Məhkəmə qərarları › İş №e-2(054)-43/2023

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-43/2023

30.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-43/2023 30.01.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil Sadəddin oğlunun, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə məhkəmənin binasında acıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək övladı-18 avqust 2012-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş 100 manat alimentin məbləğinin artırılaraq 193 manat müəyyən edilməsi barədə iddia qaldırmışdır. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında izahat verərək bildirdi ki, iddiaçı və cavabdeh nikahlarını 02 dekabr 2010-cu ildə Oğuz rayon Bucaq kənd icra nümayəndəliyində rəsmiləşdirmişlər. Birgə nikahdan 18 avqust 2012-ci il tarixdə tərəflərin Nuray adlı övladı doğulmuşdur. Oğuz Rayon Məhkəməsinin 14 dekabr 2014-cü il tarixli, 2(054)-378/2014 saylı qətnaməsi ilə tərəflərin nikahı pozulmuş, uşağın saxlanılması üçün cavabdehin qazancından və başqa gəlirlərindən sabit pul məbləğində hər ay 100 manat alimentin tutulması qərara alınmışdır. İndiyədək alimentin bir hissəsi ödənilməyib, yəni cavabdehin ödənilməmiş 1000 manat aliment borcu vardır. Cavabdeh qalıq borcunu məhkəmə iclasınadək ödəmiş olsaydı, iddiaçı alimentin məbləğində güzəşt etmək fikrindədiydi. Hazırki vəziyyətdə isə alimentin məbləği iddia tələbində göstərilən şəkildə müəyyən edilməlidir, çünki iddiaçı işləmir. İddianın təmin edilməsi, cavabdehdən uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin məbləğini artıraraq hər ay 193 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək bildirdi ki, cəmi 1200 manat aliment borcu yığılmış, həmin məbləğdən bir qədər əvvəl 300 manat ödəmiş, xx.xx.2023-cü ildə isə aliment borcundan 200 manat da ödəmiş, həmin qəbzi məhkəməyə təqdim etmişdir. Alimentin artırılması onun maddi vəziyyətinə ciddi təsir edəcək, çünki ikinci dəfə ailə qurmuş, həmin nikahdan 2 övladı doğulmuşdur. Alimentin məbləği artırıldığı təqdirdə təxminən 140-150 manat aliment ödəyə bilər. İddianın qismən təmin edilməsini xahiş etdi. Məhkəmə iddiaçı tərəfin və cavabdehin izahatını dinləyib, iş üzrə müəyyən olunmuş halları tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək, habelə işdə olan sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda qeyd olunanlara əsasən iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası vətəndaşının mülki işə əlavə edilmiş AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1989-cu ildə Azərbaycan Respublikası Oğuz rayon Xaçmaz rayonunda anadan olmuş, yaşayış yeri Oğuz şəhəri, 20 yanvar küçəsi, ev 16-dır. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin mülki işə əlavə edilmiş məlumatlarından görünür ki, Cavabdeh xx.xx.1980-ci ildə Azərbaycan Respublikası Oğuz rayon Bucaq kəndində anadan olmuş, yaşayış yeri Oğuz rayon Bucaq kəndidir. İşə əlavə edilmiş doğum haqqında AZ-İİ 964309 saylı şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2012-ci il tarixdə Oğuz rayonunda anadan olmuş, bu barədə Oğuz rayon Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında xx.xx.2012-ci il tarixdə 186 nömrə iə qeyd edilmş, atası Cavabdeh, anası İddiaçıdır. Oğuz Rayon Məhkəməsinin işə əlavə edilmiş 2(054)-378/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında bağlanmış xx.xx.2010-cu il tarixli nikah pozulmuş, Cavabdeh qazancından və başqa gəlirlərindən sabit pul məbləğində hər ay 100 manat alimentin tutularaq, 18 avqust 2012-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı xeyrinə verilməsi qət edilmişdir. İşə əlavə edilmiş nikahın pozulması haqqında AZ-İ 286018 saylı şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X2 ilə olan nikah pozulmuş, bu barədə Oğuz rayon Qeydiyyat şöbəsində nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2015-ci ildə 41 nömrə ilə qeyd edilmiş, nikah ləğv olunandan sonra kişiyə İsgəndərov, qadına Qarayeva soyadı verilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə görə, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76-cı maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay bir uşağa görə qazancın və valideynlərin başqa gəlirlərinin dörddə bir, iki uşağa görə üçdə bir, üç və daha çox uşağa görə ikidə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Yenə həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq hüquqları haqqında» Qanunun 13-cü maddəsi aidiyyəti orqan və təşkilatların üzərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu təmin edən qərarlar vermək öhdəliyi qoyur. Azərbaycan Respublikasının həmin öhdəliyə uyğun qəbul etdiyi «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Qanunla uşaqlar üçün aylıq yaşayış minimumu 193 manat, 2023-cü il tarixli Qanunla 220 manat nəzərdə tutulmuşdur. Məhkəmə baxışı iclasında müəyyən edildi ki, iddiaçı ilə cavabdehin 2010-cu il tarixli birgə nikahından 2012-ci il tarixdə bir qızı doğulmuşdur.Tərəflərin nikahı 2014-cü ildə pozulmuş, uşağın saxlanılması üçün cəmi 100 manat alimentin cavabdehdən tutulması qət edilmişdir. İddiaçı hazırda alimentin artırılaraq 193 manat məbləğində müəyyən edilməsini tələb edir. Cavabdeh iddia tələbini qismən qəbul edərək ailəli və iki övladı olduğunun nəzərə alınmasını və alimentin məbləğinin 140-150 manat məbləğində müəyyən edilməsini xahiş edir. Məhkəmə qeyd edilənlərə qiymət verərək bildirir ki, valideynlərin uşaqlar üzərində bərabər hüquq və vəzifələrə malik olduğuna dair qanunvericiliyin tələbi, tərəflərin maddi vəziyyəti, iddiaçının himayəsində olan uşağın minimal maddi ehtiyacları, eləcə də cavabdehin himayəsində iki uşağın olduğu, habelə hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun məbləği nəzərə alınmaqla iddia tələbi qismən təmin edilməli, bir uşağın saxlanılması üçün alimentin (vəsaitin) miqdarı artırılmaqla, hər ay 150 manat həddində, sabit pul məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İstinad olunan Məcəllənin 217.4-cü maddəsində isə deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarına əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh qazancından və başqa gəlirlərindən hər ay 150 manat sabit pul məbləğində aliment (vəsait) tutularaq, 18 avqust 2012-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı xeyrinə verilsin. Artırılmış alimentin bu qaydada tutulması qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar