Məhkəmə qərarları › İş №e-2(054)-257/2022

Oğuz Rayon Məhkəməsi Qərardad — İş №e-2(054)-257/2022

16.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № e-2(054)-257/2022 16.05.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri Oğuz Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək müəyyən e t d i m: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı borcun ödənilməsi tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş materallarını nəzərdən keçirərək hesab edirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2 və 149.4-cü maddələrinin məzmununa görə ərizənin verildiyi məhkəmənin adı; iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda - iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat; ərizəyə əlavə edilən sənədlərin siyahısı; mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri ərizədə göstərilməlidir. Həmin Məcəllənin 150-ci maddəsinə əsasən iddia ərizəsinə cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri (iddia ərizəsi elektron formada verildiyi hal istisna olmaqla); dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd; iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd (iddia ərizəsi elektron qaydada verildiyi halda belə səlahiyyətin elektron imza ilə təsdiq edildiyi hal istisna olmaqla); bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd; iddia ərizəsi elektron qaydada verildiyi hal istisna olmaqla, iddia ərizəsində göstərilən bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətləri; müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir); “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd əlavə edilir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəməyə təqdim olunmuş iddia ərizəsindən görünür ki, iddia tələbinin əsaslandığı hallara dair sübutların siyahısı, eyni zamanda, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2 və 149.4-cü maddələrinin məzmununa görə göstərilməsi zəruri olan digər məlumatlar tam şəkildə iddia ərizəsində göstərilməmişdir. Eyni zamanda, tərəflər arasında bağlanmış 11.03.2021-ci il tarixli ********* nömrəli və ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqavilələrinin 2.2-ci bəndində qeyd edilmişdir ki, alıcı əmlakın dəyərini vaxtında ödəmədikdə, tam ödənilməsini həyata keçirmədikdə satıcı əmlakın istifadəsinin qeyrmümkünlüyünü təmin etmək məqsədi ilə (müqavilənin 3.3.2-ci bəndinə əsaslanaraq) bununla bağlı aidiyyəti qurumlara müraciət edərək həmin əmlakın müvafiq İMEİ kodunun istifadəsinə məhdudiyyət tətbiq etmək hüququna malikdir. İddiaçı tərəfindən hazırda məhkəməyə təqdim edilmiş sənədlərdən isə hazırki tələblə məhkəməyə müraciət edilməzdən əvvəl iddiaçının tərəflər arasında bağlanmış müqavilələrin qeyd olunan şərtlərinə əməl edilmiş olması halları müəyyən edilməmiş, bununla bağlı müvafiq sənədlər və digər sübutlar məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə, ərizədə borclunun 11.03.2021-ci il tarixli ********* nömrəli və ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqavilələri üzrə faktiki cərimə borcunun cəmi 969,50 manat təşkil etdiyi qeyd edilsə də, həmin məbləğin necə hesablandığı iş materiallarından müəyyən edilmir. Ərizəyə əlavə edilən maliyyə arayışları isə verilmiş tələbi təsdiq etmək üçün yetərli deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1, 284-4.1.3 və 284-4.1.4-cü maddələrinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa; ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə vardırsa məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. İddia tələbinin əsaslandığı hallara dair iddia ərizəsinə əlavə edilmiş sənədlər də oxunması mümkün olmayan şəkildə məhkəməyə təqdim edilmişdir. Belə bir vəziyyətdə verilmiş tələbi təsdiq edən sənədləri oxuyub məzmununu müəyyən etmək mümkünsüz qədər çətindir. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldığından həmin nöqsanın işin icraatı dövründə aradan qaldırılması da mümkün deyildir. Qeyd olunanlara əsasən hazırki tələb Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284- 4.1-ci maddəsinə uyğun olmadığından, ərizənin qəbul olunmasından imtina edilməli, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Eyni zamanda, iddiaçıya izah edilir ki, iddia ərizəsinin qəbul olunmasından imtina edilməsi qərardadda qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra həmin tələb üzrə yenidən aidiyyəti üzrə məhkəməyə müraciət edilməsinə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 150, 152, 263, 264, 266-268, 284-cü maddələrinin tələblərini rəhbər tutaraq, qərara a l d ı m: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsinin qəbul olunmasından imtina edilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qaytarılsın. Hakim : Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar