Məhkəmə qərarları › İş №e-2(054)-39/2023

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-39/2023

27.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-39/2023 27.01.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı 150 manat borc pulun tutulması tələbinə dair mülki işə Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı 150 manat borc pulun cavabdehdən tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, Cavabdeh iddia ərizəsində göstərilmiş ünvanına göndərilmiş məhkəmə bildirirşi zərfin üzərinə əlavə edilmiş”F-20”-də “bu ünvanda yaşamır” qeydi yazılmaqla məhkəməyə geri qaytarılmış, onun qeydiyyat ünvanına uyğun olaraq Oğuz rayon İHB Yaqublu İƏD üzrə nümayəndəliyinə göndərilmiş məhkəmə bildirişinə cavab olaraq nümayəndəlik xx.xx.2022ci il tarixli, 39 saylı və xx.xx.2023-cü il tarixli, 01 saylı məktublarla Cavabdeh ərazidə yaşamadığını, əraziyə gəldiyi vaxt vətəndaşa gələn məktubların ona veriləcəyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, Laçın rayonu Ələkçi kəndində qeydiyyatda olmaqla məcburi köçkün kimi Şəki rayon Yeni Cələbixan qəsəbəsində məskunlaşmışdır. 2019-cu ilin payız ayları ərəfəsində cavabdehə 150 manat borc pul vermiş, cavabdeh pulu tez bir zamanda qaytaracağına söz versə də, vədinə əməl etməmişdir. Cavabdehin ona borclu olduğuna dair heç bir sübutu yoxdur, amma məhkəməyə dəvət edilib dindirilsə, ona borcu olduğunu etiraf edəcəkdir. Cavabdehi polis vasitəsilə axtarmaq lazımdır, onun olduğu yerlər kafelər, yeməkxanalar və s. bu kimi yerlərdir. İddia tələbinin təmin edilməsi, 150 manat borc pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia aşağıdakılara əsasən təmin edilməməlidir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə olunmuş AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1978-ci il tarixdə Azərbaycan Respublikası Laçın rayonu, Ələkçi kəndində anadan olmuş, yaşayış yeri Laçın rayonu Ələkçi kəndidir. İşə əlavə olunmuş 063327 saylı vəsiqənin surətindən görünür ki, İddiaçı ümumi xəstəlikdən 1-ci qrup əlildir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən bir şəxs(borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Yenə həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə iclasında müəyyən edildiyi kimi iddiaçı cavabdehdən 2019-cu ildə ona verdiyi 150 manat borc pulu tələb etsə də, bununla bağlı sübutlarını məhkəməyə təqdim etməmiş, cavabdeh özü məhkəməyə gələrsə borclu olduğunu etiraf edəcəyini bildirmişdir. Məhkəmə sorğularına cavab olaraq icra nümayəndəliyi tərəfindən cavabdehin qeydiyyat ünvanı üzrə yaşamadığı və yaşayış yerinin məlum olmadığı müəyyən edilmişdir. Hazırki iş üzrə sübutetmə yükünün iddiaçının üzərinə düşdüyü, dəfələrlə tələb edilsə də, iddiaçı tərəfindən tələbə aid sübutların təqdim olunmadığı (sübutun olmadığı) nəzərə alınmaqla məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Yenə Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. (§93) Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yenə həmin Məcəllənin 217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilən Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki iş üzrə iddiaçı məcburi köçkün olmaqla dövlət rüsumu ödənilmədiyindən dövlət rüsumu dövlət büdcəsinə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı 150 manat borc pulun tutulması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar