Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-529/2024 12.12.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ X3 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X1, Cavabdeh2 iştirakı ilə, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə 12 dekabr 2024-cü il tarixdə Oğuz şəhərində Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı (iddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 (cavabdehlər) qarşı cavabdehlərdən 3291,54 manat əsas borcun, 76,46 manat faiz borcunun, cəmi 3368 manat borc məbləğinin və dövlət rüsumu kimi ödənilmiş 53,68 manat pulun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, Cavabdeh2 istisna olmaqla digər cavabdehlər məhkəmə iclasında iştirak etməmiş, Cavabdeh1 və Cavabdeh5 xx.xx.2024-ü il tarixli ərizələri ilə iddia tələbini qəbul etdiklərini, məhkəmə iclasının iştirakları olmadan keçirilməklə iddianın təmin olunmasını xahiş etmişlər.Cavabdehlər Cavabdeh3 və Cavabdeh4 iştirak etməməyin səbəbini bildirməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 izahat verərək bildirmişdir ki, “Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 saylı Fərmanının icrası ilə əlaqədar "xxxx" ASC-nin problemli aktivləri (borcları) üzrə tələb hüququ müqavilə əsasında İddiaçı QSC Bank Olmayan Kredit Təskilatına kecmisdir. Vaxtı keçmiş kredit borclarının restrukturizasiya edilməsi barədə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti BOKT-nın İdarə Heyətinin xx.xx.2020-ci il tarixli 86 saylı qərarının icrası ilə əlaqədar İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Şəki filialı ilə Cəlilova Sima Səlim qızı arasında xx.xx.2020-ci il tarixli, RDB saylı “fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun restrukturizasiyası müqaviləsi” (Cəlilova Sima Səlim qızı ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 19-SM72-R1L5 saylı kredit müqaviləsinə uyğun olaraq) bağlanmışdır. Həmin müqaviləyə əsasən Cəlilova Sima Səlim qızı 3719,43 manat vaxtı keçmiş kredit borcunu müqavilə imzalandığı tarixdən illik 01 faiz hesablanmaqla ödəniş qrafiki əsasında 5 il müddətində İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi barədə öhdəlik götürmüşdür. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Şəki filialı ilə zaminlər Cavabdeh3 və Cavabdeh4 arasında 19 noyabr 2020ci tarixli zaminlik müqavilələri bağlanmışdır. Kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlinə əsasən borcalan Cəlilova Sima Səlim qızı qrafikə uyğun olaraq əsas borcu və ona hesablanmış faiz borcunu ödəməli olsa da müqavilənin şərtlərinə əməl etməmişdir. xx.xx.2021-ci il tarixli, AZ-İİ 192622 saylı ölüm haqqında şəhadətnaməyə əsasən borclunun xx.xx.2021-ci il tarixdə vəfat etdiyi məlum olmuşdur. Araşdırma zamanı mərhum borclunun vərəsələrinin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh5 ibarət olduğu müəyyən edilmiş, həm onlara, kredit müqaviləsinin müddəti bitmədiyindən həm də zaminlərə məktubla müraciət edilərək borcun ödənilməsi tələb olunmuşdur. Buna baxmayaraq borcun ödənilməsi təmin edilməmişdir. İddianın təmin edilməsini, cavabdehlərdən müştərək qaydada 3291,54 manat əsas borcun, 76,46 manat faiz borcunun, cəmi 3368 manat borc məbləğinin və dövlət rüsumu kimi ödənilmiş 53,68 manat pulun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 izahat verərək bildirmişdir ki, mərhum Cəlilova Sima Səlim qızı həyat yoldaşı olub. Sima vəfat etdikdən sonra ölüm sənədini banka vermişdir. Borcun ödənilməsi ilə bağlı ona gec məlumat verilib. Kredit təşkilatının Şəki filialına müraciət edərək kreditin onun adına keçirilməsini xahiş etmiş, bunun mümkün olmadığı bildirilmişdir. Ona kredit borcunu Oğuzda Camal və ya Tərlana verməyi təklif etmişlər. Bir ay pulu vermiş, sonra hesab nömrəsi verilməsini istəmişdir. Hazırda tələb edilən pula cavabdehdir. Yaxşı olar ki, zaminlər cavabdehlikdən çıxarılsınlar. Onlara yazılı şəkildə qəbz verərək pulu ödəyəcəyini bildirmişdir.İddianın ona münasibətdə təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 izahat verərək bildirmişdir ki, mərhum Sima Cəlilovanın oğludur. Anası vəfat etdikdən sonra onlara kreditin ödənilməsi qaydasını izah etsəydilər indiyədək kredit borcu ödənilmiş olardı. Pulu ödəməyə hazırdılar. Qətnamə çıxarılandan sonra icra mərhələsində atası və o, borcu tam ödəyəcəklər. İddia tələbinin ona münasibətdə təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh3 izahat verərək bildirmişdir ki, mərhum Sima Cəlilova bacısıdır. Ona zamin durub. Simanın əri Cavabdeh1 yazılı iltizam verərək ona deyib ki, kredit borcunu ödəyəcək, lakin göründüyü kimi bu işi ləngidir. Onların Şəkidə bankda da aralarında problem olub. Özü, yoldaşı və oğlu xəstədir, kredit ödəyə bilməz. Ailə üzvlərinə o baxır. İddianın ona münasibətdə təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh4 izahat verərək bildirmişdir ki, Elbrus qohumudur. Sima Cəlilova bankdan pul götürərkən məbləğə baxmayıb, imza edib. Sima ölənədək pulu ödəyib. Onun ölümündən sonra pulun ödənilməsi dayanıb. Elbrus yazılı şəkildə iltizam verib ki, pulu ödəyəcək. 4 ildir ki, bu məsələ davam edir. Xəstə uşağı var, kredit ödəməyə imkanı yoxdur. İddia tələbinin ona münasibətdə rədd edilməsini xahiş etmişdir. İş materiallarında olan fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun xx.xx.2020-ci il tarixli, RDB-052 saylı restrukturizasiyası müqaviləsindən görünür ki, İddiaçı QSC BOKT ilə Cəlilova Sima Səlim qızı arasında onun "xxxx" ASC ilə bağlanmış xx.xx.2014-cü il tarixli 19-SM72-R1L5 saylı kredit müqaviləsinə əsasən ödənilməmiş qalan vaxtı keçmiş 3719,43 manat əsas, 594,03 manat faiz, cəmi 4313,46 manat kredit borcu üzrə 3719,43 manat əsas kredit borcunun ödənilməsi üçün müddətin uzadılması, həmin borcun 60 ay müddətinə, illik 01 faiz olmaqla ödənilməsi barədə razılıq əldə olunmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, RDB-052 saylı restrukturizasiya müqaviləsinə əlavə ödəniş cədvəlindən görünür ki, Cəlilova Sima Səlim qızı 3719,43 manat qalıq kredit borcunun (95,31 manat faiz məbləği ilə (illik 01 faiz) birlikdə) ödənişinin 60 ay müddətində-xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay 63,58 manat olmaqla xx.xx.2025-ci il tarixdə başa çatdırılması nəzərdə tutulmuş, tərəflər cədvəli imzalamışlar. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, Z-1 və Z-2 (RDB-052) saylı zaminlik müqavilələrindən görünür ki, zaminlər Cavabdeh4 və Cavabdeh3 xx.xx.2020-ci il tarixli, RDB-052 saylı restrukturizasiya müqaviləsi üzrə öhdəliklər tam yerinə yetirilənədək borcalan ilə birlikdə kredit təşkilatı qarşısında məsuliyyət daşımağı öz öhdələrinə götürmüşlər. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 291 və 292 saylı bildirişlərdən görünür ki, xx.xx.2020-ci il tarixli, RDB-052 saylı kredit müqaviləsi üzrə kredit borcunun ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə zaminlər Cavabdeh3 və Cavabdeh4 məlumat verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 266 saylı son xəbərdarlıqdan görünür ki, xx.xx.2020-ci il tarixli, RDB-052 saylı kredit müqaviləsi üzrə kredit borcunun ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə mərhum Cəlilova Sima Səlim qızının hüquqi varisləri Cavabdeh1, Cavabdeh2 və Cavabdeh5, zaminlər Cavabdeh3 və Cavabdeh4 məlumat verilmişdir. İş materiallarında olan ölüm haqqında AZ-İİ 192622 saylı şəhadətnamənin surətindən görünür ki, Cəlilova Sima Səlim qızı xx.xx.2021-ci il tarixdə beyin infarktı səbəbli ölmüş, bu barədə Oğuz rayon Qeydiyyat şöbəsində ölüm haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 130 nömrə ilə qeyd edilmişdir. Cəlilova Sima Səlim qızının kredit borcunun xx.xx.2023-cü il tarixə olan vəziyyəti barədə iş materiallarında olan məlumatdan görünür ki, xx.xx.2020-ci il tarixli, RDB-052 saylı restrukturizasiya müqaviləsi üzrə qalıq 3719,43 manat əsas kredit borcundan 427,89 manat, 103,57 manat faiz borcundan 27,11 manat ödəniş edilmiş, qeyd edilən tarixə borclunun 3291,54 manat əsas, 76,46 manat faiz borcu olmaqla, cəmi 3368 manat iddia məbləği müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən ... öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Yenə həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyələşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Habelə həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin hüquq münasibətləri yaranan vaxt qüvvədə olmuş 739.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Beləliklə iş materialları ilə təsdiq edilir ki, iddiaçı ilə mərhum Cəlilova Sima Səlim qızı arasında bağlanmış xx.xx.2020-ci il tarixli, RDB-052 saylı restrukturizasiya müqaviləsinə əsasən onun "xxxx" ASC ilə bağlanmış xx.xx.2014-cü il tarixli 19-SM72-R1L5 saylı kredit müqaviləsinə əsasən ödənilməmiş qalan vaxtı keçmiş 3719,43 manat əsas, 594,03 manat faiz, cəmi 4313,46 manat kredit borcu üzrə 3719,43 manat əsas kredit borcu restrukturizasiya edilmiş, qalıq 3719,43 manat borcun ödənilməsi məqsədilə müddət 60 ay müddətinə, illik 01 faiz dərəcəsi olmaqla uzadılmışdır. Sima Cəlilova xx.xx.2021-ci il tarixdə vəfat etmiş, onun varisləri Cavabdeh1, Cavabdeh2 və Cavabdeh5, həmçinin iş materiallarına əlavə edilmiş zaminlik müqavilələri ilə kredit üzrə öhdəliklərin təminatı məqsədilə həmin vaxt zaminliyi müəyyən edilmiş Cavabdeh3 və Cavabdeh4 xəbərdarlıq edilsə də müqavilə üzrə öhdəliklər onlar tərəfindən yerinə yetirilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad olunan Məcəllənin 217.4-cü maddəsində deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən ödənilmiş 53,68 manat dövlət rüsumu cavabdehlərdən tutulub iddiaçıya verilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 xx.xx.2020-ci il tarixli, RDB-052 saylı restrukturizasiya müqaviləsi üzrə 3291,54 manat əsas borc, 76,46 manat faiz borcu, cəmi 3368 (üç min üç yüz altmış səkkiz) manat kredit borcu və 53,68 (əlli üç manat altmış səkkiz qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №e-2(054)-529/2024
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-529/2024
12.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver