Məhkəmə qərarları › İş №e-2(054)-43/2024

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-43/2024

29.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-43/2024 29.04.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ X4 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə 29 aprel 2024-cü il tarixdə Oğuz şəhərində Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" ASC (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı cavabdehdən 04 may 2021ci il tarixli, BPM **********12 saylı kredit müqaviləsinə əsasən 14918,90 manat əsas, 4793,40 manat faiz, cəmi 19712,30 manat borcun, 150,00 manat dövlət rüsumunun, 0,40 manat bank xidmət haqqının tutulmasına dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə baxış iclasınn vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə işə baxlmasını mümkün hesab etmişdir. Məhkəmə hazırlıq iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini əsaslandıraraq bildirmişdir ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 04 may 2021-ci il tarixli, BPM **********12 saylı kredit (tam kart çərçivə) müqaviləsinə əsasən bank müştərinin adına ikitərəfli ödəniş kartını (ön tərəfi kredit kartı, arxa tərəfi debet və ya əmək haqqı kartı, “Tam kart”) buraxmağı, müştərinin adına bank hesablarını açmağı, müştəriyə “Tam kart”ın qüvvədə olduğu müddətdə istifadə imkanı təqdim edilməklə 30000 manat məbləğinədək, kreditdən istifadəyə görə illik 24 faizədək ödəmək şərtilə kredit limitini ayırmağı, müştəri isə “Tam kart”, eləcə də Hesablar vasitəsilə aparılmış əməliyyatlara, o cümlədən “Tam Kart”dan istifadəyə görə bank xidmətlərinin haqlarını ödəməyi, bank tərəfindən ayrılmış kreditdən 2.3-cü bənddə göstərilmiş təyinatı üzrə (şəxsi ehtiyacların ödənilməsi/istehlak) istifadə etməyi, müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri banka ödəməyi öz öhdəsinə götürür. Beləliklə bank tərəfindən borcluya 36 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə hesablanmaqla 15000 manat məbləğində kredit limiti açılmışdır. Borclu Cavabdeh kredit məbləği üzrə vəsaitdən tam məbləğdə istifadə etmiş, lakin əsas kredit borcunu və hesablanmış faizləri ödəməkdən boyun qaçırır. Yaranmış kredit borcu barədə məhkəmədən kənar qaydada danışıqlar aparılmasına baxmayaraq borclu hazırki vaxtadək öz öhdəliyini yerinə yetirmədiyindən onun banka 04 may 2021-ci il tarixli, BPM **********12 saylı kredit müqaviləsinə əsasən 14918,90 manat əsas, 4793,40 manat faiz, cəmi 19712,30 manat borcu yaranmışdır. Qeyd edilən borcun, 150,00 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının cavabdehdən tutularaq, "xxxx" ASC-yə ödənilməsinə dair iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Həmin məhkəmə iclasında cavabdeh X5 izahat verərək bildirmişdir ki, krediti bankın təklifinə uyğun olaraq “Tamkart” çərçivəsində almışdır. Kredit götürəndə AzTV-də rejissor işlədiyindən əmək haqqı yüksək idi. Həm də həmin vaxt “Yurd” serialının çəkilişləri üçün pul lazım idi.Bir neçə dəfə pul çıxarıb hissə-hissə qaytarmışdır. Daha sonra işçilərin əmək haqqını vermək üçün kartdakı məbləği bütünlüklə çıxartmışdır. İş yerindən ixtisarla əlaqədar işdən çıxarıldığından krediti müqaviləyə uyğun ödəyə bilməmiş, buna görə faizlər yüksək hesablanmışdır.Əsas məbləğə etiraz etmir, ancaq faizin tələb edilən məbləği ilə razı deyil. Buna görə də ekspertiza təyin edilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib sənədləri araşdıraraq işin hallarını nəzərə almaqla və mübahisəli məsələnin həlli baxımından yaranmış sualların ekspert tərəfindən cavablandırılmasının baxılan iş üçün əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, məhkəmə mühasibatlıq ekspertizasının təyin edilməsini məqsədə müvafiq hesab etdiyindən xx.xx.2024-cü il tarixli qərardada əsasən iş üzrə icraat dayandırılmaqla mülki iş ekspertizanın aparılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Mülki iş xx.xx.2024-cü il tarixdə xx.xx.2024-cü il tarixli, 9/1084 saylı ekspert rəyi əlavə edilməklə məhkəməyə daxil olduğundan iş üzrə icraat təzələnmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, iddiaçı nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbini bildirməmişdir. Cavabdeh işə mahiyyəti üzrə baxılmasına dair ərizəsi nəzərə alınmaqla məhkəmə işə baxılmasını mümükn hesab etmişdir. Məhkəmə iclasında cavabdeh əvvəlki məhkəmə iclasında verdiyi izahatını təsdiq etdi, ekspertiza rəyi ilə tanış oldu, əslində rəylə müəyyən edilən nəticəni gözlədiyini bildirdi, iddiaçı ilə qarşılıqlı olaraq razılaşma yolu ilə kredit borcunun işlədiyi teatrdan aldığı əmək haqqına yönəldilməklə ödəmək istədiyini bildirdi və qanuni qərar çıxarılmasını xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, mübahisənin həllində tətbiq edilməli olan hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, BPM **********12 saylı kredit (tam kart çərçivə) müqaviləsindən görünür ki, "xxxx" ASC-nin Səbail filialı tərəfindən Cavabdeh 36 ay müddətinə illik 24% məzənnə ilə 15000 manat məbləğində kredit limiti açılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 6-2-22/2-16788/2023 saylı bildirişdən görünür ki, cavabdehə kreditlə bağlı öhdəliklər 5 gün müddətində tam yerinə yetirilmədiyi təqdirdə məsuliyyət daşıdığı barədə məlumat verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 36 ay müddətinə, illik 24% faizlə açılmış 15000 manat kredit limiti üzrə 21446,69 manat istifadə olunmuş, kredit ödənişi 6527,79 manat əsas, 2138,4 manat faiz hissəsində həyata keçirilmiş, cavabdehin ödənilməmiş əsas borcu 14918,90 manat, faiz borcu 4793,40 manat , cəmi borcu 19712,30 manatdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 9/1084 saylı ekspert rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarışdan göründüyü kimi Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək kredit xəttindən cəmi 21446,69 manat pul vəsaiti istifadə edilmiş və istifadə edilmiş kredit vəsaitinə görə banka xx.xx.2022-ci il tarixədək 8666,19 manat məbləğində ödəniş aparılmışdır. Həmin məbləğdən 6527,79 manat əsas borcdan, 2138,40 manat faiz borcundan silinmiş, Cavabdeh iddiaçıya xx.xx.2023-cü il tarixə 14918,90 manat əsas, 4793,40 manat faiz borcu müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MM) 385.1ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən...öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Yenə həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyələşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Habelə həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o kredit müqaviləsi adlandırılır. (739-cu maddə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə uyğun olaraq xx.xx.2023-cü il tarixədək olan redaksiyada verilib.) Beləliklə, iş materialları ilə təsdiq edilir ki, xx.xx.2021-ci il tarixli, BPM **********12 saylı kredit (tam kart çərçivə) müqaviləsi üzrə cavabdehin iddiaçıya-14918,90 manat əsas, 4793,40 manat faiz, cəmi 19712,30 manat borcu yaranmış, xəbərdarlıq edilsə də, həmin borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilməmişdir. Məhkəmə tərəfindən təyin edilmiş mühasibatlıq ekspertizasının rəyi ilə də cavabdehin iddiaçıya həqiqətən qeyd edilən məbləğdə borcunun yarandığı müəyyən edilmişdir. Məhkəmə iclasında Cavabdeh ekspertiza rəyinə etiraz etməmişdir. Beləliklə məhkəmə ekspertiza rəyini sübut kimi qəbul edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad olunan Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İstinad olunan Məcəllənin 217.4-cü maddəsində deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/1084 saylı ekspertiza rəyi məhkəməyə daxil olmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat olmuşdur. Məhkəmə hesab edir ki, işin qeyd edilən hallarına uyğun olaraq 50 manat ekspertiza xərci cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.İddia tələbi təmin edildiyindən təmin edilmiş məbləğə münasib cavabdehdən 150 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia təmin edilsin. xx.xx.2021-ci il tarixli, BPM **********12 saylı kredit (tam kart çərçivə) müqaviləsi üzrə cavabdeh X3 14918,90 manat əsas, 4793,40 manat faiz, cəmi 19712,30 (on doqquz min yeddi yüz on iki manat otuz qəpik) manat kredit borcu, 150,00 (bir yüz əlli) manat dövlət rüsumu, 0,40 (qırx qəpik) manat bank xidmət haqqı alınaraq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. İş üzrə aparılmış tədqiqatın dəyəri olan 50 manat ekspertiza xərci Cavabdeh tutulub dövlət büdcəsinə (SAP (XİİS) hesabı X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 Məhkəmə Ekspertizası Mərkəzi: VÖEN **********, AZ34CTRE******************** ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə 2 saylı “Əlavə”yə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar