Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-449/2022 28.10.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Оğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, X1 kаtibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsinin ləğv edilməsi və müqavilə üzrə kredit borcunun ödənilməsi tələbinə dair mülki işə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: TƏSVİRİ HİSSƏ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2019-cu il tarixli 007A********** nömrəli kredit müqaviləsinin ləğv edilməsi və həmin müqavilə üzrə 3381,85 manat əsas borc, 516,52 manat faiz borcu, 334,52 manat cərimə - cəmi 4232,89 manat borc və 62,40 manat dövlət rüsumu məbləğinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının etibarnamə üzrə nümayəndəsi X2 məhkəmə iclaslarına gəlməmiş, məhkəməyə göndərdiyi ərizədə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılaraq iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 007A********** nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə aylıq faiz dərəcəsi 1,75 % olmaqla 36 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit üzrə əsas borcu və faiz borcunu ödəniş planına uyğun tam şəkildə ödəməklə müqavilə ilə müəyyən edilmiş müddətdə cəmi 6816,88 manat məbləği iddiaçının hesabına ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh kreditin ödənişi qaydalarına lazımi qaydada riayət etməmişdir. Hazırda cavabdehin iddiaçıya 3381,85 manat əsas borc, 516,52 manat faiz borcu, 334,52 manat cərimə - cəmi 4232,89 manat borcu vardır. Cavabdehə rəsmi xəbərdarlıq edilsə də, o, kredit borcunun ödənilməsi ilə əlaqədar onunla iddiaçı arasında bağlanmış müqavilədən irəli gələn öhdəliklərini icra etməmişdir. Kredit müqaviləsinin şərtinə əsasən həmin müqavilənin müddəaları borcalan tərəfindən yerinə yetirilmədikdə, borcverən müqavilə üzrə öhdəliklərin vaxtından əvvəl icra edilməsini tələb edə bilər. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə məhkəməyə müraciət edilmiş, məhkəməyə müraciət etmək üçün 62,40 manat dövlət rüsumu ödənilmişdir. Hazırda iddiaçı xx.xx.2019-cu il tarixli 007A********** nömrəli kredit müqaviləsinin ləğv edilməsi və həmin müqavilə üzrə 3381,85 manat əsas borc, 516,52 manat faiz borcu, 334,52 manat cərimə - cəmi 4232,89 manat borc və 62,40 manat dövlət rüsumu məbləğinin cavabdehdən iddiaçının xeyrinə tutulmasını tələb edir. Cavabdeh iddia tələbini qismən qəbul etdiyini bildirdi və məhkəmə iclasında izahat verərək göstərdi ki, onunla iddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli 007A********** nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən ona aylıq faiz dərəcəsi 1,75 % olmaqla 36 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin tərkib hissəsi olan ödəniş planı əsasında o, əsas borc və faiz borcunu müqavilə ilə müəyyən edilmiş müddətdə tam ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsi bağlandıqdan sonra o, bir müddət aylıq ödənişləri vaxtında həyata keçirsə də, sonradan ailəsində olan problemlərlə bağlı maddi imkansızlıq üzündən iddiaçının hesabına vəsait ödəyə bilməmişdir. O, iddiaçıya olan əsas borc və faiz borcunu hissə-hissə ödəyəcəkdir. Kredit müqaviləsinin ləğv edilməsinə də etiraz etmir. Lakin hesab edir ki, iddiaçı tərəfindən cərimə əsassız olaraq hesablanmışdır. Qeyd etdiklərinə əsasən maddi vəziyyəti nəzərə alınmaqla cərimə məbləği ödəməkdən azad edilməsini və iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə araşdırması zamanı cavabdehin izahatı, həmçinin, iş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli 007A********** nömrəli kredit müqaviləsi, həmin müqaviləyə aid ödəniş planı, xx.xx.2019-cu il tarixli məxaric qəbzi, xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubu və həmin məktuba aid poçt reyestri, xx.xx.2022-ci il tarixli hesabdan çıxarış, xx.xx.2022-ci il tarixli maliyyə arayışı və xx.xx.2022-ci il tarixli mədaxil qəbzi ilə işin mübahisəsiz halları olaraq müəyyən edildi ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə aylıq faiz dərəcəsi 1,75 % olmaqla 36 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir. Cavabdehə müqavilə ilə müəyyən edilmiş müddətdə cəmi 6816,88 manat əsas borc və faiz borcunu tam şəkildə ödəməli olması ilə bağlı ödəniş planı təqdim edilmişdir. Cavabdeh onunla iddiaçı arasında bağlanmış kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliklərini icra etmədiyi üçün kredit müqaviləsi üzrə öhdəlikləri və maddi məsuliyyətləri barədə ona xəbərdarlıq edilərək borcun könüllü olaraq ödənilməsi ondan tələb edilmiş, əks halda, kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməsi və borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət ediləcəyi izah edilmişdir. Cavabdeh müqavilədən irəli gələn öhdəliyini vaxtında icra etmədiyi üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdən ötrü 62,40 manat dövlət rüsumu ödənilmişdir. Hazırda iddiaçı xx.xx.2019-cu il tarixli 007A********** nömrəli kredit müqaviləsinin ləğv edilməsi və həmin müqavilə üzrə cavabdehdən 3381,85 manat əsas borc, 516,52 manat faiz borcu, 334,52 manat cərimə - cəmi 4232,89 manat borc və 62,40 manat dövlət rüsumu məbləğinin tutulmasını tələb edir. İddiaçı öz iddia tələbinin əsası kimi kredit müqaviləsinə, ödəniş planına, kassa məxaric orderinə, xəbərdarlıq məktubuna, maliyyə arayışına və müqaviləyə əlavə edilmiş digər sənədlərə istinad edir. Cavabdeh iddia tələbini qismən qəbul edir, iddiaçıya olan əsas borc və faiz borcunun ödənilməsinə, həmçinin, kredit müqaviləsinin ləğv edilməsinə etiraz etmədiyini bildirərək maddi vəziyyəti nəzərə alınmaqla cərimə məbləği ödəməkdən azad edilməsini və iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin iddia tələbinə münasibətini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. İş materiallarından görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli 007A********** nömrəli kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməsi ilə bağlı iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixli məktubla cavabdehə xəbərdarlıq edilmişdir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, xx.xx.2019-cu il tarixli 007A********** nömrəli kredit müqaviləsinin şərtləri cavabdeh tərəfindən əhəmiyyətli dərəcədə pozulduğuna görə iddia tələbinin iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 007A********** nömrəli kredit müqaviləsinin ləğv edilməsinə dair hissəsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin xx.xx.2019-cu il tarixli 007A********** nömrəli kredit müqaviləsi üzrə cavabdehdən 3381,85 manat əsas borc və 516,52 manat faiz borcu tutulmasına dair hissələri də təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, xx.xx.2019-cu il tarixli 007A********** nömrəli kredit müqaviləsi üzrə 334,52 manat cərimə məbləği həmin müqavilənin cavabdeh tərəfindən də qəbul edilmiş şərtlərinə uyğun olaraq hesablansa da, qeyd olunan məbləğ işin faktiki hallarına uyğun deyildir və yüksək məbləğdir. Cərimənin miqdarının yüksək olması cavabdehin mülkiyyət maraqlarının qorunması baxımından məqsədə müvafiq deyildir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, cavabdehdən tələb edilən cərimənin miqdarının yüksək olması nəzərə alınmaqla iddia tələbinin xx.xx.2019-cu il tarixli 007A********** nömrəli kredit müqaviləsi üzrə cavabdehdən 334,52 manat cərimə məbləği tutulmasına dair hissəsi qismən - 30,00 manat həddində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qərara gəlir ki, ödənilmiş tələblərin məbləği nəzərə alınmaqla məhkəməyə müraciət etmək üçün ödənilmiş 62,40 manat dövlət rüsumu məbləği də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 007A********** nömrəli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli 007A********** nömrəli kredit müqaviləsi üzrə 3381,85 manat əsas borc, 516,52 manat faiz borcu, 30,00 manat cərimə və 62,40 manat dövlət rüsumu - cəmi 3990,77 manat tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Oğuz Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Kamran Süleymanov
Məhkəmə qərarları › İş №e-2(054)-449/2022
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-449/2022
28.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver