Məhkəmə qərarları › İş №e-2(054)-555/2024

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-555/2024

15.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-555/2024 15.11.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ X7 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Cavabdeh iştirakı ilə iddiaçı "xxxx" ASC-nin cavabdeh-borcalan X4 vərəsəsi Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması tələbinə dair mülki işə 15 noyabr 2024-cü il tarixdə Oğuz şəhərində Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" ASC (mətndə iddiaçı) cavabdeh-mərhum borcalan X4 vərəsəsi Cavabdeh (mətndə cavabdeh) qarşı ondan nəğd kredit üzrə 1806,56 manat əsas borc, 0,02 manat faiz borcu, cəmi 1806,58 manat borcun, ödənilmiş 38,06 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, iddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə3 xx.xx.2024-cü il tarixdə məhkəmənin elektron ünvanına daxil olmuş ərizəsi ilə mülki işin baxış iclasının iştirakları olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Şəki filialı ilə X6 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, BPM**********73 saylı kredit müqaviləsinə əsasən ona illik 16 faizlə 21 ay müddətinə 2800 manat məbləğində nəğd kredit verilmişdir. X2 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Oğuz rayon Notariat Ofisinin xx.xx.2024-cü il tarixli, 153 nömrəli məktubu və ona əlavə edilmiş elektron notariat informasiya sistemindən çıxarışla müəyyən edilmişdir ki, X1 qanun üzrə vərəsəsi Cavabdeh adına xx.xx.2024-cü il tarixdə vərəsəlik işi açılmış, miras əmlak "xxxx" ASC-də olan pul vəsaitindən, Oğuz şəhərində yerləşən 0,1 ha və 1,8475 ha torpaq sahələrindən ibarətdir. Bankın Şəki filialı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən X4 vəfat etdiyi tarixə banka nəğd kredit üzrə ödənilməmiş 1806,56 manat əsas borc, 0,02 manat faiz borcu, cəmi 1806,58 manat borcu qalmışdır. Cavabdeh mərhum X3 qalmış mirası qəbul etsə də miras qoyanın iddiaçı qarşısında olan öhdəliyini icra etməmişdir. İddiaçı tərəf mübahisənin məhkəmədən kənar qaydada həlli üçün səy göstərsə də, cavabdeh öz öhdəliklərini yerinə yetirməmişdir. Kredit öhdəlikləri qanuna uyğun olaraq borcalan tərəfindən, hazırki halda isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 1146, 1255 və 1306.1-ci maddələrinin tələbləri rəhbər tutulmaqla onun vərəsəsi tərəfindən yerinə yetirliməlidir. İddia ərizəsi ilə tələb olunan kredit borcu məbləğinin və ödənilmiş 38,06 manat dövlət rüsumu,0,40 manat xidmət haqqının cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, mərhum X6 anasıdır. Həqiqətən onun adına 2023-cü ilin may ayında qeyd edilən kredit götürülmüş, lakin o həmin ilin dekabrında vəfat etdiyindən kredit borcunun tam ödənilməsi təmin edilməmişdir. Atası da vəfat edib. Ata evində o yaşayır. Borcu qəbul edir, lakin maddi vəziyyəti məbləği birdəfəyə ödəməyə imkan vermir.Tələb olunan borcu hissələrlə ödəyəcəkdir. İddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, mübahisənin həllində tətbiq edilməli olan hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, BPM**********73 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC-nin Şəki filialı tərəfindən X5 digər banklardakı öhdəliklərin bağlanması üçün 21 ay müddətinə illik 16 % dərəcəsi ilə 2800 manat məbləğində nəğd kredit verilmişdir. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, "xxxx" ASC-nin Şəki filialı tərəfindən X5 şəxsi istehlak məqsədləri ilə 21 ay müddətinə illik 16 % dərəcəsi ilə verilmiş 2800 manat kredit borcunun (428,73 manat faiz əlavə olunmaqla) ödənişinin xx.xx.2023cü il tarixdən başlayaraq hər ay 153,76 manat, sonuncu ay 153,49 manat olmaqla xx.xx.2025-cü il tarixdə başa çatdırılması nəzərdə tutulmuşdur. İş materiallarında olan ölüm haqqında AZ-İİ 357950 saylı şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2024-cü il tarixdə ölmüş, bu barədə Oğuz rayon Qeydiyyat şöbəsində ölüm haqqında akt qeydləri kitabında xx.xx.2025-ci il tarixdə 04 nömrə ilə qeyd edilmişdir. Oğuz rayon Notariat Ofisinin iş materiallarında olan, "xxxx" ASC-nin Problemli kreditlərlə iş departamentinə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 153 saylı məktubundan, xx.xx.2024 və xx.xx.2024-cü il tarixli elektron notariat informasiya sistemindən çıxarışlardan görünür ki, X1 qanun üzrə vərəsəsi Cavabdeh adına vərəsəlik işi açılmış, miras əmlak "xxxx" ASCdə yerləşən pul vəsaiti, Oğuz şəhərində yerləşən 0,1 ha və 1,8475 ha torpaq sahələrindən ibarətdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, G-2-22/2-18444 saylı xəbərdarlıqdan görünür ki, X4 vərəsəsi olan Cavabdeh miras passivinin qaytarılması ilə bağlı xəbərdarlıq edilmiş, kreditlə bağlı öhdəliklər tam yerinə yetirilmədiyi təqdirdə məsuliyyət daşıdığı barədə məlumat verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışında öz əksini tapmış cədvəldən görünür ki, X5 xx.xx.2023-cü il tarixdə 21 ay müddətinə, illik 16 faizlə verilmiş 2800 manat nəğd kreditin ödənişi 993,44 manat əsas, 250,54 manat faiz borcu hissəsində həyata keçirilmiş, onun ödənilməmiş borcu 1806,56 manat əsas, 0,02 manat faiz olmaqla, cəmi 1806,58 manatdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən...öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Yenə həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyələşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Habelə həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Həmin Məcəllənin 744.1-ci maddəsinə əsasən kredit müqaviləsi tərəflər arasında yazılı formada bağlanılır və kredit müqaviləsinin bir nüsxəsi borcalana verilir. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Beləliklə, iş materialları ilə təsdiq edilir ki, xx.xx.2023-cü il tarixli, BPM**********73 saylı kredit müqaviləsinə əsasən X5 21 ay müddətinə, illik 16 %-lə 2800 manat nəğd kredit verilmiş, X6 xx.xx.2023-cü il tarixdə ölmüş, X4 vəfat etdiyi tarixə banka nəğd kredit üzrə ödənilməmiş 1806,56 manat əsas borc, 0,02 manat faiz borcu, cəmi 1806,58 manat borcu qalmışdır. Cavabdeh onun vərəsəsi olaraq mərhum X3 qalmış mirası notarial qaydada qəbul etmişdir, lakin ona xəbərdarlıq edilməsinə baxmayaraq mərhumdan qalan kredit borcunu ödəməmişdir, halbuki mülki qanunvericiliyin tələblərinə uyğun olaraq Cavabdeh vərəsə olaraq miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə payına mütənasib surətdə borclu kimi tam ödəməyə borcludur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, nəqd kredit üzrə ödənilməmiş 1806,56 manat əsas borc, 0,02 manat faiz borcu, cəmi 1806,58 manat borc borclu-X1 vərəsəsi olan cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad olunan Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İstinad olunan Məcəllənin 217.4-cü maddəsində deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən cavabdehdən 38,06 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. X1 vərəsəsi-Cavabdeh xx.xx.2023-cü il tarixli, BPM**********73 saylı kredit müqaviləsi üzrə 1806,56 manat əsas borc, 0,02 manat faiz borcu, cəmi 1806,58 (bir min səkkiz yüz altı manat əlli səkkiz qəpik) manat borc, 38,06 (otuz səkkiz manat altı qəpik) manat dövlət rüsumu, 0,40 (qırx qəpik) manat xidmət haqqı alınaraq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə 2 saylı “Əlavə”yə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar