Məhkəmə qərarları › İş №e-2(054)-309/2022

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-309/2022

12.08.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-309/2022 12.08.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı uşağın saxlanması üçün alimentin miqdarının atırılması və müalicəsinə görə çəkilən əlavə xərclərdə iştirakla bağlı tələbinə dair mülki işə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: TƏSVİRİ HİSSƏ: İddiaçı məhkəməyə müraciət edərək Cavabdeh ilə birgə nikahından xx.xx.2014-cü il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən tutulаn alimentin miqdarının artırılaraq hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində müəyyən edilməsi və uşağın müalicə xərcləri üçün 200 (iki yüz) manat - cəmi 393 (üç yüz doxsan üç) manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2013-cü il tarixdə cavabdehlə faktiki nikah münasibətlərinə daxil olaraq ailə qurmuşdur. Onların faktiki nikah münasibətlərindən xx.xx.2014-cü il tarixdə X2 adlı bir uşaqları anadan olmuşdur. Cavabdeh müvafiq icra hakimiyyəti orqanına müraciət edərək uşağın atası olduğunu etiraf etmiş, xx.xx.2015-ci il tarixli atalığın müəyyən edilməsi haqqında şəhadətnamə və həmin tarixli doğum haqqında şəhadətnaməyə əsasən cavabdeh uşağın atası hesab edilmişdir. Aralarında yaranan narazılıqdan sonra o, cavabdehdən faktiki olaraq ayrılmış, cavabdeh onu və uşağını qoyub getmişdir. Oğuz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2 (054) - 298 / 2017 nömrəli qətnaməsinə əsasən uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Hazırda da o, cavabdehlə faktiki nikahından anadan olmuş uşağı ilə birlikdə Oğuz rayonu Kərimli kəndində öz valideynlərinin evində yaşayır və heç yerdə işləmir. Uşağın yaşının artması, ərzaq, geyim və müalicəsi ilə əlaqədar zəruri olan xərclərlə bağlı maddi ehtiyacları da artmışdır. Eyni zamanda, uşağın göz xəstəliyi vardır və mütəmadi olaraq müalicə olunmalıdır. Uşağın Milli Oftalmologiya Mərkəzində mütəmadi olaraq müalicə olunması üçün hər ay 150 (bir yüz əlli) manat pul tələb olunur. Cavabdehin uşağın saxlanması üçün ona verdiyi 120 (bir yüz iyirmi) manat aliment pulu hazırki şəraitdə uşağın maddi ehtiyaclarını ödəmir və o, uşağı saxlamaqda maddi cəhətdən çətinlik çəkir. Cavabdeh isə alimentdən başqa ona heç bir maddi yardım etmir. Ona görə də o, uşağın saxlanması üçün cavabdehdən tutulаn alimentin miqdarının artırılaraq hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində müəyyən edilməsi və uşağın müalicə xərcləri üçün 200 (iki yüz) manat cəmi 393 (üç yüz doxsan üç) manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İddiaçı öz iddia tələbini müdafiə etdiyini bildirdi və məhkəmə iclasında həmin tələbin məzmununa uyğun izahat verməklə yanaşı göstərdi ki, cavabdeh onunla bir yerdə yaşadıqları vaxtlardan başqa bir qadınla da qeyri-rəsmi ailə qurmuş və sonralar onunla yaşamağa başlamışdır. Cavabdehlə faktiki nikahından anadan olmuş uşağın görmə zəifliyi ilə yanaşı, səhhətində digər problemləri də vardır. Uşaq bir müddət əvvəl burun-boğaz əməliyyatı da keçirmişdir. Cavabdeh uşağın qayğıları və ehtiyacları ilə maraqlanmır, uşağın saxlanması üçün ona alimentdən başqa maddi yardım etmir. Eyni zamanda, cavabdeh uşağın saxlanması üçün ona verməli olduğu alimenti də vaxtlı-vaxtında ödəmir və hazırda cavabdehin 4000 (dörd min) manata yaxın borcu vardır. Uşağın saxlanması üçün alimentin miqdarı müəyyən edilərkən uşağın hələ 3 yaşı tamam olmasa da, hazırda uşaq məktəbə gedir və bununla bağlı xərcləri də artmışdır. Cavabdeh alimentin miqdarının artırılması məsələsi ilə bağlı ilkin mediasiya sessiyasında da iştirak etməmiş, bundan sonra o, məhkəməyə müraciət etmişdir. Qeyd etdiklərinə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə baxış iclasına gəlməmiş, iştirak etdiyi məhkəmə hazırlıq iclasında iddia tələbini qəbul etmədiyini bildirmiş və izahat verərək göstərmişdir ki, səhhətinin vəziyyəti ilə bağlı hazırda heç yerə işləmir və hər hansı sabit gəlir mənbəyi yoxdur. Eyni zamanda, onun başqa bir qadınla nikahından da azyaşlı uşaqları vardır. İddiaçı ilə birgə nikahından anadan olmuş uşağın saxlanması üçün iddiaçıya hər ay 120 (bir yüz iyirmi) manat miqdarında alimenti də çətinliklə ödəyir və hazırda xeyli miqdarda aliment borcu vardır. Hazırki vəziyyətdə iddiaçıya hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində aliment və uşağın müalicə xərcləri üçün əlavə olaraq 200 (iki yüz) manat ödəməyə onun maddi vəziyyəti imkan vermir. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edildikdən sonra onun maddi vəziyyətində yaxşılığa doğru hər hansı dəyişiklik olmamışdır. Qeyd etdiklərinə əsasən iddiaçının hazırki iddia tələblərini əsassız hesab edir və həmin tələblərin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə araşdırması zamanı tərəflərin izahatları, həmçinin, iş materiallarına əlavə edilmiş xx.xx.2015-ci il tarixli AZ-İİİ 461139 nömrəli AZ-İ 241580 nömrəli atalığın müəyyən edilməsi haqqında və həmin tarixli AZ-İİİ 601081 nömrəli doğum haqqında şəhadətnamələrin, Oğuz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2 (054) - 298 / 2017 nömrəli qətnaməsinin surətləri, ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli arayış, Milli Oftalmologiya Mərkəzindən verilmiş xx.xx.2018-ci il tarixli 178 nömrəli tibbi rəy və digər tibbi sənədlərlə müəyyən edildi ki, iddiaçı ilə cavabdehin faktiki nikah münasibətlərindən xx.xx.2014-cü il tarixdə X2 adlı bir uşaqları anadan olmuşdur. Oğuz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2 (054) - 298 / 2017 nömrəli qətnaməsi əsasında uşağın yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdehdən hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Tərəflərin birgə nikahından anadan olmuş uşaq hazırda da iddiaçının yanında yaşayır. Uşağın səhhətində müəyyən problemlər vardır. Cavabdeh uşağın yetkinlik yaşına çatana qədər saxlanması üçün alimentin artırılmasına dair mübahisə ilə bağlı mediasiya prosesində iştirak etməmişdir. İddiaçı hazırda uşağı ilə birlikdə valideynlərinin evində yaşadığını və heç yerdə işləmədiyini, cavabdehin uşağın saxlanması üçün hazırki vəziyyətdə ona verdiyi 120 (bir yüz iyirmi) manat aliment pulunun uşağın maddi ehtiyaclarını ödəmədiyini, eyni zamanda, uşağın göz xəstəliyi və səhhətində digər problemlər olduğunu, bu səbəbdən uşağı saxlamaqda maddi cəhətdən çətinlik çəkdiyini bildirərək cavabdehdən tutularaq ona ödənilməli olаn alimentin miqdarının artırılaraq hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində müəyyən edilməsi və uşağın müalicə xərcləri üçün 200 (iki yüz) manat - cəmi 393 (üç yüz doxsan üç) manat pulun cavabdehdən tutularaq ona ödənilməsini xahiş edir. Cavabdeh iddia tələblərini əsassız hesab edir və həmin tələblərin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh iddia tələblərinə etirazlarının əsası kimi alimentin miqdarı müəyyən olunduqdan sonra onun maddi vəziyyətində yaxşılığa doğru hər hansı dəyişiklik olmadığını, eyni zamanda, başqa bir qadınla nikahından da azyaşlı uşaqları olduğunu bildirir. Cavabdehin gəlirlərinin miqdarı və mənbəyi məlum deyildir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin iddia tələbinə münasibətini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1.1-ci maddələrinə əsasən alimentin ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına şatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi alimentin müəyyən olunmuş miqdarı yalnız o halda dəyişə bilər ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hər hansı dəyişiklik olsun. Oğuz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2 (054) - 298 / 2017 nömrəli qətnaməsi ilə uşağın saxlanması üçün məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra keçən müddət ərzində tərəflərdən hər hansı birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olması barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Buna baxmayaraq həmin vaxtdan sonra keçən müddət ərzində uşağın yaşının artması ilə əlaqədar maddi ehtiyacları da artmış, eyni zamanda, uşaqlar üçün Respublikada müəyyən edilmiş yaşayış minimumu hər il dəyişmişdir. Buna görə məhkəmə hesab edir ki, iddiaçının maddi vəziyyətində dəyişiklik olmuşdur. Oğuz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2 (054) - 298 / 2017 nömrəli qətnaməsinin məzmunundan görünür ki, 2017-ci ildə işə baxılan zaman uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu 136,6 manat olduğu vaxtda məhkəmə uşağın saxlanması üçün alimentin miqdarını vaxtda 120 (bir yüz iyirmi) manat həddində təyin etmişdir. Hazırda isə uşaqlar üçün yaşayış minimumu 193 (bir yüz doxsan üç) manat miqdarında müəyyən edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, uşağın saxlanması üçün cavabdehin iddiaçıya ödədiyi 120 (bir yüz iyirmi) manat aliment hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu ilə müqayisədə azdır. Ona görə də məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını təmin etməkdən ötrü cavabdehin həmin uşağın saxlanması üçün iddiaçıya ödədiyi alimentin miqdarı da artırılmalıdır. Tərəflərin birgə nikahından anadan olmuş uşaq iddiaçının himayəsində olduğundan uşağa qulluq, onun sağlamlığı, təhsili, inkişafı ilə bağlı məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən, yəni hazırki iş üzrə cavabdehdən tutulmasına əsas verir. Cavabdehin maddi vəziyyətinin hansı səviyyədə olması onu uşağı saxlamaq, minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Eyni zamanda, uşağın maddi ehtiyaclarının təmin olunması hər iki valideynin, yəni cavabdehlə yanaşı həm də iddiaçının vəzifəsidir. İş materiallarından görünür ki, hazırda cavabdehin daimi iş yeri və sabit gəlir mənbəyi barədə məlumat yoxdur. Cavabdehin daimi iş yeri və sabit gəlir mənbəyi barədə işdə iştirak edən şəxslər tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından anadan olmuş uşağın saxlanması üçün cavabdehdən tutulmalı olan alimentin miqdarı sabit pul məbləğində müəyyən edilməlidir. Məhkəmə tərəflərin maddi və ailə vəziyyətini, onların birgə nikahından anadan olmuş azyaşlı uşağın mənafeyini, onun saxlanması üçün məhkəmə tərəfindən alimentin miqdarının müəyyən olunduğu vaxtdan 5 ildən artıq müddət keçdiyini, 2017-ci ildə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu 136,6 manat təşkil etdiyi halda, uşağın saxlanması üçün məhkəmə tərəfindən hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində aliment müəyyən edildiyini, 2022-ci ildə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun 193 (bir yüz doxsan üç) manat miqdarında olduğunu, işin digər faktiki hallarına isə xx.xx.2017-ci il tarixli 2 (054) - 298 / 2017 nömrəli məhkəmə qətnaməsi ilə qiymət verildiyini nəzərə almaqla azyaşlı uşağın saxlanması üçün cavabdehdən tutulan alimentin miqdarının artırılaraq hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində müəyyən edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarının 8.14-cü bəndində qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qeyd edilənlərə əsasən məhkəmə qərara gəlir ki, uşağın saxlanması üçün alimentin hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində tutulması hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. İddiaçı cavabdehlə birgə nikahından anadan olmuş azyaşlı uşağın ayrı-ayrı vaxtlarda həkim müayinəsindən keçdiyi və müalicə olunduğu barədə uşağın adına olan xəstəlik tarixindən çıxarış sənədini və həkim müayinəsinin nəticələrinə dair tibbi rəyi məhkəməyə təqdim etsə də, uşağın müayinə və müalicəsi, zəruri dərman preparatlarının alınması ilə bağlı əlavə xərclərə nə qədər vəsait sərf olunması barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iddiaçının hazırki iddia tələbinin uşağın müalicəsi üçün çəkilən əlavə xərclərdə iştirakla bağlı hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçı uşağın müayinə və müalicəsi, zəruri dərman preparatlarının alınması ilə bağlı əlavə xərclərə nə qədər vəsait sərf olunması barədə məhkəməyə hər hansı sübut təqdim etmədiyindən iddia tələbinin uşağın müalicə xərcləri üçün cavabdehdən 200 (iki yüz) manat pul tutulmasına dair hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 112.1.6-cı maddəsinə əsasən ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda iddianın qiyməti ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. Hazırki iş üzrə alimentin artırılmış miqdarının 50 (əlli) manat olması nəzərə alınmaqla, bir il ərzində ödəmənin məcmusu 600 (altı yüz) manat müəyyən edilir. Qüvvədə olan qanunverdiciliyə əsasən həmin məbləğə görə cəmi 30 manat dövlət rüsumu ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar məhkəməyə verilən iddialar üzrə dövlət rüsumu ödəməkdən azad olunurlar. İş materiallarından görünür ki, iddiaçı hazırki tələblə bağlı məhkəməyə verilən iddialar üzrə dövlət rüsumu ödəməkdən azad olunan şəxs statusunda olmasına baxmayaraq mediasiya prosesi ilə bağlı 50 manat məbləği iddiaçı özü ödəmişdir. Cavabdeh alimentin miqdarının artırılması ilə bağlı iddiaçı ilə məhkəmədənkənar razılığa gələrək barışıq sazişi bağlamamış, mediasiya prosesində, ümumiyyətlə, iştirak etməmiş, bu səbəbdən iddiaçı məhkəməyə müraciət etməli olmuşdur. Hazırki iş üzrə cavabdeh dövlət rüsumunu ödəməkdən azad olunan şəxs statusunda olmadığından məhkəmə hesab edir ki, iddiaçının mediasiya prosesində ödədiyi 50 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmin məbləğ alimentin artırılmış miqdarına görə cavabdehin ödəməli olduğu 30 manat dövlət rüsumunu əhatə etdiyindən cavabdehdən əlavə olaraq hər hansı miqdarda dövlət rüsumu tutulmamalıdır. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. İddiaçı Cavabdeh ilə birgə nikahından xx.xx.2014-cü il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində tutularaq İddiaçı ödənilən alimentin miqdarı artırılaraq hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində müəyyən edilsin. xx.xx.2014-cü il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün alimentin hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində tutulması hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddia tələbinin xx.xx.2014-cü il tarixdə anadan olmuş X1 müalicəsi ilə bağlı Cavabdeh əlavə olaraq hər ay 200 (iki yüz) manat tutulmasına dair hissəsi təmin edilməsin. İddiaçı məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində ödədiyi 50 (əlli) manat məbləğ Cavabdeh tutularaq iddiaçıya ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Oğuz Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar