Məhkəmə qərarları › İş №e-2(054)-477/2023

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-477/2023

24.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-477/2023 24.11.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ X5 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Cavabdeh3 iştirakı ilə, iddiaçı ləğv prosesində olan İddiaçı2 ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 qarşı kreditin, ona hesablanmış faiz borcunun qaytarılması tələbinə dair mülki işə 24 noyabr 2023-cü il tarixdə Oğuz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı2 ASC (mətndə iddiaçı) cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 (mətndə cavabdehlər) qarşı 1034,31 manat əsas, 36,09 manat faiz, cəmi 1070,40 manat kredit borcunun və 31 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq İddiaçı2 ASC-nin xeyrinə ödənilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, iddiaçının nümayəndəsi X4 xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş ərizəsi ilə üzrlü səbəbləri nəzərə alaraq işə iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbini bildirməmişlər. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanına uyğun olaraq İddiaçı2 ASC ilə X3 arasında xx.xx.2029-cu il tarixli, 15-xx-xx-086383 saylı kredit müqaviləsi bağlanmış, həmin müqavilə ilə müştərinin restrukturizasiya olunmuş kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədilə ona 60 ay müddətinə, bir illik güzəştlə, illik 1% olmaqla 1039,59 manat məbləğində kredit verilmişdir. Südabə Məmmədova həmin kredit müqaviləsi üzrə ödəniş cədvəlinə əsasən xx.xx.2019-cu il tarixdən 12 ayda hər ay 0,87 manat, xx.xx.2020-ci il tarixdən xx.xx.2024-cü il tarixədək hər ay 22,10-22,11 manat arası ödəməyi öhdəsinə götürmüşdür. X3 xx.xx.2019-cu il tarixdə ölmüş, xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 onun vərəsələri hesab edilmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151 və 1306-cı maddələrinə uyğun olaraq vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam edilməyən bütün öhdəliklər üzrə qəbul etdikləri miras əmlakdakı paylara mütənasib surətdə birgə borclu kimi məsiliyyət daşıdıqlarından sözügedən kredit müqaviləsi üzrə 1034,31 manat əsas borcun, 36,09 manat faiz borcunun, cəmi 1070,40 manat borcun və 31 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq İddiaçı2 ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında Cavabdeh3 izahat verərək bildirdi ki, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 övladları, mərhum X3 isə həyat yoldaşıdır.Kredit müqaviləsi bağlanarkən həyat yoldaşı xəstə olmuş, hətta banka çətinliklə getmişdir. O vəfat edəndə- 40 mərasimindən sonra banka getmiş, kredit borcunun taleyi ilə maraqlanmışdır. Bankın əməkdaşı hansısa sənədləşmə apardıqdan sonra ona kreditin bağlandığını bildirmişdir. Buna görə də aradan keçən müddətdə heç bir ödəniş etməmişlər. Hazırda maddi imkanları çox aşağı olduğundan tələb olunan məbləği ödəmək mümkün deyil.Cavabdeh olan övladlarından ikisi Bakıda yaşayırlar, işsizdirlər, təsadüfi qazancla ailələrini birtəhər saxlayırlar, heç məhkəmə iclasına gəlməyə də imkanları yoxdur. Özü təqaüdçüdür, digər oğlu da ailəsini güclə dolandırır.Məbləğə etiraz etmir. Borcu birdəfəyə ödəyə bilməyəcək, aybaay aşağı məbləğlə ödəməyə çalışacaq. Qanuni qərar çıxarılmasını xahiş etdi. Məhkəmə cavabdehi dinləyib, iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, mübahisənin həllində tətbiq edilməli olan hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İşdə olan xx.xx.2019-cu il tarixli, 15-xx-xx-086383 saylı kredit müqaviləsinin surətindən görünür ki, X2 restrukturizasiya olunan əsas kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədilə ona 1 il güzəşt müddəti olmaqla 60 ay müddətinə illik 1 faiz dərəcəsi ilə 1039,59 manat məbləğində kredit verilmişdir. İşdə olan 1 saylı Əlavədən-ödəniş cədvəlindən görünür ki, xx.xx.2019-cu il tarixli, 15-xx-xx-086383 saylı kredit müqaviləsi üzrə 1039,59 manat əsas, 31,83 manat faiz borcunun ödənişinin xx.xx.2019-cu il tarixdən 12 ayda hər ay 0,87 manat, xx.xx.2020-ci il tarixdən xx.xx.2024-cü il tarixədək hər ay 22,10-22,11 manat arası arasında olmaqla xx.xx.2024-cü il tarixdə başa çatdırılması nəzərdə tutulmuşdur. İşdə olan xx.xx.2003-cü il tarixli, xx-xx/4259 saylı bildirişin surətindən görünür ki, mərhum X2 vərəsələri- Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 oğlundan xx.xx.2019-cu il tarixli, 15-xx-xx-086383 saylı kredit müqaviləsi üzrə öhdəliklərini 3 gün ərzində icra etməsi tələb edilmiş, əks halda müqavilənin ləğv ediləcəyi və borc tələbilə bağlı məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli, xx/xx-3510 saylı maliyyə arayışından görünür ki, X2 xx.xx.2019cu il tarixli, 15-xx-xx-086383 saylı müqaviləyə əsasən iddiaçıya 1034,31 manat əsas, 36,09 manat faiz borcu vardır. İşdə olan xx.xx.2020-ci və xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin surətindən görünür ki, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 xx.xx.2019-cu il tarixdə vəfat etmiş X1 miras qalmış əmlaka-Oğuz rayonu Xaçmaz kəndində yerləşən ümumi sahəsi 1,3391 ha və 0,12 ha torpaq sahələrinin mərhuma məxsus hissəsinə vərəsə olaraq tanınmışlar. Azərbaycan Respublikası Bakı Apelyasiya Məhkəməsinin işdə olan xx.xx.2023-cü il tarixli, 2-3(103)-54/2023 saylı qərarından görünür ki, "xxxx" ASC müflis elan edilmiş, İddiaçı1 "xxxx" ASC-nin ləğvedicisi təyin edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən...öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Yenə həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Habelə həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Məhkəmə iclasında müəyyən edildi ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanına uyğun olaraq İddiaçı2 ASC ilə X3 arasında xx.xx.2029-cu il tarixli, 15-xx-xx-086383 saylı kredit müqaviləsi bağlanmış, həmin müqavilə ilə müştərinin restrukturizasiya olunmuş kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədilə ona 60 ay müddətinə, bir illik güzəştlə, illik 1% olmaqla 1039,59 manat məbləğində kredit verilmişdir. Südabə Məmmədova həmin kredit müqaviləsi üzrə ödəniş cədvəlinə əsasən xx.xx.2019-cu il tarixdən 12 ayda hər ay 0,87 manat, xx.xx.2020-ci il tarixdən xx.xx.2024-cü il tarixədək hər ay 22,10-22,11 manat arası ödəməyi öhdəsinə götürmüşdür. X3 xx.xx.2019-cu il tarixdə ölmüş, xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 onun vərəsələri hesab edilmişlər, lakin onlara xəbərdarlıq edilməsinə baxmayaraq mərhumdan qalan kredit borcunu ödəməmişlər, halbuki mülki qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdehlər vərəsə olaraq miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə paylarına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, nəqd kredit üzrə ödənilməmiş 1034,31 manat əsas borc, 36,09 manat faiz borcu, cəmi 1070,40 manat borc borclu X2 vərəsələri olan cavabdehlərdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İstinad olunan Məcəllənin 217.4-cü maddəsində isə deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.İddia tələbi təmin edildiyindən cavabdehlərdən 31 manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 xx.xx.2019-cu il tarixli, 15-xxxx-086383 saylı kredit müqaviləsi üzrə 1034,31 manat əsas borc, 36,09 manat faiz borcu, cəmi 1070,40 (bir min yetmiş manat qırx qəpik qəpik) manat və 31 (otuz bir) manat dövlət rüsumu tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı2 ASC-nin xeyrinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar