabit pul məbləğində tutulması hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. İddiaçı məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində ödədiyi 50 (əlli) manat məbləğ onun özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Oğuz Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Kamran Süleymanov
Məhkəmə qərarları › İş №e-2(054)-170/2022
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-170/2022
19.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver