Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-38/2023 23.01.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsinin ləğv edilməsi, kreditin, ona hesablanmış faizlərin qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı ASC (mətndə iddiaçı) cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 (mətndə cavabdeh) qarşı kredit müqaviləsinin ləğv edilməsi, 6444,89 manat əsas, 795,88 manat faiz, cəmi 7240,77 manat borcun və 93 manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, cavabdehlər Cavabdeh3 və Cavabdeh1 məhkəməyə ərizə təqdim edərək tələb olunan məbləği qəbul etdiklərini bildirmiş, işə iştirakları olmadan baxılaraq qərar qəbul edilməsini xahiş etmişlər. Cavabdeh2 məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbini bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında izahat verərək bildirdi ki, İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, MK/77669/71/13 saylı kredit sazişi müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə illik 22 % olmaqla 13000 manat məbləğində kredit verilmişdir. Öhdəliyin icrasının təmin edilməsi üçün Cavabdeh1 və Cavabdeh2 zamin kimi müqaviləyə imza etmişlər. Tərəflər arasında imzalanmış xx.xx.2021-ci il tarixli razılaşmaya əsasən sözügedən kredit sazişi üzrə kredit borcu restrukturizasiya edilmiş, kredit müddəti xx.xx.2022-ci il tarixdən 5 ay müddətinə uzadılmış, güzəşt müddəti təyin edilmişdir. Buna baxmayaraq cavabdehlər ödəniş cədvəlinə əsasən ödənilməli kredit və faizləri banka ödəməkdən yayınmışlar.Qeyd edilənlərə əsasən və mülki qanunvericilik normaları rəhbər tutulmaqla kredit müqaviləsinin ləğv edilməsi, 6444,89 manat əsas, 795,83 manat faiz, cəmi 7240,77 manat borcun və 93 manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsinə dair qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, mübahisənin həllində tətbiq edilməli olan hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İşdə olan xx.xx.2019-cu il tarixli, MK/77669/71/13 saylı kredit sazişindən görünür ki, bu sazişlə Cavabdeh3 illik 22 faiz dərəcəsi ilə 36 ay müddətinə 13000 manat nağd pul krediti verilmiş, saziş bankın nümayəndəsi və müştəri Cavabdeh3, zaminlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən imzalanmışdır. İşdə olan Əlavə 1-ödəniş cədvəlindən görünür ki, xx.xx.2019-cu il tarixli, MK/77669/71/13 saylı kredit sazişi müqaviləsi üzrə 13000 manat əsas, 4879,92 manat faiz borcunun ödənişinin xx.xx.2019-cü il tarixdən başlayaraq hər ay 496,48 manat, sonuncu ay 503,12 manat olmaqla xx.xx.2022-ci il tarixdə başa çatdırılması nəzərdə tutulmuşdur. İşdə olan, İddiaçı ASC ilə Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2021ci il tarixli razılaşmadan görünür ki, kredit sazişi üzrə müqavilənin müddəti xx.xx.2022-ci il tarixdən etibarən 5 ay müddətinə uzadılmış, cavabdehlər üçün razılaşdırılmış qaydada güzəşt müddəti təyin edilmişdir. İşdə olan, razılaşma əsasında imzalanmış Əlavə-1 ödəniş cədvəlindən görünür ki, 13000 manat əsas, 6331,65 manat faiz borcunun ödənişinin xx.xx.2019-cu il tarixdən başlayaraq xx.xx.2020-ci il tarixədək hər ay 496,48 manat, xx.xx.2020-xx.xx.2021-ci il tarixlərdə 0 manat, 12.02.-xx.xx.2021-ci il tarixlərdə iki ay 181,97 manat, xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək hər ay 496,48 manat, sonuncu ay 590,91 manat olmaqla xx.xx.2023-cü il tarixdə başa çatdırılması nəzərdə tutulmuşdur. İşdə olan xx.xx.2022-ci il tarixli bildirişlərdən görünür ki, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 3 gün ərzində kredit borcunun ödənilməsi tələb olunmuş, əks halda müqavilənin ləğv ediləcəyi də daxil olmaqla məsuliyyət tədbirləri barədə məlumat verilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh3 xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən iddiaçıya 6444,89 manat əsas, 795,88 manat faiz, cəmi 7240,77 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən...öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Yenə həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Habelə həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o kredit müqaviləsi adlandırılır. Məhkəmə iclasında müəyyən edildi ki, xx.xx.2019-cu il tarixli, MK/77669/71/13 saylı kredit sazişi müqaviləsi üzrə cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 iddiaçıya 6444,89 manat əsas, 795,83 manat faiz, cəmi 7240,77 manat borcu yaranmış, lakin həmin borcu indiyədək ödənilməmişdir.Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, kredit müqaviləsi ləğv edilməklə qeyd olunan borc məbləği cavabdehlərdən birgə qaydada tutulub iddiaçının hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İstinad olunan Məcəllənin 217.4-cü maddəsində isə deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.İddia tələbi təmin edildiyindən cavabdehlərdən 93 manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. xx.xx.20219-cu il tarixli, MK/77669/71/13 saylı kredit müqaviləsi ləğv edilsin, müqavilə üzrə cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 birgə qaydada 6444,89 manat əsas, 795,88 manat faiz, cəmi 7240,77 (yeddi min iki yüz qırx manat yetmiş yeddi qəpik) manat borc və 93 (doxsan üç) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №e-2(054)-38/2023
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-38/2023
23.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver