Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-590/2022 23.12.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Rəşidzadə Dərya Təngiz qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh vəkili X3 iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının atırılması tələbinə dair mülki işə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: TƏSVİRİ HİSSƏ: İddiaçı məhkəməyə müraciət edərək Cavabdeh ilə birgə nikahından xx.xx.2007-ci il tarixdə anadan olmuş X5 xx.xx.2007-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdehdən tutulаn alimentin miqdarının artırılaraq hər ay 193 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2004-cü il tarixdə cavabdehlə rəsmi nikah münasibətlərinə daxil olmaqla ailə qurmuşdur. Birgə nikahda olduqları müddətdə xx.xx.2007-ci il tarixdə X7 adlı bir uşaqları anadan olmuşdur. Aralarında yaranan narazılıqdan sonra o, cavabdehdən faktiki olaraq ayrılmışdır. Cavabdehlə aralarında bağlanmış nikah Oğuz Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2 (054) - 9 / 2014 nömrəli qətnaməsinə əsasən pozulmuş və boşanmadan sonra uşağın onun yanında qalması müəyyən edilmiş, həmçinin, uşağın saxlanması üçün cavabdehdən hər ay 80 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Uşaq hazırda da onun himayəsindədir. Cavabdehin uşağın saxlanması üçün ona verdiyi aliment pulu hazırki şəraitdə uşağın xərcləri ilə bağlı maddi ehtiyaclarını ödəmir. Bu səbəbdən o, uşağı saxlamaqda maddi cəhətdən çətinlik çəkir. Ona görə də o, uşağın saxlanması üçün cavabdehdən tutulаn alimentin miqdarının artırılaraq hər ay 193 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İddiaçı məhkəmə iclaslarına gəlməmiş, onun nümayəndəsi və vəkili Vəkil məhkəmə prosesinin iddiaçının iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə iclaslarının iddiaçının iştirakı olmadan keçirilməsini qərara almışdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə etdiyini bildirdi və məhkəmə iclasında həmin tələbin məzmununa uyğun izahat verməklə yanaşı göstərdi ki, məhkəmə tərəfindən alimentin təyin edilməsindən 9 ilə yaxın müddət keçmişdir. Bu müddət ərzində uşağın yaşı artması, həm də qiymətlərin bahalaşması ilə əlaqədar xərcləri də artmışdır. İddiaçı işləmir, cavabdeh isə fərdi əmək fəaliyyəti ilə məşğul olaraq yüksək miqdarda gəlir əldə edir, lakin cavabdehin gəlirlərinin dəqiq miqdarı və mənbəyi məlum deyildir. Cavabdehin maddi imkanı olsa da, iddiaçıya alimentdən başqa könüllü olaraq maddi yardım etmir, uşağın qayğıları və ehtiyacları ilə maraqlanmır. Cavabdeh alimentin miqdarının artırılması məsələsi ilə bağlı ilkin mediasiya sessiyasında da iştirak etməmiş, bundan sonra iddiaçı məhkəməyə müraciət etmişdir. Qeyd etdiklərinə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclaslarına gəlməmiş, onun vəkili X4 məhkəmə prosesinin cavabdehin iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə iclaslarının cavabdehin iştirakı olmadan keçirilməsini qərara almışdır. İddiaçının vəkili X4 qeyd etdi ki, cavabdeh hazırda heç yerdə işləmir və hər hansı sabit gəlir mənbəyi yoxdur. Eyni zamanda, cavabdeh bir müddət əvvəl avtomobil qzasına düşdüyünə görə səhhətinin vəziyyətində ciddi problemlər vardır. Hazırki vəziyyətdə cavabdeh “Üzvi mənzəli şəxsiyyət pozuntusu” diaqnozu ilə X2 dispanser müşahidəsindədir. Cavabdeh iddiaçı ilə birgə nikahından anadan olmuş uşağın saxlanması üçün iddiaçıya hər ay 80 manat miqdarında alimenti də valideynlərinin köməkliyi ilə ödəyir. Hazırki vəziyyətdə iddiaçıya hər ay 193 manat sabit pul məbləğində aliment ödəməyə cavabdehin maddi vəziyyəti imkan vermir. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edildikdən sonra cavabdehin maddi vəziyyətində yaxşılığa doğru hər hansı dəyişiklik olmamışdır. Qeyd etdiklərinə əsasən iddiaçının hazırki iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsinin izahatı, həmçinin, iş materiallarına əlavə edilmiş xx.xx.2007-ci tarixli İ-OH 667974 nömrəli doğum haqqında şəhadətnamənin, Oğuz Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2 (054) - 9 / 2014 nömrəli qətnaməsinin, xx.xx.2019-cu il tarixdə verilmiş 245/12 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətləri, ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli arayış, X1 verilmiş xx.xx.2022-ci il tarixli 969 nömrəli arayış ilə işin halları olaraq müəyyən edildi ki, iddiaçı ilə cavabdeh xx.xx.2004-cü il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar. Tərəflərin birgə nikahda olduqları müddətdə xx.xx.2007-ci il tarixdə X7 adlı bir uşaqları anadan olmuşdur. Tərəflər arasında bağlanmış nikah xx.xx.2014-cü il tarixdə məhkəmə qaydasında pozulmuş, uşağın boşanmadan sonra iddiaçının yanında qalması müəyyən edilmiş və uşağın saxlanması üçün cavabdehdən hər ay 80 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Tərəflər hazırda da faktiki olaraq ayrı yaşayırlar, onların birgə nikahından anadan olmuş uşaq hazırki vəziyyətdə də iddiaçının yanındadır. Cavabdeh alimentin miqdarının artırılması məsələsi ilə bağlı mediasiya prosesində də iştirak etməmişdir. Cavabdeh xx.xx.2019-cu il tarixdən X2 “Üzvi mənzəli şəxsiyyət pozuntusu” diaqnozu ilə dispanser müşahidəsindədir. İddiaçı cavabdehin uşağın saxlanması üçün ona verdiyi 80 manat aliment pulunun hazırki vəziyyətdə uşağın maddi ehtiyaclarını ödəmədiyini və uşağı saxlamaqda maddi cəhətdən çətinlik çəkdiyini bildirərək cavabdehdən tutulan alimentin miqdarının artırılaraq hər ay 193 manat sabit pul məbləğində müəyyən edilməsini xahiş edir. Cavabdeh iddia tələbini əsassız hesab edir və həmin tələbin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh iddia tələbinə etirazlarının əsası kimi alimentin miqdarı müəyyən olunduqdan sonra onun maddi vəziyyətində yaxşılığa doğru hər hansı dəyişiklik olmadığını, eyni zamanda, səhhətinin vəziyyətində ciddi problemlər olduğunu bildirir. Cavabdehin gəlirlərinin miqdarı və mənbəyi məlum deyildir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iş materiallarını nəzərdən keçirib iddiaçının nümayəndəsinin izahatını dinləyərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1.1-ci maddələrinə əsasən alimentin ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına şatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi alimentin müəyyən olunmuş miqdarı yalnız o halda dəyişə bilər ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin və ya onlardan birinin ailə və ya maddi vəziyyətində hər hansı dəyişiklik olsun. Oğuz Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2 (054) - 9 / 2014 nömrəli qətnaməsi ilə uşağın saxlanması üçün məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin maddi və ya ailə vəziyyətində dəyişiklik olması halları ilə bağlı məhkəməyə sübutlar təqdim olunmasa da, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra keçən 9 ilə yaxın müddət ərzində uşaqlar üçün Respublikada müəyyən edilmiş yaşayış minimumu hər il artmış, lakin bu müddət ərzində iddiaçı alimentin miqdarının artırılması tələbi ilə məhkəməyə müraciət etməmişdir. Eyni zamanda, həmin vaxtdan sonra uşağın yaşının artması ilə bağlı maddi ehtiyacları da artdığından məhkəmə hesab edir ki, iddiaçının maddi vəziyyətində dəyişiklik olmuşdur. Ona görə də uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını təmin etməkdən ötrü cavabdehin həmin uşağın saxlanması üçün iddiaçıya ödədiyi alimentin miqdarı da artırılmalıdır. Tərəflərin birgə nikahından anadan olmuş uşaq iddiaçının himayəsində olduğundan uşağa qulluq, onun sağlamlığı, təhsili, inkişafı ilə bağlı məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən, yəni hazırki iş üzrə cavabdehdən tutulmasına əsas verir. Cavabdehin maddi vəziyyətinin hansı səviyyədə olması onu uşağı saxlamaq, minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Eyni zamanda, uşağın maddi ehtiyaclarının təmin olunması hər iki valideynin, yəni cavabdehlə yanaşı həm də iddiaçının vəzifəsidir. İş materiallarından görünür ki, hazırda cavabdehin daimi iş yeri və sabit gəlir mənbəyi barədə məlumat yoxdur. Belə olan halda, məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından anadan olmuş uşağın saxlanması üçün cavabdehdən tutulmalı olan alimentin miqdarı sabit pul məbləğində müəyyən edilməlidir. Məhkəmə tərəflərin maddi və ailə vəziyyətini, onların birgə nikahından anadan olmuş yetkinlik yaşına çatmayan uşağın mənafeyini, uşağın saxlanması üçün cavabdehin indiyədək iddiaçıya ödədiyi alimentin miqdarını, 2022-ci ildə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunu, alimentin miqdarı müəyyən olunduqdan sonra 9 ilə yaxın müddət keçdiyini, həmçinin, uşağın maddi ehtiyaclarının təmin olunmasının hər iki valideynin vəzifəsi olmasını, eyni zamanda, cavabdehin səhhətinin vəziyyətini nəzərə almaqla, işin digər faktiki hallarına isə xx.xx.2014-cü il tarixli 2 (054) - 9 / 2014 nömrəli məhkəmə qətnaməsi ilə hüquqi qiymət verildiyini müəyyən etməklə uşağın saxlanması üçün cavabdehdən tutulan alimentin miqdarının artırılaraq hər ay 130 manat sabit pul məbləğində müəyyən edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 112.1.6-cı maddəsinə əsasən ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda iddianın qiyməti ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. Hazırki iş üzrə alimentin artırılmış miqdarının 50 manat olması nəzərə alınmaqla, artırılmış miqdar üzrə bir il ərzində ödəmənin məcmusu 600 manat müəyyən edilir. Qüvvədə olan qanunverdiciliyə əsasən həmin məbləğə görə cəmi 30 manat dövlət rüsumu ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar məhkəməyə verilən iddialar üzrə dövlət rüsumu ödəməkdən azad olunurlar. İş materiallarından görünür ki, iddiaçı hazırki tələblə bağlı məhkəməyə verilən iddialar üzrə dövlət rüsumu ödəməkdən azad olunan şəxs statusunda olmasına baxmayaraq mediasiya prosesi ilə bağlı 50 manat məbləği iddiaçı özü ödəmişdir. Cavabdeh alimentin miqdarının artırılması ilə bağlı iddiaçı ilə məhkəmədənkənar razılığa gələrək barışıq sazişi bağlamamış, mediasiya prosesində, ümumiyyətlə, iştirak etməmiş, bu səbəbdən iddiaçı məhkəməyə müraciət etməli olmuşdur. Hazırki iddia tələbi üzrə cavabdeh dövlət rüsumunu ödəməkdən azad olunan şəxs statusunda olmadığından məhkəmə hesab edir ki, iddiaçının mediasiya prosesində ödədiyi 50 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmin məbləğ alimentin artırılmış miqdarına görə cavabdehin ödəməli olduğu 30 manat dövlət rüsumunu əhatə etdiyindən cavabdehdən əlavə olaraq hər hansı miqdarda dövlət rüsumu tutulmamalıdır. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. İddiaçı Cavabdeh ilə birgə nikahından xx.xx.2007-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay 80 manat sabit pul məbləğində tutularaq İddiaçı ödənilən alimentin miqdarı artırılaraq hər ay 130 manat sabit pul məbləğində müəyyən edilsin. xx.xx.2007-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatana qədər saxlanması üçün alimentin hər ay 130 manat sabit pul məbləğində tutulması hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddiaçı məhkəməyə müraciət etməzdən əvvəl ilkin mediasiya sessiyasında ödədiyi 50 manat məbləğ Cavabdeh tutularaq iddiaçıya ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Oğuz Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Kamran Süleymanov
Məhkəmə qərarları › İş №e-2(054)-590/2022
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-590/2022
23.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver