Məhkəmə qərarları › İş №e-2(054)-481/2022

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-481/2022

21.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-481/2022 21.11.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki işə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: TƏSVİRİ HİSSƏ: İddiaçı "xxxx" ASC məhkəməyə müraciət edərək xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 4550,00 manat əsas borc, 1124,92 manat faiz borcu - cəmi 5674,92 manat borc və 76,74 manat dövlət rüsumunun Cavabdeh iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəmə iclasına gəlməmiş, məhkəməyə göndərdiyi ərizədə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılaraq iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2021ci il tarixli GTKR4376674A142 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə illik 27 % dərəcəsi ilə 35 ay müddətinə 4550,00 manat məbləğində kredit verilmişdir. Cavabdeh müqavilə ilə müəyyən edilmiş müddətdə cəmi 6625,76 manat əsas borc və faiz borcunu tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərini lazımi qaydada icra etməmiş, kreditin ödənişi qaydalarına riayət etməmişdir. Hazırda cavabdehin iddiaçıya 4550,00 manat əsas borc, 1124,92 manat faiz borcu - cəmi 5674,92 manat borcu vardır. Cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq o, borcun ödənilməsini təmin etməmiş, onunla iddiaçı arasında bağlanmış müqavilədən irəli gələn öhdəlikləri icra etməmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtinə əsasən müqavilə öhdəlikləri borcalan tərəfindən pozulduqda, borcverən kreditin hesablanmış faizi və digər borcları ilə birlikdə qaytarılmasını vaxtından əvvəl tələb edə bilər. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 76,74 manat dövlət rüsumu ödənilmişdir. İddiaçı 4550,00 manat əsas borc, 1124,92 manat faiz borcu - cəmi 5674,92 manat borc və 76,74 manat dövlət rüsumu məbləğinin cavabdehdən iddiaçının xeyrinə tutulmasını tələb edir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclaslarına gəlməmiş, gəlmədiyinin səbəbləri barədə məlumat verməmiş, iddia tələbi üzrə fikrini bidirməmiş, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etməmişdir. Məhkəmə cavabdehin məhkəməyə gəlməməsinin səbəblərini üzürsüz hesab edərək Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və işə mahiyyəti üzrə baxılmasını qərara almışdır. Məhkəmə araşdırması zamanı iş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli GTKR4376674A142 nömrəli kredit müqaviləsi, həmin müqaviləyə əlavə edilmiş ödəniş cədvəli, xx.xx.2021-ci il tarixli kassa məxaric orderi, xx.xx.2022-ci il tarixli bildiriş, xx.xx.2022-ci il tarixli maliyyə arayışı, xx.xx.2022-ci il tarixli mədaxil qəbzi ilə işin mübahisələndirilməyən halları olaraq müəyyən edildi ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə illik 27 % dərəcəsi ilə 35 ay müddətinə 4550,00 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit məbləğindən təyinatı üzrə istifadə etməyi, həmçinin, kredit üzrə əsas borcu və onun faizlərini müqavilənin şərtlərinə uyğun olaraq ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdehə müqavilə ilə müəyyən edilmiş müddətdə cəmi 6625,76 manat əsas borc və faiz borcunu tam şəkildə ödəməli olması ilə bağlı ödəniş cədvəli təqdim edilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədiyi üçün borcun könüllü olaraq ödənilməsi ondan tələb edilmiş, kredit müqaviləsi üzrə öhdəlikləri barədə ona xəbərdarlıq edilmiş və əks halda, məhkəməyə müraciət ediləcəyi izah edilmişdir. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 76,74 manat dövlət rüsumu ödənilmişdir. Hazırda iddiaçı xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehdən 4550,00 manat əsas borc, 1124,92 manat faiz borcu - cəmi 5674,92 manat borc və 76,74 manat dövlət rüsumu məbləğinin tutulmasını tələb edir. İddiaçı öz iddia tələbinin əsası kimi kredit müqaviləsinə və həmin müqaviləyə əlavə edilmiş digər sənədlərə istinad edir. Cavabdeh məhkəmə iclaslarına gəlməmiş və iddia tələbinə münasibətini bildirməmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehdən 4550,00 manat əsas borc və 1124,92 manat faiz borcu tutulmasına dair hissələri təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, ödənilmiş tələblərin məbləği nəzərə alınmaqla iddia tələbinin məhkəməyə müraciət etmək üçün ödənilmiş 76,74 manat dövlət rüsumu məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair hissəsi də təmin edilməlidir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 4550,00 manat əsas borc, 1124,92 manat faiz borcu və 76,74 manat dövlət rüsumu - cəmi 5751,66 manat tutulsun. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Oğuz Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar