Məhkəmə qərarları › İş №e-2(054)-400/2024

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-400/2024

22.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-400/2024 22.07.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ X2 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə kredit borcunun, ona hesablanmış faizlərin qaytarılması tələbinə dair mülki işə 22 iyul 2024-cü il tarixdə Oğuz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ASC (mətndə iddiaçı) Cavabdeh (mətndə cavabdeh) qarşı xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 10052,11 manat əsas, 1030,42 manat faiz, 196,12 manat cərimə borcunun, cəmi 11278,65 manat borcun və 124 manat dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, iddiaçının nümayəndəsi X1 xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş elektron ərizəsi ilə iddianı müdafiə etdiyini bildirmiş, işə iştirakı olmadan işdə mövcud olan sübutlar əsasında baxılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbini bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi X1 məhkəmə hazırrlıq iclasında izahat verərək bildirmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, CP/03125/89/35 saylı kredit sazişi müqaviləsinə əsasən cavabdehə 48 ay müddətinə illik 16,5 % olmaqla 11350 manat məbləğində kredit verilmişdir. Həmin məbləğdən 227 manat komisyon haqq olaraq çıxılmış, qalan 11123 manat onun kartına yüklənmişdir.Cavabdeh qeyd edilən müqavilə ilə üzərinə öhdəlik götürməsinə baxmayaraq ödəniş cədvəlinə əsasən ödənilməli kredit və faizləri banka ödəməkdən yayınmışdır. Belə ki, kredit borcu üzrə sonuncu ödəniş 06 sentyabr 2023-cü il tarixdə aparılmışdır. Qeyd edilənlərə əsasən və mülki qanunvericilik normaları rəhbər tutulmaqla kredit müqaviləsi üzrə 10052,11 manat əsas, 1030,42 manat faiz, 196,12 manat cərimə, cəmi 11278,65 manat borcun və 124 manat dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında Cavabdeh iddia tələbini qəbul edərək bildirmişdir ki, həqiqətən İddiaçı ASC ilə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən 11350 manat məbləğində kredit götürmüş, həmin məbləğdən komisyon haqq çıxıldıqdan sonra qalan məbləğ onun kartına köçürülmüşdür. Kredit götürərkən işlədiyindən müqavilə ilə müəyyən edilmiş aylıq ödənişi bir müddət ödəniş cədvəlinə uyğun olaraq həyata keçirmişdir. Sonra onu qəfil işdən çıxartdıqlarından kreditin ödənişini davam etdirə bilməmişdir. Götürdüyü kreditin yarısını digər borclarına, yarısını isə müalicə xərclərinə sərf etmişdir. Vaxt verilsə borcunun hissələrlə ödənişini həyata keçirəcəkdir. Qanuni qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, mübahisənin həllində tətbiq edilməli olan hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İşdə olan xx.xx.2022-cu il tarixli, CP/03125/89/35 saylı kredit sazişindən, 5004 saylı balansdankənar məxaric orderindən, 3016 saylı kassa məxaric orderindən və İddiaçı ASC-nin qəbzindən görünür ki, Cavabdeh illik 16,50 faiz dərəcəsi ilə 48 ay müddətinə 11350 manat nağd pul krediti verilmiş, saziş bankın Yasamal filialının nümayəndəsi və müştəri Cavabdeh tərəfindən imzalanmış, müştəriyə bir ədəd “X4” hesab kartı verilmiş, 227 manat komisyon haqq çıxıldıqdan sonra 11123 manat pul karta köçürülmüşdür. İşdə olan Əlavə 1-ödəniş cədvəlindən görünür ki, xx.xx.2022-ci il tarixli kredit sazişi müqaviləsi üzrə 11350 manat əsas, 4234,87 manat faiz borcunun ödənişinin xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay 324,58 manat, sonuncu ay 329,61 manat olmaqla xx.xx.2026-cı il tarixdə başa çatdırılması nəzərdə tutulmuşdur. İşdə olan xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, kredit müqaviləsinin birtərəfli qaydada ləğv edildiyi bildirilməklə Cavabdeh kredit borcunun ödənilməsi tələb olunmuş, əks halda məsuliyyət tədbirləri barədə məlumat verilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən iddiaçıya 10052,11 manat əsas, 1030,42 manat faiz, 196,12 manat cərimə borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən...öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Yenə həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Habelə həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müqavilə münasibətləri yaranan vaxt qüvvədə olmuş 739.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o kredit müqaviləsi adlandırılır.(xx.xx.2023-cü il tarixədək qüvvədə olmuş redaksiyada) Məhkəmə araşdırması ilə müəyyən edildi ki, xx.xx.2022-ci il tarixli, CP/03125/89/35 saylı kredit sazişi müqaviləsi üzrə Cavabdeh iddiaçıya 10052,11 manat əsas, 1030,42 manat faiz, 196,12 manat cərimə olmaqla cəmi 11278,65 manat borcu yaranmış, lakin həmin borc indiyədək ödənilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, qeyd olunan borc məbləği cavabdehdən tutulub iddiaçının hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İstinad olunan Məcəllənin 217.4-cü maddəsində isə deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən cavabdehdən 124 manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. xx.xx.2022-ci il tarixli, CP/03125/89/35 saylı kredit müqaviləsi üzrə Cavabdeh 10052,11 manat əsas, 1030,42 manat faiz, 196,12 manat cərimə, cəmi 11278,65 (on bir min iki yüz yetmiş səkkiz manat altmış beş qəpik) manat kredit borcu və 124 (bir yüz iyirmi dörd) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar