Məhkəmə qərarları › İş №e-2(054)-301/2022

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-301/2022

25.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-301/2022 25.08.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Rəşidzadə Dərya Təngiz qızının katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdehlər Cavabdeh3 və Cavabdeh1 iştirakı ilə İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: TƏSVİRİ HİSSƏ: İddiaçı QSC BOKT ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2014-cü il tarixli 749M nömrəli kredit müqaviləsi üzrə 5000,00 manat əsas borc, 1322,62 manat faiz borcu və 83,22 manat dövlət rüsumu məbləğinin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı QSC BOKT-na ödənilməsi haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh3 müraciəti əsasında onunla İddiaçı QSC BOKT arasında bağlanmış xx.xx.2014-cü il tarixli 749M nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh3 istehlak məqsədilə illik 27 % dərəcəsi ilə 24 ay müddətinə 5000 (beş min) manat məbləğində kredit verilmişdir. Cavabdeh3 müqavilə ilə müəyyən edilmiş müddətdə cəmi 6666,45 manat əsas borc və faiz borcunu tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2014-cü il tarixli 832Z və 833Z nömrəli zaminlik müqavilələrinə əsasən Cavabdeh3 kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda, digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onunla birlikdə müştərək məsuliyyət daşımağı öhdələrinə götürmüşlər. Cavabdeh3 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərini lazımi qaydada icra etməmiş, kreditin cədvəl üzrə ödənişi qaydalarına riayət etməyərək borcun ödənilməsini gecikdirmişdir. Hazırda həmin kredit müqaviləsi üzrə Cavabdeh3 iddiaçıya 5000,00 manat əsas borcu və 1322,62 manat faiz borcu - cəmi 6322,62 manat borcu vardır. Cavabdehlərə xəbərdarlıq edilməsinə baxmayaraq onlar borcun ödənilməsini təmin etməmiş, onlarla iddiaçı arasında bağlanmış müqavilələrdən irəli gələn öhdəlikləri icra etməmişlər. Müqavilə öhdəlikləri vaxtında və lazımi qaydada icra edilmədiyinə görə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 83,22 manat dövlət rüsumu ödənilmişdir. Hazırda iddiaçı cəmi 6322,62 manat borc və 83,22 manat dövlət rüsumu məbləğinin cavabdehlərdən müştərək qaydada tutulmasını tələb edir. İddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə etdiyini bildirdi və məhkəmə iclasında həmin tələbin məzmununa uyğun izahat verməklə iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh3 iddia tələbini qismən qəbul etdiyini bildirdi və məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, onunla iddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən həmin təşkilatdan onun adına heyvandarlığın inkişafı məqsədilə illik 5000 (beş min) manat məbləğində kredit ayrılmışdır. O, 5000 (beş min) manat kredit məbləğini alaraq tanışı Yusif Sədirov adlı şəxsə vermişdir. Yusif Sədirov kredit borcunun aylıq ödənişlərini qrafik üzrə özü ödəyəcəyini ona vəd etmişdir. Lakin kredit borcunun ödənilməsi gecikdirildiyinə görə iddiaçı məhkəməyə müraciət etmişdir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh1 iddia tələbini qəbul etmədiyini bildirdi və məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, o, Yevlax rayon sakinidir və hazırki iş üzrə digər cavabdehləri, ümumiyyətlə, tanımır. O, İddiaçı QSC BOKT ilə hər hansı zaminlik müqaviləsi bağlamamış, həmin müqaviləyə imza etməmiş və Cavabdeh3 zamin olmamışdır. Zaminlik müqaviləsində onun adından yazılmış sözlər onun tərəfindən yazılmamış, həmin müqavilədə soyadının qarşısında olan imzalar da onun tərəfindən icra edilməmişdir. Ona görə də iş üzrə məhkəmə xəttşünaslıq ekspertizası təyin edilməsini məhkəmədən xahiş edir. Cavabdeh1 iş üzrə məhkəmə xəttşünaslıq ekspertizası təyin edilməsi barədə verdiyi vəsatət mülki prosessual qanunvericilikdə müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən həmin vəsatət məhkəmə tərəfindən təmin edilməmiş və məhkəmə iclasının davam etdirilməsi qərara alınmışdır. Cavabdeh2 məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclaslarına gəlməmiş, gəlmədiyinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrini bidirməmiş, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarının həmin cavabdehin iştirakı olmadan keçirilməsini və işə mahiyyəti üzrə baxılmasını qərara almışdır. Məhkəmə araşdırması zamanı işdə iştirak edən şəxslərin izahatları, həmçinin, iş materiallarına əlavə edilmiş xx.xx.2014-cü il tarixli 749M nömrəli kredit müqaviləsi, həmin müqaviləyə əlavə edilən ödəniş cədvəli, xx.xx.2014-cü il tarixli xəzinə məxaric orderi, xx.xx.2014-cü il tarixli 832Z və 833Z nömrəli zaminlik müqavilələri, xx.xx.2021-ci il tarixli bildirişlər və həmin bildirişlərə aid xəbərnamələr, borc qalığına dair xx.xx.2021-ci il tarixli arayış və xx.xx.2022-ci il tarixli ödəniş qəbzi ilə müəyyən edildi ki, Cavabdeh3 müraciəti əsasında onunla İddiaçı QSC BOKT arasında bağlanmış kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh3 istehlak məqsədi ilə istifadə edilməsi üçün illik 27 % dərəcəsi ilə 24 ay müddətinə 5000 (beş min) manat məbləğində kredit verilmişdir. Cavabdeh3 müqavilə ilə müəyyən edilmiş müddətdə cəmi 6666,45 manat əsas borc və faiz borcunu tam şəkildə ödəməli olması ilə bağlı ödəniş cədvəli təqdim edilmişdir. Kredit müqaviləsinin təminatı kimi digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 adından zaminlik müqavilələri bağlanmışdır. Cavabdeh3 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərini lazımi qaydada icra etməmiş, kreditin cədvəl üzrə ödənişi qaydalarına tam şəkildə riayət etməmişdir. Cavabdehlərə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq borcun ödənilməsi təmin edilməmişdir. Ona görə də iddiaçı iddia ərizəsi məhkəməyə müraciət etmiş, məhkəməyə müraciət etmək üçün iddiaçı tərəfindən 83,22 manat dövlət rüsumu ödənilmişdir. İddiaçı hazırda xx.xx.2014-cü il tarixli 749M nömrəli kredit müqaviləsi üzrə 5000,00 manat əsas borc və 1322,62 manat faiz borcu - cəmi 6322,62 manat borc, həmçinin, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 83,22 manat dövlət rüsumu məbləğinin cavabdehlərdən müştərək qaydada tutulmasını tələb edir. İddiaçı öz iddia tələbinin əsasları kimi kredit və zaminlik müqavilələrinə, həmin müqavilələrə əlavə edilmiş sənədlərə, hesabdan çıxarışa və maliyyə arayışına istinad edir. Cavabdeh3 iddia tələbini qismən qəbul edir və 5000 (beş min) manat kredit məbləğini alaraq tanışına verdiyini bildirir. Cavabdeh1 iddia tələbini qəbul etmir, iddiaçı ilə zaminlik müqaviləsi bağlamadığını və həmin müqaviləyə imza etmədiyini bildirir. Cavabdeh2heç bir üzürlü səbəb olmadan məhkəmə iclaslarına gəlməmiş, iddia tələbinə etirazlarının əsası kimi məhkəməyə hər hansı sənəd və ya digər sübut təqdim etməmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iş materiallarını araşdırıb işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. İş materiallarından və işin məhkəmədə müəyyən edilmiş faktiki hallarından görünür ki, xx.xx.2014cü il tarixdə tərəflər arasında qanunvericiliyin tələblərinə uyğun şəkildə 749M nömrəli kredit müqaviləsi bağlanmış, iddiaçı həmin kredit müqaviləsinə əsasən Cavabdeh3 istehlak məqsədi ilə istifadə edilməsi üçün illik 27 % dərəcəsi ilə 24 ay müddətinə 5000 (beş min) manat məbləğində kredit verməklə müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirmişdir. Cavabdeh3 isə müqavilə ilə müəyyən edilmiş müddətdə əsas borc və faiz borcunu ödəniş qrafikinə uyğun olaraq ödəməyi öhdəsinə götürsə də, müqavilə öhdəliklərinə əməl etməmişdir. Məhkəmə Cavabdeh3 kredit müqaviləsinə əsasən onun adına ayrılmış 5000 (beş min) manat kredit məbləğini alaraq tanışı Yusif Sədirov adlı şəxsə verdiyi və sonuncunun kredit borcunu özü ödəyəcəyini vəd etdiyi barədə izahatında göstərdiyi xüsusatlara münasibət bildirərək qeyd edir ki, Cavabdeh3 kredit müqaviləsinə imza etməklə həmin müqavilənin şərtlərini qəbul etmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən o, 5000 (beş min) manat kredit məbləğinin ödənilməsinə görə iddiaçının qarşısında bilavasitə məsuliyyət daşıyır. Cavabdeh3 iddiaçıdan aldığı kredit məbləğini digər şəxsə verməsi onu həmin kredit müqaviləsi üzrə öhdəliklərdən azad etmir. Ona görə də məhkəmə Cavabdeh3 izahatında göstərdiyi xüsusatları onu kredit müqaviləsi üzrə öhdəliklərdən azad olunmaq üçün əsas kimi qəbul etmir. Qeyd olunan əsaslara görə məhkəmə hesab edir ki, Cavabdeh3 xx.xx.2014-cü il tarixli 749M nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə maddi məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəymiş zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qaşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə iddia tələbinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 dair hissələri ilə əlaqədar ilk növbədə qeyd edir ki, iddiaçı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 832Z və 833Z nömrəli zaminlik müqavilələrinin etibarsızlığına dəlalət edə biləcək hər hansı əsas və ya səbəb məhkəmə araşdırması zamanı sübuta yetirilməmişdir. Bununla yanaşı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0 və 477.0.4-cü maddələrinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İş materiallarından görünür ki, zaminliyin təmin etdiyi öhdəliyin icrası vaxtı xx.xx.2016-cı il tarixdə başa çatmış və həmin vaxtdan 6 ilə yaxın müddət keçmişdir. Həmin gündən sonra kreditor zaminə qarşı iddia irəli sürməmiş, yalnız 2022-ci ilin iyun ayında hər üç cavabdehə qarşı borcun ödənilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət edilmişdir. xx.xx.2014-cü il tarixli 832Z və 833Z nömrəli zaminlik müqavilələri üzrə zaminliyin təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 il ərzində kreditor zaminlərə qarşı iddia irəli sürmədiyinə görə məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 zaminliyinə xitam verilmiş hesab edilməlidir. Bu səbəbdən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 749M nömrəli kredit müqaviləsinə görə hər hansı maddi məsuliyyət daşımamalıdırlar. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, xx.xx.2014-cü il tarixli 749M nömrəli kredit müqaviləsi üzrə 5000,00 manat əsas borc və 1322,62 manat faiz borcu məbləği yalnız Cavabdeh3 tutularaq iddiaçıya ödənilməlidir. İddia tələbi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 dair hissələrdə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, hazırki iş üzrə ödənilmiş tələblərin məbləği nəzərə alınmaqla məhkəməyə müraciət etmək üçün ödənilmiş 83,22 manat dövlət rüsumu da Cavabdeh3 tutularaq iddiaçıya ödənilməlidir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh3 İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının xeyrinə xx.xx.2014-cü il tarixli 749M nömrəli kredit müqaviləsi üzrə 5000,00 manat əsas borc, 1322,62 manat faiz borcu və 83,22 manat dövlət rüsumu - cəmi 6405 (altı min dörd yüz beş) manat 84 (səksən dörd) qəpik tutulsun. İddia tələbi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 dair hissələrdə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Oğuz Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar