Məhkəmə qərarları › İş №e-2(054)-554/2024

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-554/2024

06.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-554/2024 06.12.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ X10 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakı ilə iddiaçı "xxxx" ASC-nin cavabdeh-borcalan X4 vərəsəsi Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması tələbinə dair mülki işə 06 dekabr 2024-cü il tarixdə Oğuz şəhərində Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" ASC (mətndə iddiaçı) cavabdeh-mərhum borcalan X4 vərəsəsi Cavabdeh (mətndə cavabdeh) qarşı ondan nəğd kredit üzrə 1043,64 manat əsas borc, 3,65 manat faiz borcu, cəmi 1047,29 manat borcun, ödənilmiş 30,47 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, "xxxx" ASC-nin Oğuz filialı ilə X6 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, BPM**********24 saylı kredit müqaviləsinə əsasən ona illik 21 faizlə 36 ay müddətinə 2000 manat məbləğində nəğd kredit verilmişdir. X2 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Oğuz rayon Notariat Ofisinin xx.xx.2024-cü il tarixli, 153 nömrəli məktubu və ona əlavə edilmiş elektron notariat informasiya sistemindən çıxarışla müəyyən edilmişdir ki, X1 qanun üzrə vərəsəsi Cavabdeh adına vərəsəlik işi açılmışdır. Həmin vərəsəlik işindən göründüyü kimi X1 mülkiyyətində nəqliyyat vasitəsi, 1,8154 ha torpaq sahəsinin ona aid hissəsi vardır. Bankın Şəki filialı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən X4 vəfat etdiyi tarixə banka nəğd kredit üzrə ödənilməmiş 1043,64 manat əsas borc, 3,65 manat faiz borcu, cəmi 1047,29 manat borcu qalmışdır. Cavabdeh mərhum X3 qalmış mirası qəbul etsə də miras qoyanın iddiaçı qarşısında olan öhdəliyini icra etməmişdir. İddiaçı tərəf mübahisənin məhkəmədən kənar qaydada həlli üçün səy göstərsə də, cavabdeh öz öhdəliklərini yerinə yetirməmişdir. Kredit sığorta edilməmişdir. Kredit öhdəlikləri qanuna uyğun olaraq borcalan tərəfindən, hazırki halda isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 1146, 1255 və 1306.1-ci maddələrinin tələbləri rəhbər tutulmaqla onun vərəsəsi tərəfindən yerinə yetirliməlidir. İddia ərizəsi ilə tələb olunan kredit borcu məbləğinin və ödənilmiş 30,47 manat dövlət rüsumu, 0,40 manat xidmət haqqının cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, atasının adına 2021-ci ildə kredit götürülüb. 2023-cü ildə atası vəfat etdikdən sonra ondan qalan miras əmlaka onun adına vərəsəlik şəhadətnaməsi verilmişdir. İşləmir, şəkər xəstəsidir, gözü zəif görür, qulaqları eşitmir. Kredit borcunu qəbul etsə də, ödəməyə maddi imkanı yoxdur. Qanuni qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, mübahisənin həllində tətbiq edilməli olan hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, BPM**********24 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC-nin Oğuz filialı tərəfindən X5 şəxsi istehlak məqsədləri üçün 36 ay müddətinə illik 21 % dərəcəsi ilə 2000 manat məbləğində nəğd kredit verilmişdir. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, "xxxx" ASC-nin Oğuz filialı tərəfindən X5 şəxsi istehlak məqsədləri ilə 36 ay müddətinə illik 21 % dərəcəsi ilə verilmiş 2000 manat kredit borcunun (712,42 manat faiz əlavə olunmaqla) ödənişinin xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay 75,36 manat, sonuncu ay 74,78 manat olmaqla xx.xx.2024-cü il tarixdə başa çatdırılması nəzərdə tutulmuşdur. İş materiallarında olan ölüm haqqında AZ-İİ 357781 saylı şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2023-cü il tarixdə ölmüş, bu barədə Oğuz rayon Qeydiyyat şöbəsində ölüm haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə 98 nömrə ilə qeyd edilmişdir. Oğuz rayon Notariat Ofisinin iş materiallarında olan, "xxxx" ASC-nin Problemli kreditlərlə iş departamentinə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 153 saylı məktubundan, elektron notariat informasiya sistemindən xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, X1 qanun üzrə vərəsəsi Cavabdeh adına vərəsəlik işi açılmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Oğuz rayon Notariat ofisindən xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş və iş materiallarına əlavə edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2024-cü il tarixli, 2V-14 reyestr nömrəli şəhadətnamənin surətindən və vərəsəlik işindən görünür ki, Cavabdeh X3 qalmış miras əmlak-VAZ 21093 minik markalı, ** CM *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi və Oğuz rayon Padar kəndində yerləşən 1,8154 ha torpaq sahəsinin mərhuma məxsus hissəsinə tam hissədə vərəsə tanınmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, G-2-22/2-18440 saylı xəbərdarlıqdan görünür ki, X4 vərəsəsi olan Cavabdeh miras passivinin qaytarılması ilə bağlı xəbərdarlıq edilmiş, kreditlə bağlı öhdəliklər tam yerinə yetirilmədiyi təqdirdə məsuliyyət daşıdığı barədə məlumat verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışında öz əksini tapmış cədvəldən görünür ki, X5 xx.xx.2021-ci il tarixdə 36 ay müddətinə, illik 21 faizlə verilmiş 2000 manat nəğd kreditin ödənişi 956,36 manat əsas, 550,71 manat faiz borcu hissəsində həyata keçirilmiş, onun ödənilməmiş borcu 1043,64 manat əsas, 3,65 manat faiz olmaqla, cəmi 1047,29 manatdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən...öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Yenə həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyələşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Habelə həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o kredit müqaviləsi adlandırılır. (739-cu maddə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə uyğun olaraq xx.xx.2023-cü il tarixədək olan redaksiyada verilib.) Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Beləliklə, iş materialları ilə təsdiq edilir ki, xx.xx.2021-ci il tarixli, BPM**********24 saylı kredit müqaviləsinə əsasən X5 36 ay müddətinə, illik 21 %-lə 2000 manat nəğd kredit verilmiş, X6 xx.xx.2023-cü il tarixdə ölmüş, X4 vəfat etdiyi tarixə banka nəğd kredit üzrə ödənilməmiş 1043,64 manat əsas borc, 3,65 manat faiz borcu, cəmi 1047,29 manat borcu qalmışdır. Cavabdeh onun vərəsəsi olaraq mərhum X3 qalmış mirası notarial qaydada qəbul etmişdir, lakin ona xəbərdarlıq edilməsinə baxmayaraq mərhumdan qalan kredit borcunu ödəməmişdir, halbuki mülki qanunvericiliyin tələblərinə uyğun olaraq Cavabdeh vərəsə olaraq miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə payına mütənasib surətdə borclu kimi tam ödəməyə borcludur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, nəqd kredit üzrə ödənilməmiş 1043,64 manat əsas borc, 3,65 manat faiz borcu, cəmi 1047,29 manat borc borclu-X1 vərəsəsi olan cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad olunan Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İstinad olunan Məcəllənin 217.4-cü maddəsində deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən cavabdehdən 30,47 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. X1 vərəsəsi-Cavabdeh xx.xx.2021-ci il tarixli, BPM**********24 saylı kredit müqaviləsi üzrə 1043,64 manat əsas borc, 3,65 manat faiz borcu, cəmi 1047,29 (bir min qırx yeddi manat iyirmi doqquz qəpik) manat borc, 30,47 (otuz manat qırx yeddi qəpik) manat dövlət rüsumu, 0,40 (qırx qəpik) manat xidmət haqqı alınaraq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə 2 saylı “Əlavə”yə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar