Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-347/2025 25.06.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi ilə İddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi, İşin halları İddiaçı “X1” ASC Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı “X1” ASC-nin xeyrinə 11066,9 manat məbləğində əsas borcun, 1458,63 manat məbləğində faiz borcunun, 105,81 manat məbləğində cərimə borcunun, cəmi 12631,34 manat borcun və 128,30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 38 ay müddətinə illik 25% ödəmək şərtilə 11567,0 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2025-ci il, cümə tarixinə "xxxx" KB ASCyə 11066,9 manat əsas, 1458,63 manat faiz, 105,81 manat cərimə borcu olmaqla, cəmi 12631,34 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Proses iştirakçılarının izahatı İddiaçı “X1” ASC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirərək iddia tələbinə uyğun qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclaslarına gəlməmiş, iştirak etdiyi məhkəmə iclasında məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin məhkəməyə gəlməməsinin səbəblərini üzürlü hesab edərək Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini qərara almışdır. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul edir. O, kredit məbləğini almış, lakin ödəniş edə bilməmişdir. Bundan sonra banka yaxınlaşaraq restrukturizasiya edilməsini xahiş etmişdir. O, kredit müqaviləsini sonradan bağlamışdır. Hazırda isə borcunu qəbul edir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. İddia ərizəsinə etirazın dəlilləri Cavabdehin iddiaya qarşı yazılı etirazı daxil olmamışdır. İş materiallarına əlavə olunmuş sənədlər - “X1” ASC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixdə bağlanmış kredit müqaviləsindən görünür ki, “X1” ASC tərəfindən cavabdehə 38 ay müddətinə, 25 % dərəcəsi ilə 11567,0 manat məbləğində kredit verilmişdir. -xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə banka 11066,9 manat məbləğində əsas borc, 1458,63 manat məbləğində faiz borcu, 105,81 manat məbləğində cərimə borcu, cəmi 12631,34 manat borcu vardır. - "xxxx" KB ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2025-ci il tarixli bildirişin surətindən görünür ki, xx.xx.2025-ci il tarixə cavabdehin iddiaçıya 11066,9 manat əsas, 896,53 manat faiz, 19,71 manat cərimə, cəmi 11983,14 manat borcu vardır. - Qəbzdən görünür ki, iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edən zaman tərəfindən 127,9 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir. - Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, cavabdeh iddia tələbini tam qəbul edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 739. borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 385. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448.1. əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 462.1. dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 8.1.2. məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi Məhkəmə iddiaçının nümayəndəsi izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş yuxarıda qeyd edilən sənədlərlə müəyyən edildi ki, “X1” ASC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən 38 ay müddətinə illik 25% ödəmək şərtilə 11567,0 manat kredit götürmüşdür. Həmin müqaviləyə əsasən Cavabdeh kreditin qaytarılması və faizlərin ödənilməsi üzrə öhdəliyini lazımınca icra etməmiş, nəticədə banka borcu yaranmışdır. İddiaçı hazırkı iddia ilə əlaqədar 127,9 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödəmişdir. Məhkəmə, iddia ərizəsini və işə əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Göründüyü kimi, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərə vaxtında və lazımınca əməl etməməsi səbəbindən iddiaçı məhkəməyə müraciət etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır. Lakin, məhkəmə hesab edir ki, cavabdehdən əsas borca hesablanmış faizlərin və cərimənin tutulmasına dair iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə tam əsaslı deyildir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina edilməsi, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir. (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarı). Məhkəmə, Konstitusiya Məhkəməsinin hüquqi mövqelərindən çıxış edərək bildirir ki, kredit müqaviləsinin ləğvi və ya kredit müqaviləsindən imtina zamanı tərəfin iradə ifadəsinin təfsiri zamanı həmin ifadənin həqiqi məzmunu və hüquqi niyyət təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Bu zaman yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motivin də nəzərə alınması zəruridir. Məhkəmə qeyd edir ki, iddiaçının xx.xx.2025-ci il tarixdə cavabdehə xəbərdarlıq məktubu göndərərək kredit müqaviləsi üzrə hesablanmış bütün əsas borcu tələb etməsi ilə bağlı iradə ifadəsinin həqiqi məzmunu müqavilədən imtinaya yönəlmişdir və məktubun cavabdeh tərəfindən qəbul edildiyi, yəni xx.xx.2025-ci il tarixdən müqavilə xitam edilmiş hesab edilməlidir. Hazırda isə iddiaçı xx.xx.2025-ci il tarixə olan əsas, faiz və cərimə borcunu tələb edir. Odur ki, sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən, məhkəmə hesab edir ki, cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdehdən xx.xx.2025-ci il tarixə olan gecikdirilmiş annuitet (əsas məbləğ), hesablanmış faizlər və cərimə tutulmalıdır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, hazırki iş üzrə məhkəməyə müraciət etmək üçün ödənilmiş 127,9 manat dövlət rüsumunun 120,3 manatdan ibarət hissəsi və 0,40 manat bank xidmət haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməli, dövlət rüsumunun 7,6 manatdan ibarət hissəsi isə iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməklə, Cavabdeh 11066,9 manat məbləğində əsas borc, 896,53 manat məbləğində faiz borcu, 19,71 manat məbləğində cərimə, 120,3 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı olmaqla, cəmi 12103,84 manat tutularaq iddiaçı “X1” ASC-nə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 222 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 11066,9 manat məbləğində əsas borc, 896,53 manat məbləğində faiz borcu, 19,71 manat məbləğində cərimə, 120,3 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı olmaqla, cəmi 12103,84 manat tutularaq iddiaçı “X1” ASC-nə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Oğuz Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Məmmədli.
Məhkəmə qərarları › İş №e-2(054)-347/2025
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-347/2025
25.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver