Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-23/2024 06.06.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ X10 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evə görə 100000 manat, 3600 manat məbləğində kompensasiya və 423 manat dövlət rüsumu tələbinə dair işə 06 iyun 2024-cü il tarixdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı (iddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (cavabdehlər) qarşı cavabdehlərdən xx.xx.1998-ci il tarixdə vəfat etmiş əri X2 ona və övladına miras qalmış, Oğuz şəhəri, 20 Yanvar küçəsi, 12 ünvanında yerləşən evin hazırda mümkün bazar qiyməti olaraq dəyərləndirilən 100000 manatın, notariat kontorunda bağlanmış alqı-satqı müqaviləsində qeyd edilmiş məbləğin, yəni 18000000 manatın hazırki manata məzənnəsi olan 3000 manatın qanunsuz saxlanılmaqla ödənilmədiyi müddətə görə illik 5 faiz dərəcəsi ilə 21 ilə hesablanan 3300 manat məbləğində kompensasiyanın və 423 manat dövlət rüsumunun müştərək qaydada tutularaq ona ödənilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Əvvəlki məhkəmə iclaslarının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, iddiaçı məhkəmə iclaslarında iştirak etməmiş, xx.xx.2023-cü il tarixdə, xx.xx.2023-cü il tarixdə, xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixdə daxil olmuş ərizələrlə iştirakı olmadan işə baxılaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizələr nəzərə alınmaqla məhkəmə tərəfindən əvvəlki məhkəmə iclaslarının keçirilməsi mümkün hesab edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Oğuz Rayon Məhkəməsində iddiaçının iddiası üzrə 2(054)-56/2022 saylı işə baxılarkən müəyyən edilənlərə əsasən “işdə iştirak edən şəxslərin izahatları, şahidin ifadəsi, həmçinin, iş materiallarına əlavə edilmiş, xx.xx.1996-cı il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin surəti, xx.xx.1997-ci il tarixli doğum haqqında şəhadətnamənin surəti, xx.xx.1998-ci il tarixli ölüm haqqında şəhadətnamənin surəti, xx.xx.2000-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surəti, 2587 reyestr nömrəli Qeydiyyat vəsiqəsi, xx.xx.2000-ci il tarixli etibarnamə, xx.xx.2002-ci il tarixli alqı-satqı müqaviləsinin surəti, 2271 reyestr nömrəli Qeydiyyat vəsiqəsi, xx.xx.2012-ci il tarixli A 400249 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinin surəti və xx.xx.2021-ci il tarixli mədaxil qəbzi ilə müəyyən edildi ki, iddiaçı (İddiaçı) hazırki iş üzrə cavabdehin (Cavabdeh1) mərhum qardaşı X3 arvadı olmuşdur. Onların birgə nikahından xx.xx.1997-ci il tarixdə X7 adlı bir uşaqları olmuşdur. X8 xx.xx.1998-ci il tarixdə vəfat etmiş, ondan miras qalan, ünvan 1 ünvanında yerləşən evə dair xx.xx.2000-ci il tarixdə hazırki iş üzrə iddiaçı və onun övladı X4 adına birinci növbədə vərəsələr kimi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Qeyd olunan vəsiyyətnamə əsasında həmin fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ əsasında hazırki iş üzrə iddiaçı və onun övladı X4 adına rəsmiləşdirilmişdir. xx.xx.2000-ci il tarixdə iddiaçının adından Cavabdeh2 etibarnamə verilərək ünvan 2 ünvanında yerləşən evdən istifadə etmək, evi satmaq, qeydiyyatdan çıxarmaq, qeydiyyata salmaq və başqa işlərin görülməsi sonuncuya etibar edilmişdir. Həmin etibarnamə əsasında ünvan 1 ünvanında yerləşən ev cavabdehə satılmış və bununla əlaqədar bağlanmış xx.xx.2002-ci il tarixli alqı-satqı müqaviləsi Oğuz rayon Notariat Ofisində qeydə alınaraq notariat qaydasında təsdiq edilmişdir. Alqı-satqı müqaviləsini satıcı qismində iddiaçının adından Cavabdeh2 imzalamışdır. Bundan sonra qeyd olunan fərdi yaşayış evi xx.xx.2002-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ əsasında hazırki iş üzrə cavabdehin (Cavabdeh1) adına rəsmiləşdirilmişdir. Evin yerləşdiyi 504,38 kv.metr həyətyanı torpaq sahəsinə də aqrar islahat komissiyasının müvafiq qərarı ilə hazırki iş üzrə cavabdehin adına hüquqmüəyyənedici sənəd tərtib edilmişdir.” İddiaçı iddiasını müdafiə edərək ərizəsində daha sonra göstərmişdir ki, Cavabdeh2 və Cavabdeh1 arasında ünvan 3 ünvanında yerləşən evin alqı-satqısına dair Oğuz rayon Notariat Ofisində bağlanmış xx.xx.2002-ci il tarixli alqı-satqı müqaviləsində evin satış dəyəri 18000000 manat göstərilmişdir. Vəfat etmiş əri həmin evin alınmasına 75000000 manat verdiyi halda həmin evin dəyərinin qısa müddətdə 5 qat aşağı olması mümkün deyildi. Həmin evin dəyəri 100000 manatdan az deyil. xx.xx.2006-cı il tarixdə Azərbaycan Respublikasında milli valyutanın, yəni manatın denominasiyası həyata keçirilib və yeni manata keçid zamanı 1 yeni manat 5000 köhnə manata bərabər tutulub. 18000000 manat hazırki manatla 3600 manata bərabərdir.Onun inamından istifadə edən Cavabdeh1 digər Cavabdeh2la onun iradə və istəyinə zidd olan alqı-satqı müqaviləsi bağlatdırmış və həmin müqavilə əsasında evi özünün mülkiyyətinə keçirmişdir. Təəssüf ki, əvvəlki məhkəmələr mənzilin alqı-satqı dəyəri olan 18000000 manatın taleyi ilə bağlı tədbir görməmişlər. Həmin işə baxılarkən Cavabdeh1 özü etiraf edərək bildirib ki, müqavilədə qeyd olunan məbləğ heç kimə verilməyib. 2(054)-56/2022 saylı işə qədər o, cavabdehlərin əməllərindən xəbərsiz olsa da, iddiası təmin olunmamış, həmin iş üzrə xx.xx.2022-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanmışdır. Yuxarı instansiya məhkəmələrinin qətnamə və qərarları üzrə nəticə bu olmuşdur ki, mübahisələndirdiyi evin Cavabdeh1 adına rəsmiləşdirilməsi qanuni olmuşdur. Ona görə də hazırki iddiası ilə evin hazırki bazar qiymətinə uyğun dəyərinin, eləcə də alqı-satqı müqaviləsində göstərilən məbləğin qanunsuz olaraq saxlanıldığı illərə görə illik 5 faiz dərəcəsi olmaqla kompensasiyasının cavabdehlərdən müştərək qaydada alınıb ona verilməsini istəyir. İddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 364,385, 778, 1087, 1091, 1092, 1096 və 1097-ci maddələrinin tələbləri nəzərə alınmaqla iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında Cavabdeh1 izahat verərək bildirmişdir ki, Tünzalə mərhum qardaşı Habilin arvadıdır. X14 1996-cı ildə Rusiyadan Azərbaycana gəlmiş və oğlu Samir üçün Oğuz şəhərindən ev almışdır. Həmin vaxt Samirin hələ 18 yaşı tamam olmadığına görə evi öz qardaşı, yəni iddiaçının əri Habil Mabudovun adına rəsmiləşdirmişlər. Qeyd olunan ev hazırki iddia tələbində göstərilən, ünvan 1 ünvanında yerləşən evdir. Həmin ev qardaşı Habilin adına rəsmiləşdirilsə də, faktiki olaraq ev qardaşına məxsus olmamışdır. Bunun əksinə, mərhum qardaşı Habilin Rusiya Federasiyasında, Surqut şəhərində faktiki olaraq evi olmasına baxmayaraq, həmin ev Habilin adına deyil, dayısının adına rəsmiləşdirilmişdir. 1998-ci ildə qardaşı Habil vəfat etmişdir. Habilin vəfatından sonra onun Rusiya Federasiyasındakı evi satılmış və əldə olunmuş vəsaitlə onun ailəsinə ev almaq qərarına gəlmişlər. X15 şəhərində Habilin adına aldığı ev iddiaçıya təklif olunsa da, İddiaçı, yəni hazırki iş üzrə iddiaçı Oğuz şəhərindəki evi istəmədiyi, ona Bakı şəhərindən ev alınmasını təkidlə istədiyi üçün iddiaçıya 1999-cu ildə Bakı şəhərindən ev alınmışdır. Həmin ev 8000 ABŞ dollarına alınmış, evin rəsmiləşdirilməsi ilə əlaqədar xərcləri o özü (Cavabdeh1) ödəmişdir. İddiaçı xx.xx.2000-ci il tarixdə onun qohumu, yəni bacısının (iddiaçının baldızı) əri Cavabdeh2 etibarnamə verərək ünvan 2 ünvanında yerləşən evdən istifadə etməyi, evi satmağı və sair hüquqları ona etibar etmişdir. Həmin vaxtlarda iddiaçı Bakı şəhərində işlədiyinə və Oğuz rayonuna tez-tez gəlib-getmək imkanları olmadığına görə həmin etibarnamə də məhz qeyd olunan sənədləşmə işləri ilə bağlı verilmişdir. Qardaşı Habilin dəfn mərasimindən bir müddət sonra X14 demişdir ki, öz bacısı oğlu Sahil İsmayılova, yəni onun xalası ogluna pul borcu olduğu üçün Oğuz şəhərində oğlu Samir üçün aldığı evi borcun əvəzində Sahilə vermişdir. Onun özünün də Oğuz şəhərində evi olmuş və onlar Sahil ilə razılaşmışlar ki, evləri dəyişsinlər. İddiaçının verdiyi etibarnamə əsasında ünvan 2 ünvanında yerləşən evə dair onunla iddiaçı arasında xx.xx.2002-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə satıcı qismində iddiaçının adından etibarnamə əsasında Cavabdeh2 imza etmişdir. Etibarnamə veriləndə və alqı-satqı müqaviləsi bağlananda bütün məsələlər tərəflərin razılığı ilə həyata keçirilmişdir. Evə adına çıxarış almış, keçən illər ərzində evdə təmir və əlavələr etmiş, digər işlər görmüşdür. 20 il keçdikdən sonra iddiaçı gəlib ki, “mənə ev verin”, halbuki evdə 15-20 dəfə olub, onda niyə etiraz etməyib. Şahidlər var, indi yaşadığı evi iddiaçıya onun aldığını təsdiq edirlər, yəni pulu dayısı göndərib. Qardaşı Müsabirin yanında evin alınması üçün pulu satıcıya verib. Məhz həmin ev alınandan sonra iddiaçı etibarnamə verib ki, Oğuzdakı evi dediyi qaydada sənədləşdirsinlər. Əslində mübahisənin yenidən başlamasının səbəbi var, belə ki, dayısı oğlu Samirin (əslində dayısının) Oğuzda işləməyən şadlıq evi var. Samir oranı satsa Tünzaləyə 50000 manat pul verəcəyini bildirib. Qardaşı Zaman və dayısı oğlu Samir Tünzaləyə yalandan söz veriblər. Həmin obyektin birinci mərtəbəsindəki mağaza onundur.Ona təsir etmək istəyirlər ki, obyektin sənədini alsın. Həmin yerin sənədləri yoxdur, düzəltmək də mümkün deyil. Cavabdeh2 bu işə heç bir aidiyyəti yoxdur, o yalnız iddiaçının adından olan etibarnamə ilə sənədləri imzalayıb. İddianın rədd edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında Cavabdeh2 izahat verərək bildirmişdir ki, iddiaçının mərhum əri Habil Mabudov və hazırki iş üzrə Cavabdeh1 onun arvadının qardaşlarıdır. İddiaçı onun adına verdiyi etibarnamə əsasında ünvan 2 ünvanında yerləşən evə dair Cavabdeh1 ilə İddiaçı arasında alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə satıcı qismində İddiaçı adından etibarnamə əsasında o özü imza etmişdir. Onun adına etibarnamə verilən vaxtlarda İddiaçı Bakı şəhərində yaşayırdı. Etibarnaməni ona Cavabdeh1 təqdim etmişdir. İddiaçı onun adına etibarnamə verərkən o, İddiaçı görməmiş və İddiaçı ona etibarnamə əsasında konkret olaraq hər hansı işi görməyi, notariat əməliyyatını həyata keçirməyi şəxsən tapşırmamışdır. Ancaq o, ailənin yaxın adamı kimi həmin evin Cavabdeh1 adına rəsmiləşdirilməsinə ümumi razılığın olduğunu bilmişdir. Bundan sonra onlar notariat orqanına gedib həmin fərdi yaşayış evinə dair alqı-satqı müqaviləsi bağlamışlar. Fərdi yaşayış evinin alqı-satqı müqaviləsinin bağlanması nəticəsində alıcı tərəfindən ona hər hansı məbləğ ödənilməmiş, o da İddiaçı evin alqısatqısına görə hər hansı məbləğ verməmişdir. Özü köhnə polis işçisidir. Qeyd edilən işdə hər hansı qanunsuzluq olsaydı, heç zaman yaxın durmazdı. Onun bu məsələyə aidiyyəti yoxdur. İddianın rədd edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında Cavabdeh1 xahişi ilə izahatı dinlənilmiş X5 bildirmişdir ki, iddiaçı mərhum qardaşı Habilin arvadı, cavabdeh Mürvət qardaşı, Kamal isə bacısının əridir. Habil rəhmətə gedəndən sonra dayısı X9 pul göndərmiş, Mürvət həmin pulla Tünzaləyə Bakıda ev almşdır. Evi alanda o, qardaşları Mürvət və Zamanla birgə gedib. Tünzalə Oğuzdakı evi, yəni dayısının aldığı evi istəmədi, ona görə ona Bakıda ev aldılar. Dayısı da dedi ki, Oğuzdakı evi başqasına verin. Oğuzdakı evi də Mürvətə verdilər. Tünzalənin indiyədək heç nəyə etirazı olmamışdı. Problem Oğuzdakı şadlıq evinin satılmamasına görə yaranıb. Məhkəmə cavabdehləri dinləyib iş materiallarını araşdıraraq işin hallarını nəzərə almaqla və mübahisəli məsələnin həlli baxımından yaranmış sualların ekspert tərəfindən cavablandırılmasının baxılan iş üçün əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, məhkəməmühasibatlıq ekspertizasının təyin edilməsini məqsədə müvafiq hesab etmiş və xx.xx.2023-cü il tarixli, e-2(054)-576/2023 saylı qərardada əsasən işi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə göndərmişdir. Sözügedən iş xx.xx.2024-cü il tarixli, 9/2054 saylı ekspert rəyi əlavə edilməklə xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olduğundan iş üzrə icraat təzələnmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə baxış iclası iddiaçının iştirakının təmin edilməsi üçün təxirə salınmışdır. xx.xx.2024-cü il tarixli məhkəmə baxış iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək bildirdi ki, Cavabdeh1la düşmənçiliyi olmayıb. Mürvət evi onun mərhum yoldaşının puluna alıb. Məhkəmədən kənar qaydada məsələnin həll edilməsini ona təklif etsə də Mürvət razı olmayıb, ona məhkəməyə müraciət etməyi təklif edib. Əslində ev alqı-satqısı ondan xəbərsiz həyata keçirilib, lakin hazırda qüvvədə olan qətnamə olduğundan evin hazırki bazar qiyməti ilə dəyərinin və keçən 21 il ərzində hesablanmış kompensasiyanın ona verilməsi üçün məhkəməyə müraciət etmişdir. Ekspertiza rəyi ilə razı deyil. xx.xx.1998-ci il tarixdə vəfat etmiş əri X2 ona və övladına miras qalmış, Oğuz şəhəri, 20 Yanvar küçəsi, 12 ünvanında yerləşən evin hazırda mümkün bazar qiyməti olaraq dəyərləndirilən 100000 manatın, notariat kontorunda bağlanmış alqı-satqı müqaviləsində qeyd edilmiş məbləğin, yəni 18000000 manatın hazırki manata məzənnəsi ilə qanunsuz saxlanılmaqla ödənilmədiyi müddətə görə illik 5 faiz dərəcəsi ilə 21 ilə hesablanan 3600 manat məbləğində kompensasiyanın və 423 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Həmin məhkəmə iclasında Cavabdeh1 əvvəlki məhkəmə iclasında verdiyi izahatını təsdiq etdi, əlavə olaraq bildirdi ki, onun iddiaçıya borcu yoxdur, çünki ona 1999-cu ildə Bakı şəhərində ev alıb-vermişdir. Evin dəyərini bu yolla ödəmişdir. Pulu dayısı Rusiyadan göndərib, etibarnamə ilə hərəkət ediblər. Tünzalə ilə razılaşdıqlarından Kamalın adına etibarnamə vermişdir. Əks təqdirdə iddiaçı həmin etibarnaməni verməzdi. İddianın rədd edilməsini xahiş etdi. Həmin məhkəmə iclasında Cavabdeh2 əvvəlki məhkəmə iclasında verdiyi izahatını təsdiq etdi, Cavabdeh1 izahatı ilə razılaşdığını bildirdi, əlavə olaraq qeyd etdi ki, onun bu işlərdə marağı olmayıb. Qohum kimi kömək edib. İddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçını və cavabdehləri dinləyib, iş materiallarını nəzərdən keçirərək bilavasitə məhkəmə iclasında tədqiq edilən sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşə əlavə edilmiş 164583 saylı, xx.xx.2002-ci il tarixli müqavilənin surətindən görünür ki,vət.İddiaçı verdiyi xx.xx.2000-ci il tarixli, 4-E-İ/56 saylı etibarnaməyə əsasən hərəkət edən Cavabdeh2 (satıcı) və Cavabdeh1 (alıcı) arasında bağlanmış həmin müqaviləyə əsasən ünvan 5 ünvanda 675 kv.m torpaq sahəsində yerləşən, vət. İddiaçı və X6 məxsus olan, 1974-cü ildə saman-kərpicdən tikilmiş, üstü şiferlə örtülmüş, 89,2 kv.m ümumi sahəsi, 59,3 kv.m yaşayış sahəsi, 29,9 kv.m köməkçi sahəsi olan üç otaqdan ibarət fərdi yaşayış evi 18000000 manata Cavabdeh1 satılmışdır. Oğuz Rayon Məhkəməsinin işə əlavə edilmiş 2(054)-56/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı, Oğuz rayon Notariat Ofisi üçüncü şəxs qismində işə cəlb edilməklə, Cavabdeh1 qarşı ünvan 1 ünvanında yerləşən evin cavabdehə satılması barədə Oğuz rayon Notariat Ofisində qeydə alınmış xx.xx.2002-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və qeyd olunan evin hüquqi statusunun əvvəlki vəziyyətinə qaytarılması tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qətnamədən görünür ki, evin alqı-satqı müqaviləsinin bağlanması nəticəsində alıcı tərəfindən iddiaçını etibarnamə ilə təmsil edən şəxsə (Cavabdeh2) hər hansı məbləğ ödənilməməsi və həmin şəxsin də iddiaçıya evin alqı-satqısına görə hər hansı məbləğ verməməsi isə hazırki iş üzrə mübahisə predmetinə aid olmayıb, qeyd olunan alqı-satqı müqaviləsinin etibarsız hesab olunmasına əsas hesab edilməmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 2(107)-1222/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Oğuz Rayon Məhkəməsinin 2(054)-56/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi iddiaçının apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 2(102)-1743/2023 saylı qərarından görünür ki, İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)- 1222/2022 saylı mülki iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 9/2054 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən ekspert qarşısında qoyulmuş suallar üzrə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin müəyyənləşdirdiyi istehlak qiymətləri indeksinə əsasən faizlərin hesablanmasının mümkünlüyü məhkəmə tərəfindən qəbul olunduğu təqdirdə istehlak qiymətləri indeksi (faiz) dərəcəsi nəzərə alınmaqla tələbkar İddiaçı xeyrinə hesablanmalı olan pul məbləğlərinin indeksasiyasının aparılması tələb olunan dövrlərdə hesablanmış cari dəyəri (ekvivalenti) “xx.xx.2002-ci il tarixli, 164583 saylı müqaviləyə əsasən Cavabdeh1 satılmş fərdi yaşayış evinin müqavilə üzrə o zamankı dəyəri olan 18000000 manatın (köhnə) hazırki dövrə indeksasiyası hansı məbləğdə müəyyən edilir?” sualına münasibətdə 3600x417,20%=15019,20 manat, “indeksasiya olunan 18000000 manatın 21 il üçün (2002-2023) 5%-lə kompensasiya məbləği nə qədərdir?” sualına münasibətdə 15019,20x5%=750,96 manat (hər il), 750,96x21=15770,16 manat (21 il) müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Həmin Məcəllənin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası MM-nin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğısatqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 646.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci və 5.3-cü maddələrinin tələbinə görə iddiaçı yalnız özünün qanunla qorunan hüquq və azadlıqları, eləcə də maraqları ilə bağlı məhkəmə müdafiəsindən istifadə edə bilər. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, ünvan 2 ünvanında yerləşən evin Cavabdeh1 satılması barədə Oğuz rayon Notariat Ofisində qeydə alınmış xx.xx.2002-ci il tarixli alqı-satqı müqaviləsi satıcı qismində İddiaçı adından onun verdiyi xx.xx.2000-ci il tarixli etibarnamə əsasında Cavabdeh2 tərəfindən imzalanmışdır. Həmin müqavilənin etibarsızlığı 2022-ci ildə iddiaçı tərəfindən mübahisələndirilmiş, Oğuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(054)-56/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmiş, iddiaçının apelyasiya və kassasiya şikayətləri təmin edilməmiş, Oğuz Rayon Məhkəməsinin sözügedən qətnaməsi hal-hazırda qanuni qüvvədədir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, mübahisəli fərdi yaşayış evi satılarkən müqavilədə 18000000 manat məbləğin Cavabdeh2 tərəfindən alınması qeyd edilsə də, həmin məbləğ iddiaçıya verilməmişdir. Hazırki iddia tələbi üzrə cavabdehlər özləri də məhkəmə iclaslarında həqiqətən alqı-satqı zamanı hər hansı pul məbləğinin verilmədiyini təsdiq etmişlər. Cavabdeh1 bu xüsusatı onunla izah etmişdir ki, iddiaçı ilə əvvəldən razılaşma əsasında 1999-cu ildə ona Bakı şəhərində ev alındığından əvəzində həmin müqavilə bağlanarkən iddiaçıya pul verilməmişdir. Cavabdehlər bununla bağlı sübutları məhkəməyə təqdim etməmiş, iddiaçı isə cavabdehlərin bu arqumentini qəbul etməmişdir. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, xx.xx.2002-ci il tarixli müqavilə əsasında mübahisəli evin 18000000 manata satıldığı, lakin həmin məbləğin alıcı olmuş Cavabdeh1 tərəfindən verilmədiyi, buna baxmayaraq həmin müqavilədə satıcı olmuş iddiaçını təmsil edən Cavabdeh2 tərəfindən pulun alındığını imzası ilə təsdiq etməsi müəyyən edildiyindən iddiaçının alqı-satqı müqaviləsi üzrə ödəniləcək məbləği qanunla müəyyən edilmiş şəkildə tələb etmək hüququ yaranmışdır. İddiaçı tərəfindən tələb edilən məbləğə münasibətdə isə məhkəmə aşağıdakıları bildirir: İddiaçı 2002-ci ildə satılmış evin hazırki bazar qiymətinə uyğun dəyərinin 100000 manat olduğunu bildirərək həmin məbləğin, habelə ev satıldığı zaman müəyyən edilmiş dəyəri olan 18000000 manat məbləğin hazırki manata olan məzənnəsi ilə pulun qanunsuz ödənilmədiyi halda 21 il ərzində illik 5 faiz dərəcəsi ilə hesablanmaqla 3600 manat kompensasiyanın cavabdehlərdən tutulmasını xahiş etmişdir. Tələb olunan məbləğin hesablanmasının qanunauyğun olub-olmadığının müəyyən edilməsi üçün məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş ekspert rəyi ilə “xx.xx.2002-ci il tarixli, 164583 saylı müqaviləyə əsasən Cavabdeh1 satılmş fərdi yaşayış evinin müqavilə üzrə o zamankı dəyəri olan 18000000 manatın (köhnə) hazırki dövrə indeksasiyası hansı məbləğdə müəyyən edilir?” sualına münasibətdə 3600x417,20%=15019,20 manat, “indeksasiya olunan 18000000 manatın 21 il üçün (2002-2023) 5%-lə kompensasiya məbləği nə qədərdir?” sualına münasibətdə 15019,20x5%=750,96 manat (hər il), 750,96x21=15770,16 manat (21 il) müəyyən edildiyi bildirilmişdir. Məhkəmə bildirir ki, Oğuz Rayon Məhkəməsinin qüvvədə olan xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilənlərə əsasən xx.xx.2000-ci il tarixdə iddiaçının adından Cavabdeh2 etibarnamə verilərək ünvan 2 ünvanında yerləşən evdən istifadə etmək, evi satmaq, qeydiyyatdan çıxarmaq, qeydiyyata salmaq və başqa işlərin görülməsi sonuncuya etibar edilmişdir. Həmin etibarnamə əsasında ünvan 1 ünvanında yerləşən ev cavabdehə satılmış və bununla əlaqədar bağlanmış xx.xx.2002-ci il tarixli alqı-satqı müqaviləsi Oğuz rayon Notariat Ofisində qeydə alınaraq notariat qaydasında təsdiq edilmişdir. Alqı-satqı müqaviləsini satıcı qismində iddiaçının adından Cavabdeh2 imzalamışdır. Bundan sonra qeyd olunan fərdi yaşayış evi xx.xx.2002-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ əsasında hazırki iş üzrə cavabdehin adına rəsmiləşdirilmişdir. Evin yerləşdiyi 504,38 kv.metr həyətyanı torpaq sahəsinə də aqrar islahat komissiyasının müvafiq qərarı ilə hazırki iş üzrə Cavabdeh1 adına hüquqmüəyyənedici sənəd tərtib edilmişdir. Beləliklə göründüyü kimi alqı-satqı predmeti 1974-cü ildə saman-kərpicdən tikilmiş, üstü şiferlə örtülmüş, 89,2 kv.m ümumi sahəsi, 59,3 kv.m yaşayış sahəsi, 29,9 kv.m köməkçi sahəsi olan üç otaqdan ibarət fərdi yaşayış evindən ibarət olmuş, evin yerləşdiyi torpaq sahəsi aqrar islahat komissiyasının müvafiq qərarı ilə Cavabdeh1 adına rəsmiləşdirilmiş və daha sonra ev və torpaq sahəsi vahid şəkildə Cavabdeh1 adına qeydə alınmışdır. Buna görə də məhkəmə iddiaçının sözügedən mülkün hazırki bazar dəyərinə uyğun olaraq 100000 manat məbləğin ona verilməsi tələbinin təmin edilməsini məqbul saymır, ekspertizanın gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, Cavabdeh1 satılmş fərdi yaşayış evinin müqavilə üzrə o zamankı dəyəri olan 18000000 manatın (köhnə) hazırki dövrə indeksasiyası olan 15019,20 manat cavabdehlərdən alınıb iddiaçıya verilməlidir. İddia tələbinin indeksasiya olunan 18000000 manatın 21 il üçün (2002-2023) 5%-lə kompensasiya məbləğinə münasibətdə məhkəmə bildirir ki, ekspert rəyi ilə həmin məbləğ 15770,16 manat hesablansa da iddiaçı 3600 manat məbləğin cavabdehlərdən tutulmasını xahiş etmişdir. Buna görə də məhkəmə mülki prosessual qanunvericiliyin “hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.” müddəasını nəzərə almaqla hesab edir ki, tələbin həmin hissəsi qismən təmin edilməli, 3600 manat kompensasiya məbləği cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Yenə Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. (§93) Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilən Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Məhkəmənin xx.xx.2023-cü il tarixli, e-2(054)-576/2023 saylı qərardadı ilə məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/2054 saylı ekspertiza rəyi məhkəməyə daxil olmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən təmin edilmiş məbləğə uyğun hesablanmış 145,86 manat dövlət rüsumu cavabdehlərdən alınıb iddiaçıya verilməli, 100 manat ekspertiza xərcinin 82 manat hissəsi işin hallarına uyğun olaraq iddiaçıdan və 18 manat hissəsi cavabdehlərdən tutulmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 15019,20 manat indeksasiya məbləği və 3600 manat kompensasiya, cəmi 18619,2 (on səkkiz min altı yüz on doqquz manat iyirmi qəpik) manat pul və 145,86 (bir yüz qırx beş manat səksən altı qəpik) manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı verilsin. İş üzrə aparılmış tədqiqatın dəyəri olan 100 (yüz) manat ekspertiza xərcinin 82 manat hissəsi İddiaçı və 18 manat hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğlundan bərabər qaydada tutulub dövlət büdcəsinə (SAP (XİİS) hesabı X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 Məhkəmə Ekspertizası Mərkəzi: VÖEN **********, AZ34CTRE******************** ödənilsin. İddia tələbi 84980,8 manat pul və 277,14 manat dövlət rüsumu hissəsində təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №e-2(054)-23/2024
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-23/2024
06.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver