Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-263/2024 26.04.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ X1 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi ilə, iddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun və dövlət rüsumunun tutulması tələbinə dair mülki işə 26 aprel 2024-cü il tarixdə Oğuz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" KB ASC (mətndə iddiaçı) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 (mətndə cavabdehlər) qarşı xx.xx.2022-ci il tarixli, 1411micSHEK/22 saylı kredit müqaviləsi üzrə 3955,1 manat əsas borc, 908,9 manat faiz borcu, 372,45 manat cərimə borcu, cəmi 5236,45 manat və 72,77 manat dövlət rüsumunun cavabdehdən tutularaq "xxxx" KB ASCyə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, iddiaçının nümayəndəsi Nümayəndə xx.xx.2024-cü il tarixli ərizəsi ilə mülki iş üzrə bütün məhkəmə iclaslarının iştirakları olmadan keçirilməklə iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclaslarında iştirak etməmiş və bunun səbəbini bildirməmişlər. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 1411micSHEK/22 saylı əsas kredit və bank hesabı müqaviləsinə əsasən ona 120 ay müddətinə 300000 AZN məbləğində kredit xətti açılmış, həmin müqavilə əsasında və həmin tarixdə bağlanmış əlavə kredit müqaviləsinə əsasən ona 24 ay müddətinə illik 23 % ödəmək şərtilə 5000 manat məbləğində kredit verilmişdir. Müqavilə üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh1 ilə həmin tarixdə zaminlik müqaviləsi imzalanmışdır. Kredit müqaviləsinə 1 saylı Əlavəyə-ödəniş cədvəlinə əsasən borclu xx.xx.2022-ci il tarixdən hər ay 262 manat, sonuncu ay 261,90 manat olmaqla 5000 manat əsas borcu, 1287,9 manat faiz borcunu, cəmi 6287,9 manat ödəməyi öhdəsinə götürmüşdür. Kredit alan tərəfindən həm müqaviləyə, həm də ödəniş cədvəlinə şəxsən imza edilmişdir. Bundan əlavə zaminlik müqaviləsi bankın nümayəndəsi, borcalan Cavabdeh2 və zamin Cavabdeh1 tərəfindən imzalanmışdır. Buna baxmayaraq borclu müqavilə üzrə öhdəliyə əməl etməmişdir. Cavabdehlərin xx.xx.2024-cü il tarixə iddiaçıya 3955,1 manat əsas borc, 908,9 manat faiz borcu, 372,45 manat cərimə borcu, cəmi 5236,45 manat borcu yarandığından iddianın təmin edilməsi, cəmi 5236,45 manat kredit borcunun və 72,77 manat dövlət rüsumunun cavabdehlərdən tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, mübahisənin həllində tətbiq edilməli olan hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşdə olan xx.xx.2022-ci il tarixli, 1411micSHEK/22 saylı əsas kredit və bank hesabı müqaviləsindən, onun əsasında bağlanmış həmin tarixli və saylı əlavə kredit müqaviləsindən görünür ki, "xxxx" KB ASC tərəfindən Cavabdeh2 120 ay müddətinə 300000 manat kredit xətti açılmış, buna uyğun olaraq ona 24 ay müddətinə, illik 23 % ödəmək şərti ilə 5000 manat məbləğində kredit verilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli, 1411micSHEK/22 saylı kredit müqaviləsinə 1 saylı Əlavədən (ödəniş cədvəli) görünür ki, 5000 AZN əsas, 1287,9 AZN faiz kredit borcunun ödənişinin xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay 262 AZN, sonuncu ay 261,90 AZN olmaqla xx.xx.2024-cü il tarixdə başa çatdırılması nəzərdə tutulmuşdur. İşdə olan xx.xx.2022-ci il tarixli, 1411micSHEK/22 saylı zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh1 borcalan Cavabdeh2 kreditor qarşısında öz öhdəliklərini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Müqavilə bankın nümayəndəsi və cavabdehlər tərəfindən şəxsən imzalanmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli, BANK/PİKMD saylı bildirişdən görünür ki, kredit məbləği ödənilmədiyi təqdirdə məsuliyyət tədbirləri barədə Cavabdeh2 məlumat verilmişdir. İşdə olan 12 fevral 2024-cü il tarixli, BANK/PİKMD/1166107 saylı maliyyə arayışından görünür ki, Cavabdeh2 iddiaçıya xx.xx.2022-ci il tarixli, 1411micSHEK/22 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə borcu 3955,10 manat əsas borc, 908,9 manat faiz borcu, 372,45 manat cərimə borcu olmaqla, cəmi 5236,45 manatdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən...öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Yenə həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Habelə həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o kredit müqaviləsi adlandırılır. (739-cu maddə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə uyğun olaraq xx.xx.2023-cü il tarixədək olan redaksiyada verilib.) Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh2 xx.xx.2024-cü il tarixə xx.xx.2022-ci il tarixli, 1411micSHEK/22 saylı əsas kredit və bank hesabı müqaviləsi əsasında bağlanmış həmin tarixli və saylı əlavə kredit müqaviləsindən irəli gələn ödənilməmiş əsas borcu 3955,1 AZN, faiz borcu 908,9 AZN, cərimə borcu 372,45 AZN olmaqla, cəmi 5236,45 AZN borcu yaranmış, həmin borcun ödənilməsi həm borcalan, həm də zamin tərəfindən təmin edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsas və faiz borcu hissəsində ödənilməli, cavabdehlərdən 3955,1 AZN əsas, 908,9 AZN faiz borcu tutularaq iddiaçıya verilməlidir. 372,45 manat cərimə borcuna münasibətdə məhkəmə mülki qanunvericiliyin aşağıdakı müddəasını tərəflərin nəzərinə çatdırır. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesablanmış 372,45 manat dəbbə pulunun 3955,1 manat əsas borca münasibətdə hədsiz yüksək olmasını nəzərə almaqla hesab edir ki, iddia tələbinin həmin hissədə qismən, yəni 200 manat məbləğində təmin edilməsi mümkün və ədalətlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad olunan Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İstinad olunan Məcəllənin 217.4-cü maddəsində isə deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.İddia tələbi qismən təmin edildiyindən cavabdehlərdən ödənilmiş 70,64 manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 xx.xx.2022-ci il tarixli, 1411micSHEK/22 saylı kredit müqaviləsi üzrə 3955,10 manat əsas borc, 908,9 manat faiz borcu, 200 manat cərimə borcu, cəmi 5064 (beş min altmış dörd) manat və 70,64 (yetmiş manat altmış dörd qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" KB ASC-nin xeyrinə ödənilsin. İddia tələbi 172,45 manat cərimə borcu və 2,13 manat dövlət rüsumu hissəsində təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №e-2(054)-263/2024
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-263/2024
26.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver