Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № e-2(054)-466/2022 20.09.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlu, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri Oğuz Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək müəyyənetdim: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş materallarını nəzərdən keçirərək hesab edirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, məhkəməyə təqdim olunmuş iddia ərizəsindən görünür ki, iddiaçının öz iddia tələbinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısı iddia ərizəsində göstərilməmişdir. Bundan əlavə, iddia ərizəsinin mətnində tərəflər arasında kredit müqaviləsinin elektron qaydada bağlandığı göstərilmiş, iddia ərizəsinə tərəflərin adı və rekvizitləri qeyd edilmiş kredit müqaviləsi, həmçinin, bununla bağlı digər sənədlər (ərizə, elan, ödəniş qrafiki və sair sənədlər) əlavə edilmişdir. Həmin sənədlərin heç biri qrafik qaydada imzalanmamış, habelə, həmin sənədlərdə onların elektron qaydada imzalandığını təsdiq edən hər hansı xüsusi qeyd və ya digər göstərici də mövcud deyildir. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, sertifikatlaşdırılmış imza vasitələri ilə yaradılmış və qüvvədə olan təkmil sertifikatlı gücləndirilmiş imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən təkmil sertifikatda imza sahibinin səlahiyyətlərinə dair məlumatlar göstərildikdə bu Qanunun 3.2-ci maddəsinə müvafiq olan gücləndirilmiş imza şəxsin kağız daşıyıcısı üzərindəki və möhürlə təsdiq edilmiş əl imzasına bərabər tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin “sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı ... andan bağlanmış sayılır” müddəasının “müvafiq qaydada imzalanma” tələbi tərəflərin onu şəxsən, mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan istifadə etməklə imzalamasını nəzərdə tutur. Mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan istifadə etməklə bağlanan müqavilələrin şərtləri mümkün qədər aydın, dürüst və başadüşülən olmalıdır. Eyni zamanda, iddia ərizəsinə əlavə edilmiş məlumat vərəqəsində “Əlavə təsdiq (razılıq)” qeydinin yazıldığı hissədə kredit müqaviləsi və digər sənədlərin imzalanması ilə bağlı tərəflər arasında 49 saniyədən ibarət video görüntünün (Video call duration: 0 minutes, 49 seconds) mövcud olduğu qeyd edilsə də, həmin video görüntüyə aid elektron daşıyıcı və ya digər hər hansı sübut işə əlavə edilməmişdir. Bununla da, iddiaçı verilmiş tələbi təsdiq edən sənədləri qanunamüvafiq qaydada təqdim etmədən məhkəməyə müraciət etmişdir. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldığından həmin nöqsanların işin icraatı dövründə aradan qaldırılması da mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150-ci maddəsinə əsasən iddia ərizəsinə cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri (iddia ərizəsi elektron formada verildiyi hal istisna olmaqla); dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd; iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd (iddia ərizəsi elektron qaydada verildiyi halda belə səlahiyyətin elektron imza ilə təsdiq edildiyi hal istisna olmaqla); bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd; iddia ərizəsi elektron qaydada verildiyi hal istisna olmaqla, iddia ərizəsində göstərilən bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətləri; müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir); “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd əlavə edilir. Həmin Məcəllənin 284-4.1 və 284-4.1.3-cü maddələrinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa, məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Qeyd olunanlara əsasən hazırki tələb Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1-ci maddəsinə uyğun olmadığından, ərizənin qəbul olunmasından imtina edilməli, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Eyni zamanda, iddiaçıya izah edilir ki, iddia ərizəsinin qəbul olunmasından imtina edilməsi qərardadda qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra həmin tələb üzrə yenidən sadələşdirilmiş icraat və ya iddia icraatı qaydasında məhkəməyə müraciət edilməsinə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150, 263, 264, 266-268, 284-cü maddələrinin tələblərini rəhbər tutaraq, q ə r a r a a l d ı m: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsinin qəbul olunmasından imtina edilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qaytarılsın. Hakim : Kamran Süleymanov
Məhkəmə qərarları › İş №e-2(054)-466/2022
Oğuz Rayon Məhkəməsi Qərardad — İş №e-2(054)-466/2022
20.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver