Məhkəmə qərarları › İş №e-2(054)-533/2023

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-533/2023

14.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-533/2023 14.11.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ X3 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı kredit borcu tələbinə dair mülki işə 14 noyabr 2023-cü il tarixdə Oğuz şəhərində Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı QSC (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı İddiaçı QSC ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 007A********** saylı kredit razılaşması üzrə 6514,21 manat əsas kredit borcu, 610,91 manat faiz, 208,90 manat cərimə, cəmi 7334,02 manat borcun və 93,35 manat dövlət rüsumunun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, iddiaçının nümayəndəsi X1 xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş elektron ərizəsi ilə məhkəmə baxışının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 007A********** saylı kredit müqaviləsinə əsasən ona 36 ay müddətinə, aylıq 1,625 faiz dərəcəsi ilə 8000 manat kredit verilmişdir. Müqaviləyə əlavə edilmiş ödəniş planına əsasən 8000 manat əsas kredit və 2755,46 manat faiz məbləğinin ödənişinin ayda 299 manat, sonuncu ay isə 290,46 manat olmaqla xx.xx.2025-ci il tarixdə başa çatdırılması nəzərdə tutulmuşdur. Cavabdeh kredit razılaşmasının tələblərini pozaraq kredit müqaviləsi üzrə ödənişləri dəfələrlə yubatmış, kredit və faizləri banka tam olaraq qaytarmamışdır. Cavabdeh götürdüyü kredit borcundan 1485,79 manat ödəmiş, onun iddiaçıya 6514,21 manat əsas borcu qalmışdır. Onun xx.xx.2023-cü il tarixə 153 gün üçün hesablanmış faiz borcu 610,91 manat təşkil edir. Bundan əlavə onun həmin tarixə 153 gün üçün hesablanmış 208,9 manat cərimə borcu yaranmışdır. Qeyd olunanlara əsasən Cavabdeh xx.xx.2022-ci il tarixli, 007A********** saylı kredit razılaşması üzrə 6514,21 manat əsas kredit borcu, 610,91 manat faiz, 208,90 manat cərimə, cəmi 7334,02 manat borcun və 93,35 manat dövlət rüsumunun tutulması tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul edərək bildirdi ki, həqiqətən iddia ərizəsində göstərilmiş müqavilə üzrə qeyd edilən kredit məbləğini götürmüşdür. Kredit götürərkən işlədiyindən 6 ay ödəniş etmişdir. Sonra ixtisara düşərək işdən çıxmış, buna görə borc yığılmışdır.Hələlik ayda 100 manat, yazda 200-300 manat olmaqla ödəniş etmək istəyir. Maddi imkanı aşağı olduğundan borcu hissələrlə ödəyəcəyinin nəzərə alınmasını və qanuni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə Cavabdeh izahatını dinləyib, iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, mübahisənin həllində tətbiq edilməli olan hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İşdə olan xx.xx.2022-ci il tarixli, 007A********** saylı kredit razılaşmasından (ərizə) və ödəniş planından görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh aylıq 1,625 % dərəcəsi ilə 36 ay müddətinə verilmiş 8000 manat əsas və 2755,46 manat faiz kredit ödənişinin xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay 299 manat, sonuncu ay 290,46 manat olmaqla xx.xx.2025-ci il tarixdə başa çatdırılması nəzərdə tutulmuşdur. İşdə olan xx.xx.2023-cü il tarixli xəbərdarlığın surətindən görünür ki, borcun ödənilmədiyi təqdirdə məsuliyyət tədbirləri ilə bağlı cavabdehə məlumat verilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, 007A********** saylı kredit razılaşması üzrə 6514,21 manat əsas kredit borcu, 610,91 manat faiz, 208,90 manat cərimə, cəmi 7334,02 manat kredit borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (Azərbaycan Respublikası MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən ... öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Yenə həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyələşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Habelə həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o kredit müqaviləsi adlandırılır. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, 007A********** saylı kredit razılaşması üzrə 6514,21 manat əsas kredit borcu, 610,91 manat faiz, 208,90 manat cərimə, cəmi 7334,02 manat kredit borcu yaranmış, xəbərdarlıq edilməsinə baxmayaraq həmin borcun ödənilməsi təmin olunmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 007A********** saylı kredit razılaşması üzrə 6514,21 manat əsas kredit borcu, 610,91 manat faiz, 208,90 manat cərimə, cəmi 7334,02 manat kredit borcu tutulub iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad olunan Məcəllənin 217.4-cü maddəsində deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilən Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.İddia tələbi təmin edildiyindən cavabdehdən ödənilmiş 93,35 manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. İddiaçı QSC ilə Cavabdeh arasına bağlanmış xx.xx.2022-ci il tarixli, 007A********** saylı kredit razılaşması üzrə cavabdehdən 6514,21 manat əsas kredit borcu, 610,91 manat faiz, 208,90 manat cərimə, cəmi 7334,02 (yeddi min üç yüz otuz dörd manat iki qəpik) manat kredit borcu və 93,35 (doxsan üç manat otuz beş qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə 2 saylı “Əlavə”yə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar