Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-191/2023 09.06.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ X4 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun və ödənilmiş dövlət rüsumunun tutulması tələbinə dair mülki işə Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı QSC (iddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 (cavabdehlər) qarşı xx.xx.2009-cu il tarixli, 07L000001996 saylı kredit xətti müqaviləsi və həmin müqavilə üzrə 07R000003645 saylı, xx.xx.2009-cu il tarixli kredit razılaşmasına əsasən cavabdehlərdən 1026 ABŞ dolları əsas kredit borcu və 37,52 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, iddiaçının nümayəndəsi X1 xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş ərizəsi ilə məhkəmə iclasında üzrlü səbəbdən iştirak etməyəcəklərini bildirmiş, iddianın təmin edilməsini xahiş etmiş, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məlumat verməmişlər. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edərək bildirmişdir ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2009-cu il tarixli, 07L000001996 saylı kredit xətti müqaviləsinə əsasən cavabdehə 60 ay müddətinə 20000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqavilə əsasında cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Buna uyğun olaraq iddiaçı ilə Cavabdeh1 arasında imzalanmış xx.xx.2009-cu il tarixli, 07R000003645 saylı razılaşmaya əsasən ona aylıq 3 faiz dərəcəsi olmaqla 18 ay müddətinə 8000 ABŞ dolları kredit verilmişdir. O, kredit razılaşmasının 1.2-ci bəndinin tələbni pozaraq dəfələrlə ödənişi yubatmış, banka 1026 ABŞ dolları əsas borcu qalmışdır. Qeyd edilən kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh3 və Cavabdeh2 ilə zaminlik müqavilələri bağlanmışdır. Zaminlər xx.xx.2009-cu il tarixli kredit müqaviləsinin şərtləri qəbul edilməklə zaminlik müqavilələrini imzaladıqlarından əsas borclu ilə birlikdə məsuliyyət daşıyır və onunla birgə bütün öhdəlikləri icra etməlidirlər. Bununla bağlı müddəalar hər bir zaminlik müqaviləsinin giriş hissəsində göstərilmişdir. Əsas borclu axırıncı ödənişi 2012-ci ildə edib. Qeyd olunanları nəzərə almaqla iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında izahat verərək bildirdi ki, Habil adlı şəxsin xahişi ilə sözügedən kredit müqaviləsi və ona uyğun imzaladığı razılaşma üzrə 8000 ABŞ dolları krediti almış, həmin məbləğin 7000 dollarını həmin şəxs götürmüş, 1000 dollarını ona verərək götürdüyü məbləğ üzrə borcu ödəyəcəyini bildirmişdir. Buna baxmayaraq ona qarşı dələduzluq edilmiş, borcun tam ödənilməsi təmin edilməmişdir. Zaminlərdən Oktay qaynatasıdır, digəri isə tanışıdır. Təxminən 8003 dollar ödəniş edib. Sonuncu ödənişi 2011-ci ilin axırı, yaxud 2012-ci ilin əvvəllərində həyata keçirib. O vaxtdan sonra ona kredit borcu ilə bağlı bildiriş gəlməyib, yaxud bununla bağlı məhkəməyə çağırılmayıb. İddiaçı tərəfindən iddia müddəti ötürülüb. İddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və Cavabdeh1 izahatını dinləyib, iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, mübahisənin həllində tətbiq edilməli olan hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan xx.xx.2009-cu il tarixli, 07L000001996 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı QSC-nin Şəki filialı Cavabdeh1 60 ay müddətinə 20000 ABŞ dolları məbləğində kredit xətti açmışdır. İş materiallarında olan xx.xx.2009-cu il tarixli, 07L000001996 saylı kredit xətti müqaviləsi üzrə xx.xx.2009-cu il tarixli, 07R000003645 saylı kredit razılaşmasından görünür ki, bank kredit alan Cavabdeh1 aylıq 3 faiz dərəcəsi olmaqla 18 ay müddətinə 8000 ABŞ dolları fərdi mikro kredit məqsədli kredit vermişdir. İş materiallarında olan xx.xx.2009-cu il tarixli, 07S000002376 saylı və xx.xx.2010-cu il tarixli, 067S000003401 saylı zaminlik müqavilələrindən görünür ki, müvafiq olaraq Cavabdeh3 və Cavabdeh2 kredit müqaviləsi üzrə borclu Cavabdeh1 öhdəliklərinin təminatı kimi həmin müqavilələri imzalamaqla borclu ilə birgə bank qarşısında tam məsuliyyəti üzərlərinə götürmüşlər. Zaminlik müqavilələrinin giriş hissəsindən görünür ki, zaminlər həmin müqavilələri xx.xx.2009-cu il tarixli, 07L000001996 saylı kredit xətti müqaviləsi və bu müqavilənin ayrılmaz hissəsi olan kredit razılaşmaları üzrə borclu Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlamışlar. Kredit xəttinin müddəti 60 ay, məbləği 20000 ABŞ dolları müəyyən edilmişdir. Həmin müqavilələrin 4.1-ci bəndindən görünür ki, bu müqavilələr borclu kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tam icra edənədək qüvvədədir. İş materiallarında olan ödəniş planından görünür ki, 8000 ABŞ dolları əsas, 2240,90 ABŞ dolları faiz kredit borcunun ödənişinin xx.xx.2010-cu il tarixdən başlayaraq xx.xx.2010-cu il tarixədək hər ay 382,54-508,15 ABŞ dolları arasında, xx.xx.2010-cu il tarixdə 1132,21 ABŞ dolları, xx.xx.2010-cu il tarixdən hər ay 235,26 ABŞ dolları, sonuncu ay isə 235,12 ABŞ dolları olmaqla xx.xx.2012-ci il tarixdə başa çatdırılması nəzərdə tutulmuş, ödəniş planı bankın nümayəndəsi və müştəri Cavabdeh1 tərəfindən imzalanmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 1210 saylı maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2009-cu il tarixli, 07R000001996 saylı kredit razılaşması üzrə xx.xx.2023-cü il tarixə əsas borcu 1026 ABŞ dollarıdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli xəbərdarlıqlardan görünür ki, kreditlə bağlı öhdəliklərin yerinə yetirilməsi cavabdehlərdən tələb edilmişdir. İş materiallarında olan xx.xx.2009-cu il tarixli kredit xətti üzrə əməliyyatlara dair xx.xx.2014-cü il tarixli çıxarışdan görünür ki, Cavabdeh1 tərəfindən 8000 ABŞ dolları kredit məbləğindən cəmi 8085,15 ABŞ dolları ödəniş edilmiş, sonuncu ödəniş 106,38 ABŞ dolları məbləğində olmaqla xx.xx.2012-ci il tarixdə aparılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MM) 385.1ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən ... öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Yenə həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyələşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Habelə həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biri olduğundan məhkəmə həmin məsələ ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mövqeyinin tərəflərin diqqətinə çatdırılmasını zəruri hesab edir.Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında qeyd etmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaranan hüquq münasibətlərindən irəli gələn tələblər üzrə Mülki Məcəllənin 373-cü maddəsində nəzərdə tutulan iddia müddətləri, 2000-ci il sentyabrın 1-nə qədər yaranmış hüquq münasibətlərindən irəli gələn tələblər üzrə isə əvvəlki Mülki Məcəllənin 73-cü maddəsində göstərilən iddia müddətləri əsas götürülməlidir.Beləliklə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli qərarının məzmunundan göründüyü kimi, yeni və ya əvvəlki Mülki Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinin tətbiq edilməsinin yeganə meyarı hüquq münasibətlərinin yaranması tarixidir. Qərarda həmçinin qeyd edilmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyin yoxlanması çətin və qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1-ci maddəsinə görə ümumi iddia müddəti on il təşkil edir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Beləliklə iş materialları ilə təsdiq edilir ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2009-cu il tarixli, 07L000001996 saylı kredit xətti müqaviləsi və həmin müqavilə üzrə 07R00003645 saylı, xx.xx.2009-cu il tarixli kredit razılaşmasına əsasən cavabdehə 8000 ABŞ dolları kredit borcu verilmiş, zaminlər Cavabdeh3 və Cavabdeh2 kredit borcu üzrə öhdəliklərin yerinə yetirilməsinə dair tam məsuliyyəti öz üzərlərinə götürmüşlər. Ödəniş planına əsasən kredit borcu üzrə öhdəliklərin yerinə yetirilməsinin son müddəti xx.xx.2012-ci il olmaqla iş materiallrında olan əməliyyatlara dair çıxarışla Cavabdeh1 tərəfindən cəmi 8085,15 ABŞ dolları ödənişin edildiyi, axırıncı ödənişin xx.xx.2012-ci il tarixdə 106,38 dollar olmaqla aparıldığı müəyyən edilmişdir. Həmin vaxtdan sonra iddiaçı tərəfindən 1026 ABŞ dolları əsas kredit borcunun ödənilməsi ilə bağlı xəbərdarlıq yalnız xx.xx.2022-ci ildə əsas borclu Cavabdeh1, xx.xx.2023-cü ildə zaminlər Cavabdeh3 və Cavabdeh2 göndərilmişdir. İddiaçıya rəsmi şəkildə müraciət edilməklə mülki işlə bağlı bütün sənədlərin məhkəməyə təqdim olunması təşklif edilmiş, lakin iş materiallarında olan sənədlərdən əlavə sənədlərin verilməsi təmin edilməmişdir. İddiaçı tərəfindən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş olunmuş, cavabdeh isə iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünü nəzərə almaqla iddianın rədd edilməsini xahiş etmişdir. Beləliklə məhkəmə bütün qeyd olunanlara qiymət verərək bildirir ki, mülki qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarına əsasən iddia tələbi iddiaçı ilə cavabdeh arasında müqavilə münasibətlərinə uyğun öhdəliyin yarandığını ehtiva etdiyindən, qanunla müəyyən edildiyi kimi müqavilə tələbləri üzrə iddia müddəti üç il müəyyən edildiyindən, hazırki iş üzrə həmin müddətin başlanğıcı xx.xx.2015-ci il tarixdən (sonuncu ödənişin aparıldığı tarixdən 3 il sonra) hesablanmalı olduğundan və iddiaçı tərəfindən həmin tarixdən sonra tələb hüququ ilə müraciət etməsinə dair sübutlar məhkəməyə təqdim edilmədiyindən mübahisəyə qeyd edilən nöqteyi-nəzərdən qiymət verilməklə qərar qəbul edilməlidir. Buna görə də mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində (375.2-ci maddə) qərar çıxarması üçün əsas olduğundan məhkəmə hesab edir ki, iddia müddəti tətbiq edilməklə iddia rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad olunan Məcəllənin 217.4-cü maddəsində deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.İddia tələbi təmin edilmədiyindən ödənilmiş 37,52 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı QSC (iddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 (cavabdehlər) qarşı xx.xx.2009-cu il tarixli, 07L000001996 saylı kredit xətti müqaviləsi və həmin müqavilə üzrə 07R000003645 saylı, xx.xx.2009-cu il tarixli kredit razılaşmasına əsasən cavabdehlərdən 1026 ABŞ dolları əsas kredit borcu və 37,52 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması tələbinin təmin edilməsinə dair iddiası təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən sonra bir ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №e-2(054)-191/2023
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-191/2023
09.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver