Məhkəmə qərarları › İş №e-2(054)-281/2024

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-281/2024

15.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-281/2024 15.05.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ X1 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə iddiaçı "xxxx" ASC-nin cavabdeh-borcalan İbrahimov Vaqif Ənvər oğlunun vərəsəsi Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması tələbinə dair mülki işə 15 may 2024-cü il tarixdə Oğuz şəhərində Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" ASC (mətndə iddiaçı) cavabdeh-mərhum borcalan İbrahimov Vaqif Ənvər oğlunun vərəsəsi Cavabdeh (mətndə cavabdeh) qarşı ondan nəğd kredit üzrə 832,67 manat əsas borc, 2,11 manat faiz borcu, cəmi 834,78 manat borc, ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbini bildirməmişdir. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında izahat verərək bildirdi ki, "xxxx" ASC-nin “Şəki” filialı ilə İbrahimov Vaqif Ənvər oğlu arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 890-xx.xx.2017-002963 saylı kredit müqaviləsinə əsasən ona illik 24 faizlə 18 ay müddətinə 1100 manat məbləğində nəğd kredit verilmişdir. X2 Ənvər oğlu xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Oğuz rayon Notariat Ofisinin xx.xx.2023-cü il tarixli, 427 nömrəli məktubu və ona əlavə edilmiş elektron notariat informasiya sistemindən çıxarışla müəyyən edilmişdir ki, X3 Ənvər oğlunun qanun üzrə vərəsəsi Cavabdeh adına vərəsəlik işi açılmış, miras əmlak ünvan 1 ünvanda yerləşən 0,06 ha torpaq sahəsindən ibarətdir. Bankın Şəki filialı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən İbrahimov Vaqif Ənvər oğlunun banka nəğd kredit üzrə ödənilməmiş 832,67 manat əsas borc, 2,11 manat faiz borcu, cəmi 834,78 manat borcu qalmışdır. Cavabdeh X3 Ənvər oğlundan qalmış mirası qəbul etsə də miras qoyanın iddiaçı qarşısında olan öhdəliyini icra etməmişdir. İddiaçı tərəf mübahisənin məhkəmədən kənar qaydada həlli üçün səy göstərsə də, cavabdeh öz öhdəliklərini yerinə yetirməmişdir. Kredit öhdəlikləri qanuna uyğun olaraq borcalan tərəfindən, hazırki halda isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 1146, 1255 və 1306.1-ci maddələrinin tələbləri rəhbər tutulmaqla onun vərəsəsi tərəfindən yerinə yetirliməlidir. X3 Ənvər oğlunun kredit borcu sığortalanmamış, habelə X3 Ənvər oğlunun kredit borcu Bank tərəfindən bağışlanılmamışdır. İddia ərizəsi ilə tələb olunan kredit borcu məbləğinin ödənilməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, mübahisənin həllində tətbiq edilməli olan hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli, 890-xx.xx.2017-002963 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC-nin Şəki filialı tərəfindən İbrahimov Vaqif Ənvər oğluna şəxsi istehlak məqsədləri ilə 18 ay müddətinə illik 24 % dərəcəsi ilə 1100 manat məbləğində nəğd kredit verilmişdir. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, "xxxx" ASC-nin Şəki filialı tərəfindən İbrahimov Vaqif Ənvər oğluna şəxsi istehlak məqsədləri ilə 18 ay müddətinə illik 24 % dərəcəsi ilə verilmiş 1100 manat kredit borcunun (220,61 manat faiz əlavə olunmaqla) ödənişinin xx.xx.2018-ci il tarixdən başlayaraq hər ay 73,40 manat, sonuncu ay 72,81 manat olmaqla xx.xx.2019-cu il tarixdə başa çatdırılması nəzərdə tutulmuşdur. İş materiallarında olan ölüm haqqında AZ-İİ 932981 saylı şəhadətnamənin surətindən görünür ki, İbrahimov Vaqif Ənvər oğlu xx.xx.2018-ci il tarixdə ölmüş, bu barədə Oğuz rayon Qeydiyyat şöbəsi ölüm haqqında akt qeydləri kitabında xx.xx.2018-ci il tarixdə 19 nömrə ilə qeyd edilmişdir. Oğuz rayon Notariat Ofisinin iş materiallarında olan, "xxxx" ASC-nin Zaqatala filialına ünvanlanmış xx.xx.2023-ci il tarixli, 427 saylı məktubundan və ona əlavə edilmiş elektron notariat informasiya sistemindən çıxarışdan görünür ki, X3 Ənvər oğlunun qanun üzrə vərəsəsi Cavabdeh adına vərəsəlik işi açılmış, miras əmlak ünvan 4 ünvanda yerləşən 0,06 ha torpaq sahəsindən ibarətdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, PKİD/1112 saylı xəbərdarlıqdan görünür ki, İbrahimov Vaqif Ənvər oğlunun vərəsəsi olan Cavabdeh miras passivinin qaytarılması ilə xəbərdarlıq edilmiş, kreditlə bağlı öhdəliklər tam yerinə yetirilmədiyi təqdirdə məsuliyyət daşıdığı barədə məlumat verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışında öz əksini tapmış cədvəldən görünür ki, İbrahimov Vaqif Ənvər oğluna xx.xx.2017-ci il tarixdə 18 ay müddətinə, illik 24 faizlə verilmiş 1100 manat nəğd kreditin ödənişi 267,33 manat əsas, 107,96 manat faiz borcu hissəsində həyata keçirilmiş, onun ödənilməmiş əsas borcu 832,67 manat, faiz borcu 2,11 manat, cəmi borcu 834,78 manatdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən...öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Yenə həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyələşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Habelə həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o kredit müqaviləsi adlandırılır. (739-cu maddə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə uyğun olaraq xx.xx.2023cü il tarixədək olan redaksiyada verilib.) Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Beləliklə, iş materialları ilə təsdiq edilir ki, xx.xx.2017-ci il tarixli, 890-xx.xx.2017- 002963 saylı kredit müqaviləsinə əsasən İbrahimov Vaqif Ənvər oğluna 18 ay müddətinə, illik 24 %-lə 1100 manat nəğd kredit verilmiş, İbrahimov Vaqif Ənvər oğlu xx.xx.2018-ci il tarixdə ölmüş, İbrahimov Vaqif Ənvər oğlunun vəfat etdiyi tarixə banka nəğd kredit üzrə ödənilməmiş 832,67 manat əsas borc, 2,11 manat faiz borcu, cəmi 834,78 manat borcu qalmışdır. Cavabdeh onun vərəsəsi olaraq X3 Ənvər oğlundan qalmış mirası notarial qaydada qəbul etmişdir, lakin ona xəbərdarlıq edilməsinə baxmayaraq mərhumdan qalan kredit borcunu ödəməmişdir, halbuki mülki qanunvericiliyin tələblərinə uyğun olaraq Cavabdeh vərəsə olaraq miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə payına mütənasib surətdə borclu kimi tam ödəməyə borcludur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, nəqd kredit üzrə ödənilməmiş 832,67 manat əsas borc, 2,11 manat faiz borcu, cəmi 834,78 manat borc X2 Ənvər oğlunun vərəsəsi olan cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad olunan Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İstinad olunan Məcəllənin 217.4-cü maddəsində deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.İddia tələbi təmin edildiyindən cavabdehdən 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh xx.xx.2017-ci il tarixli, 890-xx.xx.2017-002963 saylı kredit müqaviləsi üzrə 832,67 manat əsas borc, 2,11 manat faiz borcu, cəmi 834,78 (səkkiz yüz otuz dörd manat yetmiş səkkiz qəpik) manat borc, 30 (otuz) manat dövlət rüsumu, 0,40 (qırx qəpik) manat xidmət haqqı alınaraq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə 2 saylı “Əlavə”yə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar