Məhkəmə qərarları › İş №e-2(054)-460/2023

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-460/2023

04.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-460/2023 04.09.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ X1 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işə 04 sentyabr 2023-cü il tarixdə Oğuz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ASC (mətndə iddiaçı) Cavabdeh (mətndə cavabdeh) qarşı xx.xx.2022-ci il tarixli, GTGK7225040A168 saylı kredit müqaviləsinə əsasən 7492,78 AZN əsas, 787,11 AZN faiz, cəmi 8279,89 AZN, xx.xx.2022-ci il tarixli, BRCB8480232A299 saylı kredit kartı müqaviləsinə əsasən 500 AZN əsas, 107,28 AZN faiz, cəmi 607,28 AZN borcun və 108,87 manat dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, iddiaçının nümayəndəsi Nümayəndə xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə məhkəməyə daxil olmuş elektron ərizələri ilə iddia ilə bağlı zəruri hesab edilən bütün sənədlərin mülki işə əlavə edildiyini bildirmiş, bütün məhkəmə iclaslarında işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını, iddianın təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, GTGK7225040A168 saylı kredit müqaviləsinə əsasən borcalana illik 21 % olmaqla 48 ay müddətinə 7800 AZN məbləğində kredit verilmişdir. Habelə iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-cu il tarixli, BRCB8480232A299 saylı kredit kartı müqaviləsinə əsasən ona xx.xx.2025-ci il tarixədək istifadə edilməsi üçün şəxsi istehlak məqsədilə 500 AZN məbləğində bərpa olunan kredit xətti açılmışdır. Kredit müqavilələrinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəməyi öhdəsinə götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş, banka olan borcunu tam qaytarmamışdır.Bank tərəfindən borcalana dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilsə də, öhdəlik cavabdeh tərəfindən icra edilməmişdir. Qeyd olunanlara və mülki qanunvericiliyə əsasən Cavabdeh xx.xx.2022-ci il tarixli, GTGK7225040A168 saylı kredit müqaviləsinə əsasən 7492,78 AZN əsas, 787,11 AZN faiz, cəmi 8279,89 AZN, xx.xx.2022-ci il tarixli, BRCB8480232A299 saylı kredit kartı müqaviləsinə əsasən 500 AZN əsas, 107,28 AZN faiz, cəmi 607,28 AZN borcun və 108,87 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi xahiş olunmuşdur. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, həqiqətən İddiaçı ASC ilə xx.xx.2022-ci il tarixdə bağladığı kredit müqaviləsinə əsasən 7800 AZN məbləğində kredit götürmüş, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən isə ona 500 AZN məbləğində bərpa olunan Birbank kredit kartı təqdim edilmişdir. Krediti həm təhsil haqqını ödəmək məqsədi, həm də ailə vəziyyəti ilə bağlı götürmüşdür. Həmin dövrdə işlədiyindən kreditin ödənişini həyata keçirəcəyini düşünsə də, sonra işdən çıxarıldığından kreditin ödənişini davam etdirə bilməmişdir.Tələb olunan məbləği qəbul edir, lakin hələlik işləmədiyindən ödəniş edə bilmir. Qanunamüvafiq qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, mübahisənin həllində tətbiq edilməli olan hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İşdə olan xx.xx.2022-ci il tarixli, GTGK7225040A168 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC Cavabdeh gündəlik tələbat məqsədilə 48 ay müddətinə, illik 21 %-lə 7800 AZN məbləğində kredit vermişdir. İşdə olan xx.xx.2022-ci il tarixli, GTGK7225040A168 saylı kredit müqaviləsinə əlavədən (ödəniş cədvəli) görünür ki, borcalan Cavabdeh 48 ay müddətinə illik 21 %-lə verilmiş kredit ödənişinin- 7800 AZN əsas, 3799,72 AZN faiz, cəmi 11599,72 AZN məbləğin xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay 241,53 AZN, sonuncu ay 241,81 AZN olmaqla xx.xx.2026-cı il tarixdə başa çatdırılması nəzərdə tutulmuşdur. İşdə olan xx.xx.2022-ci il tarixli, BRCB8480232A299 saylı Birbank Cashback kredit xətti (kart) müqaviləsindən görünür ki, İddiaçı ASC Cavabdeh xx.xx.2025-ci il tarixədək şəxsi istehlak məqsədilə 500 AZN məbləğində bərpa olunan kredit xətti açmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli, 16/21399 saylı bildirişin surətindən görünür ki, götürülmüş kreditlə bağlı öhdəliklərin tam yerinə yetirilməsi cavabdehdən tələb olunmuş, əks təqdirdə məsuliyyət barədə xəbərdarlıq edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli, 15/4202 saylı maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, GTGK7225040A168 saylı kredit müqaviləsinə əsasən 7492,78 AZN əsas, 787,11 AZN faiz, cəmi 8279,89 AZN, xx.xx.2022-ci il tarixli, BRCB8480232A299 saylı kredit kartı müqaviləsinə əsasən 500 AZN əsas, 107,28 AZN faiz, cəmi 607,28 AZN borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MM) 385.1ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən...öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Yenə həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Habelə həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o kredit müqaviləsi adlandırılır. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh iddiaçıya xx.xx.2023-cü il tarixə xx.xx.2022-ci il tarixli, GTGK7225040A168 saylı kredit müqaviləsinə əsasən 7492,78 AZN əsas, 787,11 AZN faiz, cəmi 8279,89 AZN, xx.xx.2022-ci il tarixli, BRCB8480232A299 saylı kredit kartı müqaviləsinə əsasən 500 AZN əsas, 107,28 AZN faiz, cəmi 607,28 AZN borcu yaranmış, xəbərdarlıq edilsə də, həmin borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İstinad olunan Məcəllənin 217.4-cü maddəsində isə deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.İddia tələbi təmin edildiyindən cavabdehdən 108,87 manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, GTGK7225040A168 saylı kredit müqaviləsinə əsasən 7492,78 AZN əsas, 787,11 AZN faiz, cəmi 8279,89 (səkkiz min iki yüz yetmiş doqquz manat səksən doqquz qəpik) AZN, xx.xx.2022-ci il tarixli, BRCB8480232A299 saylı kredit kartı müqaviləsinə əsasən 500 AZN əsas, 107,28 AZN faiz, cəmi 607,28 (altı yüz yeddi manat iyirmi səkkiz qəpik) AZN borcun və 108,87 (bir yüz səkkiz manat səksən yeddi qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə 2 saylı “Əlavə”yə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar