Məhkəmə qərarları › İş №e-2(054)-37/2025

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-37/2025

09.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-37/2025 09.01.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X1 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki işə 09 yanvar 2025-ci il tarixdə Oğuz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı ASC (mətndə iddiaçı) Cavabdeh (mətndə cavabdeh) qarşı xx.xx.2023-cü il tarixli, 101804- 539095/3 saylı kredit müqaviləsi üzrə 8724,6 manat əsas, 895 manat faiz, cəmi 9619,6 manat borc və 116,6 manat dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, iddiaçının nümayəndəsi Nümayəndə xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş ərizələri ilə məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü tarixli, 101804-539095/3 saylı kredit müqaviləsinə əsasən borcluya şəxsi istehlak məqsədilə 48 ay müddətinə illik 18,5 % ödəməklə 10100 manat məbləğində kredit verilmişdir. Borclu 10100 manat əsas və 4266,5 manat faiz məbləğini ödəniş cədvəlinə uyğun olaraq hər ay 299,33 manat, sonuncu ay 297,99 manat olmaqla xx.xx.2027-ci il tarixədək ödəməyi öhdəsinə götürsə də, kredit müqaviləsi üzrə öhdəlikləri tam yerinə yetirməmiş, nəticədə cavabdehin xx.xx.2024-cü il tarixə banka 8724,6 AZN əsas, 895 AZN faiz, cəmi 9619,6 manat borcu yaranmışdır. İddia tələbinin təmin olunması- xx.xx.2023-cü tarixli, 101804-539095/3 saylı kredit müqaviləsi üzrə Cavabdeh 8724,6 AZN əsas, 895 AZN faiz, cəmi 9619,6 manat borc və 116,6 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak etmiş Cavabdeh izahat verərək bildirmişdir ki, Oğuz rayonunda qeydiyyatda olmaqla işi ilə əlaqədar faktiki olaraq Bakı şəhərində yaşayır. Müharibə iştirakçısıdır. 80 manat təqaüd, 900 manat əmək haqqından ibarət gəliri vardır. xx.xx.2023-cü il tarixdə iddiaçı ilə bağladığı kredit müqaviləsinə əsasən 48 ay müddətinə illik 18,5 faiz ödəmək şərtilə iş qurmaq məqsədilə 10100 manat kredit götürmüşdür. Həmin bankdan əvvəllər də kredit götürüb və ödəyib. Hazırki krediti nisbətən az məbləğlərlə ödəməyi, yaxud müqaviləni yeniləməyi təklif etmiş, lakin bununla razılaşmamışlar. Tələb olunan məbləği qəbul edir. Maddi vəziyyəti səbəbli borcunu gələcəkdə hissələrlə ödəyəcək. Qanuni qərar çıxarılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, mübahisənin həllində tətbiq edilməli olan hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İşdə olan xx.xx.2023-cü il tarixli, 101804-539095/3 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC Cavabdeh şəxsi istehlak məqsədilə 48 ay müddətinə illik 18,5 % dərəcəsi ilə 10100 AZN məbləğində kredit vermişdir. İşdə olan ödəniş cədvəlindən (Əlavə 1) görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə verilmiş 10100 AZN əsas, 4266,5 AZN faiz kreditinin ödənişinin xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay 299,33 AZN, sonuncu ay 297,99 AZN olmaqla xx.xx.2027-ci il tarixdə başa çatdırılması nəzərdə tutulmuşdur. İşdə olan xx.xx.2024-cü il tarixli, 101/101/0772/2024 saylı xəbərdarlığın surətindən görünür ki, Cavabdeh borcunu ödəmədiyi təqdirdə məsuliyyət tədbirləri barədə məlumat verilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh iddiaçıya həmin tarixə xx.xx.2023-cü il tarixli, 101804-539095/3 saylı kredit müqaviləsi üzrə 8724,6 manat əsas, 895 manat faiz, cəmi 9619,6 manat borcu var. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən...öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Yenə həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Habelə həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Həmin Məcəllənin 744.1-ci maddəsinə əsasən kredit müqaviləsi tərəflər arasında yazılı formada bağlanılır və kredit müqaviləsinin bir nüsxəsi borcalana verilir. Məhkəmə iclasında müəyyən edildi ki, xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən xx.xx.2023-cü il tarixli, 101804-539095/3 saylı kredit müqaviləsi üzrə Cavabdeh iddiaçıya 8724,6 manat əsas, 895 manat faiz, cəmi 9619,6 manat borcu qalmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İstinad olunan Məcəllənin 217.4-cü maddəsində isə deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.İddia tələbi təmin edildiyindən cavabdehdən 116,6 manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. NƏTİCƏ HİSSƏ: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. xx.xx.2023-cü il tarixli, 101804-539095/3 saylı kredit müqaviləsi üzrə Cavabdeh 8724,6 manat əsas, 895 manat faiz, cəmi 9619,6 (doqquz min altı yüz on doqquz manat altmış qəpik) manat borc və 116,6 (bir yüz on altı manat altmış qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar