Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-415/2023 15.09.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ X4 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Mustafayev Dəyanət Musa oğlunun, Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı Oğuz rayonu Muxas kəndində, cavabdehlərə məxsus həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evində maneəsiz yaşamağına-bütün kommunallardan (işıq, qaz və su) maneəsiz istifadəyə cavabdehlər tərəfindən edilən maneənin aradan qaldırılması tələbinə dair mülki işə 15 sentyabr 2023-cü il tarixdə Oğuz şəhərində Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı (iddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 (cavabdehlər) qarşı Oğuz rayonu Muxas kəndində, cavabdehlərə məxsus həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evində maneəsiz yaşamağına-bütün kommunallardan (işıq, qaz və su) maneəsiz istifadəyə cavabdehlər tərəfindən edilən maneənin aradan qaldırılması tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbini bildirməmişlər. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, Cavabdeh1 oğlu-Cavabdeh3la 2001-ci ildə el adəti ilə ailə qurub, sonra rəsmi nikaha daxil olub, birgə nikahdan xx.xx.2002-ci ildə qızı İqlimə, xx.xx.2003-cü ildə qızı Aişə, xx.xx.2007-ci ildə qızı Songül doğulub. Böyük qızı ərdədir, o isə digər qızları ilə birgə gəlin köçdüyü evdə yaşayır. Evin yerləşdiyi həyətyanı torpaq sahəsi torpağın mülkiyyətə verilməsinə dair JN 012F kod 40503028 saylı şəhadətnaməyə əsasən cavabdehlərin mülkiyyətində olsa da həmin evin mülkiyyət sənədləri yoxdur. Cavabdeh3la nikahları xx.xx.2022-ci ildə məhkəmə qaydasında pozulub, Songülün yetkinlik yaşına çatanadək saxlanılması üçün 140 manat alimentin atadan tutulması qərara alınıb. Oğuz rayon Muxas kəndində qeydiyyatda olmaqla 22 ildir ki, mübahisəli evdə yaşayır. Muxas kənd uşaq bağçasında xadimə işləyir. Yaşamaq üçün başqa yeri yoxdur. Cavabdeh1 onun evdən və torpaq sahəsindən çıxarılması tələbinə dair iddiası Oğuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə təmin edilməyib. Həmin vaxt onu və uşaqlarını evlə təmin etsələr evdən çıxmağa razı olduğunu bildirmişdir. Hazırda yaşadığı evdən Cavabdeh3la birlikdə istifadə edirlər, belə ki, ev iki otaq, bir şüşəbənddən ibarət olmaqla eyni pilləkənlə evə çıxırlar, o, övladları ilə bir otaqdan istifadə edir. Evin qalan hissələri Cavabdeh3dır.Otağa ümumi seyvandan keçib gedirlər. Digər cavabdehlər-qaynanası Cavabdeh1 və qaynı Cavabdeh2 onların yaşadığı binaya aidiyyəti yoxdur, çünki onlar həyətdə olan başqa binada yaşayırlar. Buna baxmayaraq hər üç cavabdeh onun evdən istifadəsinə maneə yaradırlar, belə ki, məhkəmə qərarından sonra cavabdehlər onun yaşadığı otağın işığını kəsmişlər, qazdan və sudan istifadəsinə maneələr yaratmaqda davam edirlər. Buna görə də məhkəməyə müraciət etmişdir. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil bildirdi ki, iddiaçı ilə Cavabdeh3 arasında nikah 2001-ci ildə bağlanıb, onların həmin nikahdan 3 qızı doğulub, biri azyaşlıdır. Nikah bağlanarkən evin sənədi olmamışdır, buna görə də iddiaçının evdən istifadə hüququ ilə bağlı rəsmi sənəd əldə etməsi mümkün olmamışdır, bu isə onun təqsiri deyil. Cavabdeh 22 ildir ki, mübahisə predmeti olan evdə yaşayır, onun mənzildən normal istifadə hüququ yaranmışdır, yəni Azərbaycan Respublikasının Konstitusiyasına, mülki və mənzil qanunvericiliyinə əsasən iddiaçıya yaşadığı evdə bütün mənzil-məişət şəraiti yaradılmalıdır. Buna baxmayaraq cavabdehlər iddiaçının işığını, suyunu, qazını kəsməklə onu bezdirməyə çalışırlar. Əslində Cavabdeh3 iddiaçı üçün nə isə etmək istəsə belə anası buna imkan vermir. Cavabdehlər hazırda evin mülkiyyətçisi deyillər, evin sənədi yenə də yoxdur. Buna görə də iddiaçı və cavabdehlərin hər birinin hüququ bərabər sayılır, yəni iddiaçı da bütün kommunal xidmətlərdən eyni qaydada istifadə etməlidir. İddiaçı və Cavabdeh3 öz aralarında məsələni sülh yolu ilə həll edə bilərlər, çünki yaşadıqları ev yalnız onlara məxsusdur. Cavabdeh3 birgə nikah zamanı əldə edilmiş əmlakın bölgüsü ilə bağlı məhkəməyə müraciət edə bilər.Qeyd edilənləri və qüvvədə olan qanunvericiliyin tələblərini nəzərə almaqla iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh3 məhkəmə iclasında izahat verərək bildirdi ki, iddiaçı birgə nikah dövründə əldə etdikləri 4 baş malın hamısını aparıb qardaşının evində saxlayıb. Əgər iddiaçı onun təklifinə razı olub 2 malın dəyərini ona versəydi, su, işıq və qaz kəsilməyəcəkdi. Özünün hazırda banka 4500 manat borcu var. Əgər iddiaçı onun şərtlərinə uyğun hərəkət etsə, o zaman pilləkəni də ayıracaq, iddiaçıya bütün şəraiti yaradacaq, onu qaz, su və işıqla təmin edəcək, hətta ondan kommunal xərcləri də tələb etməyəcək. Əks halda ona heç nədən istifadəyə imkan verməyəcək. İddianın rədd edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçı tərəfin və Cavabdeh3 izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək bilavasitə məhkəmə iclasında tədqiq edilən sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1982-ci ildə Şəki rayonu Aşağı Daşağıl kəndində anadan olmuş, yaşayış yeri Oğuz rayonu, Muxas kəndidir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Cavabdeh3 xx.xx.1977-ci ildə Oğuz rayonu Muxas kəndində anadan olmuş, yaşayış yeri Oğuz rayonu, Muxas kəndidir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Cavabdeh1 xx.xx.1939-cu ildə Oğuz rayonu Muxas kəndində anadan olmuş, yaşayış yeri Oğuz rayonu, Muxas kəndidir. İşə əlavə edilmiş JN 012F (kod ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 52 saylı qərarı ilə X1, Cavabdeh1, Cavabdeh2 və İsmayılov Ramil (Ramin) İsmayıl oğluna 0,23 ha həyətyanı torpaq sahəsi verilmişdir. Oğuz Rayon Məhkəməsinin işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, e-2(054)- 171/2022 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh3 ilə cavabdeh İddiaçı arasında Şəki rayon Qeydiyyat şöbəsində xx.xx.2001-ci il tarixdə 10 sayla qeydə alınmış nikah pozulmuş, birgə nikahdan xx.xx.2007-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 140 manat alimentin iddiaçıdan tutulub cavabdehə verilməsi qət edilmişdir. Oğuz Rayon Məhkəməsinin işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 2(054)-78/2023 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı, qarşılıqlı iddia üzrə Cavabdeh1 cavabdeh, qarşılıqlı iddia üzrə İddiaçı qarşı cavabdehin Oğuz rayon Muxas kəndində yerləşən, ona məxsus olan fərdi yaşayış evindən və evin yerləşdiyi 0,23 ha torpaq sahəsindən çıxarılması tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə İddiaçı qarşılıqlı iddia üzrə Cavabdeh1 qarşı onun cavabdehə məxsus yaşayış evinə istifadə hüququnun tanınması, evdən və torpaq sahəsindən istifadə hüququna maneələrin aradan qaldırılması tələbinə dair qarşılıqlı iddiası təmin edilməmişdir. Oğuz Rayon Məhkəməsinin işə əlavə edilmiş 13 iyun 2023-cü il tarixli, 16 (054)- 05/2023 saylı qərardadından görünür ki, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı Oğuz rayonu Muxas kəndində cavabdehlərə məxsus torpaq sahəsində yerləşən fərdi yaşayış evində maneəsiz yaşamağına, bütün kommunal xidmətlərdən (qaz, işıq, su) maneəsiz istifadəsinə cavabdehlər tərəfindən maneənin aradan qaldırılması tələbinə dair mülki iş üzrə ərizəçi İddiaçı müvəqqəti təminat tədbiri kimi yaşadığı, Oğuz rayonu Muxas kəndində cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 mülkiyyətində olan torpaq sahəsində yerləşən yaşayış evinin işıqlarının məcburi qaydada qoşulması barədə ərizəsi təmin edilmiş, iş üzrə yekun qərar çıxarılanadək ərizəçinin yaşadığı fərdi yaşayış evində elektrik xətlərinin qoşulmasına maneə cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2, onlarla yaşayan digər şəxslərə qadağan edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 31-ci maddəsinə əsasən hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır. Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin həyatına, fiziki və mənəvi sağlamlığına, mülkiyyətinə, mənzilinə qəsd etmək, ona qarşı zor işlətmək qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Bu hüququn təminatlarından biri kimi Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsini nəzərdə tutur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində qanuni əsaslarla olan şəxslər mülkiyyətçi, kirayəçi qismində və qanunvericiliklə nəzərdə tutulmuş digər əsaslarla yaşamaq üçün yaşayış sahəsini sərbəst seçmək hüququna malikdirlər. Həmin Məcəllənin 3.1-ci maddəsinə əsasən mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdırıla bilər. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimin yaşadığı sahədən istifadə hüququ, o cümlədən kommunal xidmətlərdən istifadə etmək hüququ məhdudlaşdırıla bilməz. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən mənzil hüquqlarının müdafiəsi aşağıdakı üsullarla həyata keçirilir: 9.2.1. mənzil hüququnun tanınması; 9.2.2.mənzil hüququnun pozulmasınadək mövcud olan vəziyyətin bərpası və bu hüququ pozan və ya onun pozulması təhlükəsini yaradan hərəkətlərin qarşısının alınması. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı Cavabdeh3la 2001-ci ildə nikaha daxil olmaqla cavabdehlərin Oğuz rayonu Muxas kəndində qanuni əsaslarla mülkiyyətində olan 0,23 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə gəlin gəlmiş, 22 il müddətində həmin evdə yaşamaqda davam edir. İddiaçının rəsmi yaşayış yeri də həmin ünvandır. 2022-ci ildə iddiaçının Cavabdeh3la olan nikahı məhkəmə qaydasında pozulmuşdur. İddiaçı iki qızı ilə eyni ünvanda yaşayır. Oğuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı torpaqdan və evdən çıxarılması tələbi təmin edilməmişdir. Göründüyü kimi hal-hazırki vəziyyətə uyğun olaraq iddiaçının övladları ilə birgə yaşayış yeri cavabdehlərin mülkiyyətində olan torpaq sahəsində yerləşən, rəsmi dövlət qeydiyyatına alınmamış fərdi yaşayış evidir. Məhkəmə iclasında o da müəyyən edilmişdir ki, iddiaçı və Cavabdeh3 həyətyanı torpaq sahəsində yerləşən ayrıca binada, digər cavabdehlər isə digər binada yaşayırlar. Sonuncu məhkəmə qətnaməsindən sonra cavabdehlər tərəfindən iddiaçının yaşadığı otağın işığı kəsilmiş, həmçinin ona qazdan və sidan istifadəyə maneələr yaradılmışdır. Cavabdeh3 birgə nikah dövründə əldə edilmiş 4 heyvandan ikisinin dəyərinin ona verilməsi şərtilə iddiaçıya hər cür şərait yaradacağını, əks halda ona heç nədən istifadəyə imkan verməyəcəyini bildirir. Beləliklə məhkəmə yuxarıda qeyd edilən qanunvericilik normalarını tətbiq etməklə hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçıya Oğuz rayonu Muxas kəndində, cavabdehlərə məxsus həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evində maneəsiz yaşamağına, bütün kommunallardan (işıq, qaz və su) maneəsiz istifadəyə cavabdehlər tərəfindən edilən maneələr aradan qaldırılmalıdır. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. (§93) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsində isə deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən 100 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. İddiaçı Oğuz rayonu Muxas kəndində, cavabdehlərə məxsus həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evində maneəsiz yaşamağına-bütün kommunallardan (işıq, qaz və su) maneəsiz istifadəsinə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tərəfindən edilən maneələr aradan qaldırılsın. 100 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutulub iddiaçıya verilsin. Oğuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 16(054)-05/2023 saylı qərardadı ilə müəyyən edilmiş müvəqqəti təminat tədbiri iş üzrə yekun məhkəmə qərarı çıxarılanadək qüvvəsində saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №e-2(054)-415/2023
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-415/2023
15.09.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver