Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-43/2025 11.06.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi, İşin halları İddiaçı “X1” ASC Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı “X1” ASC-nin xeyrinə 6096,4 manat məbləğində əsas borcun, 1076,84 manat məbləğində faiz borcunun, 68,47 manat məbləğində cərimə borcunun, cəmi 7241,71 manat borcun və 92,82 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün xx.xx.2027-ci il tarixədək illik 27,50% ödəmək şərtilə 7000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2024-cü il, bazar tarixinə "xxxx" KB ASC-yə 6096,4 manat əsas, 1076,84 manat faiz, 68,47 manat cərimə borcu olmaqla, cəmi 7241,71 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Proses iştirakçılarının izahatı İddiaçı “X1” ASC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və ərizə ilə məhkəməyə müraciət edərək iştirakları olmadan işə baxılaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, həqiqətən 2022-ci ildə iddiaçı ilə aralarında bağlanmış kredit müqaviləsinə əsasən ona 7000 manat kredit verilmişdir. Kredit götürərkən əlillik dərəcəsi olmuş, həm də iş yeri olduğundan və əmək haqqı aldığından borcunu ödəyəcəyini zənn etmişdir. Sonralar əlillik dərəcəsi götürüldüyndən maddi vəziyyəti pisləşmişdir. Banka yaxınlaşmış, müddəti uzadaraq ödənişin ayda 100 manat olmaqla ödənilməsinə köməklik edilməsini xahiş etmişdir. Bunun mümkün olmadığını demişlər. Təxmini hesablamalarına görə 2024-cü ilin əvvəllərinədək ödəniş aparmışdır. Əsas məbləği qəbul edir, lakin belə hesab edir ki, faiz məbləği çox hesablanmışdır. Ekspertiza təyin edilməsini xahiş etmişdir. Cavabdeh iş üzrə məhkəmə-mühasibatlıq ekspertizaları keçiriləndən sonra təyin edilmiş növbəti məhkəmə iclasında izahat verərək göstərdi ki, ekspertiza rəyi ilə tanış olmuşdur. Borcu olduğunu qəbul edir. Özünün və uşağının xəstəliyinin aylıq ödənişlər etdiyi zaman nəzərə alınmasını xahiş edir. İddia ərizəsinə etirazın dəlilləri Cavabdehin iddiaya qarşı yazılı etirazı daxil olmamışdır. İş materiallarına əlavə olunmuş sənədlər -"xxxx" KB ASC-nin xx.xx.2021-ci il tarixli Ümumi Oferta müqaviləsinin (bank xidmətlərinin təqdilm edilməsinə dair) şərtlərinin Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə qəbul edilməsinə dair ərizədən və cavabdehin mobil telefon nömrəsinə göndərilmiş SMS bildirişdən görünür ki, X1” ASC tərəfindən cavabdehə xx.xx.2022-ci il tarixdə xx.xx.2027-ci il tarixədək, 29,5 faiz dərəcəsi ilə 7000 manat məbləğində kredit xətti açılmışdır. - xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 8591nkSHEKb/22 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə "xxxx" KB ASC-yə 6096,4 manat əsas, 1076,84 manat faiz, 68,47 manat cərimə olmaqla cəmi 7241,71 manat məbləğində borcu vardır. - iddiaçı tərəfindən cavabdehə göndərilmiş xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, 8591nkSHEKb/22 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərini yetirmədiyinə görə xx.xx.2024-cü il tarixinə 6096,4 manat əsas, 717,46 manat faiz, 27,51 manat cərimə, cəmi 6841,37 manat borcunun yarandığı bildirilmiş, yaranmış borcun 3 iş günü müddətində tam olaraq ödənilməklə aralarında bağlanmış kredit müqaviləsinin 3 iş günü müddətində ləğv edilməsi təklif edilmiş,əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. - dövlət rüsumunun ödənilməsinə dair ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən 92,42 manat məbləğində dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı ödənilmişdir. - xx.xx.2025-ci il tarixli 9/374 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixli 8591nkSHEKb/22 nömrəli kredit müqaviləsi üzrə iddiaçıya olan borcun miqdarı xx.xx.2024-cü il tarixədək əsas borc üzrə 6118,09 manat, faiz borcu üzrə 1060,89 manat miqdarındadır. (Aparılmış ekspertiza tədqiqatının dəyəri 100,00 manat təşkil edir). Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -389.1-ci maddəsinə əsasən Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. -399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. -405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. - 408.1 və 408.2-ci maddələrinə əsasən müqavilə bağlanması haqqında təklif (oferta) o zaman verilmiş sayılır ki, bir və ya bir neçə şəxsə ünvanlanmış bu təklifdə onu vermiş şəxsin (oferentin) razılıq (aksept) olduqda, öz təklifinin icrasına hazır olduğu ifadə edilsin. Ofertada müqavilənin mühüm şərtləri əks olunmalıdır. Şəxslərin qeyri-müəyyən dairəsinə ünvanlanmış təklifdə (o cümlədən reklamda) bilavasitə ayrı qayda göstərilməyibsə, bu təklif ofertaya dəvət sayılır - 409.1-ci maddəsinə əsasən ofertanın ünvanlandığı şəxsin ofertanı qəbul etməsi haqqında cavabı aksept sayılır. Aksept tam və qeyd-şərtsiz olmalıdır. -421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. -421.3-cü maddəsinə əsasən Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. -425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. -447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. -743.2-ci maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. -740.1-ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. -740.2-ci maddəsinə əsasən bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun - 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. -88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. -107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. -119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir Məhkəmənin mövqeyi Məhkəmə iddiaçının nümayəndəsi izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı tərəfindən kreditin verilməsi ilə bağlı göndərilmiş oferta şərtlərinə uyğun qaydada cavabdeh tərəfindən verilmiş razılıq əsasında onlar arasında kredit verilməsi haqqında 8591nkSHEKb/22 saylı kredit müqaviləsi bağlanmış və həmin kredit müqaviləsinə əsasən cavabdehə iddiaçı tərəfindən xx.xx.2027-ci il tarixədək illik 27,50 faiz ödəmək şərtilə 7000 manat məbləğində kredit verilmişdir. Kreditalan (cavabdeh) kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş və kredit müqaviləsi şərtlərini pozmuşdur. Onun iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi vardır. Məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda iddiaçı ilə bağladığı müqavilə əsasında kredit məbləğini, həmin müqavilə ilə müəyyən edilmiş faizləri və cərimələri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, o, kredit əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsait(lər)ini və həmin kredit(lər)dən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Belə olan halda, iddiaçı verdiyi kredit üzrə əsas borcu, faizləri və cəriməni tələb etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, iddia tələbi əsas borc hissəsində əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə qeyd edir ki, iş üzrə Oğuz rayon məhkəməsinin qərdadı əsasında məhkəmə mühasibatlıq ekspertizası təyin olunmuş, ekspert rəyi ilə cavabdehin müqavilə üzrə xx.xx.2024-cü il tarixə əsas borc üzrə məbləğin 6118,09 manat, faiz borcu üzrə isə 1060,89 manat olduğu müəyyən edilmişdir. İddiaçının iddia tələbində əsas borc üzrə üzrə tələb etdiyi məbləğ ekspertin müəyyən etdiyi məbləğdən daha az məbləğ təşkil edir. Məhkəmə ekspertizanın qeyd olunan kredit müqaviləsi üzrə əsas borc hissəsində ekspert rəyi ilə razılaşmır. Belə ki, məhkəmə iddia tələbindən kənara çıxa bilmədiyindən, hesab edir ki, iddiaçının iddia tələbi əsas borc hissəsində təmin edilməlidir. Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə həmçinin ekspert rəyi ilə xx.xx.2024-cü il tarixə olan faiz borcu hissəsində razılaşsa da, həmin rəydən də göründüyü kimi qeyd edilən məbləğlər müqavilənin ləğv edildiyi, yəni xx.xx.2024-cü il tarixə deyil, məhz maliyyə arayışının tərtib edildiyi xx.xx.2024cü il tarixə uyğun olaraq hesablandığından ekspertizanın verdiyi xx.xx.2025-ci il tarixli 9/374 nömrəli rəyi sübut növü kimi qəbul etmir. Məhkəmə hesab edir ki, cavabdehdən əsas borca hesablanmış faizlərin və cərimənin tutulmasına dair iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə tam əsaslı deyildir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Həmçinin həmin qərara əsasən kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina edilməsi, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir. Odur ki, kredit müqaviləsi kimi icrası davamlı olan öhdəlik münasibətlərində müqavilədən imtina ləğvetmədə olduğu kimi, ancaq imtinadan sonrakı dövr üçün öhdəlikləri aradan qaldırır. Məhkəmə, Konstitusiya Məhkəməsinin hüquqi mövqelərindən çıxış edərək bildirir ki, kredit müqaviləsinin ləğvi və ya kredit müqaviləsindən imtina zamanı tərəfin iradə ifadəsinin təfsiri zamanı həmin ifadənin həqiqi məzmunu və hüquqi niyyət təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Bu zaman yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motivin də nəzərə alınması zəruridir. Məhkəmə qeyd edir ki, iddiaçının iş üzrə cavabdehə ünvanlandığı xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, cavabdehdən xx.xx.2024-cü il tarixə banka olan 6096,4 manat əsas, 717,46 manat faiz, 27,51 manat cərimə, cəmi 6841,37 manat məbləğində borcun tam şəkildə tələb edilməklə aralarında bağlanmış müqavilənin ləğv etməsi bildirilmişdir. Bununla da müəyyən olunur ki, xx.xx.2024-cü il tarixli bildiriş əsasında iddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinə xx.xx.2024-cü il tarixdə birtərəfli qaydada xitam verilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehdən həmin tarixə yaranmış borc tutulmalıdır. Odur ki, sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən, məhkəmə hesab edir ki, cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdehdən xx.xx.2024-cü il tarixə olan 6096,4 manat əsas, 717,46 manat faiz, 27,51 manat cərimə, cəmi 6841,37 manat məbləğində borc tutulmaqla iddia qismən təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki ödənilmiş dövlət rüsumuna görə cavabdehdən iddiaçının xeyrinə 92,42 manat və 0,40 manat xidmət haqqı tutulmalıdır. Beləliklə, məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməklə, Cavabdeh 6096,4 manat məbləğində əsas borc, 717,46 manat məbləğində faiz borcu, 27,51 manat məbləğində cərimə, cəmi 6841,37 manat məbləğində borc və dövlət rüsumunun ödənilməsinə görə 92,42 manat, 0,40 manat xidmət haqqı tutularaq iddiaçı “X1” ASC-nə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, hazırki iş üzrə məhkəməyə müraciət etmək üçün ödənilmiş 92,42 manat dövlət rüsumunun 86,87 manatdan ibarət hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, dövlət rüsumunun 5,55 manatdan ibarət hissəsi isə iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə və işin faktik hallarına görə məhkəmə iş üzrə ekspertiza xərci olan 100 manat məbləğin də 94 manatdan ibarət hissəsinin cavabdehdən, 6 manatdan ibarət hissəsinin isə iddiaçıdan tutulmasını qanunauyğun hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 222 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 6096,4 manat məbləğində əsas borc, 717,46 manat məbləğində faiz borcu, 27,51 manat məbləğində cərimə, dövlət rüsumunun ödənilməsinə görə 86,87 manat, 0,40 manat xidmət haqqı olmaqla, ümumilikdə 6928,64 manat tutularaq iddiaçı “X1” ASC-nə ödənilsin. Məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumunun 5,55 manatdan ibarət hissəsi iddiaçı “X1” ASC-yə aid edilsin. İş üzrə 100,00 manat ekspertiza xərcinin 94,00 manatdan ibarət hissəsi Cavabdeh, 6,00 manatdan ibarət hissəsi isə iddiaçı “X1” ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Oğuz Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Emin Məmmədli
Məhkəmə qərarları › İş №e-2(054)-43/2025
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-43/2025
11.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver