Məhkəmə qərarları › İş №e-2(054)-46/2023

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-46/2023

15.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-46/2023 15.02.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı ASC (mətndə iddiaçı) Cavabdeh (mətndə cavabdeh) qarşı xx.xx.2022-ci il tarixli, GTZK4681193A299 saylı kredit müqaviləsindən irəli gələn ödənilməmiş 4459,00 AZN əsas, 675,78 AZN faiz, cəmi 5134,78 AZN vəsaitin və 71,35 manat dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsi və xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş ərizəsi ilə bütün zəruri hesab edilən sənədlərin məhkəməyə təqdim edildiyini nəzərə alaraq mülki işə bütün məhkəmə iclaslarında iddiaçı tərəfin iştirakı olmadan baxılmasını, iddianın təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2022-ci il tarixli, GTZK4681193A299 saylı kredit müqaviləsinə əsasən borcalanın kredit kartına illik 15 % dərəcəsi ilə 35 ay müddətinə 4459,00 AZN məbləğində kredit vəsaiti mədaxil edilmişdir, yəni kredit nəqd qaydada deyil,cavabdehin elektron imzası əsasında ona məxsus hesaba pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəməyi öhdəsinə götürmüşdür. Bank tərəfindən borcalana dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilsə də, öhdəlik cavabdeh tərəfindən icra edilməmişdir. Qeyd olunanlara və mülki qanunvericiliyə əsasən Cavabdeh xx.xx.2022-ci il tarixli, GTZK4681193A299 saylı kredit müqaviləsindən irəli gələn ödənilməmiş 4459,00 AZN əsas, 675,78 AZN faiz, cəmi 5134,78 AZN vəsaitin və 71,35 manat dövlət rüsumunun tutularaq İddiaçıASC-yə ödənilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, həqiqətən xx.xx.2022-ci il tarixdə iddiaçı ilə elektron qaydada bağlanmış kredit müqaviləsinə əsasən ona 35 ay müddətə, illik 15 faizlə 4459 manat kredit verilmişdir. Həmin kreditlə bağlı ona heç bir sənəd verilməyib, belə ki, 2022-ci ildə Bakı şəhərində marketdə işləyərkən tanımadığı bir qrup şəxs tərəfindən birlikdə kredit götürmək təklifi edilmişdir. Ona da pul lazım olduğundan müraciət etmiş, 4459 manat kredit onun adına karta köçürülmüş, pulun 1700 manatı ona verilmiş, yalnız həmin məbləğin onun tərəfindən, qalan məbləğin isə digər şəxslər tərəfindən ödənilməsi barədə razılaşma olmuşdur. Sonradan həmin şəxslər yoxa çıxmışlar. Aldadıldığına görə şikayət etmişdir, eşitdiyinə görə bu işi təşkil edən bank işçisi və digər şəxslər tutulub. Başa düşür ki, kredit onun adına götürüldüyündən ödənişi də o etməlidir. Amma maddi imkanı yoxdur, əri də xəstədir. Buna görə də 4459,00 AZN əsas, 675,78 AZN faiz, cəmi 5134,78 AZN borcu hissələrlə ödəməyə çalışacaq. Qanuni qərar çıxarılmasını xahiş etdi. Məhkəmə cavabdehi dinləyib, iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, mübahisənin həllində tətbiq edilməli olan hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İşdə olan xx.xx.2022-ci il tarixli, GTZK4681193A299 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC Cavabdeh gündəlik tələbat məqsədilə onun elektron imzası əsasında ona məxsus olan hesaba pul vəsaitinin köçürülməsi yolu ilə 35 ay müddətinə, illik 15 % -lə 4459 AZN məbləğində kredit vermişdir. İşdə olan xx.xx.2022-ci il tarixli, GTZK4681193A299 saylı kredit müqaviləsinə əlavədən (ödəniş cədvəli) görünür ki, borcalan Cavabdeh 35 ay müddətinə illik 15 %-lə verilmiş kreditin ödənişinin (4459 AZN əsas, 1075,83 AZN faiz) xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay 158,08 AZN, sonuncu ay 160,11 AZN olmaqla xx.xx.2024-cü il tarixdə başa çatdırılması nəzərdə tutulmuşdur. İşdə olan xx.xx.2022-ci il tarixli, 16/30511 saylı bildirişin surətindən görünür ki, götürülmüş kreditlə bağlı öhdəliklərin tam yerinə yetirilməsi cavabdehdən tələb olunmuş, əks təqdirdə məsuliyyət barədə xəbərdarlıq edilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli, 135000/4477 saylı maliyyə arayışından görünür ki, Cavabdeh iddiaçıya xx.xx.2022-ci il tarixə xx.xx.2022-ci il tarixli, GTZK4681193A299 saylı kredit müqaviləsindən irəli gələn ödənilməmiş 4459,00 AZN əsas, 675,78 AZN faiz, cəmi 5134,78 AZN borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MM) 385.1ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən...öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Yenə həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Habelə həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin “sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı ... andan bağlanmış sayılır” müddəasının “müvafiq qaydada imzalanma” tələbi tərəflərin onu şəxsən, mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan istifadə etməklə imzalamasını nəzərdə tutur. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh iddiaçıya xx.xx.2022-ci il tarixə xx.xx.2022-ci il tarixli, GTZK4681193A299 saylı kredit müqaviləsindən irəli gələn ödənilməmiş 4459 AZN əsas, 675,78 AZN faiz, cəmi 5134,78 AZN borcu yaranmış, xəbərdarlıq edilsə də, həmin borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İstinad olunan Məcəllənin 217.4-cü maddəsində isə deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.İddia tələbi təmin edildiyindən cavabdehdən 71,35 manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh X1 xx.xx.2022-ci il tarixli, GTZK4681193A299 saylı kredit müqaviləsindən irəli gələn ödənilməmiş 4459,00 AZN əsas, 675,78 AZN faiz, cəmi 5134,78 AZN (beş min bir yüz otuz dörd manat yetmiş səkkiz qəpik) AZN vəsait və 71,35 (yetmiş bir manat otuz beş qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar