Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-319/2023 07.07.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ X4 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı Qeyri Bank Kredit X1 Müəssisəsinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Qeyri Bank Kredit X1 Müəssisəsi (iddiaçı) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 (mətndə cavabdehlər) qarşı kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2019-cu il tarixli, **********0142 saylı kredit müqaviləsi üzrə 2122,81 AZN əsas borc, 65,84 AZN faiz borcu, 0 AZN cərimə, cəmi 2188,65 AZN məbləğində borcun və 41,89 manat ödənilmiş dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) “kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat”ın müddəalarını əhatə edən 23-1-ci fəslinə uyğun olaraq cavabdehlərə MPM-in 47, 284-1, 284-5.1, 284-5.2 və 284-5.3-cü maddələrinin məzmununu əhatə edən məhkəmə bildirişi göndərilmiş, Cavabdeh2 xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş ərizəsinə əsasən xx.xx.2023-cü il tarixli qərardadla iş üzrə iddia icraatına keçilmişdir. Tərəflərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138-ci maddəsinin tələblərinə müvafiq olaraq məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilmiş, iddiaçının nümayəndəsi Nümayəndə xx.xx.2023-cü il tarixdə, xx.xx.2023-cü il tarixdə xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş teleqramlarla işə iştirakları olmadan baxılaraq qərar çıxarılmasını xahiş etmiş, Cavabdeh1 məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı Qeyri Bank Kredit X1 Müəssisəsinin iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə müəyyən edilmişdiir ki, borclunun keçmiş əsas kredit borcunun müqavilə imzalanan tarixə 2122,81 manat olan qalıq borcunun ödənilməsi məqsədilə iddiaçı ilə Cavabdeh2 arasında illik 1 faiz dərəcəsi və 1 il güzəşt müddəti olmaqla 60 ay müddətinə xx.xx.2019-cu il tarixli, **********0142 saylı kredit (restrukturizasiya) müqaviləsi bağlanmışdır. Müqaviləyə Əlavə hesab edilən ödəniş cədvəlinə uyğun olaraq borclunun xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək hər ay 1,71-1,83 manat, xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay 43,32-45,07 manat arasında ödəniş etməsi razılaşdırılmışdır. Cavabdeh2 öhdəliklərinin təminatı məqsədilə Cavabdeh1 ilə həmin tarixdə zaminlik müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birgə məsuliyyət daşıyır. Kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin borclu tərəfindən ödənilməsi nəzərdə tutulsa da Cavabdeh2 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. xx.xx.2023-cü il tarixə cavabdehlərin iddiaçıya olan 2122,81 AZN əsas, 65,84 AZN faiz, 0 AZN cərimə olmaqla, cəmi 2188,65 AZN borcunun və 41,89 manat dövlət rüsumunun onlardan müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında Cavabdeh2 izahat verərək bildirdi ki, xx.xx.2014-cü il tarixdə dörd nəfər kənd sakini ilə qrup şəklində dollarla kredit götürmüşlər. 2014-cü ilin dekabr və 2015ci ilin fevral ayında dolların məzənnəsinin qalxması nəticəsində aldıqları kreditin ödənişi iki dəfə artmışdır. Götürülmüş kreditin 6 ayını ödədikləri halda onlara külli məbləğdə borc hesablanmışdır. Onun normal halda 1728 manat borcu olduğu halda 2019-cu ildə restrukturizasiya zamanı ona 2122 manat borc hesablanaraq aylara bölünmüşdür, halbuki digər cavabdeh, onun zamini olan Cavabdeh1 1700 manat borc hesablanmışdır. Ona faiz məbləğini çox hesablayıblar. Kredit təşkilatının əməkdaşlarına etiraz etsə də, onlar qaynar xəttə müraciət etməyi bildirmişlər. Zənglərinə cavab verilməmiş, beləcə məsələ həll edilmədən qalmışdır. Onu aldadıb müqaviləyə imza etdiriblər. Üstünə yazılan 394 manat silinmədiyindən və maddi imkanı olmadığından kredit borcunu ödəməmişdir. Ona əlavə hesablanmış 394 manat vəsaitin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə cavabdehi dinləyib, iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, mübahisənin həllində tətbiq edilməli olan hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İşdə olan xx.xx.2019-cu il tarixli, **********0142 saylı kredit (restrukturizasiya) müqaviləsindən görünür ki, həmin müqavilə “Finca Azerbaijan” X2 Bank Kredit Təşkilatı ilə Cavabdeh2 arasında borclunun keçmiş əsas kredit borcunun müqavilə imzalanan tarixə 2122,81 manat olan qalıq borcunun ödənilməsi məqsədilə bağlanmış, müqavilə və ödəniş cədvəli kredit verənin nümayəndəsi və borclu tərəfindən imzalanmışdır. İşdə olan xx.xx.2019-ci il tarixli, **********0142-720756 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 Cavabdeh2 tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi halda əsas borcu, faizləri, cərimə, digər ödəniş və dəymiş zərəri ödəməyi öz öhdəsinə götürmüşdür. İşdə olan ödəniş cədvəlindən görünür ki, 2122,81 manat əsas borc və 65,84 manat faiz borcundan ibarət kreditin ödənişinin 60 ay müddətinə illik 01 % və 1 illik güzəşt müddəti ilə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək hər ay 1,71-1,83 manat, xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay 43,32-45,07 manat olmaqla (cəmi 2188,65 manat) xx.xx.2024-cü ildə başa çatdırılması nəzərdə tutulmuşdur. İşdə olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, sözügedən kredit müqaviləsi üzrə heç bir ödəniş edilməmiş, cavabdehin iddiaçıya 2122,81 manat əsas borc, 65,84 manat faiz borcu, 0 manat cərimə olmaqla, cəmi 2188,65 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MM) 385.1ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən...öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Yenə həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Habelə həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o kredit müqaviləsi adlandırılır. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019cu il tarixli, **********0142 saylı kredit (restrukturizasiya) müqaviləsinə əsasən borclunun “Finca Azerbaijan” X2 Bank Kredit Təşkilatı ilə Cavabdeh2 arasında əvvəllər bağlanmış kredit müqaviləsindən müqavilə imzalanan tarixə 2122,81 manat olan qalıq borcunun ödənilməsi məqsədilə ona 1 il güzəşt müddəti və illik 1 faizlə 60 ay müddət verilmişdir. Müqavilə və ödəniş cədvəli kredit verənin nümayəndəsi və borclu tərəfindən imzalanmışdır. Cavabdeh məhkəmə iclasında onun restrukturizasiya tətbiq edilən borcunun 1728 manat olduğunu iddia etsə də, bununla bağlı sübutlarını məhkəməyə təqdim etməmiş, bundan əlavə müqavilə bağlanılan 2019-cu ildən hal-hazıradək müqavilə üzrə müəyyən edilmiş məbləği mübahisələndirməmişdir. Beləliklə, iş materialları ilə təsdiq edilir ki, xx.xx.2019-cu il tarixli, **********0142 saylı kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçıya 2122,81 manat əsas borc, 65,84 manat faiz borcu, 0 manat cərimə, cəmi 2188,65 manat borcu yaranmış, lakin həmin borcun ödənilməsi cavabdehlər tərəfindən təmin edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İstinad olunan Məcəllənin 217.4-cü maddəsində isə deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.İddia tələbi təmin edildiyindən cavabdehlərdən 41,89 manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2019-cu il tarixli, **********0142 saylı kredit müqaviləsi üzrə 2122,81 AZN əsas borc, 65,84 AZN faiz borcu, cəmi 2188,65 (iki min bir yüz səksən səkkiz manat altmış beş qəpik) manat və 41,89 (qırx bir manat səksən doqquz qəpik) manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı Qeyri Bank Kredit X1 Müəssisəsinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №e-2(054)-319/2023
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-319/2023
07.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver