Məhkəmə qərarları › İş №e-2(054)-257/2023

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-257/2023

02.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-257/2023 02.05.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ X1 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Mustafayev Dəyanət Musa oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cavabdehdən 7800 manat pulun, hüquqi yardım üçün ödənilmiş 200 manat pulun və 100 manat dövlət rüsumunun alınıb verilməsi tələbinə dair mülki işə Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı cavabdehdən borca görə 7800 manat pulun, hüquqi yardım üçün ödənilmiş 200 manat pulun və 100 manat dövlət rüsumunun alınıb verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş və bunun səbəbini bildirməmişdir. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı izahat verərək bildirmişdir ki, Cavabdeh ilə 2-ci Qarabağ müharibəsində iştirak edərkən tanış olmuşlar.Tərxis olunduqdan sonra da onunla görüşmüşlər. Cavabdeh ondan borc pul istəmiş, niyyətini tam olaraq başa düşmədiyindən Cavidə borcu rəsmi şəkildə verməyi təklif etmişdir. Cavid etiraz etmədiyindən xx.xx.2022-ci il tarixdə notarial qaydada təsdiqlənmiş kredit müqaviləsi ilə ona 7800 manat borc vermişdir. Müqaviləyə əsasən cavabdeh borcunu xx.xx.2022-ci il tarixdə tam geri qaytarmağı öhdəsinə götürmüşdür. Dekabr ayınadək onunla görüşmüşlər. Müddət bitməzdən əvvəl cavabdehdən pulu qaytarmağı tələb etsə də, pul indiyədək ona verilməmişdir. Bu ilin mart ayında Valehin atası ilə görüşmüş, atası borcun ona aid olmadığını, Cavidin Türkiyə Respublikasına getdiyini bildirmişdir. Cavabdehin mobil nömrəsinə zəng çatmadığından onunla əlaqə yaratmaq mümkün olmamışdır. İddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddiaçının izahatını təsdiq etdi, əlavə olaraq bildirdi ki, iddiaçı 7800 manat pulu qanuna əsasən “GünayBank” vasitəsilə 46 saylı notariat ofisinin hesabna depozitə qoymuş, xx.xx.2022-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən pul cavabdehə verilmişdir. Əslində cavabdehin iddiaçıya 200 manat əl borcu da var, lakin həmin məbləğlə bağlı rəsmi sübut olmadığından iddiaçı yalnız 7800 manat pulu tələb edir. Bundan başqa iddiaçıya hüquqi yardımla bağlı 200 manat məbləğ "xxxx" KB ASC vasitəsilə Şəki Regional Vəkil bürosunun hesabına ödənilmişdir. 7800 manat borcun, hüquqi yardım üçün ödənilmiş 200 manat pulun və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçı tərəfi dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia tələbi aşağıdakılara əsasən təmin edilməlidir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə olunmuş AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1998-ci il tarixdə Azərbaycan Respublikası, Şəki rayonu, Aşağı Daşağıl kəndində anadan olmuş, yaşayış yeri Şəki rayonu Aşağı Daşağıl kəndidir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə olunmuş şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Cavabdeh xx.xx.1994-cü il tarixdə Azərbaycan Respublikası, Oğuz rayonunda anadan olmuş, yaşayış yeri Oğuz şəhəri, İntizam Rəhimov küçəsi, ev 14/8-dir. Bakı şəhəri 46 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş, reyestrdə 3M-249 nömrə ilə qeyd edilmiş və işə əlavə olunmuş xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, borc verən İddiaçı "xxxx" ASC-nin AZ35GUNA******************** saylı depozit hesabı vasitəsilə borcalan Cavabdeh 7800 manat məbləğində borc vermiş, borc alan krediti xx.xx.2022-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Kredit faizsiz verilmişdir. "xxxx" KB ASC-nin işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, ******* nömrəli, 1 saylı (debet) qəbzindən görünür ki, İddiaçı tərəfindən Şəki Regional Vəkil Bürosunun hesabına vəkil xidməti üzrə 200 manat məbləğində vəsait köçürülmüşdür. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən bir şəxs(borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Yenə həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. İddiaçı tərəfin məhkəmə iclasında verdiyi izahatları və təqdim olunmuş sənədlərlə müəyyən edildiyi kimi iddiaçı və cavabdeh arasında 7800 manat borcla bağlı kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən borc alan pulu xx.xx.2022-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Dəfələrlə ailə üzvlərinə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmiş, borcun qaytarılması barədə sübutlarını məhkəməyə təqdim etməmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi borcun qaytarılması hissəsində təmin edilməli, iddiaçı tərəfindən cavabdehə verilmiş 7800 manat borc pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Bundan əlavə iddiaçı cavabdehdən hüquqi yardımla bağlı ödədiyi 200 manat məbləğin cavabdehdən tutularaq ona verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Qeyd olunan normanın müddəalarını nəzərə alan məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə də təmin edilməli, hüquqi yardım üçün vəkil bürosuna ödənilmiş 200 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Yenə Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. (§93) Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən alınıb iddiaçıya verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh borca görə 7800 manat pul, 200 manat hüquqi yardım məbləği, cəmi 8000 (səkkiz min) manat, 100 (bir yüz) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar