Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-225/2022 16.06.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: TƏSVİRİ HİSSƏ: İddiaçı QSC BOKT ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2015-ci il tarixli 864M nömrəli kredit müqaviləsi üzrə 1930,72 manat əsas borc, 343,85 manat faiz borcu və 42,74 manat dövlət rüsumu məbləğinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı QSC BOKT-na ödənilməsi haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 müraciəti əsasında onunla iddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli 864M nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh2 bağçılıq və taxılçılıq məqsədilə illik 27 % dərəcəsi ilə 24 ay müddətinə 3000 (üç min) manat məbləğində kredit verilmişdir. Cavabdeh2 müqavilə ilə müəyyən edilmiş müddətdə cəmi 3915,38 manat əsas borc və faiz borcunu tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh2 kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda, digər Cavabdeh1 onunla birlikdə müştərək məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Cavabdeh2 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərini lazımi qaydada icra etməmiş, kreditin cədvəl üzrə ödənişi qaydalarına riayət etməyərək borcun ödənilməsini gecikdirmişdir. Hazırda Cavabdeh2 xx.xx.2015-ci il tarixli 864M nömrəli kredit müqaviləsi üzrə iddiaçıya 1930,72 manat əsas borc və 343,85 manat faiz borcu vardır. Cavabdehlərə xəbərdarlıq edilməsinə baxmayaraq onlar borcun ödənilməsini təmin etməmiş, onlarla iddiaçı arasında bağlanmış müqavilələrdən irəli gələn öhdəlikləri icra etməmişlər. Cavabdeh2 kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 42,74 manat dövlət rüsumu ödənilmişdir. Hazırda iddiaçı cəmi 2274,57 manat borc və 42,74 manat dövlət rüsumu məbləğinin cavabdehlərdən müştərək qaydada tutulmasını tələb edir. İddiaçının nümayəndəsi X3 hazırki iddia tələbini müdafiə etdiyini bildirdi və məhkəmə iclasında həmin tələbin məzmununa uyğun izahat verməklə yanaşı göstərdi ki, xx.xx.2015ci il tarixli 864M nömrəli kredit müqaviləsi üzrə tələb hüququ İddiaçı QSC-nə keçdikdən sonra Cavabdeh2 tərəflər arasında bağlanmış kredit müqaviləsinin qüvvədə olduğu müddətdə, eyni zamanda, həmin müqavilənin müddəti bitdikdən sonra da ayrı-ayrı vaxtlarda iddiaçının hesabına müəyyən məbləğlərdə vəsait ödəmişdir. Qeyd etdikləri nəzərə alınmaqla iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclaslarına gəlməmiş, gəlmədiklərinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikirlərini bidirməmiş, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarının cavabdehlərin iştirakı olmadan keçirilməsini və işə mahiyyəti üzrə baxılmasını qərara almışdır. Məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsinin izahatı, həmçinin, iş materiallarına əlavə edilmiş xx.xx.2015-ci il tarixli 864M nömrəli kredit müqaviləsi, həmin müqaviləyə əlavə edilən ödəniş cədvəli, xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi, xx.xx.2015-ci il tarixli məxaric orderi, xx.xx.2021-ci il tarixli bildirişlər və həmin bildirişlərə aid xəbərnamələr, xx.xx.2022-ci il tarixli hesabdan çıxarış, borc qalığına dair xx.xx.2021-ci il tarixli arayış, xx.xx.2022-ci il tarixli ödəniş qəbzi ilə müəyyən edildi ki, Cavabdeh2 müraciəti əsasında onunla iddiaçı arasında bağlanmış kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh2 bağçılıq və taxılçılıq məqsədi ilə istifadə edilməsi üçün illik 27 % dərəcəsi ilə 24 ay müddətinə 3000 (üç min) manat məbləğində kredit verilmişdir. Cavabdeh2 müqavilə ilə müəyyən edilmiş müddətdə cəmi 3915,38 manat əsas borc və faiz borcunu tam şəkildə ödəməli olması ilə bağlı ödəniş cədvəli təqdim edilmişdir. Digər Cavabdeh1 Cavabdeh2 zamin olaraq onunla birlikdə müştərək məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Cavabdeh2 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərini lazımi qaydada icra etməmiş, kreditin cədvəl üzrə ödənişi qaydalarına tam şəkildə riayət etməmişdir. Cavabdehlərə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq borcun ödənilməsi təmin edilməmişdir. Ona görə də iddiaçı hazırki iddia ərizəsi məhkəməyə müraciət etmiş, məhkəməyə müraciət etmək üçün iddiaçı tərəfindən 42,74 manat dövlət rüsumu ödənilmişdir. İddiaçı hazırda cəmi 2274,57 manat borc məbləği, həmçinin, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 42,74 manat dövlət rüsumu məbləğinin cavabdehlərdən müştərək qaydada tutulmasını tələb edir. İddiaçı öz iddia tələbinin əsasları kimi kredit və zaminlik müqavilələrinə, həmin müqavilələrə əlavə edilmiş sənədlərə, kassa məxaric orderinə, təhvil-təslim aktına, hesabdan çıxarışa və maliyyə arayışına istinad edir. Cavabdehlər heç bir üzürlü səbəb olmadan məhkəmə iclaslarına gəlməmiş, iddia tələbinə etirazlarının əsası kimi məhkəməyə hər hansı sənəd və ya digər sübut təqdim etməmişlər. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iş materiallarını araşdırıb iddiaçının iddia tələbinə münasibətini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. İş materiallarından və işin məhkəmədə müəyyən edilmiş faktiki hallarından görünür ki, xx.xx.2015-ci il tarixdə tərəflər arasında qanunvericiliyin tələblərinə uyğun şəkildə 864M nömrəli kredit müqaviləsi bağlanmış, iddiaçı həmin kredit müqaviləsinə əsasən Cavabdeh2 bağçılıq və taxılçılıq məqsədi ilə istifadə edilməsi üçün illik 27 % dərəcəsi ilə 24 ay müddətinə 3000 (üç min) manat məbləğində kredit verməklə müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirmişdir. Cavabdeh2 isə müqavilə ilə müəyyən edilmiş müddətdə əsas borc və faiz borcunu ödəniş qrafikinə uyğun olaraq ödəməyi öhdəsinə götürsə də, müqavilə öhdəliklərinə tam şəkildə əməl etməmişdir. Qeyd olunan əsaslara görə məhkəmə hesab edir ki, Cavabdeh2 xx.xx.2015-ci il tarixli 864M nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə maddi məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəymiş zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qaşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə hazırki iddia tələbinin Cavabdeh1 dair hissəsi ilə əlaqədar ilk növbədə qeyd edir ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi qanunvericiliyin tələblərinə uyğun şəkildə bağlanmaqla, həmin müqavilənin etibarsızlığına dəlalət edə biləcək hər hansı əsas və ya səbəb məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Bununla yanaşı, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0 və 477.0.4-cü maddələrinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış zaminlik müqaviləsinin 6.1-ci bəndində qeyd edilmişdir ki, zaminlik müqaviləsinin qüvvədə olma müddəti borcalanın xx.xx.2015-ci il tarixli 864M nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklərinin kredit təşkilatı qarşısında qüvvədə olma müddəti ilə üst-üstə düşür. İş materiallarından görünür ki, zaminliyin təmin etdiyi öhdəliyin icrası vaxtı xx.xx.2017-ci il tarixdə başa çatmış və həmin vaxtdan 5 ildən artıq müddət keçmişdir. Həmin gündən sonra kreditor zaminə qarşı iddia irəli sürməmiş, yalnız 2022-ci ilin mart ayında hər iki cavabdehə qarşı borcun ödənilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət edilmişdir. xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi üzrə zaminliyin təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 5 ildən artıq müddət ərzində kreditor zaminə qarşı iddia irəli sürmədiyinə görə məhkəmə hesab edir ki, Cavabdeh1 zaminliyinə xitam verilmiş hesab edilməlidir. Bu səbəbdən Cavabdeh1 iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015ci il tarixli 864M nömrəli kredit müqaviləsinə görə hər hansı maddi məsuliyyət daşımamalıdır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, xx.xx.2015-ci il tarixli 864M nömrəli kredit müqaviləsi üzrə 1930,72 manat əsas borc və 343,85 manat faiz borcu məbləği yalnız Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir. İddia tələbi Cavabdeh1 dair hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, hazırki iş üzrə ödənilmiş tələblərin məbləği nəzərə alınmaqla məhkəməyə müraciət etmək üçün ödənilmiş 42,74 manat dövlət rüsumu da Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının xeyrinə xx.xx.2015-ci il tarixli 864M nömrəli kredit müqaviləsi üzrə 1930,72 manat əsas borc, 343,85 manat faiz borcu və 42,74 manat dövlət rüsumu - cəmi 2317 (iki min üç yüz on yeddi) manat 31 (otuz bir) qəpik tutulsun. İddia tələbi Cavabdeh1 dair hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Oğuz Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Kamran Süleymanov
Məhkəmə qərarları › İş №e-2(054)-225/2022
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-225/2022
16.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver