Məhkəmə qərarları › İş №e-2(054)-462/2023

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-462/2023

13.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-462/2023 13.09.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ X3 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə 13 sentyabr 2023-cü il tarixdə Oğuz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ASC (mətndə iddiaçı) Cavabdeh (mətndə cavabdeh) qarşı 1273,14 manat pulun və 33,40 manat dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, iddiaçının nümayəndəsi X1 xx.xx.2023-cü il tarixli ərizəsi ilə məhkəmə iclasının iştirakı olmadan keçirilməklə iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi X1 məhkəmə hazırlıq iclasında izahat verərək bildirmişdir ki, İddiaçı ASC ilə Promaksteel Endüstrial və Yapısal Çelik Sanayi Ticaret MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, ******* saylı bank hesabı, (fiziki şəxsin cari hesabı) debet kartın verilməsi və istifadəsi, əmək haqqı kartlarına dair əməkdaşlıq, fərdi müştərilər üçün internet və mobil bankçılıq xidməti haqqında qarışıq müqavilə çərçivəsində MMC-nin əməkdaşı-Cavabdeh xx.xx.2022-ci il tarixdə əmək haqqı kart hesabı açılmışdır. xx.xx.2023-cü il tarixli hesabdan çıxarış sənədlərindən göründüyü kimi xx.xx.2023-cü il tarixdə cavabdehin əmək haqqı kartına işlədiyi müəssisə tərəfindən 1274,10 manat son haqq-hesab ödənişinin köçürülməsi zamanı bankın sistemində xəta baş verdiyindən cavabdehin kart hesabına eyni vəsait iki dəfə-saat 15:39 və 16:43 radələrində mədaxil olunmuşdur. xx.xx.2023-cü il tarixli hesabdan çıxarış sənədi ilə həmin vəsaitin cavabdeh tərəfindən dərhal başqa kart hesabına köçürüldüyü təsdiq olunur. Göründüyü kimi cavabdeh özünə məxsus olan 1274,10 manat son haqq-hesab ödənişindən əlavə banka məxsus olan 1273,14 manat pulu öz kart hesabına köçürmüşdür. Bu səbəbdən onun banka 1273,14 manat borcu yaranmışdır. Cavabdeh hazırda qeyd edilən MMC-nin əməkdaşı deyil.Cavabdehlə telefon vasitəsilə məhkəmədən kənar danışıqlar aparılmış, ona xx.xx.2023-cü il tarixdə rəsmi qaydada xəbərdarlıq edilmişdir. Buna baxmayaraq cavabdeh tərəfindən pul geri qaytarılmamışdır. Bu isə mülki qanunvericiliyə görə əsassız varlanma halının yaranması deməkdir. Qeyd edilənlərə əsasən mülki qanunvericilik normaları çərçivəsində 1273,14 manat pulun, habelə ödənilmiş 33,40 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək bildirdi ki, həqiqətən xx.xx.2023-cü ilədək qeyd edilən müəssisədə işləmişdir. Şirkətin direktoru tərəfindən işçilərə son haqq-hesabları verilərkən eyni zamanda mükafat da hesablanacağı bildirilmişdir. Buna görə özü də daxil olmaqla 25 nəfər işçinin əmək haqqı kartına iki dəfə pul köçürülərkən bunun mükafat olduğunu düşünmüşlər. Digər işçilərə texniki səhvlə bağlı dərhal məlumat verildiyindən onlar pulu qaytarmışlar. Pulun mükafat olmadığı ona 1 ay 13 gün sonra məlum olmuşdur. Onun bu barədə heç bir məlumatı olmadığından köçürülmüş məbləği ailə ehtiyaclarına sərf etmişdir. Hazırda həmin məbləği birdəfəyə ödəmək imkanı yoxdur. Ailəli olmaqla 4 övladı vardır. Maddi imkanı ancaq ailəni dolandırmağa çatır. Füzuli rayonunda başqa bir şirkətdə çalışır. Əmək haqqı alır. Pulu əmək haqqından tutmalarla qaytarmağa etirazı yoxdur. Qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə cavabdehi dinləyib, iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, mübahisənin həllində tətbiq edilməli olan hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İşdə olan, İddiaçı ASC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, ******* saylı bank hesabı, (fiziki şəxsin cari hesabı) debet kartın verilməsi və istifadəsi, əmək haqqı kartlarına dair əməkdaşlıq, fərdi müştərilər üçün internet və mobil bankçılıq xidməti haqqında qarışıq müqavilədən görünür ki, bu müqaviləyə əsasən bank müştəriyə bank hesabı açır, açılmış hesaba pul vəsaitini qəbul edir və hesaba mədaxil edir, habelə hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirir. Bu müqavilə üzrə bank müştəriyə kod təyin edir, AZN hesabı açır, həmçinin bu müqavilə üzrə hər bir sonrakı hesab müştərinin ərizəsi əsasında həmin kodla bağlı olaraq açılır.Bank müştərinin pul vəsaitindən istifadə edilməsi istiqamətlərini müəyyənləşdirə və buna nəzarət edə bilməz, habelə müştərinin pul vəsaitinə dair öz istədiyi kimi sərəncam vermək hüququ üzərində bu müqavilə ilə nəzərdə tutulmamuş digər məhdudiyyətlər qoya bilmz. Qanunda nəzərdə tutulan hallarda məhkəmənin qərarı ilə hesabdakı pul vəsaiti üzərinə həbs qoyulduğu və ya hesab əməliyyatlarının dayandırıldığı, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallar istisna təşkil edir. İşdə olan xx.xx.2022-ci il tarixli qarışıq müqaviləyə bir saylı əlavədən görünür ki, şəxsiyyət vəsiqəsi AZE ******** olan Cavabdeh müştəri qismində müqavilənin şərtlərini qəbul etdiyini imzası ilə təsdiq etmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli hesabdan çıxarışlardan görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh əmək haqqı kartına xx.xx.2023-cü il tarixdə saat 15:39:55 radələrində və 16:43:25 radələrində hər dəfə 1274,10 manat olmaqla iki dəfə vəsait köçürülmüş, həmin vəsaitdən 1273,14 manat başqa karta köçürülmüşdür. İşdə olan xx.xx.2023-cü il tarixli, 022 saylı xəbərdarlıq məktubunun və xəbərnamənin surətindən görünür ki, ******* nömrəli əmək haqqı müqaviləsi üzrə artıq vurulmuş ovendraft məbləğ-1273,14 manat vəsaitin 3 gün ərzində ödənilməsi Cavabdeh təklif edilmiş, əks təqdirdə məsuliyyət tədbirləri barədə ona məlumat verilmişdir. Xəbərdarlıq məktubu xx.xx.2023-cü il tarixdə müştəriyə çatdırılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MM) 14.2.7-ci maddəsinə görə əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmin Məcəllənin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.[742] Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Yenə həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, İddiaçı ASC-nin sistemində yaranmış texniki xəta nəticəsində bank tərəfindən Cavabdeh əmək haqqı kartına xx.xx.2023-cü il tarixdə saat 15:39:55 radələrində və 16:43:25 radələrində hər dəfə 1274,10 manat olmaqla iki dəfə vəsait köçürülmüş, həmin vəsaitdən 1273,14 manat qaytarılmalı olduğu halda cavabdeh tərəfindən başqa karta köçürülmüşdür. Məhkəmə iclasında Cavabdeh təkrar köçürülmüş məbləğin mükafat olduğunu zənn etdiyini, pulun qaytarılması barədə ona gec məlumat verildiyini, həmin məbləği ailə ehtiyaclarına xərclədiyini, hazırda iddiaçıya 1273,14 manat borcunun yarandığını etiraf etdiyini bildirmiş, həmin borcun hissələrlə ödənilməsini təmin edəcəyi nəzərə alınmaqla qanuni qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İstinad olunan Məcəllənin 217.4-cü maddəsində isə deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən cavabdehdən ödənilmiş 33,40 manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 1273,14 manat (bir min iki yüz yetmiş üç manat on dörd qəpik) pul və 33,40 (otuz üç manat qırx qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar