Məhkəmə qərarları › İş №e-2(054)-222/2025

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-222/2025

04.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-222/2025 04.06.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi, İşin halları İddiaçı “X1” ASC Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı “X1” ASC-nin xeyrinə 10326,4 manat məbləğində əsas borcun, 775,93 manat məbləğində faiz borcunun, 14,26 manat məbləğində cərimə borcunun, cəmi 11116,59 manat borcun və 123,75 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün xx.xx.2027-ci il tarixədək illik 29,3 % ödəmək şərtilə 12400 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinə "xxxx" KB ASC-yə 10326,4 manat əsas, 775,93 manat faiz, 14,26 manat cərimə borcu olmaqla, cəmi 11116,59 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Proses iştirakçılarının izahatı İddiaçı “X1” ASC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirərək iddia tələbinə uyğun qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh hazırki məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə göndərdiyi ərizəsində xidməti işi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirərək ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş iddia tələbinə etiraz qeydlərində bildirmişdir ki, kredit müqaviləsinin imzalandığı xx.xx.2022-ci il tarixdən ötən 2 ilə yaxın müddət ərzində aylıq ödəniş etmişdir. Lakin 2024-cü ilin may ayından başlayaraq ailəsində yaranmış problemlərlə əlaqədar maddi çətinlikləri olmuşdur. Qeyd edilən səbəblərdən o, dəfələrlə müraciət edərək ödəniş məbləğinin aşağı salınmasını xahiş etmişdir. Lakin hər dəfə ona kredit müqaviləsində güzəşt nəzərdə tutulmadığı bildirilmişdir. Sonuncu dəfə etdiyi müraciətə isə X1” ASC tərəfindən ümumiyyətlə cavab verilməmişdir. X1” ASC ona qarşı kredit borcu tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, iddiaçı onun tərəfindən ödənilmiş vəsaitin hamısını nəzərə almamışdır. İddiaçı onun ötən müddət ərzində guya cəmi 2000 (iki min) manat ödədiyi qənaətindədir. Ona görə də iddia təmin olunmamalı, kredit müqaviləsinin müddətinin sonuna qədər yeni ödəniş cədvəli tərtib olunmaqla restrukturizasiya aparılmalıdır. Cavabdeh xx.xx.2025-ci il tarixdə iştirak etdiyi məhkəmə iclasında etirazın məzmununa uyğun izahat verərək bank tərəfindən ona yeni ödəniş cədvəli veriləcəyi deyilsə də, buna əməl etmədiklərini bildirərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh iştirak etdiyi sonuncu məhkəmə iclasında isə izahat verərək bildirmişdir ki, yanvar ayından mart ayına qədər kredit borcundan ümumilikdə 1666,26 manat ödəniş həyata keçirməsi hesablandığı üçün o hazırda faiz və əsas borcu qəbul edir. Lakin maddi vəziyyətini nəzərə alaraq qalan borcunun hissə-hissə ödəməyi üçün məhkəmədən möhlət verilməsini xahiş edir. İddia ərizəsinə etirazın dəlilləri Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olsa da, cavabdeh sonradan məhkəmə iclasında faiz və əsas borcu qəbul etdiyini bildirmişdir. İş materiallarına əlavə olunmuş sənədlər - "xxxx" KB ASC-nin xx.xx.2021-ci il tarixli Ümumi Oferta müqaviləsinin (bank xidmətlərinin təqdilm edilməsinə dair) şərtlərinin Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə qəbul edilməsinə dair ərizədən və cavabdehin mobil telefon nömrəsinə göndərilmiş SMS bildirişdən görünür ki, X1” ASC tərəfindən cavabdehə xx.xx.2022-ci il tarixdə xx.xx.2027-ci il tarixədək, 29,3 faiz dərəcəsi ilə 12400 manat məbləğində kredit xətti açılmışdır. -xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə banka 10326,4 manat məbləğində əsas borcun, 775,93 manat məbləğində faiz borcunun, 14,26 manat məbləğində cərimə borcunun, cəmi 11116,59 manat borcu vardır. - Qəbzdən görünür ki, iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edən zaman tərəfindən 123,35 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 739. borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 385. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448.1. əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 462.1. dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 8.1.2. məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi Məhkəmə iddiaçının nümayəndəsi izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş yuxarıda qeyd edilən sənədlərlə müəyyən edildi ki, “X1” ASC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən illik xx.xx.2027-ci il tarixədək illik 29,3 % ödəmək şərtilə 12400 manat kredit xətti açılmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh kreditin qaytarılması və faizlərin ödənilməsi üzrə öhdəliyini lazımınca icra etməmiş, nəticədə banka borcu yaranmışdır. İddiaçı hazırkı iddia ilə əlaqədar 123,35 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödəmişdir. Göründüyü kimi, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərə vaxtında və lazımınca əməl etməməsi səbəbindən iddiaçı məhkəməyə müraciət etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun, ona hesablanmış faizlərin və cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan 123,35 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçı “X1” ASC-nin xeyrinə Cavabdeh 10326,4 manat əsas borc, 775,93 manat faiz borcu, 14,26 manat cərimə borcu,123,35 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı olmaqla, cəmi 11240,34 manat məbləğində pul vəsaiti tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 222 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 10326,4 manat əsas borc, 775,93 manat faiz borcu, 14,26 manat cərimə borcu,123,35 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı olmaqla, cəmi 11240,34 manat tutularaq iddiaçı “X1” ASC-nə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Oğuz Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar