Məhkəmə qərarları › İş №e-2(054)-340/2023

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-340/2023

14.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-340/2023 14.06.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ X15 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil Sadəddin oğlunun, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə məhkəmənin binasında acıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək övladları-03 may 2010-cu il tarixdə anadan olmuş X5 və 12 aprel 2011-ci il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş cəmi 200 manat alimentin məbləğinin artırılaraq cəmi 440 manat müəyyən edilməsi barədə iddia qaldırmışdır. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında izahat verərək bildirdi ki, iddiaçı və cavabdeh nikahlarını 09 dekabr 2009-cu ildə Yevlax rayon Qeydiyyat şöbəsində rəsmiləşdirmişlər. Birgə nikahdan tərəflərin 03 may 2010-cu il tarixdə Ülkər, 12 aprel 2011ci il tarixdə Aytac adlı iki övladı doğulmuşdur. Oğuz Rayon Məhkəməsinin 07 noyabr 2017ci il tarixli, 2(054)-695/2017 saylı qətnaməsi ilə tərəflərin nikahı pozulmuş, uşaqların saxlanılması üçün cavabdehin qazancından və başqa gəlirlərindən sabit pul məbləğində hər ay cəmi 200 manat alimentin tutulması qərara alınmışdır. Həmin vaxtdan indiyədək iddiaçı alimentin artırılması üçün müraciət etməyib, cavabdeh isə uşaqların saxlanması üçün əlavə yardım etmək istəmir, halbuki 2017-ci ildən uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu hər il artırılmış, hazırda 220 manat müəyyən edilmişdir. İddiaçı kənd məktəbində ibtidai sinif müəllimi işləməklə əmək haqqı cəmi 640 manat təşkil edir. Uşaqlar böyüyüb, onların maddi xərcləri də kəskin artıb. İddianın təmin edilməsi, cavabdehdən iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin məbləğini artıraraq hər ay cəmi 440 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini rədd edərək bildirdi ki, iddiaçı ilə aralarında bağlanmış nikah 2017-ci ildə məhkəmə qaydasında pozulduqdan sonra hər uşağa 100 manat olmaqla cəmi 200 manat alimentin ondan tutulması qərara alınmışdır. İndiyədək alimenti hər ay ödəmişdir. Əvvəllər alimentən əlavə imkan daxilində uşaqlara maddi yardımlar da etmişdir. 2018-ci ildə yenidən ailə qurmuş, xx.xx.2020-ci il tarixdə qızı Mələk doğulmuşdur. Bundan sonra mütəmadi olaraq yalnız alimentin ödənilməsini həyta keçirmişdir. Həyat yoldaşı hazırda hamilədir, noyabrda ikinci övladı dünyaya gələcək. Dövlət müəssisəsində, yəni “Azəriqaz”İB-də çilingər köməkçisi işləyir, 326 manat əmək haqqı alır. Həmin əmək haqqının 200 manatını aliment olaraq ödədikdən sonra qalan 156 manat məbləğlə ailəsini çətinliklə dolandırır. Əmək haqqı hər uşaq arasında bölünsün, nə düşürsə onu da tutsunlar. İddiaçı 1000 manat əmək haqqı alır. İddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçı tərəfin və cavabdehin izahatını dinləyib, iş üzrə müəyyən olunmuş halları tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək, habelə işdə olan sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda qeyd olunanlara əsasən iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası vətəndaşının mülki işə əlavə edilmiş AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1988-ci ildə Azərbaycan Respublikasında anadan olmuşdur. Azərbaycan Respublikası vətəndaşının mülki işə əlavə edilmiş AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1982-ci ildə Azərbaycan Respublikasında anadan olmuşdur. İşə əlavə edilmiş doğum haqqında AZ-İİ 448459 saylı şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2010-cu il tarixdə Yevlax rayonunun Xaldan kəndində anadan olmuş, bu barədə Yevlax rayon Xaldan kənd iƏD üzrə nümayəndəliyində doğum haqqında akt qeydləri kitabında xx.xx.2010-cu il tarixdə 26 nömrə iə qeyd edilmş, atası Cavabdeh, anası X2r. İşə əlavə edilmiş doğum haqqında AZ-İİ 633974 saylı şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2011-ci il tarixdə Yevlax rayonunun Xaldan kəndində anadan olmuş, bu barədə Yevlax rayon Xaldan kənd iƏD üzrə nümayəndəliyində doğum haqqında akt qeydləri kitabında xx.xx.2011-ci il tarixdə 41 nömrə iə qeyd edilmş, atası Cavabdeh, anası X2r. Oğuz Rayon Məhkəməsinin işə əlavə edilmiş 2(054)-695/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X4 Cavabdeh arasında Yevlax rayon Qeydiyyat şöbəsində xx.xx.2009-cu il tarixdə 526 nömrə ilə qeydə alınmış nikah pozulmuş, X7 qazancından və başqa gəlirlərindən sabit pul məbləğində hər ay hər uşağa 100 manat olmaqla cəmi 200 manat sabit pul məbləğində alimentin tutularaq, 03 may 2010-cu il tarixdə anadan olmuş X5 və 12 aprel 2011-ci il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün iddiaçı X1 xeyrinə verilməsi qət edilmişdir. İşə əlavə edilmiş nikahın pozulması haqqında AZ-İ 285973 saylı şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X4 ilə olan nikah pozulmuş, bu barədə Oğuz rayon Qeydiyyat şöbəsində nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2018-ci ildə 10 nömrə ilə qeyd edilmiş, nikah ləğv olunandan sonra kişiyə Qasımov, qadına İbrahimova soyadı verilmişdir. İşə əlavə edilmiş nikah haqqında AZ-İİ 266565 saylı şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X9 09 avqust 2018-ci ildə nikah bağlamış, bu barədə Mingəçevir Regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 265 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra ərarvada Qasımova soyadı verilmişdir. İşə əlavə edilmiş doğum haqqında AZ-İV 475203 saylı şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2020-ci il tarixdə Yevlax rayonunda anadan olmuş, bu barədə Mingəçevir Regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 1227 nömrə iə qeyd edilmş, atası Cavabdeh, anası X8r. Yevlax şəhər İHB Xaldan kənd İƏD üzrə nümayəndəliyinin işə əlavə edilmiş xx.xx.2023cü il tarixli, 218 saylı arayışından görünür ki, Cavabdeh Yevlax rayonu Yuxarı Salamabad kəndində yaşayır, ailə üzvləri arvadı X3, qızları 2010-cu il təvəllüdlü Ülkər, 2011-ci il təvəllüdlü Aytac və 2020-ci il təvəllüdlü Mələkdən ibarətdir. Mingəçevir şəhəri “Şəfa” tibbi diaqnostika mərkəzinin işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Qasımova Leyla 9 həftəlik hamilə olmaqla doğum tarixi xx.xx.2023-cü il müəyyən edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə görə, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76-cı maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay bir uşağa görə qazancın və valideynlərin başqa gəlirlərinin dörddə bir, iki uşağa görə üçdə bir, üç və daha çox uşağa görə ikidə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Yenə həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq hüquqları haqqında» Qanunun 13-cü maddəsi aidiyyəti orqan və təşkilatların üzərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu təmin edən qərarlar vermək öhdəliyi qoyur. Azərbaycan Respublikasının həmin öhdəliyə uyğun qəbul etdiyi «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Qanunla uşaqlar üçün aylıq yaşayış minimumu 193 manat, 2023-cü il tarixli Qanunla 220 manat nəzərdə tutulmuşdur. Məhkəmə baxışı iclasında müəyyən edildi ki, iddiaçı ilə cavabdehin 2009-cu il tarixli birgə nikahından 2010 və 2011-ci il təvəllüdlü iki qızı vardır.Tərəflərin nikahı 2017-ci ildə pozulmuş, uşaqların saxlanılması üçün cəmi 200 manat alimentin cavabdehdən tutulması qət edilmişdir. Həmin vaxtdan iddiaçı alimentin məbləğinin artırılması barədə müraciət etməmişdir. İddiaçı hazırda alimentin artırılaraq hər uşağa yaşayış minimumu həddində olmaqla cəmi 440 manat məbləğində müəyyən edilməsini tələb edir. Cavabdeh iddia tələbini qəbul etmir, cavabdehin 1000 manat, özünün 326 manat əmək haqqı aldığını, 200 manat aliment ödədikdən sonra ailəsini 156 manatla çətinliklə saxladığını bildirir, ailəli olmaqla bir övladı və arvadının hamilə olduğunun nəzərə alınmasını xahiş edir. Cavabdeh iddiaçınn əmək haqqına dair sübutunu təqdim etməmişdir. İddiaçının nümayəndəsi iddiaçının müəllim işləməklə əmək haqqının cəmi 640 manat olduğunu bildirir və iddianın təmin edilməsini xahiş edir. Oğuz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən cavabdeh həmin işə məhkəmə iclasında baxılarkən orta aylıq əmək haqının 140 manat təşkil etdiyini bildirmiş, hər uşağa 80 manat olmaqla cəmi 160 manat alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yuxarıda qeyd edildiyi kimi məhkəmə tərəfindən alimentin məbləği 200 manat müəyyən edilmiş, cavabdeh isə keçən ilər ərzində həmin məbləği ödəmişdir. Buna görə də məhkəmə cavabdehin hazırki əmək haqqından qalan 156 manatla ailəsini güclə saxladığına dair izahatını səmimi hesab etmir. Məhkəmə qeyd edilənlərə qiymət verərək bildirir ki, valideynlərin uşaqlar üzərində bərabər hüquq və vəzifələrə malik olduğuna dair qanunvericiliyin tələbi, tərəflərin maddi vəziyyəti, iddiaçının himayəsində olan uşaqların yaşı, buna uyğun olaraq minimal maddi ehtiyacları, eləcə də cavabdehin himayəsində bir uşağın və hamilə arvadının olduğu, habelə hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun məbləği nəzərə alınmaqla iddia tələbi qismən təmin edilməli, bir uşağın saxlanılması üçün alimentin (vəsaitin) miqdarı artırılmaqla, hər ay hır uşağa 140 manat olmaqla, cəmi 280 manat sabit pul məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İstinad olunan Məcəllənin 217.4-cü maddəsində isə deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarına əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh qazancından və başqa gəlirlərindən hər ay hər uşağa 140 manat olmaqla cəmi 280 manat sabit pul məbləğində aliment (vəsait) tutularaq, 03 may 2010-cu il tarixdə anadan olmuş X5 və 12 aprel 2011-ci il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı xeyrinə verilsin. Artırılmış alimentin bu qaydada tutulması qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar