Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № e-2(054)-308/2022 08.06.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlu, İddiaçı “FİNCA Azerbaijan” X1 Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri Oğuz Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək müəyyən e t d i m: İddiaçı “FİNCA Azerbaijan” MM QBKT cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 04.11.2014-cü il tarixli **********0002 nömrəli kredit müqaviləsi üzrə 721,78 ABŞ dolları əsas borc və məhkəməyə müraciət etmək üçün ödənilmiş 32,30 manat dövlət rüsumu məbləğinin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş materallarını nəzərdən keçirərək hesab edirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsində 04.11.2014-cü il tarixli **********0002 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 10.000 ABŞ dolları miqdarında kredit verildiyi və həmin kredit müqaviləsi üzrə hazırda onun 721,78 ABŞ dolları borcu olduğu qeyd edilsə də, kredit borcunun restrukturizasiya olunub-olunmaması ilə bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Tərəflər arasında bağlanmış 04.11.2014-cü il tarixli **********0002 nömrəli kredit müqaviləsi üzrə borc məbləği vaxtı keçmiş kredit borclarına aid olduğundan, lakin iddiaçı tərəfindən həmin kredit borcunun restrukturizasiya olunub-olunmaması, kreditə hesablanmış faizlərin silinməsi üçün tədbirlər görülübgörülməməsi barədə məhkəməyə hər hansı sənəd təqdim edilmədiyindən hazırki vəziyyətdə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iş üzrə həmin xüsusatların obyektiv araşdırılması mümkün deyildir. Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli Fərmanının 6.2-ci bəndində qeyd edilmişdir ki, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər. Həmin Fərmanın 8.10-cu bəndində qeyd edilmişdir ki, məhkəmədə olan işlərin geri çağırılması dedikdə vaxtı keçmiş kredit borcları ilə bağlı məhkəmələrdə olan iddialardan imtina edilməsi və icra sənədi üzrə icraata xitam verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tədbirlər görülməsi nəzərdə tutulur. İş materiallarından görünür ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməzdən əvvəl cavabdehlə mübahisənin məhkəməyə qədər həll edilməsi üçün tədbirlər görüldüyü, habelə, hazırki iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə cavabdehlərə xəbərdarlıq edildiyi barədə rəsmi sənədləri iddia ərizəsinə əlavə etməmiş və məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2 və 149.4-cü maddələrinin məzmununa görə ərizənin verildiyi məhkəmənin adı; iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda - iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat; ərizəyə əlavə edilən sənədlərin siyahısı; mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri ərizədə göstərilməlidir. Həmin Məcəllənin 150-ci maddəsinin məzmununa görə müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəməyə təqdim olunmuş iddia ərizəsindən görünür ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2 və 149.4-cü maddələrinin məzmununa görə göstərilməsi zəruri olan məlumatlar - iddia tələbinin əsaslandığı hallara dair sübutların siyahısı, eyni zamanda, cavabdehlərin həm faktiki, həm də rəsmi qeydə alındığı ünvan, olduğu halda - iş yerinin ünvanı, elektron poçt ünvanı tam şəkildə iddia ərizəsində göstərilməmişdir. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldığından həmin nöqsanın işin icraatı dövründə aradan qaldırılması da mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1, 284-4.1.3 və 284-4.1.4-cü maddələrinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa; ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə vardırsa məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Qeyd olunanlara əsasən hazırki tələb Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1ci maddəsinə uyğun olmadığından, ərizənin qəbul olunmasından imtina edilməli, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Eyni zamanda, iddiaçıya izah edilir ki, iddia ərizəsinin qəbul olunmasından imtina edilməsi qərardadda qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra həmin tələb üzrə yenidən məhkəməyə müraciət edilməsinə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 150, 152, 263, 264, 266-268, 284-cü maddələrinin tələblərini rəhbər tutaraq, qərara a l d ı m: İddiaçı “FİNCA Azerbaijan” X1 Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsinin qəbul olunmasından imtina edilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər “FİNCA Azerbaijan” X1 Bank Kredit Təşkilatına qaytarılsın. Hakim : Kamran Süleymanov
Məhkəmə qərarları › İş №e-2(054)-308/2022
Oğuz Rayon Məhkəməsi Qərardad — İş №e-2(054)-308/2022
08.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver