Məhkəmə qərarları › İş №e-2(054)-306/2022

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-306/2022

12.08.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-306/2022 12.08.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Rəşidzadə Dərya Təngiz qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı uşağın saxlanması üçün alimentin miqdarının atırılması tələbinə dair mülki işə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: TƏSVİRİ HİSSƏ: İddiaçı məhkəməyə müraciət edərək Cavabdeh ilə birgə nikahından xx.xx.2007-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən tutulаn alimentin miqdarının artırılaraq hər ay 250 (iki yüz əlli) manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2006-cı ildə cavabdehlə faktiki nikah münasibətlərinə daxil olaraq ailə qurmuşdur. Onların faktiki nikah münasibətlərindən xx.xx.2007-ci il tarixdə X2 adlı bir uşaqları anadan olmuşdur. Aralarında yaranan narazılıqdan sonra o, cavabdehdən faktiki olaraq ayrılmışdır. Oğuz Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2 (054) - 300 / 2013 nömrəli qətnaməsinə əsasən uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay 100 (bir yüz) manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Hazırda da o, cavabdehlə faktiki nikahından anadan olmuş uşağı ilə birlikdə Oğuz rayonunda yaşayır və heç yerdə işləmir. Uşağın yaşının artması, ərzaq, geyim və təhsili ilə əlaqədar zəruri olan xərclərlə bağlı maddi ehtiyacları da artmışdır. Cavabdehin uşağın saxlanması üçün ona verdiyi 100 (bir yüz) manat aliment pulu hazırki şəraitdə uşağın maddi ehtiyaclarını ödəmir və o, uşağı saxlamaqda maddi cəhətdən çətinlik çəkir. Cavabdeh isə alimentdən başqa ona heç bir maddi yardım etmir. Ona görə də o, uşağın saxlanması üçün cavabdehdən tutulаn alimentin miqdarının artırılaraq hər ay 250 (iki yüz əlli) manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İddiaçı məhkəmə iclaslarına gəlməmiş, onun nümayəndəsi və vəkili Vəkil məhkəmə prosesinin iddiaçının iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə iclaslarının iddiaçının iştirakı olmadan keçirilməsini qərara almışdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə etdiyini bildirdi və məhkəmə iclasında həmin tələbin məzmununa uyğun izahat verməklə yanaşı göstərdi ki, uşağın saxlanması üçün alimentin miqdarı müəyyən edilərkən uşağın hələ 6 yaşı olsa da, hazırda 15 yaşı vardır. Həmin vaxtdan sonra keçən 9 ilə yaxın müddət ərzində uşağın ərzaq, geyim və təhsil xərcləri ilə bağlı maddi ehtiyacları da artmışdır. Cavabdeh alimentin miqdarının artırılması məsələsi ilə bağlı ilkin mediasiya sessiyasında da iştirak etməmiş, bundan sonra iddiaçı məhkəməyə müraciət etmişdir. Qeyd etdiklərinə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh da məhkəmə iclaslarına gəlməmiş, məhkəməyə göndərdiyi ərizəsində qeyd etmişdir ki, uşağın saxlanması üçün müəyyən edilmiş 100 (bir yüz) manat miqdarında alimentin artırılaraq hər ay 200 (iki yüz) manat miqdarında müəyyən edilməsinə etiraz etmir. Məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsinin izahatı, həmçinin, iş materiallarına əlavə edilmiş xx.xx.2013-cü il tarixli AZ-İİİ 072163 nömrəli doğum haqqında şəhadətnamənin surəti, Oğuz Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2 (054) - 300 / 2013 nömrəli qətnaməsi və ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli arayış ilə müəyyən edildi ki, iddiaçı ilə cavabdehin faktiki nikah münasibətlərindən xx.xx.2007-ci il tarixdə X2 adlı bir uşaqları anadan olmuşdur. Oğuz Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2 (054) - 300 / 2013 nömrəli qətnaməsi əsasında uşağın yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdehdən hər ay 100 (bir yüz) manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Tərəflərin birgə nikahından anadan olmuş uşaq hazırda da iddiaçının yanında yaşayır. Cavabdeh uşağın yetkinlik yaşına çatana qədər saxlanması üçün alimentin artırılması məsələsi ilə bağlı mediasiya prosesində iştirak etməmişdir. İddiaçı hazırda uşağı ilə birlikdə cavabdehdən ayrı yaşadığını və heç yerdə işləmədiyini, cavabdehin uşağın saxlanması üçün hazırki vəziyyətdə ona verdiyi 100 (bir yüz) manat aliment pulunun uşağın maddi ehtiyaclarını ödəmədiyini, bu səbəbdən uşağı saxlamaqda maddi cəhətdən çətinlik çəkdiyini bildirərək cavabdehdən tutularaq ona ödənilməli olаn alimentin miqdarının artırılaraq hər ay 250 (iki yüz əlli) manat sabit pul məbləğində müəyyən edilməsini xahiş edir. Cavabdeh alimentin artırılaraq hər ay 200 (iki yüz) manat miqdarında müəyyən edilməsinə etiraz etmir. Cavabdeh iddia tələbinə etirazlarının əsası kimi məhkəməyə hər hansı sənəd və ya digər sübut təqdim etməmişdir. Cavabdehin gəlirlərinin miqdarı və mənbəyi məlum deyildir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin iddia tələbinə münasibətini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1.1-ci maddələrinə əsasən alimentin ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına şatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi alimentin müəyyən olunmuş miqdarı yalnız o halda dəyişə bilər ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hər hansı dəyişiklik olsun. Oğuz Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2 (054) - 300 / 2013 nömrəli qətnaməsi ilə uşağın saxlanması üçün məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra keçən müddət ərzində tərəflərdən hər hansı birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olması barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Buna baxmayaraq həmin vaxtdan sonra keçən müddət ərzində uşağın yaşının artması ilə əlaqədar maddi ehtiyacları da artmış, eyni zamanda, uşaqlar üçün Respublikada müəyyən edilmiş yaşayış minimumu hər il dəyişmişdir. Buna görə məhkəmə hesab edir ki, iddiaçının maddi vəziyyətində dəyişiklik olmuşdur. Oğuz Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2 (054) - 300 / 2013 nömrəli qətnaməsinin məzmunundan görünür ki, 2013-cü ildə işə baxılan zaman uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu 93 (doxsan üç) manat olduğu vaxtda məhkəmə uşağın saxlanması üçün alimentin miqdarını vaxtda 100 (bir yüz) manat həddində təyin etmişdir. Hazırda isə uşaqlar üçün yaşayış minimumu 193 (bir yüz doxsan üç) manat miqdarında müəyyən edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, uşağın saxlanması üçün cavabdehin iddiaçıya ödədiyi 100 (bir yüz) manat aliment hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu ilə müqayisədə azdır. Ona görə də məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını təmin etməkdən ötrü cavabdehin həmin uşağın saxlanması üçün iddiaçıya ödədiyi alimentin miqdarı da artırılmalıdır. Tərəflərin birgə nikahından anadan olmuş uşaq iddiaçının himayəsində olduğundan uşağa qulluq, onun sağlamlığı, təhsili, inkişafı ilə bağlı məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən, yəni hazırki iş üzrə cavabdehdən tutulmasına əsas verir. Cavabdehin maddi vəziyyətinin hansı səviyyədə olması onu uşağı saxlamaq, minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Eyni zamanda, uşağın maddi ehtiyaclarının təmin olunması hər iki valideynin, yəni cavabdehlə yanaşı həm də iddiaçının vəzifəsidir. İş materiallarından görünür ki, hazırda cavabdehin daimi iş yeri və sabit gəlir mənbəyi barədə məlumat yoxdur. Cavabdehin daimi iş yeri və sabit gəlir mənbəyi barədə işdə iştirak edən şəxslər tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından anadan olmuş uşağın saxlanması üçün cavabdehdən tutulmalı olan alimentin miqdarı sabit pul məbləğində müəyyən edilməlidir. Məhkəmə tərəflərin maddi və ailə vəziyyətini, onların birgə nikahından anadan olmuş azyaşlı uşağın mənafeyini, onun saxlanması üçün məhkəmə tərəfindən alimentin miqdarının müəyyən olunduğu vaxtdan 9 ilə yaxın müddət keçdiyini, 2013-cü ildə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu 93 (doxsan üç) manat təşkil etdiyi halda, uşağın saxlanması üçün məhkəmə tərəfindən hər ay 100 (bir yüz) manat sabit pul məbləğində aliment müəyyən edildiyini, 2022-ci ildə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun 193 (bir yüz doxsan üç) manat miqdarında olduğunu, işin digər faktiki hallarına isə xx.xx.2013-cü il tarixli 2 (054) - 300 / 2013 nömrəli məhkəmə qətnaməsi ilə qiymət verildiyini nəzərə almaqla azyaşlı uşağın saxlanması üçün cavabdehdən tutulan alimentin miqdarının artırılaraq hər ay 200 (iki yüz) manat sabit pul məbləğində müəyyən edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarının 8.14-cü bəndində qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qeyd edilənlərə əsasən məhkəmə qərara gəlir ki, uşağın saxlanması üçün alimentin hər ay 200 (iki yüz) manat sabit pul məbləğində tutulması hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 112.1.6-cı maddəsinə əsasən ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda iddianın qiyməti ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. Hazırki iş üzrə alimentin artırılmış miqdarının 100 (bir yüz) manat olması nəzərə alınmaqla, artırılmış miqdar üzrə bir il ərzində ödəmənin məcmusu 1200 (bir min iki yüz) manat müəyyən edilir. Qüvvədə olan qanunverdiciliyə əsasən həmin məbləğə görə cəmi 32 (otuz iki) manat dövlət rüsumu ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar məhkəməyə verilən iddialar üzrə dövlət rüsumu ödəməkdən azad olunurlar. İş materiallarından görünür ki, iddiaçı hazırki tələblə bağlı məhkəməyə verilən iddialar üzrə dövlət rüsumu ödəməkdən azad olunan şəxs statusunda olmasına baxmayaraq mediasiya prosesi ilə bağlı 50 manat məbləği iddiaçı özü ödəmişdir. Cavabdeh alimentin miqdarının artırılması ilə bağlı iddiaçı ilə məhkəmədənkənar razılığa gələrək barışıq sazişi bağlamamış, mediasiya prosesində, ümumiyyətlə, iştirak etməmiş, bu səbəbdən iddiaçı məhkəməyə müraciət etməli olmuşdur. Hazırki iş üzrə cavabdeh dövlət rüsumunu ödəməkdən azad olunan şəxs statusunda olmadığından məhkəmə hesab edir ki, iddiaçının mediasiya prosesində ödədiyi 50 (əlli) manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmin məbləğ alimentin artırılmış miqdarına görə cavabdehin ödəməli olduğu 32 (otuz iki) manat dövlət rüsumunu əhatə etdiyindən cavabdehdən əlavə olaraq hər hansı miqdarda dövlət rüsumu tutulmamalıdır. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. İddiaçı Cavabdeh ilə birgə nikahından xx.xx.2007-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay 100 (bir yüz) manat sabit pul məbləğində tutularaq İddiaçı ödənilən alimentin miqdarı artırılaraq hər ay 200 (iki yüz) manat sabit pul məbləğində müəyyən edilsin. xx.xx.2007-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün alimentin hər ay 200 (iki yüz) manat sabit pul məbləğində tutulması hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddiaçı məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində ödədiyi 50 (əlli) manat məbləğ Cavabdeh tutularaq iddiaçıya ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Oğuz Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar