Məhkəmə qərarları › İş №e-2(054)-530/2022

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-530/2022

23.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-530/2022 23.12.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh2 iştirakı ilə İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: TƏSVİRİ HİSSƏ: İddiaçı QSC BOKT ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2014-cü il tarixli 843M nömrəli kredit müqaviləsi üzrə 4514,97 manat əsas borc, 1100,30 manat faiz borcu və 76,15 manat dövlət rüsumu məbləğinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada tutularaq İddiaçı QSC BOKT-na ödənilməsi haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 müraciəti əsasında onunla İddiaçı QSC BOKT arasında bağlanmış xx.xx.2014-cü il tarixli 843M nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 istehlak məqsədilə illik 27 % dərəcəsi ilə 24 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 müqavilə ilə müəyyən edilmiş müddətdə cəmi 6525,63 manat əsas borc və faiz borcunu tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2014-cü il tarixli 977Z və 978Z nömrəli zaminlik müqavilələrinə əsasən Cavabdeh1 kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda, X3 və Cavabdeh2 onunla birlikdə məsuliyyət daşımağı öhdələrinə götürmüşlər. Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərini lazımi qaydada icra etməmiş, kreditin cədvəl üzrə ödənişi qaydalarına riayət etməyərək borcun ödənilməsini gecikdirmişdir. İddiaçı 2016-cı ildə kredit borcunun ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmiş, Oğuz Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2 (054) - 83 / 2016 nömrəli qətnaməsi ilə iddia tələbi Cavabdeh1 və Cavabdeh2 dair hissədə təmin edilmiş, X2 dair hissədə isə rədd edilmişdir. Qeyd edilən qətnamədən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti əsasında Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2 (107) - 2829 / 2019 nömrəli qərardadı ilə qətnamə ləğv edilərək, iddiaçı tərəfindən işin qabaqcadan məhkəmədən kənar (pretenziya) həll edilməsi qaydasına əməl edilməməsi əsası ilə ərizə baxılmamış saxlanılmışdır. Cavabdeh1 bundan sonra da müqavilə öhdəliklərini icra etməmiş, hazırda həmin kredit müqaviləsi üzrə onun iddiaçıya 4514,97 manat əsas borcu və 1100,30 manat faiz borcu - cəmi 5615,27 manat borcu vardır. Cavabdehlərə xəbərdarlıq edilməsinə baxmayaraq onlar borcun ödənilməsini təmin etməmiş, onlarla iddiaçı arasında bağlanmış müqavilələrdən irəli gələn öhdəlikləri icra etməmişlər. Müqavilə öhdəlikləri vaxtında və lazımi qaydada icra edilmədiyinə görə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 76,15 manat dövlət rüsumu ödənilmişdir. Hazırda iddiaçı cəmi 5615,27 manat borc və 76,15 manat dövlət rüsumu məbləğinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada tutulmasını tələb edir. İddiaçının nümayəndəsi X4 iddia tələbini müdafiə etdiyini bildirdi və məhkəmə iclasında həmin tələbin məzmununa uyğun izahat verməklə iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclaslarına gəlməmiş, gəlmədiyinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrini bidirməmiş, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarının həmin cavabdehin iştirakı olmadan keçirilməsini və işə mahiyyəti üzrə baxılmasını qərara almışdır. Cavabdeh2 iddia tələbini qəbul etmədiyini bildirdi və məhkəmə baxış iclasında verdiyi izahatında göstərdi ki, o, Yevlax rayon sakinidir. Bir neçə il əvvəl öz adına kredit almaq üçün banklardan birinə müraciət edəndə ona bildirilmişdir ki, onun adına İddiaçı QSC BOKT-na ödənilməmiş kredit borcu vardır. Bundan sonra o, İddiaçı QSC BOKT-na müraciət etmiş və məlum olmuşdur ki, həmin təşkilatla xx.xx.2014-cü il tarixdə onun adından zaminlik müqaviləsi bağlanmışdır. Qeyd olunan zaminlik müqaviləsi əsasında Cavabdeh1 adlı şəxsə 5000 manat məbləğində kredit verilmişdir. O, İddiaçı QSC BOKT ilə hər hansı zaminlik müqaviləsi bağlamamış, həmin müqaviləyə imza etməmişdir. O, Cavabdeh1 tanımır və ona zamin olmamışdır. Zaminlik müqaviləsində onun adından yazılmış sözlər onun tərəfindən yazılmamış, həmin müqavilədə soyadının qarşısında olan imzalar da onun tərəfindən icra edilməmişdir. Ona görə də ona qarşı olan iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş edir. Məhkəmə araşdırması zamanı işdə iştirak edən şəxslərin izahatları, həmçinin, iş materiallarına əlavə edilmiş xx.xx.2014-cü il tarixli 843M nömrəli kredit müqaviləsi, həmin müqaviləyə əlavə edilən ödəniş cədvəli, xx.xx.2014-cü il tarixli 977Z və 978Z nömrəli zaminlik müqavilələri, Oğuz Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2 (054) - 83 / 2016 nömrəli qətnaməsi, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2 (107) - 2829 / 2019 nömrəli qərardadı, xx.xx.2020-ci il və xx.xx.2022-ci il tarixli bildirişlər və həmin bildirişlərə aid xəbərnamələr, xx.xx.2022-ci il tarixli hesabdan çıxarış, borc qalığına dair xx.xx.2022-ci il tarixli arayış və xx.xx.2022-ci il tarixli ödəniş qəbzi ilə müəyyən edildi ki, Cavabdeh1 müraciəti əsasında onunla İddiaçı QSC BOKT arasında bağlanmış kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh1 istehlak məqsədi ilə istifadə edilməsi üçün illik 27 % dərəcəsi ilə 24 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 müqavilə ilə müəyyən edilmiş müddətdə cəmi 6525,63 manat əsas borc və faiz borcunu tam şəkildə ödəməli olması ilə bağlı ödəniş cədvəli təqdim edilmişdir. Kredit müqaviləsinin təminatı kimi X3 və Cavabdeh2 adından zaminlik müqavilələri bağlanmışdır. Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərini lazımi qaydada icra etməmiş, kreditin cədvəl üzrə ödənişi qaydalarına tam şəkildə riayət etməmişdir. İddiaçı 2016-cı ildə kredit borcunun ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmiş, Oğuz Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2 (054) - 83 / 2016 nömrəli qətnaməsi ilə iddia tələbi Cavabdeh1 və Cavabdeh2 dair hissədə təmin edilmiş, X2 dair hissədə isə rədd edilmişdir. Qeyd edilən qətnamədən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti əsasında Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2 (107) - 2829 / 2019 nömrəli qərardadı ilə qətnamə ləğv edilərək, iddiaçı tərəfindən işin qabaqcadan məhkəmədən kənar (pretenziya) həll edilməsi qaydasına əməl edilməməsi əsası ilə ərizə baxılmamış saxlanılmışdır. Həmin vaxtdan sonra da cavabdehlərə xəbərdarlıq edilməsinə baxmayaraq borcun ödənilməsi təmin edilməmişdir. Ona görə də iddiaçı məhkəməyə müraciət etmiş, məhkəməyə müraciət etmək üçün iddiaçı tərəfindən 76,15 manat dövlət rüsumu ödənilmişdir. İddiaçı hazırda xx.xx.2014-cü il tarixli 843M nömrəli kredit müqaviləsi üzrə 4514,97 manat əsas borc və 1100,30 manat faiz borcu - cəmi 5615,27 manat borc, həmçinin, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 76,15 manat dövlət rüsumu məbləğinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada tutulmasını tələb edir. İddiaçı öz iddia tələbinin əsasları kimi kredit və zaminlik müqavilələrinə, həmin müqavilələrə əlavə edilmiş sənədlərə, hesabdan çıxarışa və maliyyə arayışına istinad edir. Cavabdeh2 iddia tələbini qəbul etmir, iddiaçı ilə zaminlik müqaviləsi bağlamadığını və həmin müqaviləyə imza etmədiyini, Cavabdeh1 zamin olmadığını bildirir. Cavabdeh1 heç bir üzürlü səbəb olmadan məhkəmə iclaslarına gəlməmiş, iddia tələbinə etirazlarının əsası kimi məhkəməyə hər hansı sənəd və ya digər sübut təqdim etməmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iş materiallarını araşdırıb işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. İş materiallarından və işin məhkəmədə müəyyən edilmiş faktiki hallarından görünür ki, xx.xx.2014-cü il tarixdə tərəflər arasında qanunvericiliyin tələblərinə uyğun şəkildə 843M nömrəli kredit müqaviləsi bağlanmış, iddiaçı həmin kredit müqaviləsinə əsasən Cavabdeh1 istehlak məqsədi ilə istifadə edilməsi üçün illik 27 % dərəcəsi ilə 24 ay müddətinə 5000 manat məbləğində kredit verməklə müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirmişdir. Cavabdeh1 isə müqavilə ilə müəyyən edilmiş müddətdə əsas borc və faiz borcunu ödəniş qrafikinə uyğun olaraq ödəməyi öhdəsinə götürsə də, müqavilə öhdəliklərinə əməl etməmişdir. Qeyd olunan əsaslara görə məhkəmə hesab edir ki, Cavabdeh1 xx.xx.2014-cü il tarixli 843M nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə maddi məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəymiş zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qaşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə iddia tələbinin Cavabdeh2 dair hissələri ilə əlaqədar qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0 və 477.0.4-cü maddələrinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İş materiallarından görünür ki, iddiaçı ilə Cavabdeh2 adından bağlanmış xx.xx.2014-cü il tarixli 978Z nömrəli zaminlik müqaviləsi üzrə zaminliyin təmin etdiyi öhdəliyin icrası vaxtı xx.xx.2016-cı il tarixdə başa çatmış və həmin vaxtdan hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilənədək 6 ilə yaxın müddət keçmişdir. xx.xx.2014-cü il tarixli 978Z nömrəli zaminlik müqaviləsi üzrə zaminliyin təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 il ərzində kreditor zaminə qarşı iddia irəli sürmədiyinə görə məhkəmə hesab edir ki, Cavabdeh2 zaminliyinə xitam verilmiş hesab edilməlidir. Bu səbəbdən Cavabdeh2 iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 843M nömrəli kredit müqaviləsinə görə hər hansı maddi məsuliyyət daşımamalıdır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, xx.xx.2014-cü il tarixli 843M nömrəli kredit müqaviləsi üzrə 4514,97 manat əsas borc və 1100,30 manat faiz borcu məbləği yalnız Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir. İddia tələbi Cavabdeh2 dair hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, hazırki iş üzrə ödənilmiş tələblərin məbləği nəzərə alınmaqla məhkəməyə müraciət etmək üçün ödənilmiş 76,15 manat dövlət rüsumu da Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının xeyrinə xx.xx.2014-cü il tarixli 843M nömrəli kredit müqaviləsi üzrə 4514,97 manat əsas borc, 1100,30 manat faiz borcu və 76,15 manat dövlət rüsumu - cəmi 5691,42 manat tutulsun. İddia tələbi Cavabdeh2 dair hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Oğuz Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar