Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-255/2023 07.07.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ X6 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, iddiaçının nümayəndəsi X5, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Məmmədalı oğlunun iştirakı ilə, iddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı (iddiaçı) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 (mətndə cavabdehlər) qarşı kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2019-cu il tarixli, L-SK-0049564-F saylı kredit və SK-00000068 saylı zaminlik müqaviləsi üzrə 953,02 AZN əsas borc, 33,54 AZN faiz borcu, cəmi 986,56 AZN məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) “kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat”ın müddəalarını əhatə edən 23-1-ci fəslinə uyğun olaraq cavabdehlərə MPM-in 47, 284-1, 284-5.1, 284-5.2 və 284-5.3-cü maddələrinin məzmununu əhatə edən məhkəmə bildirişi göndərilmiş, cavabdehlərin xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş ərizəsinə əsasən həmin tarixli qərardadla iş üzrə iddia icraatına keçilmişdir. İddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı nümayəndəsi X7 məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, Oğuz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(054)- 223/2017 saylı məhkəmə əmrinə əsasən kreditor Bank Olmayan Kredit Təşkilatı İddiaçı xx.xx.2014-cü il tarixli “Birgə borcluluq” müqaviləsi üzrə borclular Cavabdeh2, X4 və Cavabdeh1 müştərək qaydada 957.70 manat əsas borc, 789,35 manat faiz borcunun tutulub kreditorun hesabına ödənilməsi əmr edilmiş, əmr qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli Fərmanına uyğun olaraq borclunun məhkəmə əmri ilə müəyyən edilmiş 789,35 manat faiz borcu silinmiş, keçmiş əsas kredit borcunun müqavilə imzalanan tarixə 957,70 manat olan qalıq borcunun ödənilməsi məqsədilə iddiaçı ilə Cavabdeh2 arasında illik 1 faiz dərəcəsi və 1 il güzəşt müddəti olmaqla 60 ay müddətinə xx.xx.2019-cu il tarixli, L-SK-0049564-F saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə Əlavə hesab edilən ödəniş cədvəlinə uyğun olaraq borclunun xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək hər ay 0,74-0,88 manat, xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay 20 manat, sonuncu ay 37,97 manat olmaqla cəmi 987,73 manat (957,70 manat əsas borc, 30,03 manat faiz borcu) ödəniş etməsi razılaşdırılmışdır. Cavabdeh2 öhdəliklərinin təminatı məqsədilə Cavabdeh1 ilə həmin tarixdə zaminlik müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birgə məsuliyyət daşıyır. Kredit müqaviləsinə görə hesablanmış faizlərin və əsas borc məbləğinin borclu tərəfindən ödənilməsi nəzərdə tutulsa da Cavabdeh2 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. O xx.xx.2019-cu il tarixdə 4,68 manat əsas, 0,32 manat faiz olmaqla cəmi 5 manat ödəniş etmişdir.xx.xx.2022-ci il tarixə cavabdehlərin xx.xx.2019-cu il tarixli, L-SK-0049564-F saylı kredit və SK-00000068 saylı zaminlik müqaviləsi üzrə iddiaçıya olan 953,02 AZN əsas borc, 33,54 AZN faiz borcu, cəmi 986,56 AZN borcunun və 30 manat dövlət rüsumunun onlardan müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 izahat verərək bildirdi ki, xx.xx.2014-cü il tarixdə birgə borclu kimi 2500 manat kredit götürmüşdür. Kredit borcundan 1 il ərzində, yəni 2015-ci ilin martınadək 2100 manat ödəmişdir. 2019-cu ildə imzalanmış müqavilə üzrə borcundan ödəniş etməmişdir. Onun iddiaçıya cəmi 400 manat əsas borcu qalmışdır. Həmin məbləği ödəməyə etiraz etmir. Prezidentin fərmanı ilə bütün faizlər silinməliydi, halbuki iddiaçı qalan faiz borclarını da hesablayıb ondan tələb edir. İddianın qismən, 400 manat məbləğində təmin edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında Cavabdeh2 izahatını təsdiq etdi və iddianın qismən-400 manat hissədə təmin edilməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini və cavabdehləri dinləyib, iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, mübahisənin həllində tətbiq edilməli olan hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İşdə olan xx.xx.2019-cu il tarixli, L-SK-0049564-F saylı kredit müqaviləsindən görünür ki, həmin müqavilə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli Fərmanının icrasının təmin edilməsi məqsədilə Bank Olmayan Kredit Təşkilatı İddiaçı ilə Cavabdeh2 arasında borclunun keçmiş əsas kredit borcunun müqavilə imzalanan tarixə 957,70 manat olan qalıq borcunun ödənilməsi məqsədilə bağlanmış, müqavilə və ödəniş cədvəli kredit verənin nümayəndəsi və borclu tərəfindən imzalanmışdır. İşdə olan xx.xx.2019-ci il tarixli, SK-00000068 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 Cavabdeh2 tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi halda əsas borcu, faizləri, cərimə, digər ödəniş və dəymiş zərəri ödəməyi öz öhdəsinə götürmüşdür. İşdə olan ödəniş cədvəlindən görünür ki, 957,70 manat əsas borc və 30,03 manat faiz borcundan ibarət kreditin ödənişinin 60 ay müddətinə illik 01 % və 1 illik güzəşt müddəti ilə xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək hər ay 0,74-0,88 manat, xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay 20 manat, sonuncu ay 37,97 manat olmaqla (957,70+30,03=987,73) xx.xx.2024-cü ildə başa çatdırılması nəzərdə tutulmuşdur. İşdə olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, sözügedən kredit müqaviləsi üzrə xx.xx.2019-cu ildə cəmi 5 manat (4,68 manat əsas borc, 0,32 manat faiz borcu) ödəniş edilmiş, 688 gün gecikmə olmaqla cavabdehin iddiaçıya xx.xx.2019-cu il tarixli, L-SK-0049564-F saylı kredit və SK- 00000068 saylı zaminlik müqaviləsi üzrə 953,02 AZN əsas borc, 33,54 AZN faiz borcu, cəmi 986,56 manat məbləğində borcu yaranmışdır. İşdə olan xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktublarından görünür ki, xx.xx.2019cu il tarixli, L-SK-0049564-F saylı kredit və SK-00000068 saylı zaminlik müqaviləsi üzrə borclular Cavabdeh2 və Yusifov Cavabdeh1 borcun ödənilməsi tələb olunmuş, əks halda məsuliyyət tədbirlərinin görüləcəyi ilə bağlı məlumat verilmişdir. Oğuz Rayon Məhkəməsinin işdə olan xx.xx.2017-ci il tarixli, 2(054)-123/2017 saylı məhkəmə əmrinin surətindən görünür ki, kreditor Bank Olmayan Kredit Təşkilatı İddiaçı xx.xx.2014-cü il tarixli “Birgə borcluluq” müqaviləsi üzrə borclular Cavabdeh2, X4 və Cavabdeh1 957.70 manat əsas borc, 789,35 manat faiz borcunun müştərək qaydada tutulub kreditorun hesabına ödənilməsi əmr edilmişdir. Problemli kreditlərin kompensasiyasına dair işdə olan xx.xx.2019-cu il tarixli elektron çıxarışdan görünür ki, Cavabdeh2 restrukturizasiya olunması təklif edilən kreditləri “X9” MMC üçün 957,70 manat, "xxxx" Müəssisəsinə 138 manatdır. Bank Olmayan Kredit Təşkilatı İddiaçı Şəki filialının işdə olan xx.xx.2023-cü il tarixli maliyyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2014-cü il tarixli, L-SK-0022714 saylı kredit müqaviləsinə (illik 30 faiz) əsasən ona verilmiş 2500 manat kredit borcundan xx.xx.2014-xx.xx.2015-ci il tarixlər arasında (12 ay) 1542,30 manat əsas, 559,33 manat faiz, 1,37 manat cərimə olmaqla cəmi 2103 manat ödəniş etmiş, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli, 551 nömrəli Fərmanının icrası ilə bağlı xx.xx.2019-cu il tarixdə borcalanla 957,70 manat məbləğdə güzəştli kredit müqaviləsi imzalanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən...öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Yenə həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Habelə həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o kredit müqaviləsi adlandırılır. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, L-SK-0049564-F saylı kredit (restrukturizasiya) müqaviləsinə əsasən borclunun Bank Olmayan Kredit Təşkilatı İddiaçı ilə Cavabdeh2 arasında əvvəllər bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsindən müqavilə imzalanan tarixə 957,70 manat olan qalıq borcunun ödənilməsi məqsədilə ona 1 il güzəşt müddəti və illik 1 faizlə 60 ay müddət verilmişdir. Müqavilə və ödəniş cədvəli kredit verənin nümayəndəsi və borclu tərəfindən imzalanmışdır. Məhkəmə iclasında o da müəyyən olunmuşdur ki, Oğuz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(054)-123/2017 saylı məhkəmə əmri ilə kreditor Bank Olmayan Kredit Təşkilatı İddiaçı xx.xx.2014-cü il tarixli “Birgə borcluluq” müqaviləsi üzrə borclular Cavabdeh2, X4 və Cavabdeh1 957.70 manat əsas borc, 789,35 manat faiz borcunun müştərək qaydada tutulub kreditorun hesabına ödənilməsi əmr edilmişdir.Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli, 551 nömrəli Fərmanının icrası ilə bağlı tədbirlərə uyğun olaraq Cavabdeh2 sözügedən əmrlə müəyyən edilmiş 789,35 manat faiz məbləği silinmiş, 957,70 manat əsas borcu ilə bağlı xx.xx.2019-cu il tarixli kredit müqaviləsi imzalanmışdır. Cavabdeh məhkəmə iclasında 2014-cü il tarixli kredit müqaviləsi üzrə aldığı 2500 manat kredit borcundan 2100 manat ödədiyini, Fərmana uyğun olaraq onun bütün faiz borcları silinməklə hazırki vaxta cəmi 400 manat borcunun qaldığını bildirmiş, iddianın həmin məbləğdə təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışı ilə Cavabdeh2 xx.xx.2014-cü il tarixli, L-SK-0022714 saylı kredit müqaviləsinə (illik 30 faiz) əsasən ona verilmiş 2500 manat kredit borcundan xx.xx.2014-xx.xx.2015-ci il tarixlər arasında (12 ay) 1542,30 manat əsas, 559,33 manat faiz, 1,37 manat cərimə olmaqla cəmi 2103 manat ödəniş etdiyi, onun əsas kredit borcunun qalığının 2500-1542.30=957,70 manat olduğu müəyyən edilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli maliyyə arayışında mübahisəli kredit müqaviləsi üzrə cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixdə cəmi 5 manat (4,68 manat əsas borc, 0,32 manat faiz borcu) ödəniş edildiyi öz əksini tapmışdır. Beləliklə, iş materialları ilə təsdiq edilir ki, cavabdehlər X2 və X3 iddiaçıya xx.xx.2019-cu il tarixli, L- SK-0049564-F saylı kredit və SK-00000068 saylı zaminlik müqaviləsi üzrə 953,02 AZN əsas borc (957,70-4,68), 33,54 AZN faiz borcu, cəmi 986,56 manat borcu yaranmış, lakin həmin borcun ödənilməsi cavabdehlər tərəfindən təmin edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İstinad olunan Məcəllənin 217.4-cü maddəsində isə deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.İddia tələbi təmin edildiyindən cavabdehlərdən 30 manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 xx.xx.2019-cu il tarixli, L-SK-0049564-F saylı kredit və SK- 00000068 saylı zaminlik müqaviləsi üzrə 953,02 AZN əsas borc, 33,54 AZN faiz borcu, cəmi 986,56 (doqquz yüz səksən altı manat əlli altı qəpik) manat və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu alınaraq iddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı xeyrinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №e-2(054)-255/2023
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-255/2023
07.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver