Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № e-2(054)-483/2022 26.09.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlu, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə Oğuz Rayon Məhkəməsinin inzibati binasında baxaraq, m ü ə y y ə n e t d i m: İddiaçı QSC BOKT-nın cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı xx.xx.2014-cü il tarixli 843M nömrəli kredit müqaviləsi üzrə kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, hazırki iddia ərizəsində sübutların siyahısı, cavabdehlərin şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı, olduğu halda - iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı göstərilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2 və 149.4-cü maddələrinin məzmununa görə ərizənin verildiyi məhkəmənin adı; iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda - iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat; ərizəyə əlavə edilən sənədlərin siyahısı; mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri ərizədə göstərilməlidir. Bundan əlavə, iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı hazırki tələbdə qeyd edilən xx.xx.2014-cü il tarixli 843M nömrəli kredit müqaviləsi üzrə kredit borcunun ödənilməsi tələbi barədə 2015-ci ildə cavabdehlər Cavabdeh2, X2 və Cavabdeh1 qarşı iddia ilə məhkəməyə müraciət etmiş, həmin iş üzrə Oğuz Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2 (054) - 83 / 2016 nömrəli qətnaməsinə əsasən iddia tələbi qismən - cavabdehlər Cavabdeh2 və Cavabdeh1 dair hissədə təmin edilmiş, digər cavabdeh X1 dair hissədə isə rədd edilmişdir. Qeyd olunan qətnamədən Cavabdeh1 verdiyi apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə qismən təmin edilmiş, Oğuz Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2 (054) - 83 / 2016 nömrəli qətnaməsi ləğv edilərək iddia ərizəsi baxılmamış saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadında iddia ərizəsnin baxılmamış saxlanılmasının əsası olaraq qeyd edilmişdir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşməsinə baxmayaraq, iddiaçı mübahisənin məhkəmədənkənar həlli qaydasına riayət etmədən məhkəməyə müraciət etmişdir. Eyni zamanda, iddiaçıya izah edilmişdir ki, qeyd olunan fərmanın müəyyən etdiyi qaydalara riayət etdikdən sonra borcun ödənilməsi ilə bağlı həll edilməmiş mübahisə qalarsa, həmin qərardad yenidən iddia tələbi ilə məhkəməyə müraciət edilməsinə mane olmur. İş materiallarından isə iddiaçının yenidən məhkəməyə müraciət etməzdən əvvəl mübahisənin məhkəmədənkənar həlli qaydasına qanunamüvafiq qaydada riayət etdiyi müəyyən edilmir. İddiaçı hazırki iddia ərizəsində iddiaçı tərəfindən Cavabdeh2 güzəştli kredit müqaviləsinin bağlanmasının təklif edildiyini, lakin cavabdeh tərəfindən həmin müqavilənin bağlanmasının təmin edilmədiyni qeyd etsə də, bununla bağlı müvafiq rəsmi sənədlər və digər sübutlar işə əlavə edilməmiş və məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanının 6.2-ci bəndində qeyd edilmişdir ki, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər; Həmin Fərmanın 8.10-cu bəndində qeyd edilmişdir ki, məhkəmədə olan işlərin geri çağırılması dedikdə vaxtı keçmiş kredit borcları ilə bağlı məhkəmələrdə olan iddialardan imtina edilməsi və icra sənədi üzrə icraata xitam verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tədbirlər görülməsi nəzərdə tutulur. Tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli 843M nömrəli kredit müqaviləsi üzrə borc məbləği vaxtı keçmiş kredit borclarına aid olmaqla qeyd olunan fərmanın təsir dairəsinə düşdüyündən, lakin iddiaçı tərəfindən həmin kredit borcunun restrukturizasiya olunubolunmaması, kreditə hesablanmış faizlərin silinməsi üçün tədbirlər görülüb-görülməməsi barədə məhkəməyə hər hansı sənəd təqdim edilmədiyindən hazırki vəziyyətdə həmin xüsusatların obyektiv araşdırılması mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150-ci maddəsinə əsasən iddia ərizəsinə cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri (iddia ərizəsi elektron formada verildiyi hal istisna olmaqla); dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd; iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd (iddia ərizəsi elektron qaydada verildiyi halda belə səlahiyyətin elektron imza ilə təsdiq edildiyi hal istisna olmaqla); bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd; iddia ərizəsi elektron qaydada verildiyi hal istisna olmaqla, iddia ərizəsində göstərilən bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətləri; müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir); “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd əlavə edilir. İş materiallarından görünür ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməzdən əvvəl cavabdehlə mübahisənin məhkəməyə qədər həll edilməsi üçün tədbirlər görüldüyü barədə rəsmi sənədləri iddia ərizəsinə əlavə etməmiş və məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hazırki iş üzrə iddia ərizəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədiyinə, həmin Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər qanunamüvafiq şəkildə iddia ərizəsinə əlavə edilmədiyinə, habelə, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədiyinə görə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddiaçıya izah edilir ki, iddia ərizəsinin qaytarılması qərardadda qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra onun ümumi qaydada yenidən aidiyyəti üzrə məhkəməyə müraciət etməsinə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülku Prosessual Məcəlləsinin 149, 150, 152, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun ödənilməsi tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan Oğuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim : Kamran Süleymanov
Məhkəmə qərarları › İş №e-2(054)-483/2022
Oğuz Rayon Məhkəməsi Qərardad — İş №e-2(054)-483/2022
26.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver