Məhkəmə qərarları › İş №e-2(054)-45/2025

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-45/2025

28.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-45/2025 28.04.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Giriş hissə: X3 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi ilə, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərdən müştərək qaydada 11026,41 manat əsas, 5694,26 manat faiz, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanmış 852,21 manat faiz borcu olmaqla, cəmi 17572,88 manat kredit borcunun, 142,72 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması tələbinə dair mülki işə 28 aprel 2025-ci il tarixdə Oğuz şəhərində Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təsviri hissə: İddiaçı ləğv prosesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərdən müştərək qaydada 11026,41 manat əsas, 5694,26 manat faiz, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanmış 852,21 manat faiz borcu olmaqla, cəmi 17572,88 manat kredit borcunun, 142,72 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması tələbi ilə məhkəmədə iddia qaldırmışdır. Əvvəlki məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, iddiaçının nümayəndəsi Nümayəndə xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş ərizəsi ilə üzrlü səbəblərə görə hazırlıq iclasının iştirakları olmadan keçirilməsini və işin məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 09/1499/DİK saylı kredit müqaviləsinə əsasən ona şəxsi istehlak məqsədləri üçün 40 ay müddətinə, illik 22 faiz dərəcəsi ilə 15000 manat məbləğində kredit verilmişdir. Həmin kredit məbləğinin ödənilməsi ilə bağlı öhdəliklərin təminatı məqsədilə digər cavabdehlə həmin tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Kredit və zaminlik müqavilələri üzrə öhdəliklər yerinə yetirilmədiyindən hazırda cavabdehlərin iddiaçıya 11026,41 manat əsas, 5694,26 manat faiz, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanmış 852,21 manat faiz borcu olmaqla, cəmi 17572,88 manat kredit borcu yaranmışır. Qeyd edilən borc məbləğinin və ödənilmiş 142,72 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutulub iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Cavabdeh1 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, həqiqətən 2019-cu ildə iddiaçı ilə aralarında bağlanmış kredit müqaviləsinə əsasən ona 15000 manat kredit verilmişdir. Kredit götürərkən polis şöbəsində YPX əməkdaşı işlədiyindən kreditin ödənişini qismən həyata keçirmişdir. 2020-ci ildə avtoqəza keçirdiyindən ağır yaralanmış və işdən çıxmışdır. Buna görə də ödənişləri davam etdirə bilməmişdir. Əsas borcdan 4000 manatdan yuxarı ödəniş etmişdir. Əsas borca etiraz etmir. Faiz borcu şişirdilib. Bank 2020ci ildə bağlanıb. Həmin vaxt banka gedib müqaviləni təzələmək təklifi vermiş, yaxud faizlərin şişməməsi üçün işin məhkəməyə verilməsini xahiş etmişdir. 350 manat aylıq ödəniş edilməsini təklif etmiş, lakin ödənişin ediləcəyi yeri bildirməmişlər. Hesab edir ki, ondan tələb olunan borc məbləğinin yenidən hesablanması üçün ekspertiza keçirilməsi vacibdir. Ekspertiza keçirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. İş materialları araşdırılarkən müəyyən edilmişdir ki, xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə ödəniş cədvəlinə uyğun olaraq cavabdeh 15000 manat əsas və 6297,37 manat faiz borcu, cəmi 21297,37 manat pulu hər ay 532,44 manat olmaqla xx.xx.2023-cü il tarixədək ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdehin hazırda 11026,41 manat əsas kredit borcu qalmış, həmin borca 5694,26 manat faiz borcu, gecikdirilmiş vaxt üçün 852,21 manat əlavə faiz hesablanmışdır. Məhkəmə cavabdehi dinləyib, sənədləri araşdıraraq işin hallarını, ödəniş cədvəlində müəyyən edilmiş və iddia ərizəsi üzrə tələb edilən məbləğlər arasında ziddiyyətlər nəzərə almaqla və mübahisəli məsələnin həlli baxımından yaranmış sualların ekspert tərəfindən cavablandırılmasının baxılan iş üçün əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, məhkəmə mühasibatlıq ekspertizasının təyin edilməsini məqsədə müvafiq hesab etdiyindən 2(054)- 699/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardada əsasən iş üzrə icraat dayandırılmaqla mülki iş ekspertizanın aparılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Mülki iş (yeni nömrə 2(054)-45/2025) xx.xx.2025-ci il tarixli, 9/10520 saylı ekspert rəyi əlavə edilməklə xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olduğundan iş üzrə icraat təzələnmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, iddiaçının nümayəndəsi Nümayəndə xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş ərizəsi ilə məhkəmə baxış iclasında üzrlü səbəbdən iştirak etmədiklərini, ekspertin faiz məbləği ilə bağlı gəldiyi nəticə ilə razı olmadıqlarını bildirmiş, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məlumat verməmişlər. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə hazırlıq iclasında Cavabdeh1 əvvəlki məhkəmə iclasında verdiyi izahatını təsdiq etmiş, ekspertiza rəyi ilə tanış olduğunu və rəylə razı olduğunu, kredit borcunu hissələrlə ödəyəcəyini bildirmiş, qanuni qərar çıxarılmasını xahiş etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, mübahisənin həllində tətbiq edilməli olan hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşdə olan xx.xx.2019-cu il tarixli, 09/1499/DİK saylı kredit müqaviləsindən, həmin tarixli və saylı müddətli öhdəçilikdən görünür ki, Cavabdeh1 illik 22 faiz dərəcəsi ilə 40 ay müddətinə 15000 manat nağd pul krediti verilmiş, saziş bankın Şəki filialının nümayəndəsi və kreditalan Cavabdeh1 tərəfindən imzalanmışdır. İşdə olan Əlavə 1-ödəniş cədvəlindən görünür ki, xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 15000 manat əsas, 6297,37 manat faiz borcunun ödənişinin xx.xx.2019-cu il tarixdən başlayaraq hər ay 532,44 manat, sonuncu ay 532,21 manat olmaqla xx.xx.2023-cü il tarixdə başa çatdırılması nəzərdə tutulmuşdur. İşdə olan xx.xx.2019-cu il tarixli, 09/1499/DİK saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 Cavabdeh1 verilmiş kredit borcu üzrə öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində banka dəyən zərərin ödənilməsi və digər öhdəliklərin yerinə yetirilməsi üzrə məsuliyyəti öz üzərinə götürmüşdür. İşdə olan xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh1 3 gün ərzində kredit borcunun ödənilməsi tələb olunmuş, əks halda məsuliyyət tədbirləri barədə məlumat verilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2019cu il tarixli müqaviləyə əsasən xx.xx.2024-cü il tarixə iddiaçıya 11026,41 manat əsas, 5694,26 manat faiz, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanmış 852,21 manat faiz olmaqla, cəmi 17572, 88 manat borcu vardır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin işə əlavə edilmiş xx.xx.2025-ci il tarixli, 9/10520 saylı ekspert rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarışdan göründüyü kimi Cavabdeh1 tərəfindən xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə banka xx.xx.2024-cü il tarixədək 7125 manat məbləğində ödəniş aparılmışdır. Həmin məbləğdən 3973,87 manat əsas borcdan, 3151,13 manat faiz borcundan silinmiş, Cavabdeh1 iddiaçıya xx.xx.2024-cü il tarixə 11026,13 manat əsas, 5451,20 manat faiz, 5 faizlə hesablanmış faiz borcu üzrə 842,27 manat faiz borcu olduğu müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən...öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Yenə həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyələşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Habelə həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o kredit müqaviləsi adlandırılır. (739-cu maddə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə uyğun olaraq xx.xx.2023cü il tarixədək olan redaksiyada verilib.) Beləliklə, iş materialları ilə təsdiq edilir ki, xx.xx.2019-cu il tarixli, 09/1499/DİK saylı kredit müqaviləsinə əsasən cavabdehə 40 ay müddətinə illik 22 faiz dərəcəsi ilə 15000 manat kredit verilmiş, kredit üzrə öhdəliklərin icra edilməsinin təminatı olaraq Məmmədov Fərid Xaqani oğlu ilə zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh tərəfindən öhdəliklərə əməl edilmədiyindən iddiaçı 11026,41 manat əsas, 5694,26 manat faiz, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanmış 852,21 manat faiz borcu olmaqla, cəmi 17572,88 manat kredit borcunun və 142,72 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş iddia ərizəsi ilə müraciət etmişdir. Cavabdeh məhkəmə iclasında ondan tələb olunan borcun düzgün hesablanmadığını bildirmiş, borcun məbləğinin hesablanması üçün məhkəmə tərəfindən mühasibatlıq ekspertizası təyin edilmişdir. xx.xx.2025-ci il tarixli, 9/10520 saylı ekspert rəyi ilə Cavabdeh1 tərəfindən xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə banka xx.xx.2024-cü il tarixədək 7125 manat məbləğində ödəniş aparıldığı, həmin məbləğdən 3973,87 manat əsas borcdan, 3151,13 manat faiz borcundan silindiyi, Cavabdeh1 iddiaçıya xx.xx.2024-cü il tarixə 11026,13 manat əsas, 5451,20 manat faiz, 5 faizlə hesablanmış faiz borcu üzrə 842,27 manat faiz borcunun olduğu müəyyən olunmuşdur. İddiaçının nümayəndəsi məhkəməyə ünvanladığı ərizə ilə ekspertin faiz məbləği ilə bağlı gəldiyi nəticə ilə razı olmadıqlarını bildirmiş, məhkəmə iclasında iştirakı olmadan işə baxılaraq iddianın tam təmin edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında Cavabdeh1 ekspertiza rəyini qəbul edərək borcunu hissələrlə ödəyəcəyini bildirmiş və qanuni qərar çıxarılmasını xahiş etmişdir. Beləliklə məhkəmə yuxarıda qeyd edilənləri, buna uyğun olaraq ekspertiza rəyini sübut kimi qəbul edərək, habelə mülki prosessual qanunvericiliyin “hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.” müddəasına istinad edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlərdən 11026,13 manat əsas, 5451,20 manat faiz, 5 faizlə hesablanmış 842,27 manat faiz borcu olmaqla, cəmi 17319,6 manat kredit borcu tutularaq iddiaçıya ödənilməli, iddia tələbi 0,28 manat əsas, 243,06 manat faiz, 9,94 manat 5 faizlə hesablanmış faiz hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad olunan Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İstinad olunan Məcəllənin 217.4-cü maddəsində deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilən Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/10520 saylı ekspert rəyi məhkəməyə daxil olmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat olmuşdur. Məhkəmə hesab edir ki, işin qeyd edilən hallarına uyğun olaraq 100 manat ekspertiza xərcinin 02 manat hissəsi iddiaçıdan, 98 manat hissəsi cavabdehlərdən tutularaq müvafiq hesaba köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən təmin edilmiş məbləğə uyğun olaraq 139,87 manat dövlət rüsumu cavabdehlərdən tutulub iddiaçıya verilməlidir. Nəticə hissə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia qismən təmin edilsin. xx.xx.2019-cu il tarixli, 08/1499/DİK saylı kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 11026,13 manat əsas, 5451,20 manat faiz, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanmış 842,27 manat faiz borcu olmaqla, cəmi 17319,6 manat kredit borcu (on yeddi min üç yüz on doqquz manat altmış qəpik) manat kredit borcu və 139,87 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. İş üzrə aparılmış tədqiqatın dəyəri olan 100 manat ekspertiza xərcinin 02 manat hissəsi iddiaçı "xxxx" ASC-dən, 98 manat hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulub dövlət büdcəsinə (SAP (XİİS) hesabı X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 Məhkəmə Ekspertizası Mərkəzi: VÖEN **********, AZ34CTRE******************** ödənilsin. İddia tələbi 0,28 manat əsas, 243,06 manat faiz, 9,94 manat 5 faizlə hesablanmış faiz və 2,85 manat dövlət rüsumu hissəsində təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə 2 saylı “Əlavə”yə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar